25 Noyabr 2024

Bazar ertəsi, 07:37

PUL HESABI

Azərbaycanda ödəniş sistemlərinin lisenziyalaşması tətbiq olunacaq

Müəllif:

10.09.2013

Son illər yeni informasiya texnologiyalarının yaranması və elektron ticarətin populyarlığının artması ilə əlaqədar əsas elementi elektron pullar olan elektron ödəniş sistemləri inkişaf edir. Lakin e-ticarətin inkişafı ilə vergidənyayınma probleminin aktuallığı da artır. Məlumdur ki, elektron ödəniş sistemi elektron pulların sahibinə tamamilə anonim qalmaq imkanı verir. Bundan başqa, sual yaranır - əgər bir ölkədə qeydiyyatdan keçmiş firma, digər ölkədə proqram təminatı istehal edirsə, onu üçüncü ölkədə qeydiyyatdan keçən İnternet vasitəsilə dördüncü ölkədəki alıcıya satırsa, onda hansı ölkədə və hansı vergiləri ödəmək lazımdır? Bundan savayı, nəzərə almaq lazımdır ki, elektron pulların bir çox növləri ödəniş vasitəsi qismində rəsmi olaraq qəbul olunmur və bu, elektron valyutada gəlir, elektron pullar real pullara dəyişdirilməyənədək vergi orqanları tərəfindən iqtisadi agentin gəliri kimi nəzərdən keçirilmir.   

Beləliklə, əgər problem varsa, Azərbaycanda müvafiq orqanların da bu gün məşğul olduqları çıxış yolunu tapmaq lazımdır.

 

Azərbaycanda E-pullar

Ödəniş sistemləri ilə bağlı yaranan problemin həllinin əsasında Mərkəzi Bankın (AMB) hazırladığı "Ödəniş xidmətləri haqqında" qanun durmalıdır. Sənədə əsasən, ölkəmizdə elektron pulları banklar, eləcə də xarici bankların yerli filialları buraxa bilər. Bu cür hüquqa poçt-maliyyə xidmətləri göstərmək üçün lisenzi-  yaya malik hüquqi şəxslər, elektron pullar sahəsində olan yerli təşkilatlar, o cümlədən elektron pullar sahəsində fəaliyyət göstərən xarici şirkətlərin yerli filialları malik olacaq.

Lakin Mərkəzi Bank ödəniş təşkilatının fəaliyyətinin stabilliyini təmin etmək üçün elektron pullar emissiyasının həcminə məhdudiyyətlər tətbiq etmək hüququnu saxlayır. 

"Millikart Group" prosessinq mərkəzinin icraçı direktoru Cəlal Orucovun fikrincə, bu qanunun qəbulu ilə yerli bazarda elektron pulların yerli markası yaranacaq.  Bu pulların nə qədər həyat qabiliyyətli olacaqları - artıq e-pulların necə istifadə olunacaqları ilə bağlı olan məsələdir ki, bu da internet-seqmentin inkişafından asılıdır.

"Bundan başqa, orta statistik azərbaycanlı müştəri sərbəst şəkildə neçə internet-mağaza adı çəkə bilər? Bəlkə iki, bəlkə də üç. Bu göstərici 10-15-ə çatdıqda, bu, bazar seqmentinin elektron pulların normal işləyəcəyi inkişaf həddinə çatması anlamına gələcək", - deyə C. Orucov hesab edir.

Bu arada Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar - iyul aylarının yekunları üzrə Azərbaycanda elektron kommersiya bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib. Elektron ticarət bazarı dövriyyəsinin böyük hissəsini (92,8%) qeyri-ərzaq malları təşkil edir.

Bu istiqamətin inkişafı üçün mühüm faktorlardan biri də, həmçinin yerli elektron mağazalarının xarici analoqları ilə müqayisədə rəqabətqabiliyyətli olması hesab olunur. Bu seqmentdə texnika, geyim satan saytlar var, lakin onlar əcnəbi analoqları ilə müqayisədə istər qiymət, istərsə də çeşid baxımından deyilməmiş zərərdədirlər. Onlaynda xaricdən alınan malların deyil, yerindəcə həyata keçirilən xidmətlər - restoranlar, kupon servisləri və digərlərinin olduqca uğurlu satış nümunələri var. Potensiala malik son dərəcə ciddi xidmətlər seqmenti formalaşıb ki, əlavə olunan dəyər xaricdə haradasa deyil, Azərbaycanda formalaşır. Ona görə də birmənalı olaraq bu seqmentdə nəsə yeni bir şey etmək və pul qazanmaq olar.

Lakin eyni zamanda istehlakçıların münasibəti faktorunu da unutmaq olmaz. Ümumilikdə, alıcıların mentaliteti də mühümdür. Bizim istehlakçıya məhsulu mağazaya gəlib yerində nəzərdən keçirmək hələ daha rahatdır. Burada ticarət obyektlərinin özlərinin siyasətindən çox şey asılıdır. Onlar daha ucuz qiymət təklif edərək internet-nəhəngləri ilə rəqabət apara bilmədikdə, bunu məsələn, daha münasib çatdırılma müddəti ilə kompensasiya edə bilərlər. 

