TURİZMİN GEOSİYASƏTİ
Azərbaycanda rekreasiya biznesi ilə bağlı statistika niyə geriləyir?
Müəllif: Ağasəf NƏCƏFOV
2022-2024-cü illərdə rekreasiya sektorunun bərpasında kifayət qədər yaxşı nəticələr əldə edən Azərbaycan, sonradan xaricdən (“incoming”) turist axınının templərində müəyyən azalma ilə rastlaşıb. Bu, qismən iki əsas turizm bazarında - Rusiya və Hindistanda mənfi iqtisadi dinamika ilə bağlıdır. Lakin digər coğrafi istiqamətlərdən də qonaq sayının azalması bu sahədə köhnədən qalma həll olunmamış problemlərinin mövcudluğundan xəbər verir. Bunlara avabiletlərin baha olması və loukoster adlandırdığımız aşağı büdcəli aviaşirkətlər kimi alternativlərin olmaması, mehmanxana xidmətlərinin və ictimai iaşənin nisbətən yüksək qiyməti, həmçinin xidmət və əyləncə xidmətlərinin çeşid və keyfiyyət baxımından aşağı səviyyəsi daxildir ki, bu, xüsusilə ölkənin regionlarında nəzərə çarpır.
Turist axınına maneələr
Koronavirus pandemiyası (COVİD-19) dövründəki uzunmüddətli qapanmaları istisna etsək, son onillikdə Azərbaycanda turizmin inkişafı kifayət qədər dinamik şəkildə irəliləyib. Bu sahədə 2016-cı ildə sadələşdirilmiş rəqəmsal viza prosedurları mexanizmlərinin tətbiqi, sahənin nisbətən aşağı büdcəli destinasiyalara yönəldilməsi nəticəsində xaricdən turist axınını nisbətən kütləviləşdirmək mümkün olub. Paytaxt və regionlarda kifayət qədər rekreasiya infrastrukturunun olmasına əsaslanaraq, ölkəmiz təkcə yaxın deyil, həm də uzaq xarici turizm bazarlarını fəal şəkildə mənimsəməyə başlaya bilib.
“Incoming” seqmentində ən böyük uğur böhrandan əvvəlki 2019-cu ildə əldə edilib. Bu zaman müstəqillik illərində mütləq rekord qeydə alınıb: ölkəyə 3,2 milyon xarici turist gəlib.
Bu rekordu qırmaq hələ də mümkün olmayıb. Lakin postpandemiya illərində yerli turizm sektoru böhrandan əvvəlki dövrün göstəricilərinin dörddə üçündən çoxunu bərpa edə bilib. Bu baxımdan ən yaxşı göstərici ötən il olub. Həmin vaxt ölkəyə dünya üzrə 196 ölkədən təxminən 2,627 milyon xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki il ilə müqayisədə 25,9%-lik artım deməkdir. Ötən il xarici turistlərin Azərbaycanda ümumi xərcləri 5,1 milyard dolları keçib və rekreasiya sektoru ölkə ÜDM-nin 4,5%-ni təmin edib.
Təəssüf ki, əldə edilmiş templəri qorumaq mümkün olmayıb. Belə ki, cari il “incoming” turizmin inkişafı üçün kifayət qədər çətin olub. Xüsusilə yanvar-oktyabr aylarında Azərbaycana təxminən 2,171 milyon turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.
Geosiyasi problemlərlə bağlı bir sıra subyektiv səbəblərə görə, Rusiya və Hindistandan, bir sıra postsovet ölkələrindən, həmçinin münaqişələrin səfərləri çətinləşdirdiyi Yaxın Şərq ölkələrindən turist axınında hiss olunacaq azalma qeydə alınıb. Xüsusilə, yanvar-sentyabr aylarında ölkəmizə gələn Rusiya turistlərinin sayı 12, Yaxın Şərq ölkələrindən isə 13,4% azalıb.
Bunun səbəbləri barədə yerli mediaya Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə məlumat verib. “Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayının illik müqayisədə 1,7% azalması iki əsas turizm bazarında - Rusiya və Hindistanda mənfi dinamika ilə bağlıdır” – o qeyd edib. Onun sözlərinə görə, əgər 2024-cü ilin 10 ayı ərzində Rusiyanın 27 hava limanından Azərbaycana 6 600-dən çox reys həyata keçirilibsə, cari ildə 17 hava limanından cəmi 4 500 reys yerinə yetirilib ki, bu da uçuş coğrafiyasının 37% və reyslərin sayının 32% azalması deməkdir. Bu, ölkəyə gələn rusiyalıların sayının 100 min nəfər, yəni 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9% azalmasına gətirib çıxarıb.
Bundan başqa, bu ilin mayında baş vermiş Hindistan-Pakistan münaqişəsindən, Dehlinin demarşları və qeyri-konstruktiv ritorikasından sonra iyun ayından etibarən Hindistandan turist axınında kəskin azalma müşahidə olunur. Belə ki, iyun-oktyabr aylarında bu ölkədən Azərbaycana turist səfərlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfədən çox azalıb. Nəticədə, yanvar-oktyabr ayları üzrə ümumi statistikada ölkəmizə səfər edən Hindistan vətəndaşlarının sayı 59,1 min nəfər azalıb.
