KOR QƏZƏB
Qərəzdən uzaq: qarşılıqlı hörmət və anlayış Azərbaycan yollarını hər kəs üçün təhlükəsiz edər
Müəllif: Sabirə ƏLƏKBƏR
Bu məqaləni hazırlayarkən mən şəxsi inciklik və ya şikayətlər haqda düşünmürdüm. Yol mədəniyyətini ictimai ekosistem kimi təsəvvür edirdim. Yəni stereotiplərin, tərbiyənin və cəmiyyətin diqqətinin qeyri-bərabər paylanmasının yollarda baş verənləri həm də kiçik bir gender imtahanına çevirdiyi keçirdi ağlımdan. Sükan arxasında olan qadınlar üçün bu imtahan xüsusilə ağır keçir. Xüsusilə də sükan arxasındakı kişi ilə qarşılaşdığı zaman. Belə hallarda çox vaxt kişilərin beynində «nəzakət işığı» yox, «üstünlüyü sübut etmək işığı» yanır.
Həqiqətən də, onilliklər boyu avtomobil azadlığın, sürət və müstəqilliyin rəmzi olub. Azərbaycan cəmiyyətinin əhəmiyyətli bir hissəsi, xüsusilə də qadınlar üçün isə yol hər gün sahəcə marşrut deyil, sərt gender qarşıdurması meydanına çevrilir. Burada söhbət avtomobili idarə etmək bacarığından və ya yol hərəkəti qaydaları bilgisindən getmir. Problem daha dərindir. Cəmiyyətdə sanki «sükan kişilərə məxsusdur» kimi köklü mədəni qərəz var. Qadın sükan arxasına keçən kimi, dərhal «narahatlıq yaradanlar» kateqoriyasına aid edilir və ona qarşı xüsusi, laqeyd münasibət, hörmətsizlik başlayır. Qəsdən yolu kəsilə bilir, xırda bir səhvinə görə qəzəbli irad bildirilir. Halbuki bir kişi sürücü eyni vəziyyətdə olan başqa kişi sürücüyə qarşı çox vaxt belə davranmağa cəsarət etmir. Təhqir, kəskin ifadələr yolu sözün əsl mənasında «döyüş meydanı»na çevirir. Bir çox kişi sürücünün, xüsusilə aqressiv və tələskən olanlarının şüurunda hələ də köhnə bir düşüncə hakimdir: «Qadının yeri mətbəxdir». Halbuki kişidən fərqli olaraq, qadın eyni vaxtda onlarla iş görməyə məcburdur. O, sanki ailə həyatı ilə ictimai məsuliyyətləri birgə idarə edir. Bunu psixologiya da təsdiqləyir: yoldakı aqressiya əksər zamanlarda rneal səhvlərdən yox, öncədən formalaşmış mövqedən qaynaqlanır. Əgər kişi ümumilikdə qadınların avtomobili pis idarə etdiyi qənaətindədirsə, yalnız belə halları görəcək. Qadının doğru manevri belə, stereotipin sübutu kimi qəbul olunur. Beləliklə, zərif cinsin nümayəndəsi yolda sadəcə hərəkət iştirakçısı deyil, sanki daim nəzarət altında olan insana çevrilir.
Stereotipin qiyməti
Bu yol aqressiyasının mahiyyətini anlamaq üçün sadəcə yol hərəkəti qaydalarına baxmaq kifayət deyil. Problem daha dərin, psixoloji köklərə bağlıdır.
Ənənəvi rol bölgüsünün hələ də güclü olduğu cəmiyyətlərdə qadının əvvəllər «kişilərə məxsus» sayılan sahəni uğurla mənimsəməsi bir çağırış, statusa təhdid kimi qəbul edilir. Bu, yalnız Azərbaycana xas deyil, bütün dünyada müşahidə olunur. Qadın tərəfindən idarə edilən avtomobilin qarşısında aqressiv manevr edən kişi şüurlu şəkildə iyerarxiyanı bərpa etməyə, öz üstünlüyünü göstərməyə çalışır. Demək istəyir ki, onun özünəinamı, sürəti, haqqı daha üstündür. Bu, irrasional, lakin güclü reaksiyadır.
