29 Yanvar 2026

Cümə axşamı, 15:57

ZEVSİN Wİ-Fİ İLƏ GÖRÜŞDÜYÜ YER

Qədim şəhərə müasir səyahətçinin gözü ilə baxış

Müəllif:

01.01.2026

Afina dövrlərin kəsişməsində yaşayan şəhərdir. Burada qədim xarabalıqlar canlı bazarlarla, Bizans kilsələri müasir incəsənət qalereyaları ilə yan-yana durur, səs-küylü küçələr isə rahat kafeləri olan sakit dalanlarla əvəzlənir. Afinada hər addım zamana kiçik səyahətdir: sanki dünən burada qədim filosoflar gəzirdi, bu gün isə gənc rəssamlar qəhvə fincanı ətrafında əyləşiblər. Səfəri planlaşdırarkən şəhərin tədricən açıldığını anlamaq vacibdir: piyada gəzintilər, tələsmədən ekskursiyalar, təpələrə və muzeylərə baş çəkmək şəhərin ab-havasını hiss etməyə imkan verir. Bunu avtobusun və ya avtomobilin pəncərəsindən görmək mümkün deyil. Bu, bələdçi səyahətinizi planlaşdırmağa, xərcləri əvvəlcədən qiymətləndirməyə və Afinanın hər gün necə yaşadığını göstərməyə kömək edəcək.

 

Mövsümi zövqlər

Yaz və payız Afinanı ziyarət etmək üçün ideal zamandır. Yayda, xüsusən iyul-avqust aylarında paytaxtda temperatur tez-tez 35 dərəcəni keçir, küçələr həddindən artıq qızır və gəzintilər sınağa çevrilir. Buna görə də yay aylarında Afinaya ölkənin dəniz kurortlarında istirahəti də planlaşdıran turistlər gəlirlər. Yazda, aprel və may aylarında isə Afina sanki yenidən canlanır: mərkəzi Plaka rayonunun küçələrində maqnoliyalar və yasəmənlər çiçəkləyir, küçə musiqiçiləri meydanları həzin melodiyalarla doldurur. Yazda yerli ustaların işlərini görməyin, mövsümi məhsulları dadmağın və şəhərin mədəniyyəti ilə tanış olmağın mümkün olduğu çiçək, sənətkarlıq və incəsənət festivalları keçirilir.

Payız, sentyabr və oktyabr isə mülayim günəş, isti qürublar və mədəniyyət bayramları dövrüdür. Sentyabrda Afina Film Festivalı, oktyabrda isə restoran və tavernlərin mövsümi yeməklərinin təqdim olunduğu kulinariya tədbirləri keçirilir. Gündüzlər hava daha yumşaq olur, küçələr turistlərlə daha az dolur, təpələrdə və muzeylərdə gəzintilər isə məhz bu dövrdə münasibdir.

Qışda Afinada turistlərin sayı daha az olur. Amma qış həm də qənaət mövsümüdür: biletlər və hotellər 20-30% daha ucuzdur. Milad yarmarkaları, bayram bəzəkləri və küçələrdən gələn darçın ətri xoş atmosfer yaradır, muzeylər, demək olar ki, boş olur.

 

Turistin bilməli olduğu hər şey

Afinanı araşdırmaq rahatdır, lakin nəqliyyatı əvvəlcədən planlaşdırmaq vacibdir. Elefterios Venizelos hava limanından şəhər mərkəzinə metro, avtobus və ya taksi ilə getmək mümkündür. Metro təxminən 40 dəqiqə çəkir və 10 avroya başa gəlir. Avtobusla şəhərin mərkəzinə səfər daha uzundur: təxminən bir saat. Bu ictimai nəqliyyatla səfərin qiyməti 6 avrodur. Şəhərin mərkəzinə taksi ilə 30-50 dəqiqəyə çatmaq mümkündür (40-50 avro).

Şəhər daxilində metro əsas rayonları birləşdirir, tramvay sahil boyunca gedir, lakin əsl Afina piyada gəzərkən açılır. Plakadan başqa bir canlı məhəllə olan Monastirakiyə gedən bu marşrutlar meydanlar və dar küçələrdən 1-3 saat çəkir. Burada şəhər həyatı hiss olunur: təzə qəhvə, çörək, küçə dükanlarından qızardılmış ət qoxusu yasəmən və çiçək ətri ilə qarışır, yerli sakinlərin və küçə musiqiçilərinin söhbətləri eşidilir, rəssamlar və sənətkarlar görünür.

Qənaət etmək istəyənlər üçün metro və piyada gəzintiləri birləşdirmək olar. Bu, şəhər hissini itirmədən rahat hərəkət etməyə imkan verir. Məhdud vaxtı olan turistlər üçün “hop-on hop-off” avtobuslarından istifadə etmək məsləhətdir. Bir günlük bilet təxminən 20 avrodur və bu, şəhərin əsas məntəqələrinə tez baş çəkmək imkanı yaradır.

