25 Noyabr 2024

Bazar ertəsi, 09:01

MEQAPOLİSDƏN METROPOLİSƏ

Bakıətrafı şəhər və qəsəbələrin inkişafı Azərbaycan paytaxtını iqtisadi cəhətdən boşaltmağa yardım edəcək

Müəllif:

17.09.2013

Urbanizasiya, şəhərlərdə  əhalinin çoxluğu, şəhər infrastukturunun həddindən artıq yüklənməsi - bu, hazırda dünyanın bir çox ölkələri üçün, xüsusilə paytaxtlarda parlaq hiss edilən tipik problemlərdəndir. "Yaxşı hə- yat" axtarışlarında paytaxta köçmək həvəsi bütün zamanlarda aktual olub. Praktiki olaraq, hər il görünüşü dəyişən, abadlaşan, genişlənən Bakı "böyük şəhərlər" sindromundan, təbii ki, yan keçmədi. Problem hələ 1990-cı illərdə obyektiv səbəblərə görə kəskinləşməyə başladı - Ermənistan silahlı qüvvələrinin əraziləri işğal etməsi, qalan digər regionlarda kəskin iqtisadi və sosial tənəzzül - əhalinin  iş və normal həyat tapmaq imkanı olan paytaxta hücumuna səbəb oldu.  

Vəziyyət tədricən düzəlməyə başladı, ölkə iqtisadiyyatı sürətli templərlə inkişaf etdi, regionların  məhz sosial-iqtisadi dirçəlməsinə yönəlmiş böyük proqramlar siyahısı reallaşdırıldı və qəbul olunmaqda da davam edir. Lakin etiraf etmək lazımdır ki, əhalinin əyalətlərdən paytaxta miqrasiya axınının əhəmiyyətli dərəcədə ləngiməsinə baxmayaraq, Bakının əhali çoxluğu problemi hələ də kəskin olaraq qalır. Məhz onun həll olunması üçün də "Böyük Bakının Regional İnkişaf Planı"nın (BBRİP) bir hissəsi hazırlanıb.

 

 

Əsas ideya - desentralizasiya 

Böyük Bakı regionunun dövlət miqyasında iqtisadi yükünü dəqiq göstərmək üçün bu gün bütün ölkə ÜDM-in 80%-nin onun payına düşdüyünü göstərmək kifayətdir. Bundan başqa, Azərbaycanın bütün sahəsinin 6%-ə bərabər ərazisində əhalinin, təxminən, 37%-i cəmləşib.

Bu cür nisbət istər Böyük Bakının əhəmiyyətini, istərsə də Azərbaycanın bu vəziyyətdə üzləşdiyi problemləri açıq şəkildə nümayiş etdirir.  Belə ki, demoqrafik uyğunsuzluqdan savayı, əhali regionun özündə də bərabər bölünməyib: şəhərin tarixi hissəsində və şərq yaşayış massivlərində əhali sıxlığı yarımadanın digər əraziləri ilə müqayisədə faktiki olaraq "sıfır" sıxlıqla qonşuluq edir. Lakin eyni zamanda yerləşdirilmə üçün praktiki olaraq boş yerlər mövcud deyil ki, bu da onun paytaxt ərazisində diqqətsiz istifadə olunmasının nəticəsidir.

2030-cu ilə qədər və ondan sonrakı müddəti əhatə edən "Böyük Bakının Regional İnkişaf Planı" paytaxt və regionlar, eləcə də şəhərin mərkəzi və  kənar əraziləri arasında uyğunsuzluğun dərinləşməsini dayandırmaq üçün nəzərdə tutulub. Yaxın zamanda təsdiq olunacaq sənədin baş xətti Böyük Bakı regionunun desentralizasiya olunması seçilib. Paytaxt və onun ətraf ərazilərinin güclü şəkildə yüklənməsinə son 30-50 il ərzində davam edən insan axını və Abşeron yarımadası ərazisinin yeni istehsal obyektləri ilə dolması gətirib çıxarıb. Bu, planı hazırlayanlar qarşısında qoyulmuş vəzifəni güclü şəkildə çətinləşdirdi. Böyük Bakı ərazisində əhali və infrastrukturun yerləşdirilməsi ərazi, regional və şəhərin  desentralizasiyasından ibarət üçpilləli prosesdən ibarətdir.

