25 Noyabr 2024

Bazar ertəsi, 07:25

TƏKAN NÖQTƏSİ

"Əsrin müqaviləsi" Azərbaycana regionun liderliyinə qədər olan yolu inamla qət etməyə imkan verdi

Müəllif:

17.09.2013

Azərbaycan torpağının neft-qazla zənginliyi artıq əsrlərdir məlumdur. Məhz Azərbaycanda 1848-ci ildə dünyada ilk neft qu- yusu qazılıb, bir əsr keçdikdən sonra həmin dövr üçün unikal olan "Neft daşları" dəniz yatağının istismarı başlayıb, bir qədər sonra isə dünyada yeganə olan dirəklər üzərində şəhər salınıb.

Lakin əsrin sonuna doğru neftlə zəngin olan Azərbaycanın şöhrəti əhəmiyyətli dərəcə düşdü. Ona ikinci həyatı 1994-cü ilin 20 sentyabrında Xəzər dənizində "Azəri-Günəşli-Çıraq" yataqları blokunun istismarına dair dərhal "Əsrin müqaviləsi" kimi tanınan razılaşma verdi. 

Bu müqavilənin Azərbaycan üçün əhəmiyyətini anlamaq üçün bircə fakt gətirmək kifayətdir - bir neçə il sonra (2001-ci ildən) məhz 20 sentyabr ölkədə Neftçilər günü elan edildi. 

Xüsusi çətin vaxtda Azərbaycanın müstəqilliyinin başlanğıcında Heydər Əliyevin imzaladığı bu razılaşma (buna qədər bir neçə ay öncə Ermənistanla sülh əldə olunmuşdu, ölkənin 20% ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu, ölkədə ayrı-ayrı şəxslərə tabe olan silahlı birləşmələr qarışıqlıq salırdı, "Əsrin müqaviləsi"nin imzalanmasına qarşı çıxan xarici qüvvələr tərəfindən böyük təzyiq göstərilirdi və s.) sonrakı illərdə bütün ölkənin inkişaf lokomotivinə çevrildi. 

İlk növbədə, "Əsrin müqaviləsi" xarici sərmayədarlara Azərbaycanı açdı.

AÇG blokunun istismarında dünya nəhəngləri - "Exxon", "BP", "Statoil", "Unocal" və bir sıra digərlərinin iştirakı sərmayədarları ölkə rəhbərliyinin stabillik və mütərəqqi dünya ictimaiyyətinə inteqrasiya olunması kursunun dəyişməzliyinə inandırdı.

Bundan sonra perspektiv blokları istismarına dair daha 30-dan artıq, o cümlədən əhəmiyyəti yeni minillikdə artan "Şahdəniz" yatağı üzrə razılaşma imzalandı. Ümumilikdə 19 il müddətində "Əsrin müqaviləsi" imzalanandan AÇG-nin istismarına 30 mlrd. dollardan artıq sərmayə yatırılıb.  Hazırda hər üç yataqda  - "Çıraq", "Azəri", "Günəşli"nin dərin su hissəsində hasilat işləri aparılır, "Çıraq"ın qərb hissəsində platforma quraşdırılması ilə bağlı işlər aparılır ki, bu da hasilatın ümumi səviyyəsini stabilləşdirməyə imkan verəcək. Ümumilikdə burada bütün müddət ərzində 2,3 mlrd. barel neft (ehtiyat 900 mln. tondan, təxminən, 310 mln. ton) hasil edilib. Neftin ümumi hasilatı ölkədə 1994-cü ildə 9 mln. tondan 2012-ci ildə 43 mln. tona kimi qalxdı.

AÇG çərçivəsində neftin hökumət payının reallaşmasından əldə olunan gəlir isə  90 mlrd. dolları ötdü ki, bu da Dövlət Neft Fondunda toplanan ehtiyatların əsas hissəsinə çevrildi. Hazırda ARDNF-də, təxminən, 35 mlrd. dollar toplanıb və daha artıq məbləğ sosial-iqtisadi layihələrə xərclənib.

Qaçqınların çadır şəhərciklərinin ləğv edilməsi və onlar üçün komfortlu qəsəbələrin tikilməsi, Bakının Qəbələdən gələn yeni içməli su mənbəyi ilə təmin olunması, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi, azərbaycanlı gənclərin dövlət hesabına xaricdə təhsili - bu, neft vəsaitləri hesabına reallaşdırılan layihələrin ancaq kiçik bir siyahısıdır. Dövlət Neft Fondu istər ölkədə, istərsə də xaricdə reallaşdırılan bütün iri iqtisadi layihələrin əvəzolunmaz sərmayədarıdır - buraya yeni gəmiqayırma zavodu, Türkiyə və Bakının Qaradağ rayonunda yeni neft emalı zavodu, Transanadolu qaz kəmərinin (TANAP) və yüzlərlə digər layihələrin də tikintisi daxildir.

