BİR ŞƏBƏKƏ İLƏ BAĞLANANLAR
Azərbaycan rəqəmsal iqtisadiyyat və “e-government” sisteminin formalaşmasında uğurlar nümayiş etdirir
Müəllif: Ağasəf NƏCƏFOV
Dünyanın aparıcı dövlətləri insan kapitalının artımına, iqlim dəyişikliyi risklərinin azaldılmasına töhfə verən və rəqəmsal uçurumun azaldılması üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) dəstəkləyən etik və dayanıqlı rəqəmsal ekosistem yaratmaq üzərində işləyirlər.
Son illər Azərbaycan da Dördüncü Sənaye İnqilabının (4IR) beynəlxalq təcrübəsinin tətbiqi, süni intellekt (AI) və digər rəqəmsal həllərin “e-government” sistemində, sənaye və maliyyə sahələrində tətbiqi üçün genişmiqyaslı transformasiyalara başlayıb.
Rəqəmsal transformasiyaya doğru qlobal hərəkət vektorları və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər Telekommunikasiya İnkişafı üzrə Ümumdünya Konfransının (WTDC-25) panel sessiyalarında müzakirə edilib.
Bərabərsizliyi azaltmaq
“İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunmuş WTDC-25 konfransı Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə təşkil edilib.
Bu beynəlxalq forum dörd ildə bir dəfə keçirilir və dünya ölkələri arasında rəqəmsal uçurumun azaldılmasına və rəqəmsal transformasiyanın inkişafına yönəlib. Diqqətəlayiq haldır ki, Azərbaycan postsovet məkanında bu konfransın keçirildiyi ilk ölkə olub.
Bakıda keçirilən konfransın miqyasını xüsusi qeyd etmək lazımdır: tədbirdə 150 ölkədən təxminən 2500 nümayəndə, o cümlədən təxminən 60 nazir və onların müavinləri, eləcə də 300-dən çox gənc iştirak edib. Panel sessiyaları və təqdimatlar çərçivəsində gənc mütəxəssislər qabaqcıl texnologiyalarla tanış olmaq, ekspertlərlə ünsiyyət qurmaq, profil qurumlarla əməkdaşlıq yaratmaq imkanı əldə ediblər.
“Bakıda olmaqdan məmnunuq. Qeyd etmək istərdim ki, son 160 il ərzində ilk dəfədir ki, MDB regionunun ölkəsi Beynəlxalq Telekommunikasiya İttifaqının statuar konfransına ev sahibliyi edir. Xüsusilə vurğulanmalıdır ki, ev sahibliyi edən hökumət 5G, süni intellekt və digər innovasiyalar daxil olmaqla qabaqcıl texnologiyaların tətbiqində yaxşı nəticələr nümayiş etdirir”, - tədbir çərçivəsində ITU-nun Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lukison Zavazava qeyd edib.
Oxşar mesaj Prezident İlham Əliyevin WTDC-25 konfransı iştirakçılarına müraciətində də yer alıb. Dövlət başçısının müraciətini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oxuyub. “Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, son dörd ildə sabit artım ritmi qazanmışdır. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur. Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır”, - Azərbaycan Prezidentinin müraciətində deyilir.
Dövlət başçısının sözlərinə görə, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir: “Bundan əlavə "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir”.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun, Dünya İqtisadi Forumunun və əlbəttə ki, ITU-nun araşdırmalarında artıq bir neçə ildir qeyd olunur ki, IT sektorunun inkişaf səviyyəsinə görə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək nəticələr əldə edən dünyanın ən dinamik inkişaf edən 10 dövləti sırasına daxil edilib. 10 il əvvəl Azərbaycan, həmçinin ərazisi tam olaraq 3-4G mobil rabitə texnologiyaları ilə əhatə olunan dünyanın qırx dövləti sırasına daxil olub.
“Bakıda keçirilən ITU konfransının məqsədi məhz qlobal rəqəmsal bərabərsizliyi azaltmaq, əlçatan və keyfiyyətli şəbəkə qoşulması imkanlarını genişləndirmək və ən az inkişaf etmiş dövlətlər, dənizə çıxışı olmayan ölkələr və kiçik ada dövlətləri üçün rəqəmsal imkanları yaxşılaşdırmaqdır. Azərbaycan bütün ərazisini genişzolaqlı internetlə 100 faiz əhatə edir və bu, respublikaya regionda nümunə olmağa və öz təcrübəsini beynəlxalq səviyyədə bölüşməyə imkan verir”, - WTDC-25-in sədri, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov qeyd edib.
