8 Yanvar 2026

Cümə axşamı, 03:56

TEHRANIN KÖÇÜRÜLMƏSİ

İran Prezidenti su böhranı və zəlzələ təhlükəsi fonunda paytaxtın köçürülməsinin qaçılmaz olduğunu deyir

Müəllif:

15.12.2025

2025-ci il noyabrın sonlarında İran Prezidenti Məsud Pezeşkian ölkədə indiyədək, demək olar ki, tabu hesab edilən bir məsələni qaldırıb. «Vəssalam. Artıq seçimimiz qalmayıb» - deyən dövlət başçısı bildirib ki, Tehranda yaşanan xroniki su çatışmazlığı, əhalinin hədsiz sıxlığı, torpağın təhlükəli şəkildə çökməsi şəhərə ekoloji və infrastruktur fəlakəti təhlükəsi yaradır. Prezidentin sözlərinə görə, su təchizatı və kommunal infrastruktur sistemində «boşluqları yamamaq» cəhdləri artıq paytaxt sakinləri üçün normal həyatı təmin etmir. Bu səbəbdən də, hökumət şəhərin ölkənin cənubuna, Fars körfəzinə daha yaxın əraziyə köçürülməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.

Bu, İranda son onilliklərin ən iddialı və rezonans doğuran təkliflərindən biridir. Doğrudur, ölkədə paytaxtın köçürülməsi ideyası müxtəlif illərdə bir neçə dəfə müzakirə olunub. Məsələn, hələ 2004-cü ildə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Həsən Ruhani Tehranın seysmik cəhətdən təhlükəli zonada yerləşdiyini əsas gətirərək, əvvəllər təsdiqlənmiş köç planının yenidən baxılmasına ehtiyac yarandığını söyləmişdi. 2013-cü ilin dekabrında isə ölkə parlamenti yeni paytaxt axtarışını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasına səs vermişdi. O zaman etiraf edirdilər ki, «təxminən 12 milyon əhalinin yaşadığı Tehran hədsiz sıxlıq, infrastruktur problemləri, çirklənmə və zəlzələ riski səbəbindən artıq paytaxt ola bilməz». Bununla belə, son vaxtlaradək İran paytaxtının köçürülməsi ideyası utopiya kimi qəbul edilirdi. Çünki bu, həddindən artıq bahalı, çox mürəkkəb və riskli işdir.

Lakin indi mövzu yenidən gündəmə gəlib. Prezident Məsud Pezeşkianın sözlərinə görə, artıq vəziyyət o qədər kritikdir ki, «paytaxtın köçürülməsi seçim yox, zərurətdir». O, Tehranın paytaxt kimi inkişaf edə bilməyəcəyini deyərək, buna maneə yaradan əsas amillərin xroniki su qıtlığı, seysmik təhlükələr, əhalinin hədsiz sıxlığı, torpaq çökmələri və ekoloji yüklənmə olduğunu söyləyib. Pezeşkianın təklifi reallaşarsa, İran tarixinin ən genişmiqyaslı hakimiyyət məkanının (coğrafiyasının) dəyişikliyi ilə üzləşə bilər. Bu, nəinki ölkənin daxili strukturuna, onun beynəlxalq statusuna da öz təsirini göstərəcək.

 

Paytaxtın son həddi: su, nəqliyyat və seysmik təhlükə

Bu gün Tehran İranın ən böyük şəhəridir və orada ən azı 12-13 milyon insan yaşayır. Paytaxtda əhali sıxlığı 1 kvadratmetrə təxminən 17 nəfərdir. Bu, ölkə üzrə orta göstəricidən 300 dəfədən çoxdur. Şəhərin nəqliyyat sistemi, yolları, metro, kommunal şəbəkələr və enerji sistemi hədsiz yüklənmə altındadır. Tehran rəhbərliyinin məlumatına görə, şəhərdə hər gün milyonlarla insan tıxaclarda qalır, həddindən artıq yüklənmiş xəstəxana və məktəblərlə üzləşir, ictimai nəqliyyat sistemi imkanların son həddində çalışır. Bu vəziyyət istər əhali, istərsə də dövlət qurumları üçün daimi gərginlik yaradır.