Ümumilikdə neftdən gələn gəlir Azərbaycan hökumətinə bütün ölkəni tamamilə yeniləmək və modernləşdirmək, nəqliyyat infrastrukturunun inkişafı ilə problemlərin həlli, qeyri-neft sektorunun sürətli inkişafına təkan verməyə imkan yaratdı. Bundan başqa, Dövlət Neft Fondu qızılın fəal şəkildə alınmasına başlayıb ki, bu da ölkə ehtiyatlarının sabitliyinə, eləcə də bütün dünya üzrə əmlak əldə etməsinə yardım edir - səhmlərdə London, Paris və Moskvanın mərkəzində binalar, planlarda isə Cənub-Şərqi Asiyada obyektlər də var. Bütün bu faktorlar istər iqtisadi, istərsə də siyasi mənada ölkənin nüfuzunun artmasında da müəyyənedici rol oynayırlar. Azərbaycan artıq dünya ictimaiyyəti tərəfindən neftin iri həcmlərini ixrac edən ölkə kimi tanınıb. Bununla əlaqədar olaraq, Xəzərin neft resurslarının dünya bazarına çıxışını təmin edən Bakı-Tiflis-Ceyhan boru kəmərinin əhəmiyyəti birinci dərəcəlidir. Bir daha təkrarlayaq ki, "Əsrin müqaviləsi" Azərbaycanın neft sektoruna xarici sərmayədarlar cəlb etdi və aralarında özülü "Şahdəniz" olan yeni yataqların kəşfinə yol açdı. Dünyada ölçülərinə görə 1,2 trln. kub metr qaz ehtiyatına malik nəhəng yataq qısa zamanda Azərbaycanı idxalçıdan ixracatçıya çevirdi - ölkə artıq Gürcüstanı qazla təmin edir, Türkiyə və Rusiyaya da ixrac edir. Bu, hələ başlanğıcdır, əsas yeməyə - qazın Avropaya nəqlinə aperitivdir (iştahı açmaq üçün yeməkdən əvvəl içilən içki). 

Məhz Azərbaycan qazı Köhnə Qitənin enerji təhlükəsizliyinə böyük töhfə verməlidir. Bir neçə il Azərbaycan qazının Avropaya nəql olunmasına dair aralarında əsas rolu "Nabucco" oynayan layihələr haqda müzakirələr gedirdi. Lakin Avropa ölkələri müzakirələri kağızdan real tikinti meydançalarına gətirə bilmədilər. Bu halda öz təcrübəsi və maliyyə resurslarına əsaslanaraq, ölkəmiz Azərbaycan qazını Türkiyənin qərb hissəsindən şərq sərhədlərinə nəql edilməsini nəzərdə tutan Transanadolu  (TANAP) qazkəmərinin tikinti layihəsinə təşəbbüs göstərdi. Bu ilin yayında gələcək marşrut qismində Transadriatik boru kəmərinin (TAP) seçilməsi AB-nin enerji təhlükəsizliyi kimi ən mühüm problemə dair sualları aradan qaldırdı. Və nəhayət, "Əsrin müqaviləsi"nin reallaşması SOCAR-a neft-qaz sənayesində dünya nəhəngləri ilə bir sırada durmağa imkan verdi. Lakin hələ 1994-cü ildə SOCAR şirkətlərin, hətta regional miqyasında belə son dərəcə orta dərəcəli müəssisə idi. Amma indi o, TANAP layihəsini müstəqil reallaşdırmağa hazırdır, Bakı yaxınlığında gəmiqayırma zavodu inşa edir, Türkiyədə "Petkim" iri neft-kimya kompleksinə, Cənub-Şərqi Asiyada neft anbarlarına, İsveçrə, Gürcüstan, Rumıniya, Ukraynada yanacaqdoldurma şəbəkələrinə sahibdir. Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana  səfəri çərçivəsində SOCAR "Rosneft" şirkəti ilə əməkdaşlığa dair razılaşma imzalayaraq, neft sənayesinin bu iri dünya oyunçusu ilə bərabərhüquqlu tərəfdaş münasibətlərə hazır olduğunu göstərdi. Həmçinin burada razılaşmanın əhatəsi sadəcə Azərbaycan yataqlarının istismarından daha genişdir - anlaşmaya neftin svop nəqli də, üçüncü ölkələrdə yataqların istismarı da, birgə marketinq əməliyyatları da daxildir.

Mütəxəssislərin fikrincə, "Rosneft" neftin dünya bazarlarına Novorossiysk - Bakı və Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi vasitəsilə nəqlini, eləcə də SOCAR-ın Sinqapurda neft saxlama anbarlarının istifadə olunmasında maraqlı ola bilər. Azərbaycan isə, öz növbəsində, Rusiyada istismar üçün yataqlar əldə etmək istərdi. Bu cür miqyası 20 il bundan öncə heç təsəvvür belə etmək olmazdı.

Bəs, sadə azərbaycanlı üçün "Əsrin müqaviləsi" nə ilə yadda qaldı? Bu suala cavab vermək üçün Bakının küçələrinə çıxıb dəbli hündür binalarla tamamilə görünüşünü dəyişmiş şəhər, möhtəşəm işıqlandırma və tarixi binaların yenidən bərpasını görmək kifayətdir. Təkcə son 10 ildə Bakıda 150 mindən artıq yeni mənzil təhvil verilib. Elə bu müddət ərzində ölkədə avtomobillərin sayı iki dəfə - 1,1 mln.-a qədər artdı. Bu iki göstərici Azərbaycan vətəndaşlarının da rifahının yüksəlişini daha bariz göstərir.

Bir sözlə, 1994-cü ilin 20 sentyabrını çox haqlı olaraq Azərbaycanda bütün ölkənin tammiqyaslı və uzunmüddətli inkişaf nöqtəsi də  hesab etmək olar. Hətta yüz il keçdikdən sonra, yəni neft və qaz ehtiyatları tükənərsə belə, Neftçilər günü ölkənin taleyini əsrlərlə müəyyənləşdirən müqavilənin imzalanması gününü yeni nəsillərə xatırladacaq.



MƏSLƏHƏT GÖR:

650