Bu məqamda qeyd edək ki, ölkə BMT-nin DİM-in rəqəmsal uçurumun azaldılması üzrə əsas vəzifələrini yerinə yetirmiş və bu gün vətəndaşların rəqəmsal qoşulma ehtiyaclarının təmin edilməsi sahəsində işlər aparır. Bu məqsədlə Azərbaycan region ölkələri ilə şəbəkə bağlantısını genişləndirir və İKT sahəsində qabaqcıl dünya təcrübəsini tətbiq edir, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığa diqqət yetirir.
Qlobal layihə
Regional əhəmiyyətli ən mühüm layihələrdən biri – trans-Xəzər Fiber Optik (TCFO) sualtı xəttinin çəkilişi Azərbaycan və Qazaxıstan tərəfindən həyata keçirilir. Bu layihə üzrə nailiyyətlər Bakıda keçirilən forumun sessiyalarından birində müzakirə edilib.
Konfrans çərçivəsində nazir müavini S.Əsədov bildirib ki, kabelin çəkiləcəyi Xəzər dənizinin dibi boyunca marşrutun təhlili artıq başa çatıb. Yaxın zamanda bu işləri həyata keçirən şirkət layihənin operatorlarına və iştirakçılarına hesabat təqdim edəcək. Kabel çəkilişinə təxminən gələn ilin yayında başlanacaq və 2026-cı ilin sonuna qədər tamamlanacaq.
“Hazırda kabel Çində istehsal olunur, paralel olaraq onun Qazaxıstana çatdırılması üçün logistika məsələləri işlənilir, gözləyirik ki, kabel 2026-cı ilin mart ayının sonuna qədər hazır olacaq, onun çəkilişi üzrə işlər üçüncü rübdə başlayacaq, bundan sonra bütün sistemin sazlanması işlərinə start veriləcək”, - WTDC-25-də Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Dosjan Musaliyev bildirib.
TCFO layihəsi bütün Xəzər regionu üçün strateji əhəmiyyət daşıyır: Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirən 380 km uzunluğunda optik xətt təxminən 400 terabit/s səviyyəsində yüksək sürətli internet bağlantısını təmin edəcək. TCFO xətti beynəlxalq “Digital Silk Way” meqalayihəsinin bir hissəsi olacaq. Xəzər dənizinin iki sahilini Qazaxıstan ərazisi (perspektivdə Türkmənistan) və daha sonra Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə birləşdirərək, Aİ internet hablarına qoşulacaq və Çin və Asiyanın digər ölkələrindən rəqəmsal trafikin dayanıqlı tranzitini təmin edəcək.
Birliyin gücü
Konfransın plenar iclaslarında və komitələrində ITU-nun üzv dövlətlərinin 184 təşəbbüsü müzakirə edilib, 2026-2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul olunub, telekommunikasiya sahəsində yeni regional təşəbbüslər və prioritetlər müəyyən edilib. Həmçinin kibertəhlükəsizlik məsələləri, AI-nin inkişafı və onun etik tətbiqinin dəstəklənməsi, mobil və peyk rabitəsinin konvergensiyası aspektləri və s. müzakirə olunub.
Forumun mühüm nəticələrindən biri Bakıda ITU Regional Akselerasiya Mərkəzinin açılması barədə qərar idi. Mərkəz ITU-nun qlobal innovasiya şəbəkəsinə daxil olacaq və region üçün innovasiyalar və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcək.
Ümumiyyətlə, WTDC-25 Azərbaycan üçün olduqca məhsuldar bir platforma olub və ölkə dünyanın bir sıra dövlətləri ilə İKT sahəsində sazişlər imzalayıb. Xüsusən də, Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya İdarəsi rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində layihələrin həyata keçirilməsi üzrə razılığa gəliblər. İKTA ilə Rumıniyanın Kommunikasiyaların İdarə edilməsi və Tənzimlənməsi üzrə Milli Orqanı arasında İT sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslərin və təlim proqramlarının həyata keçirilməsinə dair memorandum imzalanıb.
