ERMƏNİSTAN SÜLHƏ DOĞRUMU GEDİR?
Silahlanmadan imtina Ermənistan üçün niyə yeganə rasional yoldur?
Müəllif: Namiq H. ƏLİYEV
Ağır məğlubiyyətlərdən və dərin daxili sarsıntılardan sonra Ermənistan yolayrıcında dayanıb. İndi onun qarşısında tarixi seçim var: ya sülh və iqtisadi inkişafa yönəlmək, ya da ölkəni artıq bir dəfə fəlakətə aparmış bahalı silahlanma yarışına yenidən başlamaq. Üstəlik, bu gün Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına çalışdığını açıq şəkildə ortaya qoyur, bunun üçün lazım olan iradəni nümayiş etdirir: ticarət-nəqliyyat məhdudiyyətləri yumşaldılır, azad olunmuş ərazilər bərpa edilir, hərbi kadr siyasətində islahatlar aparılır. Belə bir vəziyyətdə İrəvanın yenidən genişmiqyaslı silahlanma kursu yürütməsi nəinki qəribə görünür, həm də davamlı sülh ideyası ilə açıq-aydın ziddiyyət təşkil edir. Görünən odur ki, Ermənistan hələ də hərbi komponentə arxalanmaq istəyir. 2022-2024-cü illərdə o, Hindistandan «Pinaka» yaylım atəşi sistemləri, «Swathi» radiolokasiya stansiyaları, müasir 155 millimetrlik artilleriya sistemləri, «Bharat Earth Movers Limited» və «Bharat Electronics Limited» şirkətlərinin istehsalı olan tank əleyhinə sursatlar alıb. Bu azmış kimi, İrəvan hərbi xətti daha da gücləndirir. O, Hindistan ilə «Su-30MKI» qırıcılarının alınmasına dair miqyaslı müqavilənin imzalanması məsələsini müzakirə edir. Müqavilənin dəyəri 2,5-3 milyard dollar qiymətləndirilir. Belə olarsa, bu, Ermənistan tarixinin ən böyük hərbi satınalmasına çevriləcək. Sözügedən saziş əsasında alınacaq təyyarələrin «Uttam AESA» radiolokasiya sistemləri, «Astra» raketləri və müasir radioelektron mübarizə avadanlıqları ilə təchiz ediləcəyi haqda fikirlər var.
Doğrudur, bu çoxmilyardlıq saziş belə, bölgədə strateji qüvvələr balansını dəyişməyəcək. Ermənistanla Azərbaycanın hərbi imkanları arasında fərq o qədər böyükdür ki, İrəvan onu bahalı təyyarələr, yaxud hava hücumundan müdafiə sistemləri almaqla aradan qaldıra bilməz. O, bu yolla, əslində, yalnız xarici borcunu artırır, vətəndaşların «cibindən kəsir» və silahlanmanı qızışdırır. Bununla da, sülh əvəzinə təhlükəli və bahalı paritet illüziyası yaranır. Silahlanma, əlbəttə ki, revanşist əhvali-ruhiyyəni də «qidalandırır», elitanın bir hissəsinin «güc yolu» xəyalını geri qaytarır. Halbuki reallıq bu yolla nəyəsə nail olmağın mümkünsüzlüyünü ortaya qoyub. Həqiqi sabitliyə yalnız ərazi iddialarından imtina, kommunikasiyaların açılması və sağlam diplomatik düşüncə ilə nail olmaq mümkündür.
Silahlanma balansı dəyişmir, lakin sülhü pozur, Ermənistan iqtisadiyyatını məhv edir
Hərbi gücün artırılması cəhdləri yalnız bir şeyi göstərir: Ermənistan hələ də sülhə yox, yeni qarşıdurmaya hazırlaşıpr. Bəli, «Su-30MKI» ölkənin döyüş potensialını artırmağa qadir olan qorxulu silahdır. Bu tip təyyarələr Ermənistana böyük imkanlar qazandıracaq: uçuş məsafəsi, zərbə gücü, müasir avionika və silahlanma sistemləri. Bütün bunlar, təbii ki, müdafiə vasitəsi yox, təhlükə elementi kimi qəbul oluna bilər. Amma aviasiya və raketlər təhlükəsizlik zəmanəti yox, təzyiq alətidir. Ermənistanın vəziyyətində isə onlar mümkün gələcək münaqişənin nəticəsini dəyişməyə qadir olmayan alətdən başqa bir şey deyil.
Ermənistanın qırıcılar, HHM sistemləri və raketlər alması real hərbi balansı dəyişə bilməz. Bu balans onilliklər ərzində Azərbaycanın xeyrinə formalaşıb. Müdafiə büdcələri, ordu sayı, texnologiya səviyyəsi, zərbə PUA-ları və müasir HHM sistemləri arasında hələ də çox nəhəng fərq var. Belə bir vəziyyətdə İrəvanın istənilən yeni silahlanması ona real üstünlük qazandırmayan, sadəcə ölkəni borc bataqlığına sürükləyən rəmzi layihəyə çevrilir.
Sadə desək, Ermənistan mümkün müharibənin nəticəsini dəyişməyə qadir olmayan silahlar üçün borca girir. Bu silahlanma onun üçün qalxana deyil, maliyyə tələsinə çevrilir.