Halbuki C. Orucov güman edir ki, Azərbaycanda bu sahənin spesifikliyi ilə əlaqədar olaraq elektron pulların buraxılmasında bank sektorunun aktivliyini gözləməyə dəyməz. Əgər beynəlxalq praktikaya nəzər yetirdikdə, görərik ki, dünyada eyni zamanda elektron pulların operatorları olan banklar elə də çox deyil. Lakin bunun obyektiv səbəbləri də var.

Bankların müştərilərlə işləmək üçün daha ənənəvi və gəlirli alətləri mövcuddur. Elektron pullar - İT-yönümlü şirkətlərin böyük üstünlüyüdür.

"Ola bilər ki, bizim bazar bir qədər başqa inkişaf yolu ilə gedəcək, amma çox banklar üçün elektron pullarla birbaşa işləmək maraqlı olmayacaq, çünki bu, olduqca İT-yönümlü biznesdir və bunda bankın digər fəaliyyət sahələrində olduğu kimi, yüksək marja mövcud deyil. Hesab edirəm ki, banklar daha çox "bək-ofislər" rolunda çıxış edəcək", - deyə C.Orucov qeyd edib.

Bununla yanaşı, yeni qanun artıq yerli bazarda mövcud olan operatorlara əldə olan imkanları reallaşdırmaq fürsəti verəcək. Həmçinin güman etmək olar ki, hər bir ödəmə təşkilatının inkişaf etməli olduğu istiqamətlər haqda öz ideyaları var. Ödəniş kart sahibləri həmçinin görürlər ki, onlara təqdim edilən xidmətlər digər ölkələrlə müqayisədə, o cümlədən elektron pullar planında azaldılıb. Səbəb texniki bazanın zəif olmasında deyil - o, mövcuddur, problem normativ-hüquqi bazanın olmaması ilə əlaqədardır. Əgər sabah gözlənilmədən bu və ya digər yeni məhsula qadağa qoyulsa və ya onun funksionalı məhdudlaşdırılarsa, heç kim onu buraxmayacaq. Bu qanun layihəsi bəzi çərçivələri əhatə edəcək və elektron pullar sahəsinə və ümumilikdə elektron kommersiyanın inkişafına yeni impuls verəcək.

Bazarda ABM-nin tələblərinə dərhal uyğun olacaq belə operatorların hələlik olmadığı nəzərə alınsa, ekspert ilkin mərhələdə qanunun icra olunmasının onları bir qədər yüngülləşdirəcəyini məqsədyönlü hesab edir. Ona görə də qanun təsdiq olunduqdan sonra, Mərkəzi Bankın elektron pulların operatorlarına tələblərə uyğun olaraq öz fəaliyyətlərinin aparılması üçün müəyyən vaxt verəcəyinə ümid etmək qalır.

 

Nəzarət altında

Daha bir mühüm faktor, qanuna əsasən, ödəniş təşkilatlarının, eləcə də fəaliyyəti elektron pulların buraxılması ilə bağlı olan təşkilatların fəaliyyəti ümumi və xüsusi lisenziya olduğu təqdirdə mümkün olacaq. Azərbaycan ərazisində xarici ödəniş təşkilatlarının filiallarının açılması, o cümlədən elektron pullar sahəsində fəaliyyət göstərən təşkilatlar da Mərkəzi Bankdan lisenziya almalı olacaqlar.

Sənəd müştərilərin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması üzrə ödəniş təşkilatlarının öhdəliklərini və bunun üçün labüd olan tədbirləri də əks etdirir. Əgər təşkilatlar müştərilərin vəsaitlərinin bütün ödəniş xidmətləri üzrə təhlükəsizliyinin təmin olunmasına tam şəkildə hazır deyilsə, onda AMB onun ayrı ödəniş xidməti göstərməsi üçün xüsusi lisenziyalar verə bilər.

Göstərilən xidmətlərdən əlavə, ödəniş təşkilatları valyuta mübadiləsi, qiymətlərin qorunması, həmçinin məlumatların qorunması və onların emalının təmin olunması kimi yardımçı xarakterli digər əməliyyatlar da hazırlaya bilərlər. Fəaliyyətləri çərçivəsində xidmətlərin göstərilməsi üçün ödəniş təşkilatları müştərilərə müəyyən şərtlərlə kreditlər verə bilər. Məsələn, əgər onlar ödəniş əməliyyatlarının bilavasitə keçirilməsi üçün və 12 aydan çox müddətə verilirsə və s. ödəniş sistemləri və kredit verilən müştərilər arasında münasibətlər "İstehklakçıların hüquqlarının müdafiəsi haqda" qanunla tənzimlənəcək. Ödəniş təşkilatlarının müştərilərinin vəsaitlərinə ödəniş təşkilatlarının (təşkilatın müflisləşməsi zamanı irəli sürülən tələblər də daxil olmaqla) kreditorlarının tələbləri arta bilməz.