Bundan başqa, WTDC-25 konfransı Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsinə töhfə verib, ölkələr telekommunikasiya sahəsində bir neçə memorandumun imzalanmasına hazırlaşırlar. “Malayziya 5G şəbəkələrinin qurulması və kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə, rəqəmsal iqtisadiyyatın inkişafı, peyk rabitəsinin inkişafı kimi istiqamətlərdə böyük təcrübəyə malikdir və biz bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq”, - Malayziyanın rabitə naziri Əhməd Fəhmi bin Məhəmməd Fədzil qeyd edib. “Bizim öz akademiyamız və tənzimləyici orqanın nəzdində təlim mərkəzimiz var, ASEAN çərçivəsində isə 5G üzrə ekspert mərkəzi yaratmışıq: bu, artıq iş səviyyəsində əməkdaşlığa başlamaq üçün hazır bazadır”, - o vurğulayıb.
Azərbaycanın İT sahəsindəki təcrübəsi, yerli proqram təminatı şirkətlərinin və sistem inteqratorlarının “e-government” sahəsində proqram təminatı inkişaf etməkdə olan ölkələr üçün çox cəlbedicidir. Bakıda keçirilən konfrans zamanı Lesoto Krallığının rabitə, elm və texnologiyalar naziri Nthati Murasi Azərbaycanın “ağıllı şəhər” modelinin, o cümlədən şəhər video müşahidə sistemlərinin quraşdırılması, yol hərəkətinin təşkili prosesində tətbiqinə hazır olduqlarını vurğulayıb. Keniyanın informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Uilyam Kaboqo Qitau peyk xidmətləri daxil olmaqla rəqəmsallaşdırma sahəsində əməkdaşlığa, həmçinin SIMA və “mygov” kimi qabaqcıl Azərbaycan rəqəmsal həllərinin tətbiqinə maraq göstərdiyini qeyd edib.
“Kollektiv tərəqqinin gücü ən parlaq şəkildə “Partner2Connect” Rəqəmsal Koalisiyasında özünü göstərir. Koalisiya rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün öhdəliklərin qəbul edilməsi, vədlər verilməsi və resursların səfərbər edilməsi ilə məşğul olur, 1000-dən çox öhdəliyi birləşdirir və bütün dünyada əhəmiyyətli qoşulma və dayanıqlı rəqəmsal transformasiyanı dəstəkləmək üçün təxminən 80 milyard ABŞ dolları səfərbər edib”, - ITU-nun Baş katibi Dorin Boqdan-Martin bildirib.
Azərbaycan rəqəmsal uçurumun aradan qaldırılması, etibarlı və təhlükəsiz infrastrukturun təmin edilməsi, texnoloji potensialın açılması məsələlərində Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Xatırladaq ki, Avropa İttifaqı “Global Gateway” təşəbbüsü çərçivəsində qlobal bağlantı və rəqəmsal transformasiya üçün 306 milyard avrodan çox maliyyə vəsaiti ayırıb. Söhbət bərabərlik, inklüzivlik və universal əlçatanlığa əsaslanan rəqəmsal ekosistemin yaradılması, iqlim dəyişikliyinin mənfi təsirlərinin minimuma endirilməsi, həmçinin hələ də internetə çıxışı olmayan planetdəki 2,6 milyard insanın dəstəklənməsindən gedir.
Aİ-nin Azərbaycandakı səfiri Marijana Kujundjiçin sözlərinə görə, geosiyasi gərginlik, artan qütbləşmə və dünyanın fraqmentasiyası şəraitində ölkələrin birgə fəaliyyəti həlledici əhəmiyyət kəsb edir ki, İKT və rəqəmsal transformasiya qaydalara və fundamental hüquqlara əsaslanan qlobal rəqəmsal nizamın bir hissəsi olaraq qalsın: “Bakıda təşkil olunan WTDC-25 forumu rəqəmsal uçurumun aradan qaldırılması və İT texnologiyalarının iqtisadi və sosial inkişaf naminə istifadəsi üçün səyləri birləşdirməyin əsas imkanıdır: o cümlədən kənd yerlərinin şəbəkə bağlantısının təmin edilməsi, dayanıqlı kənd təsərrüfatının və ədalətli ticarətin dəstəklənməsi, qadınlar üçün bərabər imkanların yaradılması. Məhz belə İKT milyonlarla insanın həyatını dəyişdirə bilər”.
Qeyd edək ki, konfransın yekununda ITU-nun 194 üzv dövlətinin əsas prioritetlərini müəyyən edən Bakı Bəyannaməsi qəbul edilib. Eyni zamanda MDB ölkələri üçün təxminən 5 əsas prioritet müəyyən edilib və növbəti dörd il ərzində Beynəlxalq Telekommunikasiya İttifaqı onların həyata keçirilməsini hədəfləyir.
MƏSLƏHƏT GÖR:





32

