AÇIQ BANKLAR
Rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik Azərbaycan maliyyə sektorunun yeni inkişaf modelinin əsas elementlərinə çevrilir
Müəllif: Nurlanə QULİYEVA
Qlobal maliyyə sisteminin sürətli transformasiyası bankların fəaliyyət prinsiplərini köklü şəkildə dəyişdirir. Belə ki, son illərdə sektorun dayanıqlılığının əsas şərtləri rəqəmsal xidmətlər, süni intellektə əsaslanan həllər və hərtərəfli kibertəhlükəsizlik sistemləri olub.
Maliyyə xidmətlərinin hər yerdə rəqəmsallaşması “açıq bankinq” sisteminin inkişafı fonunda bu sahədə kibertəhlükəsizliyin gücləndirilməsi zərurətini aktuallaşdırıb.
İnnovativ həllərin həyata keçirilməsi mərhələlərini və qarşıdakı illər üçün böyük çağırışlara nail olmaq yollarını müzakirə etmək üçün regionun maliyyə ictimaiyyəti Bakıda növbəti IX Beynəlxalq Bank Forumunda bir araya gəlib.
Açıq maliyyə yolunda
Azərbaycanda maliyyə texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir: ölkədə 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemləri operatoru fəaliyyət göstərir. Bu ilin ilk 10 ayında onların ümumi əməliyyat həcmi 53,1 milyard manat təşkil edib. Təkcə bu il 5 yeni lisenziya verilib. Yəni bazarda rəqabət güclənir, daha çox şirkət öz innovasiyaları ilə daxil olmağa hazırdır ki, bu da bunun üçün yaxşı baza şərtlərinin mövcudluğundan xəbər verir.
Daha bir maraqlı statistika: son 3 il ərzində Azərbaycanda milli ödəniş sistemi vasitəsilə əməliyyatların həcmi 3,6 dəfə artaraq 2025-ci ilin ilk 10 ayında 606 milyard manata çatıb. 2024-cü ildə bütün nağdsız əməliyyatların 63,8%-i ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilib.
Forumda Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov vurğulayıb ki, maliyyə sektorunun transformasiyasının əsas istiqamətlərindən biri açıq bankinq modelindən daha geniş açıq maliyyə formatına keçiddir.
Bu arada, bazarın artıq bir neçə ildir gözlədiyi açıq bankinqin tam funksionallığı oktyabrın əvvəlində Azərbaycanda işə düşüb.
Payızın əsas hadisələrindən biri də elektron pul və ödəniş təşkilatlarının açıq bankinq sisteminə inteqrasiyası olub. Bu, müştərilərə müxtəlif banklarda yerləşdirilmiş hesabları bir proqram vasitəsilə görmək imkanı verir. Bu, maliyyə xidmətləri arasında rəqabəti əhəmiyyətli dərəcədə artıran və ekosistem həllərinin inkişafını stimullaşdıran addımdır.
Bu gün açıq bankinq ekosistemi artıq ödəniş xidmətləri təminatçıları kimi 19 kommersiya bankını və milli poçt operatorunu, həmçinin hesab məlumatları provayderləri kimi çıxış edən 4 bankı əhatə edir.
Paralel olaraq, AMB açıq API (proqram əlavələri interfeysi), həmçinin təhlükəsizlik və müştəri razılığı modelləri üzərində işi tamamlayır. “Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına və məlumat axınlarının səmərəli idarə olunmasına kömək edir”, - V.Xəlilov qeyd edib.
Cari mərhələdə açıq bankinq istifadəçilərə yalnız məlumatlara baxış imkanı verir: hesabların siyahısı, qalıqlar və əməliyyatların tarixi. Lakin inteqrasiya tamamlandıqdan sonra tənzimləyici ödəniş xidmətləri üzrə API-spesifikasiyalarını da təqdim etməyi planlaşdırır ki, bu da faktiki olaraq açıq bankinqin tranzaksiya modelinə yol açacaq. Bu, ölkənin maliyyə sektorunun rəqəmsal transformasiyasında növbəti böyük addım olacaq və sadə məlumat mübadiləsi çərçivəsindən çox kənara çıxacaq.
AMB idarəsinin rəisi Sahib Həsənovun sözlərinə görə, islahatların vacib elementi xüsusi tənzimləmə rejiminin - tənzimləyici “sandbox”un inkişafı olaraq qalır. Mərkəzi Bank layihələri real şəraitdə test edir və onların texnoloji dayanıqlılığını qiymətləndirir. Birinci seçim mərhələsinin iki iştirakçısı üçün eksperimental müddət uzadılıb, ikinci mərhələnin nəticələrinə görə isə yaxın gələcəkdə bir neçə layihə test mühitinə qəbul ediləcək. Bundan əlavə, AMB “pre-sandbox” modelini - daha çevik innovasiya inteqrasiyasını təmin etməli olan aralıq rejimi hazırlayır. Tənzimləyici həmçinin ərizələrin qəbulunun “daimi açıqlıq” formatına keçir ki, bu da bank və fintex şirkətlərinə növbəti dövrləri gözləmədən layihələr təqdim etməyə imkan verəcək.