Təəssüf ki, yol hərəkəti qaydalarını zəif bilən və ya yetərli bacarığı olmayan qadın sürücülərə də rast gəlinir. Lakin bir qadının etdiyi səhv dərhal ümumiləşdirilir: guya heç bir qadın normal avtomobil idarə edə bilmir. Kişilərin aqressiv manevrləri, sürət həddini aşmaları və s. isə çox vaxt «özünəinam», «xarakter» kimi təqdim edilir və bu hallara nədənsə problemi kimi baxılmır. İkili standart göz qarşısındadır: «sürətli kişi» bacarıqlıdır, «sürətli qadın» isə bacarıqsız.
Məsələ reaksiyadadırmı?
Stereotip sevdalılarının əksəriyyəti tez-tez fiziologiyaya istinad edərək bildirirlər ki, xüsusən kritik vəziyyətlərdə kişilər daha çevik, daha sürətli reaksiya verirlər. Bu həqiqətənmi həlledici amildir? Kişi «anadangəlmə reaksiya»sına güvənərək yolda əsassız risklərə gedib təhlükəli manevrlər edirsə, qadın adətən riskləri daha çox ölçüb-biçir. Faktlar göstərir ki, fizioloji üstünlük çox vaxt davranış faktorları ilə aradan qaldırılır. Qadınlar bir qayda olaraq daha ehtiyatlı davranır, daha hesablanmış, müdafiə xarakterli davranışlar sərgiləyirlər. Onlar yersiz riskə, aqressiv ötmə əməliyyatlarına, sürət həddini aşmağa daha az meyil göstərirlər. Bunu dünya statistikası da təsdiqləyir: qadınlar daha çox xırda qəzalar (adətən parketmə və ya ensiz yoldan keçərkən) edirlərsə, kişilər ağır, ölümcül qəzalara daha çox səbəb olurlar. Bu isə onların özlərinə həddindən artıq güvənmələri və riskə meyilli olmaları ilə bağlıdır.
Yolların daha çox ehtiyatlılıq tələb etdiyi Azərbaycanda «daha çox düşünən», «daha çox ehtiyat edən» qadın bəzən yol hərəkətinin daha təhlükəsiz iştirakçısı ola bilər. Bu fikri müəllifə tanış olan bir ailənin real nümunəsi ilə də təsdiqlənir. Həmin ailədə avtomobili həm ər, həm də arvad idarə edir. Azərbaycanda qayda pozuntusuna görə cərimələr çox vaxt avtomobilə son etibarnamənin verildiyi şəxsin adına yazılır, qayda pozuntusu zamanı sükan arxasında kimin əyləşməsindən asılı olmayaraq, cərimə həmin şəxsin adına gəlir. Həmin ailədə son etibarnamə məhz qadının adınadır və bu üzdən də bütün cərimələr avtomatik olaraq, ona yazılır. Halbuki hər iki tərəfə yaxşı məlumdur ki, qeydə alınmış qayda pozuntularının böyük hissəsini (sürət həddinin aşılması, təhlükəli manevrlər) məhz ər edib. Beləliklə, faktların qeydə alınması üçün yaradılmış sistem istəmədən real sürmə tərzinin güzgüsünə çevrilib. Cəmiyyətin gözündə «özünə inanan və peşəkar» sayılan kişi əslində xanımı ilə müqayisədə daha çox düşünülməmiş hərəkətlər və risklər edir. Bu, yüksək «əminliy»in çox zaman yüksək ustalıqla yox, ehtiyatsızlıqla «qonşu» olduğunun sənədlərlə təsdiqidir.
Maraqlısı budur ki, kişilər çox vaxt bu pozuntular, cərimələr haqda çox rahatlıqla danışır, bunu «dinamik sürüş», «sürətli sürmək təcrübəsi» kimi izah edir və ya baş verənləri sadəcə «tələsmək» bəhanəsi ilə «əsaslandırırlar». Əsl ziddiyyət də buradadır: əgər kameralar eyni sayda qayda pozuntusunun qadın tərəfindən edildiyini qeydə alarsa, kişinin buna hansı reaksiya verəcəyini təxmin etmək mümkündür. O, təbii ki, xanımını dərhal ittiham, tənqid yağışına tutardı. Bu hallar sadəcə qayda pozuntusu kimi deyil, «yararsız sürücü» göstəricisi kimi qiymətləndirilərdi. Bu, qadından ümumiyyətlə bir daha sükan arxasına əyləşməməsi tələbinədək gedib çıxa bilər.