Birinci mərhələ sosial və sənaye obyektlərinin Böyük Bakı regionundan Azərbaycanın digər şəhərlərinə yerləşdirilməsini nəzərdə tutur. "Bununla bağlı qeyd etmək lazımdır ki, Bakıda ölkədə fəaliyyət göstərən 53 ali təhsil müəssisəsinin 41-i yerləşir. Əhalini paytaxta cəlb edən bu faktlardan biri anormal haldır. Bu ali təhsil ocaqlarının bir hissəsini regionlara köçürmək lazımdır. Məsələn, kənd təsərrüfatına aid olan bütün təhsil idarələri Bakıda deyil, yerlərdə fəaliyyət göstərməlidir", - deyə "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin rəhbəri Novruz Eldarlı hesab edir.

 

Yeni mərkəzlərin yaradılması 

Regional desentralizasiya adlanan digər mərhələ nəqliyyat və sənaye infrastrukturunun məhz Bakı ərazisindən Sumqayıt və Ələtə, eləcə də şəhərin hazırkı Qaradağ rayonu ərazisinə çıxarılmasını nəzərdə tutur.

Xüsusən, Bakının özündə - sahəsi, təxminən, 3 min hektar olacaq ərazinin sənaye rayonunun regenerasiya olunması gözlənilir. Bu ərazi keçmişdə ittifaq əhəmiyyətli iri sənaye mərkəzi kimi fəaliyyət göstərirdi. Hazırda bu istehsal bir tərəfdən öz aktuallığını itirib, digər tərəfdən isə şəhərin bu hissəsi nə ekoloji, nə də funksional tələblərə cavab verməyərək, demək olar ki, Bakı amfiteatrının mərkəzində yerləşir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərovun fikrincə, bu ərazinin daha effektli istifadəsi - yaxın 20-30 ilin birinci dərəcəli vəzifəsidir. Onun sözlərinə görə, müasir Bakıda möhtəşəm yenidən qurulan layihələrdən biri köçürülmə, daha dəqiq, Bakı buxtasından dəniz limanı və bərə körpüsünün çıxarılmasıdır. Artıq qərar qəbul edilib və şəhərin mərkəzindən 65 km aralıda yeni beynəlxalq ticarət limanının tikintisinə başlanılıb.                  

                                                                                   

 

"Bakıdan cənub istiqamətində dəniz boyunca neft-kimya komplekslərinin yeni sənaye mərkəzlərinin paralel tikintisi Böyük Bakının inkişafının Ələt tərəfə istiqamətlərindən birini öncədən müəyyənləşdirir. Bakının bu rayonunda sement zavodu, dərin özüllər zavodu, yeni qaz kondensat zavodu fəaliyyət göstərir, yeni gəmiqayırma zavodu, o cümlədən başqa müəssisələr tikilir. Bütün bunlar regionun bu hissəsinin tikinti aparılan zonasının inkişafına səbəb olacaq", - deyə A. Ələsgərov bildirib.

Göründüyü kimi, BBRİP-də Ələt qəsəbəsinə böyük diqqət ayrılır. O, Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olmalıdır və əhalisi 300 minə qədər olacaq şəhərə çevrilməlidir. Buna qəsəbənin coğrafi yerləşməsi də əlverişli şərait yaradır. Bundan başqa, bu zonanın inkişafı (Qaradağ rayonu) yeni beynəlxalq hava limanının tikilməsi məsələsini aktuallaşdırır ki, bu da "Böyük Bakının Regional İnkişaf Planı"nda yer alıb.

"Ələt yaxınlığında "Khazar Islands" süni adalarının tikintisi, eləcə də onların ərazisində yaşayış və əyləncə komplekslərinin yaradılması üzrə planların reallaşdırılması bu rayonda turizmin inkişafına təkan verəcək", - deyə N. Eldarlı qeyd edir. Onun sözlərinə görə, digər sənaye yükləmə mərkəzi, keçmişdə iri sənaye, neft-kimya mərkəzi olmuş, hazırda isə ikinci yaradılışını yaşayan Sumqayıt şəhəridir.

"Sovet dövründə bu şəhər neft-kimya profilli məhsulların ciddi tədarükçülərindən biri idi. Bu gün keçmiş zavodların sahəsinə görə iri əraziləri rəqabətə davamlı məhsullar buraxmaq üçün sürətli, müasir, çoxfunksiyalı parklara regenerasiya olunur və yenidən planlaşdırılırlar", - deyə A. Ələsgərov bildirib. Bakının yüklənmə probleminin həlli qismən Sumqayıt əhalisinin artmasına səbəb olacaq ki, qeyri-rəsmi məlumatlara görə, şəhərin əhalisinin sayı 500 min nəfərə çatır və gün ərzində daimi yaşamaq üçün 500-dən 700-ə qədər adam gəlir.

