26 Dekabr 2025

Cümə, 21:33

TAP: İLK BEŞİLLİYİN YEKUNLARI

Avropada davamlı və çevik enerji sisteminin yaradılması

Müəllif:

01.12.2025

2020-ci il Azərbaycan üçün təkcə siyasi deyil, həm də enerji baxımından dönüş nöqtəsi olub. Cənub Qaz Dəhlizinin (SGC) son həlqəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə təbii qaz tədarükü əslində Avropanın enerji xəritəsini yenidən formalaşdırıb.

Köhnə Dünyaya enerji resurslarının ixracının başlanması Azərbaycanın Avropa İttifaqının etibarlı və uzunmüddətli tərəfdaşı statusunu təsdiqləyib. Xüsusilə diqqətəlayiq haldır ki, bu strateji mərhələyə dərin qlobal qarışıqlıq - COVID-19 pandemiyası, kəskin iqtisadi tənəzzül və beynəlxalq tədarük zəncirlərinin pozulduğu ildə nail olunub. Bu çağırışlara baxmayaraq, SGC vaxtında istifadəyə verilib və bu da Azərbaycan-Avropa enerji tərəfdaşlığının davamlılığını və misli görünməmiş qlobal böhranlara davam gətirmək qabiliyyətini təsdiqləyib.

 

Genişlənməyə doğru yol

Bu əlamətdar mərhələdən əvvəl, yəni 2020-ci il noyabrın 15-də Trans-Adriatik Boru Kəmərinin kommersiya istismarına verilməsinə başlanılıb. Artıq dekabrın 31-də Azərbaycan qazının ilk həcmləri Avropa bazarına çatıb. Bununla Avropanın enerji tarixində yeni səhifə açılıb. Fəaliyyətə başladığı andan TAP təkcə ümumi Avropa qaz nəqliyyatı sisteminə inteqrasiya olunmayıb, həm də onun əsas dayaq elementlərindən birinə çevrilib. Uzunluğu 878 kilometr və illik gücü 10 milyard kubmetr olan bu təbii qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək Xəzər və Avropa arasında strateji bağlantı yaradır.

Beş il sonra layihə operatoru olan “TAP AG” dərin təəssürat yaradan nəticələri qeyd edir. Belə ki, bu müddət ərzində Avropaya 52 milyard kubmetrdən çox Azərbaycan “mavi yanacağ”ı çatdırılıb və bu göstərici nəinki layihənin davamlılığını və səmərəliliyini təsdiqləyir, həm də onun qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində artan rolunu vurğulayır. TAP ilk beşilliyin bütün müddətində layihədə iştirak edən ölkələrin hər birində fasiləsiz fəaliyyət göstərib və ən yüksək təhlükəsizlik, ekoloji məsuliyyət və əməliyyat idarəetməsi standartlarına riayət edərək mükəmməl etibarlılıq nümayiş etdirib.

“İstismarın ilk beş ili komandalarımızınvə podratçılarımızın işə sadiqliyini və yüksək peşəkarlığını, eləcə də səhmdarlarımızın davamlı dəstəyini əks etdirir. Mən əldə edilmiş nəticələrlə qürur duyuram və əminəm ki, TAP qarşıdakı onilliklərdə Avropanın enerji təhlükəsizliyində və enerji keçidində strateji rol oynamağa davam edəcək”, - “TAP AG”nin idarəedici direktoru Luka Skiepatti qeyd edib.

Bu gün boru kəməri yeni mühüm mərhələyə yaxınlaşır. 2026-cı ilin yanvarından TAP genişləndirilmiş iş rejiminə keçəcək və bununla hər il əlavə olaraq 1,2 milyard kubmetr qazı nəinki İtaliyaya, həm də ilk dəfə olaraq Albaniyaya nəql etməyə imkan verəcək. Bu da Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi arxitekturasında və təchizatın şaxələndirilməsində rolunu gücləndirəcək.

Maraqlıdır ki, boru kəmərinin mümkün genişləndirilməsi ilə bağlı müzakirələr onun işə salınmasından sonrakı ilk aylardan başlayıb. İnfrastruktur kifayət qədər tez bir zamanda öz davamlılığını və səmərəliliyini sübut edib və gücün artırılması məsələsi layihənin inkişafının təbii addımına çevrilib.