Çoxvəzifəlilik: çatışmazlıq, yoxsa “kozır”?
Kişi sürücülərin çoxu düşünmür ki, sükan arxasındakı xanım adətən sadəcə avtomobili idarə etmir. Çox vaxt o, bütün ailənin logistikasını, ev işlərini də idarə edir. Həmin vaxt qadının beyni saysız-hesabsız məsələləri düşünür: uşaqlara nəzarət, alış-veriş, şam yeməyini planlamaq, iş üçün təqdimat, uşağın qış və ya yay geyiminin olub-olmaması, uşaq məktəblidirsə, ona ev tapşırıqlarının həllində kömək etmək və s. Bir çox kişinin təsəvvür belə edə bilməyəcəyi bu «yüklənmə» yol boyu strateji planlaşdırmaya, qabağı görmək qabiliyyətinə çevrilir. Amma sükan arxasındakı qadın bunlarla yanaşı, bir problemlə də üzləşir: ona qarşı kişidən daha sərt davranırlar. Halbuki artıq deyildiyi kimi, qadın eyni vaxtda beynində bir çox məsələni düşünür, onların həllini axtarır. Hər halda, biznesdə, tibdə, elmdə olan bacarıqlar, mürəkkəb prosesləri idarə etmək bacarığı sükan arxasına əyləşən kimi yoxa çıxa bilməz. Yəni bu qədər çox fikrin olması bəzən zehni yükü artıraraq xırda səhvlərə səbəb ola bilər. Amma bu, qadını ümumi mənada daha təhlükəli sürücüyə çevirmir. Əksinə, risklərin iqtisadi qiymətləndirilməsi göstərir ki, yol-nəqliyyat hadisəsi zamanı sükan arxasında qadının olması sərnişinlər və avtomobil sürücüləri üçün xəsarət səviyyəsini azaldır. Başqa sözlə, qadınların iştirakı ilə baş verən qəzalar əksərən daha yüngül olur. Hər halda, dünya statistikası hər şeyi daha aydın ortaya qoyur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, kişilər tərəfindən törədilmiş qəzalarda ölüm halları qadınların törətdikləri qəzalarla müqayisədə təxminən üç dəfə çoxdur. Bu, sadəcə, rəsmi rəqəm deyil, həm də kişilərin daha riskli davrandıqlarının göstəricisidir. Sürət həddinin aşılması, sərxoş halda avtomobili idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək kişi sürücülərin daha çox yol verdiyi pozuntulardır. Nəticədə, onların iştirakı ilə baş verən qəzaların nəticələri daha ağır olur.
ABŞ-nin Sığorta Təhlükəsizliyi İnstitutunun məlumatına görə, 1970-1980-ci illərdən bu yana yol qəzalarında həlak olmuş kişilərin sayı eyni səbəbdən dünyasını dəyişmiş qadınların sayından ən azı iki dəfə çoxdur. Bu, onu göstərir ki, qadını «pis sürücü» edən cinsiyyət amili yox, risklərə bağlı davranışıdır.
Amma kişilər daha çoxdur…
Şübhəsiz ki, daha bir ciddi amili nəzərə almamaq olmaz: dünyada, o cümlədən Azərbaycanda sükan arxasında olan kişilərin sayı qadınların sayından çoxdur. Bu üzdən, əlbəttə ki, qəzaların ümumi sayını müqayisə etmək doğru olmazdı. Tədqiqatçılar bu məsələdə nisbəti nəzərə alır. Yəni hesablamalar ümumi qəzalar yox, bir sürücüyə düşən qəza ehtiyalı üzərində aparılır. Nəticə isə dəyişmir: ağır qəzaların səbəbkarları daha çox kişilərdir.
