AFFA YENƏ SƏHV EDƏCƏK?
Milli Komanda yolayrıcında: yerlilərə etibar etmək, yoxsa illüziyalara pul xərcləmək?
Müəllif: Sənan NADİROĞLU
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi başa çatıb. Azərbaycan millisi 6 oyunda cəmi 1 xal toplamaqla əvvəlcədən proqnozlaşdırıldığı kimi son pillədə qərarlaşıb. Seçmə mərhələyə Portuqaliyalı məşqçi Fernandu Santuşla başlayan Azərbaycan yığması sonradan Ayxan Abbasova tapşırılıb. Rəsmi oyunlardan sonra milli komandaya cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yenə axtarışa başlayıb.
Futbolun əsas sualı
Müstəqil Azərbaycan tarixində futbol üzrə milli komanda yalnız seçmə mərhələdə topladığı xalların sayına görə qürurlanıb. İllər öncə İqor Ponomaryovun baş məşqçi olduğu dönəmdə 5 xal yığma üçün böyük nəticə kimi təqdim olunub. Avro-2012-də 7 xal toplayan milli bir neçə il sonra nəticəni yaxşılaşdırıb. Robert Prosineçkinin baş məşqçisi olduğu vaxtda isə milli komanda dünya çempionatının seçmə mərhələsində 10 xal toplamaqla rekordunu yeniləyib. Bəlkə də bəzi azarkeşlər yığmanın xalı artırmasına sevinə bilər. Amma xal dəyişməsinə baxmayaraq, nəticə dəyişməyib: milli tarixində heç vaxt seçmə mərhələdə qrupdan çıxmayıb. Yəni 5 və ya 8 xal toplamaq o qədər də önəmli deyil. Əsas məqsəd qrupda sonuncu olmamaq sayılıb, komanda heç vaxt yüksək hədəflər uğrunda mübarizə aparmayıb.
Cari seçmə mərhələnin əvvəlində AFFA-nın yeni rəhbərliyi bahalı və qocaman məşqçi Fernandu Santuşla müqavilə imzalayıb. Kriştiano Ronaldonun oynadığı və Avropa çempionu olduğu Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş Azərbaycanda çox davam gətirə bilməyib. Uğursuz yoxlama matçlarında qələbəyə həsrət qalan Azərbaycan seçmə mərhələnin ilk matçında səfərdə İslandiyaya 0-5 hesabla uduzub. Təcili iclas keçirən AFFA portuqal məşqçiyə yüksək məbləğli təzminat verməklə müqaviləyə xitam verib. Cəmi 2 gün sonra baş tutacaq rəsmi oyuna millini o vaxt Azərbaycanın gənclər komandasına rəhbərlik edən Ayxan Abbasov çıxarıb. Milli təcrübəsi olmayan Ayxan Abbasovun baş məşqçi əvəzi olduğu ilk matça Azərbaycan Ukraynayla bərabərə qalıb: 1-1. Digər 4 oyunda milli meydanı məğlub tərk edib. Cari seçmə mərhələ kimi Ayxan Abbasovla razılaşma da sona çatıb. Hazırda futbol ictimaiyyətini bir sual maraqlandırır: AFFA Ayxan Abbasova inanacaq, yoxsa yenə mübahisəli qərar qəbul edəcək?
Milli komanda üçün əsas istiqamət
İlk növbədə, Ayxan Abbasovun rəhbərliyi altında millinin qısa müddətdə nisbətə dəyişdiyini etiraf etməliyik. Azərbaycan millisində intizam gücləndirilib, meydanda anlaşma problemini aradan qaldırmaq üçün müəyyən işlər görülüb. Lakin milli dəyişməyib. Çünki 2 ay ərzində illərlə yığılan və dərinləşən problemləri həll etmək mümkünsüzdür.