Ukraynada baş verən hadisələr müzakirələrə əlavə təkan verib: orada hərbi əməliyyatlar başladıqdan sonra Avropa qaz bazarı sürətlə dəyişməyə başlayıb və Aİ-nin Rusiya qazından sürətli imtina kursu yalnız TAP da daxil olmaqla sabit alternativ marşrutlara olan marağı artırıb. Bu müzakirələrin ilk real nəticəsi 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanan və Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması - 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırılması barədə razılaşmaları təsbit edən Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum olub.

Sənəd praktik addımlara keçmək üçün siyasi çərçivə yaradıb. TAP-ın genişləndirilməsinin ilk mərhələsinin nisbətən kiçik artımı - ildə 1,2 milyard kubmetr nəzərdə tutulmasına baxmayaraq, o, tərəflərin gücün artırılması istiqamətində addımlara hazır olduğunu təsdiqləyən mühüm siqnal idi. Əslində, bu mərhələ gələcəkdə boru kəmərinin buraxılış qabiliyyətinin daha da artırılması barədə növbəti qərarlar üçün əsas yaradır. Genişləndirmə prosesinə 2021-ci ildə keçirilən və boru kəmərinin gücünün 2026-cı il yanvarın 1-dən ildə 1,2 milyard kubmetr artırılması üzrə öhdəlikləri təsdiqləyən bazar sınağından sonra başlanılıb. Əlavə həcmlərdən 1 milyard kubmetr İtaliya, 200 milyon kubmetr isə Albaniya üçün nəzərdə tutulub. Bu, “TAP AG”nin öz vəsaiti hesabına maliyyələşdirilir və təxminən 132 milyon avro həcmində qiymətləndirilir. Layihə əlavə kompressor aqreqatının quraşdırılmasını və Kipoi (Yunanıstan) stansiyasında avadanlığın modernləşdirilməsini əhatə edir.

TAP AG-nin tikinti işlərinin başa çatması barədə məlumatı əlavə həcmlərin nəqlinə məhz nəzərdə tutulmuş vaxtda başlamağa imkan verir. “2024-cü ilin yanvarında başlanan genişləndirmə işləri vaxtından əvvəl, büdcə çərçivəsində, təhlükəsiz şəkildə və qazın cari nəqlini dayandırmadan tamamlanıb ki, bu da planlaşdırmanın yüksək keyfiyyətini və əməliyyatların dayanıqlığını nümayiş etdirir”, - operatorun məlumatında qeyd edilib.

 

Növbəti mərhələ

Birinci mərhələnin başa çatması ilə paralel olaraq TAP AG boru kəmərinin buraxılış qabiliyyətinin daha da artırılması imkanlarını təhlil etməyə davam edir. Xüsusilə, Balkan ölkələrinin mediasının məlumatına görə, nəzərdən keçirilən variantlardan biri Albaniyanın cənub-şərqində, Yunanıstanla sərhədə yaxın Biliştdə TAP qazölçmə stansiyasının genişləndirilməsidir. TAP AG tərəfindən Albaniya hakimiyyətinə göndərilən sənəddə şirkət qeyd edib ki, stansiyanın modernləşdirilməsi Albaniya ərazisində TAP-ın ilkin layihəsində nəzərdə tutulmuşdu. Hazırda boru kəməri operatoru bu mərhələnin həyata keçirilməsinin zəruriliyini müəyyən etmək üçün texniki sınaqlar keçirir.

İlkin layihə (yəni 2013-cü ildən) Biliştdəki ACSO2 stansiyasının hər biri 15 MVt olan beş aqreqatla tam kompressor stansiyasına qədər miqyaslandırılmasını nəzərdə tuturdu. Bu gün boru kəməri 10 milyard kubmetr gücündə işləyir, lakin 20 milyard kubmetr üçün nəzərdə tutulub. Bu səviyyəyə çatmaq üçün stansiyanın modernləşdirilməsi tələb olunur.

Yenilənmiş plan elektrik kompressor qurğularına keçidi nəzərdə tutur və bunun üçün yüksək gərginlikli yarımstansiyanın və elektrik ötürücü xəttin tikintisi tələb olunur. Elektrifikasiya gücü artırmağa, tullantıları azaltmağa və Aİ-nin iqlim məqsədlərinə uyğunluğu təmin etməyə imkan verəcək.

2025-ci ilin oktyabrında TAP AG qaz şirkətlərindən əlavə güclər üçün sifarişlərin qəbulunu nəzərdə tutan bazar testinin məcburi mərhələsinə keçib.