Çin müsbətdə
Vəziyyət ürəkaçan olmasa da, kritik də deyil. Belə ki, bir sıra digər mühüm istiqamətlər üzrə turist axınında hiss olunacaq artım qeydə alınıb. Bu ölkələr arasında Çin xüsusi yer tutur. Bu ilin 10 ayı ərzində Çindən gələn qonaqların sayı 1,5 dəfə artıb. Üstəlik, Avropa ölkələrindən (9%), İsraildən (təxminən iki dəfə), Şimal-Şərqi Asiya dövlətlərindən (40%), bir sıra Mərkəzi Asiya ölkələrindən (22%) gələnlərin sayı da artıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsini açır”, - Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “China Visitors Summit” forumunda çıxışı zamanı qeyd edib. “Hazırda Çin ilə turizm münasibətlərinin iki əsas istiqamətinə xüsusi diqqət yetirilir: ölkəmizdə “China Ready” (Çin turistlərini qəbul etməyə hazırlıq) konsepsiyasının təşviqi və Çində marketinq fəaliyyətinin genişləndirilməsi”.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid isə bildirib ki, Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlıq sürətlə genişlənir: “Çin bu gün dünyanın ən böyük xaricə gedən turizm bazarıdır və Azərbaycanın bu seqmentdəki payı hər il artım göstərir. İki ölkə arasında vizasız rejim turist axınının artmasına böyük töhfə verib”.
Azərbaycan-Çin əməkdaşlığını rekreasiya sahəsində ən perspektivli və yaxşı təşkil edilmiş istiqamətlərdən biri hesab etmək olar. Eyni zamanda, nəzərdən qaçırmaq olmaz ki, geosiyasi dilemma və qlobal münaqişələrin artması şübhəsiz ki, turizm kimi həssas sahəyə təsir edir.
Qaytarıla bilinməyən avabiletlər
Bununla yanaşı, Azərbaycanda bu sahənin dinamik inkişafına və turist axınının artmasına mane olan bir çox subyektiv amillər mövcuddur. Bu problemlər Milli Məclisdə səsləndirilib.
“Hökumət ötən illə müqayisədə turistlərin sayının azalmasına diqqət yetirməlidir. Belə ki, bu ilin 10 ayı ərzində ölkəmizə 2,171 milyon turist gəlib ki, bu da 1,7% azdır. Müqayisə üçün, nisbətən kiçik olan Gürcüstanı 4,307 milyon xarici turist ziyarət edib: iki dəfə çox”, - deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında bildirib.
Deputatın fikrincə, yaranmış vəziyyətin səbəbləri diqqətlə araşdırılmalıdır. O hesab edir ki, ABŞ, Avropa ölkələri vətəndaşları üçün viza rejimini ləğv etmək lazımdır və artıq çoxdandır ki, quru sərhədlərinin açmağın vaxtı yetişib: “Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola bilməz, ona görə də sərhədlər açıq olmalıdır ki, Gürcüstan və İranda yaşayan azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər”. O, “incoming” turizmin inkişafını ləngidən səbəblər arasında aviabiletlər, hotellərdə qalma və ictimai iaşə sistemində qiymətlər daxil olmaqla xidmətlərin yüksək dəyərini də göstərib.
Ekspert Ceyhun Aşurovun fikrincə, istirahət üçün ölkə seçərkən ilk növbədə aviabiletin qiymətinə diqqət yetirilir. Azərbaycana gəliş də xarici qonaqlar üçün daha sərfəli olmalıdır. Quru sərhədlərinin bağlı olması səbəbindən ölkəmizdə əksər aviareyslər Bakı Beynəlxalq Hava Limanı vasitəsilə həyata keçirilir. Regional hava limanları boş qalır və bu, turistlərin regionlara bölüşdürülməsinə mənfi təsir göstərir.
Bu baxımdan, beynəlxalq təcrübəyə istiqamətlənmək, bir və ya hətta bir neçə regional hava limanını uzunmüddətli müddətə xarici şirkətə icarəyə vermək lazımdır. Bununla aşağı büdcəli aviaşirkətləri cəlb etmək potensialı var. Kiçik, müntəzəm reyslərlə yüklənməmiş regional hava limanlarının infrastrukturunun saxlanılmasının dövlət büdcəsi üçün kifayət qədər xərcli olduğunu nəzərə alsaq, belə bir addımın zəruri olduğunu söyləyə bilərik.
Qeyd etmək lazımdır ki, iki il əvvəl buna bənzər addımlar ekspert səviyyəsində müzakirə edilirdi: faktiki olaraq regional hava limanları balansında olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətində xarici aviaşirkətlər üçün baza hablarının yaradılması məsələsi nəzərdən keçirilirdi, “Wizz Air”, “Pegasus” və “Flynas” ilə danışıqlar aparılırdı.