Azərbaycan milli komandası D qrupunda keçirilən 2026-cı il dünya çempionatının seçmə mərhələsini son dərəcə zəif göstəricilərlə başa vurub. Komanda altı oyun keçirib, heç bir qələbə qazanmayıb, bir dəfə heç-heçə edib və beş dəfə məğlub olub. Yığma üç qol vurub, 16 qol buraxıb və seçmə mərhələni cəmi bir xalla tamamlayıb. Statistikaya nəzər yetirsək, Azərbaycan millisinin seçmə mərhələni bir xal ilə başa vurduğu dördüncü mövsüm olduğunu görərik. Qollarla bağlı statistikalar da geriləmənin miqyasını göstərir. DÇ-2026-nın seçmə mərhələsində vurulan üç qol mütləq antirekord olmasa da, milli komandanın tarixində ən zəif göstəricilər sırasında yer alır.
2026-cı ildə Azərbaycan millisi UEFA Millətlər Liqasında yarışacaq. D divizionunda mübarizə aparacaq milli Avropanın ən zəif komandalarına rəqib olacaq. Buna görə də Azərbaycan komandasının yerli məşqçiyə tapşırılması daha yaxşı olardı. 2026-cı ildə seçmə mərhələ yoxdur, yalnız Millətlər Liqasının matçları keçiriləcək. Yeni yerli məşqçi məhz bu yarışda sınanmalıdır. İndiki halda 5 matçda A millisinə rəhbərlik Ayxan Abbasovdan uğurlu namizəd tapmaq çətindir.
AFFA yenidən əcnəbi məşqçiylə müqavilə imzalayacağı halda milli növbəti ağır zərbəni alacaq. İstənilən əcnəbi məşqçi ölkə futboluna kömək edə bilməyəcək. Milyonlar xərclənəcək, amma nəticə olmayacaq. Səbəb sadədir: ilk növbədə yeni məşqçi ölkə futbolunu və komandanı tanımaq üçün azı 1 il vaxt istəyəcək. Digər tərəfdən nəticə qazanmaq üçün lazımi səviyyədə futbolçu yoxdur. Səviyyəli futbolçu barmaqla sayılası qədər olduğu zaman yeni məşqçinin təyinatı sadəcə vaxt itkisi olacaq.
Santuşun istefasından sonra çətin dönəmdə milliyə rəhbərlik edən Ayxan Abbasovla 1 illik müqavilə imzalayaraq qarşısında konkret hədəf qoymaq mümkündür: yeni komanda formalaşdırılsın və milli D divizionunda yüksək nəticə ilə C qrupuna yüksəlsin. 2026-cı il üçün əsas hədəflər məhz bunlar olmalıdır.
Sadıqov: Səbirli olmaq və çox işləmək lazımdır
Bəs milli komandanın gələcəyi, onunla bağlı ümidlər varmı? Bu barədə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik. Təcrübəli məşqçi bildirib ki, milli son oyunlarda daha istəkli çıxış edib: “Mən razılaşıram ki, Ayxan Abbasovun rəhbərliyi altında komandaya milli ruh qayıdıb. Yığmamız istəkli görünür. Santuşun baş məşqçiliyi altında ruhsuz komandanın şahidi olmuşuq. Məzmunlu bir oyun görməmişdik. Başa düşürdük ki, seçmə mərhələdə qrupumuz çətindir. Ayxan Abbasov çox çətin məqamda, çəkinmədən bu yükü üzərinə götürüb. Bir yerli mütəxəssis, azərbaycanlı, vətənini sevən insan kimi yükü çiyinlərinə alıb. Layiqincə, komanda ilə sona qədər mübarizə aparıb. Bunların hamısı müsbət tərəflərdir. Amma oyun planına gəlincə, baş məşqçi də vurğulayıb ki, səbirli olmalıyıq, xeyli çalışmalıyıq. Bu, təkcə milli səviyyəsində yox, klub səviyyəsində də olmalıdır. O zaman biz istədiyimiz millini görəcəyik”.
Qeyd edək ki, Bakıda İslandiyaya 0-2 hesabıya məğlub olduğumuz oyundan sonra AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Toplantıda A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan millisinin baş məşqçisinin adı gələn ilin yanvarında elan olunacaq. AFFA-nın bu dəfə düzgün seçim edəcəyinə ümid edək.
MƏSLƏHƏT GÖR:





45