Revanşist silahlanmaya doğru atılan hər bir addım yeni gərginliyə doğru atılan addımdır
İrəvan silahlanmanı təzyiq vasitəsi, yaxud Azərbaycanın gücünə çatmaq cəhdi kimi görürsə, o, sülh danışıqları ilə bağlı öz məntiqini pozur. Bakı öz növbəsində, cavab olaraq öz mövqelərini gücləndirmək, müdafiə qabiliyyətini artırmaq məcburiyyətində qalır. Beləliklə, yenidən qapalı dairə yaranır: Ermənistanın silahlanması Azərbaycanın cavab addımlarını qaçılmaz edir, bu isə riskləri yenidən artırır, regionda sabitliyə təhdidlər yaradır. Xüsusilə bu yarışda sonadək getmək gücündə olmayan Ermənistan üçün.
Bundan başqa, Ermənistanın silahlanması bütün regional oyunçuları narahat edir. Çoxşaxəli silahlanma, xüsusilə Hindistandan alınan sistemlər regionda qeyri-müəyyənliyi artırır, yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də narahatlığa səbəb olur. İrəvanın bölgədə qüvvələr balansını və status-kvonu dəyişmək cəhdlərini Türkiyə də diqqətlə izləyir, Ermənistanın müdafiəsində artan xarici təsir İranı narahat edir, Rusiya bu sahədəki yerini Hindistanın tutmasından məmnun deyil. Cənubi Qafqazda yeni silahlanma yarışının başlamasında Qərb də maraqlı deyil. Nəticə aydındır: İrəvan özünü beynəlxalq təcridə salır, etibarını zədələyir, qonşularının və tərəfdaşlarının gözündə proqnozlaşdırılması mümkün olmayan oyunçuya çevrilir. Bütün bunlar isə Ermənistanın daxili sabitliyinə də öz təsirini göstərir. Çünki bu «hərbi nailiyyət» əhalinin rifahı hesabına əldə olunur. Xarici borcun artması, vergilərin çoxalması, sosial xərclərin azalması sonda vətəndaşların həyat səviyyəsində əksini tapır. İqtisadiyyata zərbə dəyir, sosial gərginlik artır, hakimiyyətə inam azalır, siyasi qeyri-sabitlik, etiraz riski yüksəlir. Vəziyyət o yerə çatıb ki, baş nazir Nikol Paşinyan borcun kəskin artmasını «itirilmiş silahların bərpası zərurəti» ilə izah etmək məcburiyyətində qalıb.
Lakin Ermənistan cəmiyyəti müharibədən bezib. 2020 və 2023-cü illərin məğlubiyyət kölgəsi hələ də ağır olaraq qalır. Yeni silahlanma isə daxili parçalanmanı daha da gücləndirir. Belə vəziyyətdə yeganə rasional yol silahlanmadan imtina və inteqrasiya yoludur. İrəvanın sözügedən sövdələşmə haqda xəbəri təkzib etməsi, Hindistanın «Aeronautics Limited» şirkətinin isə hələlik bununla bağlı rəsmi qərarın olmadığını açıqlaması göstərir ki, bu yoldan dönüş qapısı hələ tam qapadılmayıb. Yəni Ermənistanın sülhü yox, yeni hərbi avantüra yolunu seçmək istəmədiyini göstərməsi üçün hələ şans qalır. Əgər o, həqiqətən, sabitlik, gərginliyin azalması, real təhlükəsizlik istəyindədirsə, burada silahlanma ən pis yoldur. Sülhü raketlər və təyyarələr deyil, diplomatiya və iqtisadi inteqrasiya təmin edir. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, Zəngəzur dəhlizi (TRIPP) açılmalı, qonşularla əlaqələr və ticarət inkişaf etdirilməli, mənasız, bahalı silahlanma yarışından imtina olunmalıdır. Uzunmüddətli siyasi və iqtisadi təhlükəsizliyi təmin edəcək yeganə yol budur.
Silahlanmadan imtina niyə vacibdir?
Silahların hər hansı üstünlük vermədiyi, yalnız büdcəni məhv etdiyi, sülh prosesi üçün təhlükə, qonşular üçün narahatlıq yaratdığı, daxili problemləri artırdığı şəraitdə silahlanmanın davam etdirilməsi sadəcə bir səhv deyil. O, Ermənistanın özü üçün təhlükəyə çevrilir. Üstəlik, o, bu ilin avqustunda Vaşinqtonda paraflanmış sənədlərin ruhuna da ziddir. Əgər silah alışı «Su-30MKI» təyyarələri ilə məhdudlaşacaqsa, bu, sadəcə, mənasız xərc olacaq. Çünki burada hər hansı paritetdən danışmaq mümkün deyil. Azərbaycan üstün Hərbi Hava Qüvvələrinə, inkişaf etmiş PUA-lara, müasir HHM sistemlərinə və böyük müdafiə büdcəsinə çoxdan malikdir. Yox, İrəvan daha da irəli gedərək aviasiya infrastrukturunu inkişaf etdirəcək, yeni HHM sistemləri alacaqsa, mükəmməl döyüş bölmələri yaratmaq fikrinə düşəcəksə, bu, Azərbaycanın qarşısında mütləq bir sual yaradacaq: artıq bir neçə dəfə təcavüzə əl atmış, onun torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, ərazi iddialarından imtina etməmiş dövlətin hərbi potensialını bərpa etməsi qəbul olunandırmı?
Bu ssenari yalnız yeni risklər yaradacaq, regionda sabitliyi pozacaq, müəyyən dairələrdə revanşist əhvalı artıracaq. Ermənistana isə yeni borclar və güc xülyaları yox, sülh lazımdır. Silahlanmadan imtina zəiflik deyil, ölkəyə təhlükəsizlik, inkişaf gətirəcək, onun gələcəyini təmin edəcək yeganə rasional addımdır.
MƏSLƏHƏT GÖR:



58