Enerji treyderləri, təchizatçılar və operatorlar güclərə real razılaşmalar əsasında sifariş verirlər: TAP AG bəyan edilmiş həcmin nəqlini təmin etməyi, sifarişçilər isə onu ödəməyi öhdələrinə götürürlər.

L.Skiepatti həmçinin bildirib ki, beş ilə yaxın fəaliyyət müddətində TAP infrastrukturundan 46 qeydiyyatdan keçmiş müştəri istifadə edir. “Orta və uzunmüddətli perspektivdə bizim strategiyamız innovasiyaların tətbiqi, bazar üçün yeni məhsulların işlənib hazırlanması, həmçinin enerji keçidinin dəstəklənməsi hesabına TAP-ın dayanıqlılığının və adaptivliyinin gücləndirilməsindən ibarətdir”, - o əlavə edib.

“Avropa azkarbonlu gələcəyə doğru hərəkət etdikcə əminəm ki, TAP dayanıqlı və çevik enerji sisteminin yaradılmasında mühüm rolunu qoruyub saxlayacaq”, - TAP-ın Direktorlar Şurasının sədri Murad Heydərov əlavə edib.

 

Əmirliklərin marağı

Cənub Qaz Dəhlizinin artan strateji əhəmiyyətini vurğulayan əlavə faktor Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qaz sahəsində tərəfdaşlığın dərinləşməsidir. Noyabrın 4-də ADIPEC enerji sərgisi çərçivəsində Əbu-Dabinin milli neft şirkəti ADNOC-un beynəlxalq investisiya bölməsi XRG və Azərbaycan İqtisadiyyat Nazirliyi arasında ərəb şirkətinin SGC layihəsinin idarəedici şirkəti olan “Cənub Qaz Dəhlizi” QSC-də payının mümkün alınması barədə hüquqi öhdəliklər yaratmayan razılaşma imzalanıb.

Razılaşma Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan ilə 2025-ci il sentyabrın 16-da keçirilən görüşündə imzalanmış Anlaşma Memorandumunun davamı olub.

XRG-nin məlumatında vurğulanıb ki, planlaşdırılan sövdələşmə şirkətin Xəzər regionunda iştirakını genişləndirəcək və Azərbaycan qazının Avropaya tədarükündə iştirakını artıracaq. SGC-nin kapitalına potensial giriş regional qaz infrastrukturu sahəsində portfelin artırılması üzrə XRG strategiyasına uyğundur və “Abşeron” yatağının işlənməsində (30%) və Türkmənistanın “Blok I” layihəsində iştirakdan (38%) əlavə olaraq SOCAR-la əməkdaşlığı gücləndirir. Şirkətin qiymətləndirmələrinə görə, Azərbaycan sektorundan Xəzər dənizindəki qaz ehtiyatlarını Avropa bazarına çatdıran SGC-yə investisiyalar əlavə olaraq Aİ-nin enerji təhlükəsizliyinə və XRG-nin regional strategiyasına töhfə verir.

BƏƏ şirkətinin SGC kapitalına daxil olması əsas aktivlərin inkişafına və ehtimal ki, SGC infrastrukturunun daha da genişləndirilməsinə əlavə investisiyaların cəlb edilməsi deməkdir. Sövdələşmənin özünü gözlənilməz adlandırmaq olar: hər halda, Cənub Qaz Dəhlizi Avropaya uzanır, Yaxın Şərqə yox. Lakin görünən odur ki, XRG bu vəziyyəti yaxşı başa düşür: orada sabit Avropa qaz infrastrukturunun dəyərini mükəmməl şəkildə anlayırlar və avropalıların illərlə düşündükləri istiqamətə investisiya qoymağa hazırdırlar...

Bundan başqa, SGC-nin aktivləri qazın tədarükü üzrə uzunmüddətli müqavilələrlə təmin edilən fəaliyyətdə olan, kommersiya baxımından uğurlu layihələrdir ki, bu da zəmanətli gəlir və aşağı risklər deməkdir. Bu, SOCAR üçün qaz nəqliyyat infrastrukturunun inkişafına uzunmüddətli kapitalın cəlb edilməsi və xüsusilə Avropa maliyyə institutlarının ehtiyatlılığı fonunda investisiya mənbələrinin real şaxələndirilməsidir. Nəticədə, sövdələşmə hər iki şirkətin mövqelərini gücləndirir və Azərbaycan-BƏƏ enerji əməkdaşlığını yeni səviyyəyə qaldırır.



MƏSLƏHƏT GÖR:

32