Ümumilikdə İran xroniki su çatışmazlığından əziyyət çəkir, Tehran isə su ehtiyatlarının xüsusilə məhdud olduğu bölgədə yerləşir. Şəhərdə əsas su mənbələri yeraltı sular, eləcə də digər regionlarda yerləşən çaylar, o cümlədən Dəməvənd dağı ətrafındakı çay hövzələridir. Prezident Pezeşkian və digər rəsmilər dəfələrlə bildiriblər ki, əhali və sənayenin Tehranda cəmləşməsi davam edərsə, yaxın illərdə su çatışmazlığı kritik həddə çatacaq.

Qeyd edək ki, yaz aylarında İran hökuməti eyni vaxtda 4 vilayətdə – Xorasan-Rəzəvi, Yəzd, İsfahan və Tehranda ciddi su böhranı ilə üzləşir. Səbəb uzun illərdir davam edən quraqlıqdır. Artıq bir neçə ildir ki, ölkədə çaylar, bataqlıqlar, su anbarları dayazlaşır və ya quruyur, bəndlərin fəaliyyətinin effektivliyi azalır. Bununla yanaşı, İran rəsmiləri deyirlər ki, su təchizatında problemlərə yalnız iqlim şəraiti yox, həm də Türkiyə və İranın Dəclə və Fərat çayları üzərində tikdikləri bəndlər təsir göstərir. Ölkənin su ilə təminatında məhz bu çaylar əhəmiyyətli rola malikdir. Bundan başqa, son beş ildə İranda yağıntıların miqdarı davamlı şəkildə azalıb. 2025-ci ildə Tehranda yağıntı normadan 40% az, iyul ayında şəhərin müxtəlif rayonlarında havanın hərarəti 50°C-dən yuxarı olub.

Bundan başqa, məlumdur ki, Tehran seysmik cəhətdən təhlükəli qırılma zonasında yerləşir. Mütəxəssislər bu şəhəri dünyanın güclü zəlzələ riski altında olan ən iri meqapolislərindən sayırlar. Yeraltı suların intensiv çıxarılması və tikinti işləri torpağın tədricən çökməsinə səbəb olur. Geoloqlar hesab edirlər ki, bu, milyonlarla insanın təhlükəsizliyi üçün ciddi risk yaradır. Üstəlik, köhnəlmiş kommunal şəbəkələr, yollar və yaşayış binalarının davamlı təmirə ehtiyacı olsa da, Tehranın imkanları məhduddur. Torpaq və resurs çatışmazlığı yeni rayonların inkişafı imkanlarını məhdudlaşdırır. Bu baxımdan, «yükü azaltmaq» və XXI əsrin standartlarına uyğun, mükəmməl infrastruktura malik müasir şəhər yaratmaq yolu kimi məhz paytaxtın köçürülməsi versiyası nəzərdən keçirilir.

 

Paytaxt haraya köçürüləcək?

İran hökuməti paytaxtın köçürülməsi üçün bir neçə mümkün regionu nəzərdən keçirir. Məqsəd şəhərin yükünü azaltmaq, ölkənin daha balanslı inkişafına nail olmaqdır. Əsas variantlardan biri İranın cənub-qərb hissəsi – Fars körfəzinə yaxın ərazilərdir. Bu mənada xüsusilə Buşəhr vilayəti, Oman körfəzi sahilində yerləşən Makran limanı bölgəsi diqqət mərkəzindədir. Bu bölgəyə üstünlük verilməsinin səbəbi onun əsas limanlara və neft-qaz rayonlarına yaxınlığıdır. Bu, logistikanı və iqtisadi əlaqələri yaxşılaşdırır. Mütəxəssislər hesab edirlər ki, yeni paytaxtın bu bölgədə tikilməsi cənub vilayətlərinin iqtisadi inkişafına təkan verə bilər. Amma bunun üçün infrastruktur və su təchizatının qurulmasına ciddi sərmayə lazımdır. Həmçinin şirin su çatışmazlığı ilə bağlı ekoloji problemlər də həll edilməlidir.