S.Həsənov əlavə edib ki, beynəlxalq təcrübənin göstərdiyi kimi, hətta lisenziyası olmayan təşkilatların sintetik məlumatlar əsasında API həllərini işləyə biləcəyi texniki “sandbox”lar daha səmərəlidir. “Gürcüstanda artıq texniki “sandbox” istifadə olunur. Bu məsələ zamanla ölkəmizdə də aktual olacaq”.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin fikrincə, rəqəmsal ödəniş ekosistemi sahəsində regional inkişafı təmin etmək üçün “sandbox” rejiminin Türkiyə və Gürcüstan daxil olmaqla qonşu ölkələrlə birgə tətbiqi imkanlarını qiymətləndirmək lazımdır: “Bu cür yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrini daha da dərinləşdirməyə imkan verəcək. Sinqapur və Malayziyanın təcrübəsini bu sahədə uğurlu nümunə kimi nəzərdən keçirmək olar”.
ABA prezidenti üçün digər əlamətdar məqam isə “card-to-card” (kartdan karta) əməliyyatlarına münasibətdə qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartlarından istifadə etməklə rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunmasıdır.
O, islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna müvafiq dəyişikliklər etmək və qapalı şəbəkədə həyata keçirilən əməliyyatların dövriyyəsini məhdudlaşdırmaq lazım olduğunu əlavə edib.
Kibertəhlükəsizlik prioritetdir
Qeyd edək ki, Mərkəzi Bank bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Hazırda “İT idarəetmə”, “Məlumat idarəetmə” və “Süni intellekt idarəetmə” çərçivə sənədləri üzərində işlər gedir.
Hazırlanmış layihə sənədləri yaxın zamanda maliyyə sektoruna təqdim ediləcək. Eyni zamanda, rəqəmsal kanalların inkişafında mühüm rol oynayan məsafədən hesabların açılması qaydaları hazırlanır. Yaxın zamanda müvafiq normativ bazanın hazırlanması işini tamamlamaq planlaşdırılır.
Rəqəmsal maliyyə mühitində etimadın əsas elementi olan kibertəhlükəsizliyə xüsusi diqqət yetirilir. V.Xəlilovun qeyd etdiyi kimi, AMB müntəzəm olaraq informasiya təhlükəsizliyi standartlarını yeniləyir və rəqəmsal əməliyyatların fasiləsizliyinə dair tələbləri gücləndirir. Bu gün rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə yeni normativ tələblərin hazırlanması prosesi gedir.
“Yeni struktur rəqəmsal təhlükəsizliyin tənzimlənməsinin daha da gücləndirilməsini nəzərdə tutur. Keçən il artıq informasiya təhlükəsizliyi üzrə tələblər qüvvəyə minib. Bu gün isə rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə ayrıca tələblərin hazırlanması zərurətə çevrilib”, - AMB-nin ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov qeyd edib.
Onun sözlərinə görə, ölkədə rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə mərkəzləşdirilmiş sistem yaradılacaq: “Bununla banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunacaq. Bu məsələ ilə bağlı hələ ilkin müzakirələr aparılır, lakin birmənalı olaraq sistemin tətbiqi ölkədə fırıldaqçılıqla mübarizədə mühüm dönüş nöqtəsi olacaq”.
O qeyd edib, təcrübə göstərir ki, bir çox hallarda vətəndaşlar öz şikayətlərini ya banka, ya da polisə bildirirlər: “Mərkəzləşdirilmiş sistem sayəsində bütün məlumatlar vahid platformada toplanacaq və avtomatik olaraq tutuşdurulacaq”.
Yeni sistemin əsas üstünlükləri banklar və polis arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi imkanıdır. “Bu, fırıldaqçılıq hallarının daha operativ aşkarlanmasını təmin edəcək və risklərin daha dəqiq qiymətləndirilməsi üçün şərait yaradacaq. Eyni zamanda, mərkəzləşdirilmiş platforma tam və operativ formada statistikanın formalaşdırılmasına imkan verəcək. Yeni sistem həmçinin vətəndaşların şikayətlərinin bank və polis arasında itirilməsi hallarının qarşısını alacaq”, - AMB nümayəndəsi əlavə edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə qeyd edib ki, son tendensiyalar ölkənin bütün maliyyə arxitekturasının dərin transformasiyasını əks etdirir. Məlumatlara əsaslanan idarəetmə, rəqəmsal ekosistemlərin formalaşması, açıq bankinqdən açıq maliyyə məkanına keçid, real vaxt rejimində hesablaşmalar və süni intellektin inkişafı bank sahəsində yeni standartlar formalaşdırır.
“Bank sektorunun əsas vəzifəsi innovasiyaları təhlükəsizliklə tarazlaşdırmaq, dayanıqlı və etibarlı sistemlərə keçidi təmin etməkdir. Yeni bank modeli artıq təkcə xidmətlərin göstərilməsinə əsaslanmır, həm də məlumatlara əsaslanan idarəetmə, süni intellekt vasitəsilə risklərin proqnozlaşdırılması, real vaxt rejimində insidentlərin aşkarlanması və mütərəqqi tənzimləyici standartların tətbiqi əsasında formalaşır”, - V.Qasımlı bildirib.
Sadalanan məsələlər göstərir ki, Azərbaycanda maliyyənin rəqəmsallaşması ayrı-ayrı oyunçuların təşəbbüsü olmaqdan çıxaraq kompleks şəkildə milli strategiyaya çevrilib. Açıq bankinqdən açıq maliyyələşdirməyə keçid isə innovasiyalar, təhlükəsizlik və müştəri etimadının vahid inkişaf konturuna çevrildiyi bank sektoru üçün uzunmüddətli trayektoriya müəyyən edir.
MƏSLƏHƏT GÖR:

33

