Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan ötən ili orta illik inflyasiyanın son dərəcə aşağı səviyyəsi ilə yekunlaşdırdı - cəmi 1,2%. Bu pozitiv tendensiyanı cari ilin yanvar-avqust ayında da saxlamaq mümkün olub. Bundan başqa, hökumətdə hesab edirlər ki, ilin nəticələrinə görə, inflyasiya artımını 3-5%-lik dəhlizdə saxlamaq mümkün olacaq. Bu cür proqnozlar əsasında daxili bazarda istehlak qiymətlərinin artımına səbəb olan və "idxal olunan inflyasiya" kimi bu cür qlobal risklərin qarşısının alınması hökumətin əsaslı iqtisadi kursuna daxildir.
Davamlı kurs
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, cari ilin yanvar-avqust aylarında qiymət artımı, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% təşkil edib. O cümlədən ərzaq mallarının qiyməti 2,2%, digər istehlak məhsulları 0,5% qalxıb, ən çox artım isə xidmət tariflərində müşahidə olunub - 3,4%.
Eyni zamanda bir sıra əmtəə qruplarında artıq 5 ay ardıcıl olaraq defilyasiya prosesi müşahidə olunur. Hələ aprel ayında istehlak qiymətlərinin bazis indeksi mart ayı ilə müqayisədə 0,2% düşüb, lakin yanvar-aprel aylarında onun artımı 0,4% səviyyəsində qalıb. Defilyasiya prosesləri may-iyun aylarında nəzərəçarpacaq dərəcədə artıb. Xüsusən, ərzaq məhsullarının qiyməti 2,6% aşağı düşüb, un məmulatları və dənli bitkilər, ət-süd məhsulları, quş və balıq, bitki yağları, şəkər və əlbəttə ki, mövsümi məhsullar - göyərti və meyvələrin qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Qeyri-ərzaq malları qrupunda, həmçinin bəzi tikinti materialları, məişət texnikası, digər uzunmüddətli istehlak mallarının qiymətlərində də ucuzlaşma qeydə alınıb. Eyni zamanda cari ilin avqust ayında Azərbaycanda 0,3% səviyyəsində defilyasiya müşahidə olunurdu.
Azərbaycan hökuməti və Mərkəzi Bankın inflyasiya proseslərinin cilovlanmasına dair səyləri postsovet məkanında dominantlıq edən proseslər fonunda olduqca nəzərə çarpır. Yanvar-iyul aylarında müstəqil dövlətlər birliyi ölkələri üzrə orta illik inflyasiyanın səviyyəsi 2,6% təşkil edib. Bundan başqa, Belarus, Moldova, Ermənistan, Rusiya və Qazaxıstan kimi ölkələrdə bu müddət ərzində qiymət artımı Azərbaycanın (2,1%) göstəricisini 1,5-3 dəfə üstələyib.
Lakin Azərbaycanın Birlik və Yaxın Şərq üzrə qonşularından ən əsas fərqi makroiqtisadi siyasətdə səhvlərlə əlaqədar qiymət artımına sürükləyən faktorların tamamilə olmamasıdır. Burada söhbət əsasən milli valyuta - manatın sabit kursunun saxlanmasından gedir. İstehlak qiymətlərinin hələ aprel ayında hesablanmış bazis indeksi ölkədə monetar inflyasiya - "core inflation"nın olmamasını təsdiq etdi. Monetar vəziyyət ilə bağlı stabillik cari ildə may-iyul aylarında da qeydə alınıb.
Müqayisə üçün - məhz monetar faktor qonşu Türkiyə və İranda inflyasiya dalğasını dağıdan əsas katalizator oldu. Belə ki, cari ilin yaz-yay mövsümündə İstanbulda baş verən toqquşmalar və Suriya münaqişəsinin gərginləşməsi türk milli valyutasının kursunun dollara nisbətən düşməsində az rol oynamayıb. Dolların kursunun lirəyə nisbətdə 12,7% möhkəmlənməsi inflyasiyanın artmasına səbəb oldu ki, avqust ayında Türkiyədə inflyasiyanın səviyyəsi 8,17%-ə çatdı. Daha ağır sınaqlara isə artıq neçə illərdir İranın makroiqtisadi stabilliyi məruz qalır. Sərt sanksiyalar rejimi, daxili və xarici sərmayələrin dəfələrlə azalması, qeyri-neft ixracının həcminin düşməsi milli valyuta - rialın kursunun ötən ilin oktyabr ayında kəskin düşməsinə gətirib çıxardı.
Hazırda davam edən bu neqativ proseslər İslam respublikasında inflyasiya proseslərini sürətləndirdi - bu ilin avqust ayında qonşu ölkədə qiymət artımı görünməmiş səviyyəyə - 35,1%-ə çatdı.
Azərbaycan çox hallarda bu cür ssenarilərdən sığortalanıb, ilk növbədə, artıq uzun illərdir milli valyuta - manatın kursunun sabitliyi Mərkəzi Bankın möhkəm siyasətilə əlaqədardır. Asiya İnkişaf Bankının "Asiya-2013-ün inkişafına baxış" hesabatında qeyd edildiyi kimi, Azərbaycan hökuməti inflyasiyanın targetlənmə pul siyasətini davam etdirir. Neft Fondunun başlıca olaraq dövlət investisiya layihələrinin maliyyələşməsinə yönəlmiş azalmayan transfertlərinin həcmi, ödəniş balansının yüksək prosifitinin saxlanmasına gətirib çıxarır ki, bu da öz növbəsində monetar inflyasiyanın artması üçün bəhanə yaratmayaraq milli valyutanın kursununun stabil səviyyədə qalmağına dəstək olur.