Digər variant Mərkəzi İrandır. Söhbət İsfahan və Qum şəhərlərinin ətrafından gedir. Bu bölgədə zəlzələ riskinin daha az olduğu məlumdur, sənaye və nəqliyyat şəbəkəsi isə daha yaxşı inkişaf edib. Bu, əlbəttə ki, dövlət qurumlarının həmin ərazilərdə yerləşməsini asanlaşdırır. Analitiklər düşünürlər ki, yeni paytaxt üçün bu region seçilərsə, layihə daha tez reallaşdırıla bilər. Lakin tarixi əhəmiyyətə malik şəhərlərlə bağlı mədəni və sosial məhdudiyyətlər, eləcə də su ehtiyatlarının azlığı burada da problemdir. Bundan başqa, əhalinin bir hissəsinin köçürülməsi üçün razılaşdırılmış strategiya və əlavə büdcə xərclərinə ehtiyac yaranacaq.

Bəzi mütəxəssislər mümkün variant kimi diqqəti şimal-şərq rayonlarına, o cümlədən Məşhəd və Səbzəvar ətrafındakı ərazilərə çəkirlər. Bu bölgənin iqlimi daha sərindir. Üstəlik, burada dağ su mənbələrinə çıxış var, torpaq ehtiyatları sıfırdan müasir şəhərin salınmasına imkan verəcək qədərdir. Ekspertlərin fikrincə, ekoloji və təhlükəsizlik baxımından ən ideal variant məhz budur. Amma bu halda tikinti işləri daha uzun vaxt aparacaq, ölkənin əsas sənaye və liman mərkəzləri ilə nəqliyyat əlaqələri ilə bağlı problemlərin həlli zərurəti yaranacaq.

Bir sözlə, nəzərdən keçirilən hər bir variantın öz üstünlükləri və çatışmazlıqları var.

 

İddialar, risklər və milyonların köçü

Paytaxtın köçürülməsi İranın iqtisadiyyatına, sosial həyatına və infrastrukturuna ciddi təsir göstərəcək. Mütəxəssislərin fikrincə, yeni inzibati mərkəzin tikintisinə fantastik maliyyə vəsaiti tələb olunacaq. Amma bu, yeni paytaxt üçün seçiləcək regionun inkişafına güclü təkan da verəcək. Dövlət qurumlarının, məmurların və onların ailələrinin köçürülməsi yeni iş yerləri yaradacaq, evlərin, yolların, məktəblərin, xəstəxanaların inşasına ehtiyac yaranacaq. Bu həm də uzun illərdir imkanlarının son həddində işləyən, mənzilin, torpağın çox baha olduğu Tehrana bir qədər rahatlıq gətirəcək.

Bu layihənin sosial təsirləri də böyük olacaq. Paytaxtda yaşayan milyonlarla insan bəzi xidmətlərin və iş yerlərinin yeni yerlərə köçürülməsi ilə üzləşəcək. Bu, əlbəttə ki, yeni imkanlarla yanaşı, narahatlıqlar da yaradacaq. Ekoloqlar və şəhərsalma mütəxəssisləri bildirirlər ki, paytaxtın köçürülməsi müasir tikinti standartlarına, inkişaf etmiş nəqliyyat sisteminə, səmərəli enerji istifadəsinə malik yeni şəhərin qurulmasına imkan verəcək, bu isə ətraf mühitin yükünü minimuma endirəcək.

Lakin mütəxəssislər mümkün risklərə də diqqət çəkirlər. Paytaxtın köçürülməsi çox mürəkkəb logistika prosesidir və o, onilliklərlə vaxt, son dərəcə ciddi planlaşdırma tələb edir. Resurs çatışmazlığı, büdcə məhdudiyyətləri və ya siyasi çəkişmələr səbəbindən prosesin uzanması da mümkündür. Bununla yanaşı, regionların daha bərabər inkişafı, Tehrandakı hədsiz sıxlığın azalması, müasir, təhlükəsiz şəhər salmaq imkanı kimi önəmli faydalar bu ideyanı İran hökuməti üçün cəlbedici edir.

İran paytaxtının mümkün köçürülməsinə istər ölkə daxilində, istərsə də xaricdə münasibət müxtəlifdir. Ölkənin geofizika və seysmik təhlükəsizlik sahəsində aparıcı mütəxəssislərindən olan seysmoloq Bəhram Akaşe hələ 2000-ci illərin əvvəllərində bildirirdi ki, Tehran aktiv tektonik qırılma xətti üzərində yerləşdiyindən, orada baş verə biləcək güclü zəlzələ meqapolis üçün fəlakətlə nəticələnə bilər. O, dəfələrlə deyib ki, bu problemin uzunmüddətli həlli seysmik cəhətdən təhlükəli zonadan kənarda yeni, təhlükəsiz inzibati mərkəzin planlaşdırılmasından keçir.