Afinada hər zövqə və büdcəyə uyğun yaşayış yeri tapmaq mümkündür - ucuz hostellərdən tutmuş lüks hotellərə qədər. Turizm mövsümündə yerləri əvvəlcədən sifariş etmək vacibdir. Büdcəli hotellərdə və hostellərdə qiymətlər gecə üçün adambaşına 20-25 avrodan başlayır. Onlar pulsuz Wi-Fi və səhər yeməyi kimi əsas rahatlıqlar təklif edir və görməli yerləri ziyarət etmək üçün əlverişli olan şəhərin mərkəzində yerləşirlər.

Orta sinif hotellərdə daha rahat şərait münasib qiymətə təklif olunur. Belə hotellərdə yaşamaq gecəyə 30-45 avroya başa gəlir. Lüks hotellərin (spa, hovuzlar və yüksək mətbəx restoranları) qiyməti isə adambaşına 50-100 avrodur. Baxmayaraq ki, məbləğ əhəmiyyətli dərəcədə yüksək ola bilər.

Müstəqil yaşamağı üstün tutanlar üçün apartamentlər və mənzillər mövcuddur. Onlar, həmçinin mətbəxlə təchiz olunub. İcarə qiyməti gecəyə 35-50 avrodur.

 

Parfenondan gecə rayonlarına qədər

Afinanın əsas görməli yeri olan Akropol sadəcə qədim qaya deyil, hər il 4,5 milyondan çox insanı cəlb edən canlı Yunanıstan simvoludur. 2024-cü ildə bu yer mövsümün pik dövründə gündəlik 23 min turistə qədər axın ilə Yunanıstanın ən çox ziyarət edilən tarixi abidəsi olub. Təsəvvür edin, qonaq axını ilə başa çıxmaq üçün hakimiyyət ziyarətçilərin sayına məhdudiyyətlər qoyub, gündəlik limiti 20 min nəfər müəyyən edib.

Akropol təkcə Parfenon və Erexteyon deyil, həm də demokratiya, incəsənət və fəlsəfə tarixini qoruyub saxlayan hər daşı ilə açıq səma altında canlı muzeydir. 2023-cü ildə ziyarətlərdən əldə edilən gəlir 60 milyon avro təşkil edib və bu da onun Avropanın ən gəlirli mədəni obyektlərindən biri statusunu təsdiqləyir.

Hamıya məlum olan Parfenon məbədinin ağ sütunları, çatlamış mərmər, aşağıda şəhərə mənzərə. Bu, demək olar ki, bir ritualdır: hər turist bir anlıq sükut içində müasir şəhərin ayaqları altında necə açıldığını müşahidə edir.

Akropola giriş 20, Akropol Muzeyinə 10, Milli Arxeoloji Muzeyə isə 12 avrodur. Akropol Muzeyində şüşə döşəmələr ayaqların altındakı qazıntıları görməyə imkan verir, ekspozisiyalar isə keçmişlə indiki arasında dialoq yaradır. Milli Arxeoloji Muzeyi isə minillik tarixə, demək olar ki, dalmaqdır: Miken qızıl xəzinələri, bürünc heykəllər, freskalar. Tam dalmaq üçün hər muzeydə yarım gün ayırmaq daha yaxşıdır.

Dionis Teatrı isə Avropa dramının vətəni, min illər əvvəl Sofoklun və Esxilin faciələrinin ilk dəfə səhnəyə qoyulduğu yerdir. Akropol yamacındakı bu amfiteatr təkcə öz qədim memarlığı ilə təsir etmir, həm də özünü teatr sənəti tarixinin bir hissəsi kimi hiss etməyə imkan verir.

Bu arada, Afinanı şəhərə möhtəşəm mənzərə açan təpələrsiz təsəvvür etmək mümkün deyil. Likavitos (Likabettus) təpəsi - Afinanın ən yaxşı müşahidə nöqtəsidir, buradan bütün şəhərə, Egey dənizinə və Akropola mənzərə açılır. Axşam burada xüsusilə gözəl olur, şəhərin işıqları qürub fonunda parıldayır. Buraya piyada və ya funikulyor ilə qalxmaq olar. Zirvədə Müqəddəs Georgi kiçik kilsəsi, həmçinin panoram mənzərəli kafe yerləşir. Qürubda burada xüsusilə gözəldir: şəhər qızıl işıqla dolur, turistlər və yerli sakinlər şəkil çəkir, şəhərin səs-küyü isə sanki uzaq görünür.

Areopaq - Akropolun yanında daş qaya, əfsanəyə görə burada həvari Pavel vəz edib. Yer turistlər və qürub zamanı və ya sadəcə mənzərə və sakitliyin zövqünü çıxarmağa gələn yerli sakinlər arasında məşhurdur.