Daha bir böyük diqqət ayrılacaq region Xırdalan şəhəri və ona bitişik ərazilər olacaq. Etiraf etmək lazımdır ki, bu yaşayış məntəqəsi son 15 ildə praktiki olaraq inkişaf edib. Məhz bu illərin şəhərsalma planlaşdırma sahəsində ən problemli məsələ olduğu faktını nəzərə alaraq, Böyük Bakının bu hissəsi önəmli yenidənqurma tələb edir.

Gələcək inkişafın növbəti zonası - şimal sahil xəttidir ki, çoxdan rekreasiya zonası funksiyasını möhkəmləndirib. Onu effektli abadlaşdırmaq, yaşıllaşdırmaq və beynəlxalq dərəcəli kurort zonası kimi inkişaf etdirmək planlaşdırılır. Artıq indi bu ərazilər kurort turizmi sahəsində iri sərmayədarları cəlb edir. Regional yerləşdirməni sürətləndirəcək faktor, həmçinin, eyni zamanda Bakıdan ötərək, paytaxtın şəhər-peyklərini birləşdirəcək yeni nəqliyyat-rabitə yollarının salınması olmalıdır. 

 

 Və yarımmərkəzlərin inkişafı 

Və nəhayət, üçüncü mərhələ: şəhər desentralizasiyası paytaxtda Bakının son yarım əsrlik inkişaf strukturuna zidd olaraq, bir mərkəzlə yanaşı, bir neçə mərkəzin inkişaf etdirilməsi nəzərdə tutulub.

"Dünyada bir çox şəhərlər meqapolislər (bir mərkəzi olan şəhərlər) üzrə inkişaf edirlər ki, bu da son nəticədə əhəmiyyətli mərkəzləşməyə və müvafiq olaraq böyük problemlərə gətirir. Ona görə də son vaxtlar şəhərlərin metropolislərin (bir neçə mərkəzi olan şəhərlər) ssenarisi üzrə inkişafı daha böyük populyarlıq qazanıb. BBRİP-ni hazırlayanlar inkişaf strategiyasının özülü kimi təkcə Bakının əsas mərkəzini deyil, həm də iki əlavə yarımmərkəzləri qəbul ediblər.

Sahəsinə görə Bakının mövcud mərkəzi çox kiçikdir. Digər paytaxtların mərkəzi hissələri ilə müqayisə etsək, əlbəttə ki, Bakı kimi şəhər üçün 1 min hektar sahə çox azdır", - deyə N. Eldarlı hesab edir.

BBRİP şəhərin mərkəzi hissəsinin sahəsini böyütmək deyil, əsasdan kifayət qədər uzaqlaşdırılmış əlavə iki yarımmərkəz yaradılmasını, eləcə də bir neçə yerli mərkəzlərin inkişaf etdirilməsini nəzərdə tutur. Yeni yarımmərkəzlər Xırdalan şəhəri və hazırkı "Koroğlu" metrostansiyası rayonunda yaratmağı, lokal mərkəzləri isə Abşeron yarımadasının Lökbatan, Müşfiqabad, Novxanı, Maştağa, Mərdəkan, Türkan, Hövsan qəsəbələrində yerləşdirməyi planlaşdırırlar.

"Bu gün Bakının mərkəzinin problemi ondan ibarətdir ki, şəhərin bu hissəsi təkcə Bakının özünün deyil, həm də faktiki olaraq bütün Abşeron yarımadası, bütün Böyük Bakının mərkəz funksiyasını icra edir. Ona görə də biz yeni yarımmərkəzlər və yerli mərkəzlərdə, mərkəzə maksimum yaxınlaşdırılmış şərtlər yaradılması vəzifəsi qoymuşuq, daha doğrusu, normal supermarketlər, parklar, yollar, idman binaları, maliyyə strukturları və s. tikmək lazımdır", - deyə N. Eldarlı aydınlıq gətirib.

"Bir sözlə, yaxın 20-30 ilə şəhər salanlar üçün yekun və möhtəşəm məqsəd Azərbaycan vətəndaşı üçün aparıcı, müasir, ekoloji cəhətdən sağlam və estetik olaraq düzgün yaşayış mühitinin yaradılmasıdır", - deyə o, fikirlərini yekunlaşdırıb... 



MƏSLƏHƏT GÖR:

674