İran parlamentinin üzvü Məhəmməd Saleh Cokar isə bildirib ki, bu qərar demoqrafik, infrastruktur və ekoloji amillərin nəzərə alınması ilə ölçülüb-biçilməlidir. Yeni paytaxtın Tehranın yükünü effektiv şəkildə azaltmasına və müasir şəhər mühitinin yaradılmasına yalnız belə nail olmaq mümkündür.

Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin deyir ki, yeni inzibati mərkəzin yaradılması iqtisadi fəallığın yenidən bölüşdürülməsinə yol aça bilər, lakin paytaxtın köçürülməsi prosesi müvəqqəti sosial-iqtisadi çətinliklər də yaradacaq. Onun fikrincə, bu köçürülmə sadəcə «iqlimə bağlı deyil». Su ehtiyatlarının düzgün idarə olunmaması, torpaq və infrastruktur problemləri ilə bağlı onilliklərdir yol verilmiş səhvlər də hazırkı vəziyyətin yaranmasının səbəbləri sırasındadır.

Məsələyə Kornell Universitetinin təmsilçisi Linda Şi də münasibət bildirib. O, hesab edir ki, «iqlim dəyişikliyi» anlayışından tez-tez uzunmüddətli idarəetmə səhvlərinin, korrupsiyanın nəticələrini təbii amillərin üzərinə atmaq üçün bəhanə kimi istifadə olunur. Şi paytaxtın köçürülməsinin sistemdə dərin kök salmış problemlərin möcüzəvi həlli yolu deyil, siyasi qərar olduğunu söyləyir.

«Newsweek» geosiyasət üzrə ekspert Banafşe Keynuşun fikirlərinə istinadən yazır ki, İran mümkün yeni paytaxt üçün Makran bölgəsini seçməklə Dubayın dəniz limanları və Pakistanın Qvadar limanı ilə rəqabətə girmək fikrindədir. Onun niyyəti sanksiyalara rəğmən Çabəhar limanının mövqeyini gücləndirmək, Hind okeanı istiqamətində ticarət marşrutlarını inkişaf etdirmək, Fars körfəzi hövzəsində öz rolunu yenidən ön plana çıxarmaqdır.

İranlı jurnalist Əli Qolxaki isə paytaxtın köçürülməsinin 25-33 milyard dollara başa gələ biləcəyinə dair iddialara şübhə ilə yanaşır. O, «X» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Bir əsrdən çox vaxt və yüz milyardlarla dollar hazırlayın!»

Beləliklə, istər yerli, istərsə də beynəlxalq ekspertlər paytaxtın köçürülməsinin İran tarixinin ən iddialı və bahalı layihələrindən biri olacağı qənaətindədirlər. Bu layihə həyata keçirilərsə, yalnız ölkə daxilində hakimiyyətin coğrafiyası deyil, həm də İranın beynəlxalq arenadakı mövqeyi kökündən dəyişə bilər.

Hələliksə yalnız o aydındır ki, Tehranın köçürülməsi ilə bağlı gələcək qeyri-müəyyən olaraq qalır. Bu, iqtisadi imkanlar, siyasi iradə və layihələrin texniki icrası daxil, bir çox amillərdən asılı olacaq. Aydındır ki, prosesin icrasına onilliklər və milyardlarla dollar sərmayə lazım gələ bilər. İran hökuməti buna hazırdırmı? Zaman göstərəcək. İstənilən halda, İran paytaxtının köçürülməsi ideyası iddialı və mübahisəli təşəbbüsdür. Plan həyata keçirilərsə, bu, ölkə tarixində ən böyük şəhərsalma və dövlət layihələrindən birinə çevriləcək. O, əlbəttə ki, əhalinin və resursların yenidən bölüşdürülməsi ilə yanaşı, İranın beynəlxalq roluna da ciddi təsir göstərə bilər.



MƏSLƏHƏT GÖR:

62