Bəs bunu necə hesablayırlar? Məsələn, onlar «mənzərənin dəyişmədiyini» deyərkən iki müqayisə üsulundan istifadə edirlər: birincisi kilometraj əsaslı müqayisədir. Bu zaman sürücünün sükan arxasında nə qədər vaxt keçirdiyi və ya nə qədər məsafə qət etdiyi əsas götürülür. Bu üsulla hesablama göstərir ki, 1000 kilometrə düşən ağır qəzaların (xəsarət və ya ölümlə nəticələnən) sayı kişilərdə daha çoxdur. İkinci üsul sürücü heyətinin müqayisəsi yolu ilədir. Populyasiyada sürücülərin nisbəti nəzərə alınır. Bu üsul da kişi sürücülərlə bağlı risklərin daha çox olduğunu təsdiqləyir.
Emosiyalara, stereotiplərə deyil, zərərin riyazi modellərinə əsaslanan sığorta şirkətləri də təsdiqləyirlər ki, kişilər qadınlara nisbətən daha təhlükəli hərəkət iştirakçılarıdırlar. Onlar da bildirirlər ki, kişilər sürət həddini aşmağa, aqressiv manevrlərə, yorğun və ya əsəbi vəziyyətdə sükan arxasına keçməyə daha meyillidirlər. Bu, davranış xüsusiyyətidir.
Dəqiq təhlillər göstərir ki, bəli, sükan arxasında kişilər daha çoxdur, lakin onların payına düşən ağır qəzaların nisbəti də daha yüksəkdir. Bu, bioloji məsələ deyil. Mədəniyyət, cəmiyyət, kişinin sürücü kimi cəmiyyət tərəfindən necə qəbul olunması məsələsidir – yolun fatehi, yoxsa məsuliyyətli hərəkət iştirakçısı.
Bu fakt, əlbəttə ki, kişiləri alçaltmır. Əksinə, yol hərəkətinin təhlükəsizliyi məsələsində gender mövzusunun niyə bu qədər vacib olduğunu izah edir. Yollarda qurbanların sayını azaltmaq istəyiriksə, kimin «pis sürücü» olduğunu müzakirə etmək yox, müəyyən davranış modellərini niyə hələ də üstünlük təşkil etdiyini, yolları hamı üçün necə daha təhlükəsiz edə biləcəyimizi araşdırmalıyıq.
Qərəzdən hörmətə
Bəs vəziyyəti necə dəyişməli? Mədəni snobizm probleminin hansısa qanunun qəbulu ilə bi randa həll ediləcəyini düşünmək sadəlöhvlük olardı. Dünyada yol hərəkəti iştirakçıları arasında gender ayrı-seçkiliyi ilə bağlı məhkəmə presedentlərinə çox nadir rast gəlmək olar, çünki niyyəti sübut etmək, demək olar ki, mümkün deyil. Doğrudur, Avropada və ABŞ-da gender əsaslı «bullinq»ə görə cərimələr getdikcə artırılır. Lakin bu problemin yeganə effektiv həlli yolu marrifləndirmə, «empatiya» vasitəsi ilə düşüncə tərzini dəyişdirməkdir. Kişilər anlamalıdırlar ki, qadın sürücü aqressiyanı üzərinə tökmək üçün obyekt deyil. Sükan arxasındakı xanım onların nənəsi, anası, bacısı, həyat yoldaşı, qızı, nəvəsi, xalası, bibisi və s. də ola bilər. O, ailəsini dolandırmaqla məşğul olan, evinin qayğısını çəkən, cəmiyyətin inkişafına öz töhfəsini verən bir xanımdır. «Qadın maşın sürə bilərmi?» sualından «Yollarda bir-birimizə hörmət edirikmi?» sualına keçməyin vaxtıdır. Sürücülük bacarığı cinsə görə müəyyənləşmir. O, təhsilə, təcrübəyə, ən əsası məsuliyyətə söykənir. Unutmaq olmaz ki, qadın sürücü bir çox hallarda «özünü göstərmək» haqda deyil, maşındakı körpəsi, övladı barədə düşünür.