Filopappu - demək olar ki, turistlərin olmadığı, qədim abidələrə malik yaşıl təpədir. Gəzinti təxminən bir saat çəkir, giriş pulsuzdur. Bu, quşların səsi və otların qoxusu altında Akropola və şəhərə gözəl mənzərənin açıldığı, düşünmək üçün sakit bir yerdir.

Plaka və Monastiraki rayonları freskalı Bizans kilsələrini və qədim minarələri qoruyub saxlayır. Əksər obyektlərə pulsuz baxmaq olar. Dar küçələr, ağ evlər, üzüm tənəkləri və kiçik kafelər meqapolisin mərkəzində kənd guşəsi təəssüratı yaradır. Burada küçə musiqiçilərinə, rəssamlara rast gəlmək olar. Kiçik dükanlar keramika, suvenirlər, ədviyyatlar təklif edir: 3 avrodan 30 avroya qədər.

Kolonaki - qalereyaları, butikləri və bahalı restoranları olan mötəbər rayondur. Burada iki nəfər üçün şam yeməyi 50 avrodan başlayır, lakin küçələrdə gəzmək və sərgilərə baxmaq, demək olar ki, pulsuzdur. Axşam Kolonaki şəhərin atmosferindən zövq alan yerli sakinlərin və turistlərin görüşdüyü dünyəvi həyat mərkəzinə çevrilir.

Psiri və Qazi isə gecə həyatı rayonlarıdır. Burada barlar, klublar və keçə sənəti cəmləşib. Klublara giriş 10-20 avro, kokteyllər isə 7-10 avrodur. Küçə konsertləri, caz axşamları və canlı çıxışlar bütün rayonu enerji ilə dolduran atmosfer yaradır. Lakin sakit variantlar da var: Akropola mənzərəli terraslar, axşam iki nəfər üçün şam yeməyi 40-50 avroya başa gəlir. Bu zaman işıqlı Parfenon sütunları romantik ab-hava yaradır.

Afina, eyni zamanda həm səs-küylü, həm də sakit olmağı bacarır, hər kəs öz ritmini seçə bilər.

 

Turların ardınca

Afina Yunanıstanla tanışlığın yalnız başlanğıcıdır. Şəhər xaricində səyahətlər yeni təəssüratlar gətirir və daha çox tarixi və təbii obyektləri görməyə imkan verir.

Poseydon məbədi olan Sunion burnu Afinadan təxminən 70 kilometr məsafədə yerləşir. Avtobusla və ya bələdçi ilə ekskursiya 35-50 avro dəyərindədir və yarım gün çəkir. Burada Egey dənizinə inanılmaz mənzərələr açılır, xüsusilə günəş məbədi qızıl rəngə boyayan qürub gözəldir.

Delfi isə qədim dünyanın ən əhəmiyyətli müqəddəs yerlərindən biridir. Ora nəqliyyat və bələdçi ilə ekskursiya 60-90 avro dəyərindədir. Bu ekskursiya bütün günü əhatə edir. Turistlər qazıntıları, məbədləri, qədim teatrları və artefaktlar olan muzeyi görə, həmçinin dağlar və dərələrin mənzərəsindən zövq ala bilərlər.

Saronik körfəzi adalarına - Eqina, Poros, Hidraya birgünlük kruiz 100 avrodan başlayır. Qiymətə katerlə nəqliyyat, ekskursiyalar və bəzən yüngül nahar daxildir. Bu, uzaq səyahətlərə vaxt olmayanda dəniz istirahətini mədəni proqramla birləşdirmək üçün ən yaxşı yoldur.

Metro və ya avtobus şəhər mərkəzindən cəmi 30 dəqiqə ərzində Pirey limanına çatdıracaq. Burada Afinanın başqa bir ritmi açılır: balıq və dəniz məhsullarının qoxusu, bərələrin səsi, kiçik sahil kafeləri. Limanda balıq və dəniz məhsulları porsiya üçün 10-20 avro, şərab qədəhi 6-8 avrodur. Pireydən Eqina (gediş-dönüş 25 avro), Poros (30 avro) və ya Hidra (35 avro) adalarına getmək olar.

 

İstanbul dadlı Afina

Yunan mətbəxi Afina təəssüratlarının vacib bir hissəsidir və onu həm küçələrdə, həm də kiçik “tavern”lərdə, bazarlarda və kafelərdə dadmaq lazımdır. Küçə və fastfudla başlamaq olar: suvlaki (kiçik şiş, ağac çöplərdə) və ya qiros (dönər) - tərəvəzlər və sousla pita (çörək) içində bükülmüş donuz, toyuq və ya quzu əti, ən azı 4-6 avrodur.