Ölkədə beynəlxalq loukosterlərin sayının artırılması, ən çox tələb olunan istiqamətlər üzrə büdcə çarter reyslərinin təşkili uzun illərdir ki, yerli turizmin ən aktual problemlərindən biri olaraq qalır. Bu problemin aktuallığı təkcə “incoming” istiqamətinin inkişafı tələbləri ilə deyil, həm də cari ildə azalma qeydə alınan xaricə çıxan (“outgoing”) turizmin ehtiyacları ilə şərtlənir.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azalıb.
Vəziyyəti yaxşılaşdırmaq məqsədilə AZAL aviaşirkəti bu yaxınlarda Azərbaycanla Mərkəzi və Şərqi Avropa ölkələri arasında marşrut şəbəkəsinin genişləndirilməsi məsələsinin həlli üçün Macarıstanın “Wizz Air” loukoster aviaşirkətinin nümayəndələri ilə işçi görüş keçirib. Görüş zamanı Bakı-Bratislava (Slovakiya) birbaşa reyslərin açılması, həmçinin Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə daxil edilməsi müzakirə edilib. Tərəflər həmçinin “Wizz Air”in Azərbaycanın regional hava limanlarından reyslər həyata keçirməsi imkanını nəzərdən keçiriblər və potensial bazalaşma modellərini qiymətləndiriblər. Belə bir yanaşma ölkənin regionlarında turizmin inkişafı, işgüzar mobillik və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün yeni impuls yaradır. Son məqsəd daha geniş, rəqabətqabiliyyətli və əlçatan aviasiya marşrut şəbəkəsinin formalaşdırılmasıdır.
Məsələ qiymətdədir
Hotellər və istirahət zonalarında qiymətlərin aşağı salınması, mehmanxana sənayesində xidmət standartlarının yüksəldilməsi, ictimai iaşədə və ümumilikdə qonaqpərvərlik sahəsində keyfiyyət xüsusiyyətləri və qiymətlərin yaxşılaşdırılması da az əhəmiyyətli vəzifələr deyil. Son illər bu istiqamətdə iş hotellərin “Milli ulduz təsnifatı sistemi” proqramında iştirakının genişləndirilməsi, onlara müvafiq sertifikatların verilməsi hesabına aparılır. “Turizm haqqında” yeni Qanuna görə, hər bir mehmanxana fəaliyyətə başladıqdan altı ay ərzində ulduz almaq üçün müraciət etməlidir. Əlbəttə, bu işi sürətləndirmək, respublikada mövcud olan 600-dən çox hotelin və hotel tipli obyektin əksəriyyətini ulduz təsnifat sisteminə qoşmaq lazımdır.
Qiymətlər məsələsinə gəlincə, onun həlli bir ilin işi deyil. “Dövlət Turizm Agentliyi turizm obyektlərində qiymətlərə təsir mexanizminə malik deyil: agentliyin bu mövqeyi bazar iqtisadiyyatı şəraitində qiymətlərin tələb və təklifə uyğun formalaşması ilə bağlıdır”, - Şəki Regional Turizm İdarəsinin rəhbəri Şahin Məlikov bildirib. “Turizm sənayesinin inkişafı, rəqabət mühitinin formalaşması ilə xidmət keyfiyyətində və qiymətlərdə dəyişikliklər baş verəcək”, - o vurğulayıb.
Bu məqamda qeyd edək ki, ölkənin mehmanxana sənayesinin üzləşdiyi problemlərdən biri ixtisaslı işçilərin çatışmazlığı ilə bağlıdır: hazırda milli kadrların bir hissəsi əsasən daha yüksək əməkhaqqı səbəbindən Qətər, BƏƏ, Türkiyə, Avropa ölkələrində işləyir.
Regionlara turist axını artır və keyfiyyətli xidmət göstərmək üçün, ilk növbədə, turizm müəssisələrini təlim prosesinə fəal cəlb etmək lazımdır. “Bu məqsədlə dövlət qurumları və turizm sahəsinin nümayəndələri arasında görüşlər təşkil edilir, bu şəbəkə qarşılıqlı fəaliyyət formatıdır: bu sahədə işləyən mütəxəssislərin məlumatlılıq səviyyəsini artırmaq lazımdır”, - Ş.Məlikov bildirib.
Dövlət Turizm Agentliyi perspektivdə hotellər və turizm agentlikləri arasında həmişə asan olmayan münasibətlərin tənzimlənməsində öz iştirakını da gücləndirməlidir. Yerli hotellərin qiymət siyasətində güzəştlərin olmamasından narazılıq bildirən yerli turizm agentlikləri üçün imtiyazlar mexanizminin (o cümlədən mövsümarası dövrdə) yaradılmasını stimullaşdırmaq da lazımdır.
Beləliklə, yalnız problemlərin kompleks həlli və aradan qaldırılması turizm sektoruna xarici mənfi təsirlərə müqavimət göstərməyə, geosiyasi böhranlar dövründə ayaqda qalmağa və real iqtisadiyyatdakı çəkisini artırmağa kömək edə bilər.
MƏSLƏHƏT GÖR:



39