Ödəniş xidmətinin operatoru əməliyyat keçirməzdən öncə müştəriyə ödəniş aparmaq üçün tələb olunan məlumatlar (və ya unikal eyniləşdirmə kodu), xidmətin icrasının maksimum müddəti,  xidmətin aparılmasının qiyməti, tətbiq olunan valyuta mübadiləsi kursu və digər aspektləri təqdim etməlidir.

 

Faydalı təcrübə

Demək lazımdır ki, sənayecə inkişaf etmiş ölkələrdə elektron pullar ənənəvi kağız pullarla müqayisədə müəyyən üstünlüyə malik olan digər ödəniş sistemlərinin tətbiqindən öncə yaranıb. Dünya praktikasına əsasən, daha mütərəqqi və müasir texnologiyanın inkişafı onun potensial istifadəçilərinin mühafizəkarlığına görə ləngiyir ki, bu da öz növbəsində onun tətbiqi ilə bağlı olan xərclərin artmasına gətirib çıxarır.  Elektron pulların emitentləri əlavə xərclərlə üzləşir; belə ki, onlar istifadəçiləri ödəniş sistemlərinin istifadəsinin ödənişin ənənəvi alətləri ilə müqayisədə daha böyük üstünlüyə malik olduğuna inandırmalıdırlar.

Lakin dövlət dəstəyi ilə elektron pullar ödəniş alətləri bazarının mühüm hissəsini tuta bilər. Bu nümunə Sinqapurun təcrübəsi də ola bilər. Bu ölkədə elektron pulların payı nağdsız dövriyyəni 2004-cü ilin əvvəlində 80%-ı ötüb. Hər bir sakin, orta hesabla, elektron pul funksiyalı, ən azı, iki karta sahib idi, həm də onların hər biri ildə 130 dəfədən az istifadə olunmurdu. Elektron pullarla işləyən qəbul qurğularının sayı iki il müddətinə 10 dəfə artıb.

MDB ölkələri arasında elektron pullar bazarında rəqabət Rusiyada güclü inkişaf edib. Üç lider var - "Web Money", "Yandex Denqi" və "QIWI Koşelok". Bu il isə bazara "eBay" şirkətinə məxsus "Paypal" ödəniş sistemi daxil oldu.

Bu gün Azərbaycan vətəndaşları da "eBay"ın əldə edilən mala görə ödənişi yerli bankların kartları vasitəsilə həyata keçirilən internet-hərracdan fəal şəkildə istifadə edirlər. Lakin e-kommerisya bazarının sonrakı inkişafından asılı olaraq istisna edilmir ki, onun ödəniş aləlti "PayPal" Azərbaycanda da yaranacaq. Həmin beynəlxalq oyunçunun peyda olması, şərtsiz ki, ölkədə elektron ödənişlər bazarının inkişafına müsbət təsir göstərəcək. Bu, nağdsız hesabların inkişafı üzrə hazırlanan böyük tədbirlər paketi nöqteyi-nəzərindən qaçılmazdır.  Artıq bu gün buraxılmış kartların sayına görə Azərbaycan keçmiş SSRİ ölkələri - Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistandan sonra altıncı yerdədir. Bu isə əsasən, həmin ölkələrin əhalisinin sayına görə müəyyənləşdirilir. Lakin əhalinin ümumi sayına faiz nisbətini götürdükdə biz Rusiya, Ukrayna və Belarusu keçirik.

Azərbaycan bu sahədə Cənubi Qafqaz regionunda qeyd-şərtsiz liderdir. Plastik kartların sayı və ölkə əhalisinin adambaşına düşən nisbətinə görə artıq çoxdan Gürcüstan və Ermənistanı geridə qoyaraq birinci yerə sahibik. Hərçənd bizim bazarın müvəffəqiyyət dərəcəsi dövriyyənin həcmi ilə deyil, hələlik kartların sayı ilə müəyyənləşdirilir. Eyni zamanda, əgər gələcək inkişaf bugünkü templərlə davam edərsə, 2014-cü ildə Azərbaycanda ödəniş kartlarının ümumi sayı 6 mln ədədi keçəcək. Bu, əhali arasında bir sıra bankların təklif etdikləri brendləşmiş kredit məhsullarının son dərəcə populyarlaşması sayəsində baş verir. 2013-cü ilin 1 iyul tarixinə ölkə bankları 5,3 mln.-dan artıq ödəniş kartı buraxıb, yəni yanvarın 1-i ilə müqayisədə, 300 min ədəd (5,5%) çox.

Yuxarıda adıçəkilən qanunun qəbulu bu sahənin tənzimlənməsində ciddi çatışmazlıqları aradan qaldıracaq ki, bu, indiyədək bazarda müxtəlif yeni xidmətlər tətbiq etmək istəyən operatorların çoxunu qorxudurdu. Ona görə də yeni sənədin təsdiqi ilə maraqlı və müasir məhsulların yaranmasını gözləmək olar.


MƏSLƏHƏT GÖR:

745