Tam nahar üçün musaka dadmaq məsləhətdir: badımcan, kartof, ət qiyməsi və beşamel sousu ilə qat-qat hazırlanmış yemək - 8-12 avro. Zeytun, feta pendiri, pomidor və xiyarla yunan salatı isə 6-10 avrodur. “Tavern”də balıq və dəniz məhsulları - 10-20 avro, yerli şərab qədəhi - 6-8 avrodur.

Yunan mətbəxinin şirin tərəfi xüsusi diqqətəlayiqdir. Çünki o, Türkiyə ilə ayrılmaz şəkildə bağlıdır. Burada porsiya üçün 3-5 avroya dadmaq mümkün olan baklava (paxlava), lukumades (lokma - balla və qozla kiçik qızardılmış ponçiklər), kadaif çox məşhurdur. Bu desertlər türk mətbəxi ilə ortaq kökləri göstərir, lakin ədviyyatlar və təqdimetmə üsulunda öz xüsusiyyətləri var.

Həmçinin dolmanı (düyü və ədviyyatla üzüm yarpaqları), dzatziki (cacıq - xiyar və sarımsaqlı yoğurt sousu), xoriatiki (çoban salatı) - feta pendiri, zeytun və təzə tərəvəzlərlə kənd salatını dadmağa dəyər.

Afina üzrə kulinariya turları 25-40 avrodur və bir neçə yeməyin, şirniyyatların, içkilərin dequstasiyasını və bələdçinin kulinariya ənənələri haqqında söhbətini əhatə edir. Turist çaşmaq riski olmadan mətbəx müxtəlifliyini dada bilər, həmçinin yunan və türk kulinariya kəsişmələrinin tarixini öyrənə bilər: məsələn, paxlava və ya dolmanın Yunanıstanda necə uyğunlaşdığını və yerli vizit kartına çevrildiyini.

 

Zevs alış-verişə xeyir-dua verəndə

Afina elə bir şəhərdir ki, alış-veriş özü gəzintinin bir hissəsinə çevrilir. Alış-veriş üçün əsas rayonlar Monastiraki, Plaka, Kolonaki və Sintaqmadır. Monastirakidə məşhur bazar yerləşir. Burada antik əşyalar, sənətkarların işləri, zinət əşyaları, keramika, suvenirləri və geyim tapa biləcəyiniz dükanlar var. Qiymətlər kiçik suvenirlər, maqnitlər və açarlıqlar üçün 3 avrodan, keramika fincanlar və ya boşqablar üçün 7-15 avrodan başlayır. Yüksək keyfiyyətli zərgərlik və ya əl işləri isə 30-50 avrodur. Burada, həmçinin dəri kəmərlər, çantalar və sandallar satılır: aksesuar üçün 25 avrodan dizayner modelləri üçün 100 avroya qədər.

Plaka dəri məmulatları, keramika, toxuculuq və zinət əşyaları olan kiçik dükanları və butikləri ilə məşhurdur. Turistlər tez-tez suvenir mini-sütunlar, amforalar və ya antik tanrıların heykəlciklərini alırlar: kiçik fiqur üçün 10-20 avro. Həqiqi kolleksiya əşyaları 50-100 avro dəyərində ola bilər.

Kolonakidə brend mağazaları, qalereyalar və dizayner butikləri yerləşir. Burada qiymətlər daha yüksəkdir: məşhur markaların geyim və aksesuarları 80 avrodan 300 avroya qədərdir, dizayner ayaqqabıları isə 100-200 avrodur. Bu rayon müasir moda və incəsənət obyektləri axtaranlar üçün maraqlıdır.

Yerli koloriti olan suvenirlərdən bunlar var: zeytun yağı və onun əsasında kosmetika - kiçik şüşə üçün 5-15 avro, ənənəvi ədviyyatlar - 2-5 avro, hədiyyə qutularında yerli şirniyyatlar - 5-10 avro. Həmçinin antik motivli keramik məmulatlar və Parfenon və ya Akropolun təsviri olan maqnitlər məşhurdur.

Afinada alış-veriş üçün turistlər çox vaxt şəhərin mərkəzində məşhur brendlərin geyim, ayaqqabı və aksesuar mağazalarının cəmləşdiyi Ermu və Panepistimiu küçələrini, həmçinin “Athens Metro Mall” və “Golden Hall” kimi ticarət mərkəzlərini seçirlər.

Bir sözlə, Afina antik və müasirliyin hər addımda bir-birinə qarışdığı bir şəhərdir. Piyada gəzintilər, muzey, təpə və bazarlara səfərlər, şəhərdən kənar ekskursiyalar, qastronomiya sahəsində kəşflər - bütün bunlar təkrarolunmaz təəssüratlar yaradır.



MƏSLƏHƏT GÖR:

26