8 Yanvar 2026

Cümə axşamı, 03:32

KORRUPSİYA İLƏ SINAQ

Dünya Avropanın xarici siyasətində sistemli etimad böhranını müşahidə edir

Müəllif:

15.12.2025

Son illər Avropa İttifaqının (Aİ) siyasəti o qədər geniş və çoxqatlı problemlərlə üz-üzə qalıb ki, artıq onun institusional quruluşunun əsas işləmə mexanizmlərini əhatə edən sistemli böhran yaşadığını görməmək mümkün deyil. Üzv dövlətlərin bir-birindən fərqlənən maraqları, ayrı-ayrı siyasi mərkəzlər arasında fikir ayrılıqlarının getdikcə artması, xarici təhdidlərə reaksiyaların gecikməsi, strateji planlaşdırmaya fərqli yanaşmalar Aİ-nin vahid və ardıcıl xarici siyasi xətt formalaşdırmaq qabiliyyətini zəiflədir. Qərarların qəbulu sistemindəki struktur ətaləti isə vəziyyəti daha da çətinləşdirir. Uzunmüddətli razılaşmalar və konsensus tələb edən bu sistem yeni çağırışlara operativ reaksiya verilməsini əngəlləyir, nəticədə, Aİ qlobal və regional aktorlar arasında rəqabətin artdığı, diplomatik münasibətlərin ənənəvi qaydalarının yenidən nəzərdən keçirildiyi beynəlxalq mühitin sürətlə dəyişən dinamikasına uyğunlaşmada ləngiyir. Bütün bunlar kiçik düzəlişlərlə deyil, xarici siyasətin əsas prinsiplərinin yenidən düşünülməsi ilə dərin dəyişikliklərə gedilməsi zərurəti yaradır.

 

Daxili ziddiyyətlər və Ukrayna müharibəsi

Baş verənlər fonunda korrupsiya qalmaqallarının təsiri daha aydın hiss olunur və bu, Aİ-nin mənəvi və normativ nümunə kimi çıxış etmək qabiliyyətini sual altına qoyur. Bir vaxtlar Avropa diplomatik modeli dünyanın ən şəffaf, dayanıqlı modellərindən biri kimi qəbul olunurdusa, son illərin hadisələri orada dərin daxili ziddiyyətlərin mövcudluğunu göstərir. Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının əməkdaşları və xarici siyasətlə məşğul olan xadimlərlə bağlı qalmaqallar problemin fərdi deyil, kollektiv xarakter daşıdığını təsdiqləyir. Nəticədə, şəffaflıq, hesabatlılıq və ali vəzifəli şəxslərin fəaliyyətinə nəzarət məsələləri Avropanın xarici siyasətinin və daxili idarəçiliyinin gələcəyilə bağlı əsas müzakirə mövzularından birinə çevrilir.

Belə bir vəziyyətdə Rusiya-Ukrayna müharibəsi əlavə problem yaradır. Belə ki, sözügedən münaqişə sanki Aİ-nin xarici siyasət sisteminin zəif tərəflərini bir daha ortaya qoyur. Vacib qərarların operativ şəkildə razılaşdırıla bilməməsi, bir sıra həyati vacib məsələlərdə mövqeyin qeyri-müəyyənliyi, uzun-uzadı daxili siyasi prosedurlardan asılılıq Aİ-nin sürətli, qətiyyətli addımlar tələb edən hadisələrə reaksiyasının effetivliyini xeyli azaldır.

Üzv dövlətlər arasında Ukraynaya hərbi yardım, siyasi sanksiyalar, ABŞ ilə koordinasiya kimi məsələlərdə mövcud olan fikir ayrılıqları dəfələrlə Aİ-nin problemə vahid yanaşma müəyyənləşdirməkdə gecikməsilə nəticələnib. Bu, Avropa siyasətinin hələ də daxili tərəddüdlərdən nə qədər asılı, ciddi böhran şəraitində Brüsselin vahid və çevik cəbhə kimi çıxış etmək imkanlarının nə dərəcədə məhdud olduğunu ortaya qoyur.

 

Afrika lakmus vərəqi kimi

Eyni tendensiya özünü digər istiqamətlərdə də göstərir. Anqolanın paytaxtı Luandada bu yaxınlarda təşkil edilmiş Aİ-Afrika sammiti bunu bir daha sübut edib. İndi Avropa burada mövqelərinin itirilməsini kompensasiya etməyə çalışan geosiyasi aktor vəziyyətindədir. Manevr imkanları getdikcə genişlənən Afrika dövlətləri Çin, Türkiyə, Rusiya və Körfəz ölkələri kimi xarici oyunçular arasındakı rəqabətdən fəal şəkildə yararlanaraq, müxtəlif istiqamətlərdə aparılan danışıqlarda mövqelərini gücləndirirlər. Tənqidçilərin fikrincə, Aİ-nin Afrika ilə strateji tərəfdaşlığa dair bəyanatı açıq şəkildə göstərir ki, Brüssel artıq vəziyyəti formalaşdırmır, formalaşmış reallığa reaksiya verir.