Atılmalı olan praktik addımlara gəlincə, bu aydın və konkretdir: yeni nəsil sürücülərin təhsili yalnız qaydalar və manevrlərlə yox, həm də hörmət dərsləri ilə zəngin olmalıdır. Aqressiv və qəsdən edilən təhlükəli manevrlərə görə daha sərt cəzalar nəzərdə tutulmalı, media isə qadın sürücüləri lağ obyekti kimi yox, peşəkar, bacarıqlı insanlar kimi təqdim etməlidir.
Yollarda aqressiv davranışlara qarşı maarifləndirici kampaniyaların aparılması, peşəkar sürücülük üçün qadınların təşviqi, qadın sürücülər klublarının yaradılması, təhlükəli davranışların avtomatik qeydə alınması sisteminin genişləndirilməsi, eyni zamanda aqressiya qurbanlarına hüquqi dəstək vacibdir. Amma mədəniyyət dəyişməzsə, kişilər qadın sürücülərə avtomatik olaraq «potensial qayda pozucusu» kimi baxmağı tərgitməzsə, bu dəyişikliklər çox ləng gedəcək.
Cəmiyyət və dövlətin bu istiqamətdə heç bir iş görmədiyini demək doğru olmaz. Azərbaycanda bərabər imkanlar siyasəti fəal şəkildə təşviq olunur. Media mütəmadi şəkildə qadın pilotlardan, maşinistlərdən, ictimai nəqliyyat sürücülərindən yazır, onları müasir tərəqqinin rəmzi kimi təqdim edir. Amma burada dərin koqnitiv dissonans yaranır. Təyyarə idarə edən qadın pilot qəhrəman, az qala abstrakt bir obraz kimi qəbul edilirsə, uşaqlarını şəxsi avtomobili ilə məktəbə aparan ana hələ də gündəlik «yol aqressiyası» ilə qarşılaşır. Yüksək nailiyyətlərin təbliği gündəlik reallıqlardan geri qalır. Çünki düşüncə düşüncələrdəki baryerlər ictimai dəyişikliklərlə ayaqlaşa bilmir, daha ləng dəyişir. Problem qadının təyyarə idarə etmək hüququnun tanınması yox, onun öz həyatını və avtomobilini rahat, təhlükəsiz idarə etmək hüququnun qəbul olunmasıdır.
Ayrı-seçkilik problemindən danışarkən bütün kişilərin barəsində bəhs olunan köhnə stereotiplərlə yaşamadığı da vurğulanmalıdır. Yollarımızda istər qadınlar, istərsə də kişilər arasında bir-birinə hörmət göstərən, nəzakətli davranışı ilə fərqlənən sürücülərə də tez-tez rast gəlinir. Onlar yalnız yol hərəkəti qaydalarına əməl etmir, həm də qarşıdakına yol vermək, güzəştə getmək, səbirli olmaq kimi mədəniyyət nümayiş etdirirlər. Belə sürücülər anlayırlar ki, yol ümumi məsuliyyət məkanıdır. Belə davranışlar göstərir ki, nəzakət və güzəşt cinsiyyət yox, tərbiyə, mədəniyyət məsələsidir. Bu, zaman keçdikcə yollarda düşüncə baryerlərinin dağılacağına ümid yaradır.
Yollarda aqressiya gücün yox, zəifliyin əlamətidir. Usta sürücülük cinsindən asılı olmayaraq, sürətlə deyil, bütün hərəkət iştirakçıları üçün təhlükəsiz, rahat imkan yaratmaq bacarığı ilə ölçülür. Yol qarşılıqlı hörmət məkanına çevrilməlidir. Əks halda patriarxal düşüncə tərzi tıxaclar və qəzalar yaratmaqda davam edəcək, nəinki nəqliyyatın, bütünlükdə cəmiyyətin inkişafını ləngidəcək. Qadın sürücüyə də hörmət sadəcə nəzakət yox, sadə təhlükəsizlik qaydasıdır. Hörmətin stereotipləri üstələdiyi yol yaratmaq hər kəs üçün üstünlükdür – istər sükan arxasında əyləşənlər, istərsə də yol kənarı ilə hərəkət edənlər üçün.
MƏSLƏHƏT GÖR:



63