Afrikanın diplomatik məkanında baş verən dəyişikliklər daha çox diqqət çəkir. Burada Aİ-nin yalnız iqtisadi deyil, siyasi rolu da azalır. Çin investisiyalarının sürətlə artması, Türkiyənin hərbi-texniki mövcudluğunu genişləndirməsi, Körfəz ölkələrinin fəallaşması və Rusiyanın bir sıra əsas regionlara qayıtması fonunda Avropa bölgədə qarşılıqlı münasibətlərin qaydalarını müəyyənləşdirən tərəf statusunu itirir. Əvvəllər bir çox Afrika paytaxtları Aİ-ni maliyyə dəstəyi, bazarlara çıxış və islahatlar üçün institusional müşayiətçi kimi görürdüsə, bu gün onların xarici seçim imkanları xeyli genişlənib. Afrika hökumətləri getdikcə normativ şərtlərlə yüklənməyən əməkdaşlıq modellərinə daha çox üstünlük verir, xarici güc mərkəzləri arasında rəqabətdən daha sərfəli siyasi və iqtisadi təkliflərin əldə olunması üçün istifadə edirlər. Belə bir vəziyyətdə Avropa diplomatiyası itirilmiş mövqeləri geri qaytarmaq üçün reaktiv hərəkət etməlidir. Brüsselin proqnozlaşdırılan olmaq, maliyyə gücü, dayanıqlı institutlar kimi əvvəlki üstünlükləri cəlbediciliyini sürətlə itirməkdədir.

Tərəflər arasında 2024-cü ildə 355 milyard avro təşkil etmiş ciddi ticarət dövriyyəsinə, 239 milyard avroya çatmış əhəmiyyətli investisiya həcminə baxmayaraq, Aİ Afrikada nüfuzunu itirir. Bir vaxtlar Avropa diplomatiyasının güclü iqtisadi dayağı kimi qəbul edilən amillər bu gün rəqabət elementinə çevrilir. Burada uğuru artıq qərarların qəbul sürəti, siyasi çeviklik və praktiki icraha hazırlıq müəyyənləşdirir. Aİ isə hələ də mürəkkəb prosedur mexanizmlərinin girovudur və bu, onun çevik hərəkət etmək imkanlarını məhdudlaşdırır. Afrika dövlətləri isə getdikcə daha çoxşaxəli xarici siyasət yürüdür, əlaqələrini yenidən formalaşdırır və alternativ güc mərkəzləri ilə münasibətlər qurur.

Avropanın insan hüquqları, demokratik standartlar və «yaxşı idarəetmə» prinsiplərinə əsaslanan normativ gündəliyi getdikcə daha çox təzyiq aləti kimi qəbul edilir. Halbuki, digər oyunçular daha az şərtli təkliflər irəli sürür. Nəticədə, Avropa diplomatiyası artıq qeyd-şərtsiz qəbul olunmadığı yeni reallığa uyğunlaşmaq məcburiyyətindədir.

 

Kaylidən Mogeriniyədək

Aİ-nin imicinə daha bir və son dərəcə ağır zərbəni bir-birinin ardınca baş verən səs-küylü korrupsiya qalmaqalları vurub. Maraqlıdır ki, korrupsiya araşdırmaları eyni vaxtda ittifaqın bir neçə əsas strukturunu əhatə edir. Bu prosesin ən ciddi hadisəsi vaxtilə Aİ-nin xarici siyasətinə rəhbərlik etmiş Federika Mogerininin saxlanılması olub. Söhbət 2014-2019-cu illərdə Avropa diplomatiyası anlayışının rəmzi hesab edilmiş şəxsdən gedir. Mogeriniyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq, təhsil proqramları üçün ayrılmış vəsaitin bölüşdürülməsində manipulyasiya kimi ittihamlar irəli sürülüb.

İstintaq hərəkətlərinin miqyası – Brüggedə yerləşən Avropa Kollecində axtarışların aparılması, əməkdaşların dindirilməsi, sənədlərin müsadirəsi – söhbətin adi pozuntudan deyil, Aİ-nin xarici siyasət layihələrinin idarə olunmasında mümkün institusional problemlərdən getdiyini göstərir. Üstəlik, bu, Aİ digər böyük qalmaqal – «Qatargeyt»in nəticəsindən özünə gəlməyə macal tapmamış baş verib. Xatırladaq ki, 2022-ci ilin dekabrında Belçika prokurorluğu Avropa Parlamentinin deputatlarının Qətər və Mərakeş tərəfindən sistemli şəkildə rüşvətə cəlb edilmələri sxemini ifşa edib. İstintaq məlumatlarına görə, siyasətçilərə Avropa institutlarında adıçəkilən ölkələrin maraqlarını irəli çəkmələri üçün böyük məbləğdə pul, hədiyyələr və qiymətli əşyalar verilirmiş. O zaman Avropa Parlamentinin vitse-prezidenti Yeva Kayli belə, hadisələrin mərkəzində yer almışdı – onun evindən içərisində yüz minlərlə avro pul olan çamadanlar tapılmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, söhbət ayrı-ayrı korrupsiya hallarından yox, deputatları, onların köməkçilərini, məsləhətçilərini və lobbi strukturlarını əhatə edən sistemli işdən gedir.

Bu da son deyil. İttifaqın imicinə daha bir ciddi zərbə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ətrafında yaşanan qalmaqalla dəyib. Söhbət COVID-19 panedemiyası dövründə «Pfizer/BioNTech» vaksinlərinin alınması ilə bağlı danışıqların qeyri-şəffaf aparıldığına dair faktların ortaya çıxmasından gedir. Tənqidçilər diqqəti bu prosesdə əsas yazışmaların şəxsi mesajlar vasitəsilə aparıldığına, üstəlik, Avropa Parlamenti və Avropa İttifaqı Məhkəməsinin tələblərinə baxmayaraq, fon der Lyayenin həmin mesajların məzmununu açıqlamaqdan boyun qaçırmasına çəkirdilər. Bu, danışıqların rəsmi prosedurdan kənar aparıldığına, əczaçılıq sənayesinin ciddi lobbi təsiri altında olduğuna dair şübhələr yaratmış, Avropa Komissiyasının sədri isə son iyirmi ildə ilk dəfə şəffaflıq və inzibati standartlara riayət olunmaması ilə bağlı rəsmi araşdırmanın mərkəzində yer almışdı.

Diplomatik sahədən (Mogerini) tutmuş, qanunvericilik («Qatargeyt») və icraedici (fon der Lyayen) sahələrədək baş vermiş epizodları bir araya gətirdikdə belə məlum olur ki, problem nə ayrı-ayrı fərqdlər, nə də qurumlarla məhdudlaşır. Söhbət struktur xarakterli problemdən gedir. Yəni korrupsiya riskləri Avropa siyasi sisteminin üç əsas qoluna nüfuz edib: qanunvericilik və demokratik təməsilçiliyə cavabdeh Avropa Parlamentinə, strateji gündəliyi formalaşdıran və idarəetməni həyata keçirən Avropa Komissiyasına və Aİ-ni xarici arenada təmsil edən xarici əlaqələr xidmətinə. Bu, Avropana qeyri-şəffaflığın, nəzarət mexanizmlərinin zəifliyinin, rəsmi çərçivələri aşan davamlı lobbi kanallarının mövcudluğunun göstəricisidir. Nəticədə, ciddi institusional qeyri-sabitlik hissi yaranır ki, bu da Aİ-yə nəinki xarici tərəfdaşların, həm də üzv dövlətlərin və Avropa ictimaiyyətinin etimadını sarsıdır.

Bu millərin – institusional ətalət, xarici siyasətdə reaktivlik, strateji planlaşdırmada yanlışlıqlar, xarici oyunçularla artan rəqabət, korrupsiya qalmaqalları nəticəsində etimadın zəifləməsi – cəmi Aİ daxilində davamlı etimad böhranının yarandığını söyləməyə əsas verir. Bu böhranın aradan qaldırılması üçün ayrı-ayrı dəyişikliklərə yox, sistemli islahatlara ehtiyac var. Söhbət antikorrupsiya mexanizmlərinin yenilənməsindən, müstəqil nəzarət orqanlarının səlahiyyətlərinin genişləndirilməsindən, siyasi məsuliyyət prosedurlarının təkmilləşdirilməsindən gedir. Nə qədər ki bu addımlar atılmayıb, Avropa İttifaqının beynəlxalq təsiri və qlobal gündəliyi formalaşdırmaq qabiliyyəti davamlı olaraq zəifləyəcək.



MƏSLƏHƏT GÖR:

31