Lakin gəlirlərin artması və manatın kursunun möhkəmlənməsi idxala olan çoxaldılmış tələbatı stimullaşdırır. Bu vəziyyət qonşu kasıb ölkələrdən inflyasiya proseslərinin cəlb olunma təhlükəsini yaradırmı?
İdxal riskləri
Bu sahədə müəyyən risklər, şübhəsiz ki, mövcuddur. İnflyasiya artan dövlətlərlə ticarət ödənilməyən borcların yığılmasına, ödəniş valyutası kursunun artması isə idxal xərclərinin bahalaşmasına gətirib çıxarır. Bunun nəticəsi tərəfdaşın "idxal olunmuş inflyasiyası" adlandırılan bazarına köçmə olur. Bu proses iqtisadiyyatın qloballaşması ilə eyni vaxtda yayıldı və 2008-ci ildə böhran öncəsi Azərbaycanda inflyasiya rekord səviyyəyə - 20,8%-ə çatdıqda daha kəskin hiss olunurdu. Ümumilikdə, bir çox dünya ekspertlərinin fikrincə, başlıca olaraq xammal ixrac edən və elm tutumlu məhsullar idxal edən istənilən dövlət, hər zaman inflyasiya riski zonasında olur. Neft və qaz sataraq, sənaye və elm tutumlu məhsul alaraq, xammal tədarükçüləri əvəzolunmaz təbii rentanı itirərkən, onların daha ağır məhsul tədarük edən tərəfdaşları isə elmi-texniki imtiyazlarının sonrakı artımında reallaşacaq, üstəlik, qazanc da götürəcəklər. Bununla da, sənayenin yeni bilik və təkmilləşdirilməsinə yatırılan pullar, həmin təbii rentadan fərqli olaraq, daim məhsulların izafi dəyərini artırırlar. Bu ara il-ildən artır və vəziyyət tədricən gizli inflyasiya faktoruna çevrilərək, xammal tədarük edənin xeyrinə olmur.
Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti bu disbalansın aradan qaldırılması üçün maksimum səy göstərir. Artıq dördüncü ildir ki, Azərbaycanda ölkənin yeni sənayeləşməsinin siyasəti aparılır - yeni texnoparklar və sənaye şəhərcikləri yaradılır, intellektual məhsul və təbii ki, istehsal olunan yerli ağır, yüngül və qida sənayesi mallarının payı artırılır. Ölkə daha çox uğurlarını məhz qida məhsullarının istehsalı sahəsində əldə edib: bu gün yerli qida sənayesi əhalini 80%-dən çox təmin edir və hər il yerli məhsullar idxal analoqlarını daha çox əvəz edirlər. Belə ki, bu gün ərzaq payı ölkə idxalının ümumi həcminin 10%-dən bir az artığını tutur, hərçənd beş il bundan əvvəl bu, dörddə biri qədər idi.
Mütəxəssis Oqtay Haqverdiyevin fikrincə, bu çox yaxşı göstəricidir, belə ki, bir sıra inkişaf etməkdə olan dövlətlərdə idxal strukturunda ərzaq payı hələ də 40-50% həddində saxlanılır. Bir çox beynəlxalq maliyyə təşkilatlarının ekspertləri hesab edirlər ki, dövlət xərclərinin həcminin illik artımı və artan investisiya dövlət proqramlarını da inflyasiya riski faktorlarına aid etmək olar. Həqiqətən də, Azərbaycan hökumətinin qiymət artımını cilovlamaq üçün göstərdiyi səylər son yarım ildə dövlət xərclərinin investisiya proqramlarına misilsiz dərəcədə artması fonunda həyata keçir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri 13,1%-ə, 2013-cü ilin birinci yarısında isə hətta 31,6%-ə çatıb.
"Artıq Azərbaycanın uzun illərdir yürütdüyü balanslaşdırılmış pul-kredit və büdcə-vergi siyasəti dövlət xərclərinin sistemli şəkildə artmasına baxmayaraq, inflyasiyanı aşağı səviyyədə uğurla saxlamağa imkan verir", - deyə bu yaxınlarda maliyyə naziri Samir Şərifov bildirib. O, əlavə edib ki, parlaq nümunə qismində Prezident İlham Əliyevin 1,62 mln. vətəndaşa SSRİ Əmanət Bankında əmanətlərinin ödənilməsi qismində 597 mln. manat birdəfəlik kompensasiya verilməsinə dair tarixi fərmanını misal gətirmək olar.
Qısa zaman kəsiyində bazara daxil olan bu qədər nağd pul vəsaitlərinin həcmi istehlak qiymətlərinin artımına heç bir təsir göstərmədi, belə ki, hökumətin istifadə etdiyi inflyasiya əleyhinə mexanizmləri - düşünülmüş fiksal və pul-kredit siyasəti ölkə iqtisadiyyatı və sosial həyata inflyasiya təzyiqini asanlıqla neytrallaşdırdı.
Hərçənd yaxın aylarda bu qədər mükəmməl qurulmuş makroiqtisadi balansı daha bir ciddi sınaq - bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı sərəncamla əməkhaqları, pensiyalar və digər sosial müavinətlərin artırılması gözlənilir.
"Bu mühüm sosial tədbirlər paketi ümumilikdə, təxminən, 3 milyon Azərbaycan vətəndaşını əhatə edəcək, onun böyük hissəsi - təxminən, 700 mini büdcə təşkilatlarının işçiləridirlər", - deyə Maliyyə Nazirliyinin rəhbəri qeyd edib.
Sadalanan faktorlar, şübhəsiz ki, inflyasiya prosesləri, xüsusən də ayrılan vəsaitlərin ümumi həcmini nəzərə alsaq, katalizator rolunu oynaya bilər. Cari ilin sonuna qədər qalan rübdə, demək olar ki, 200 mln. manat həcmində əlavə büdcə ödənişləri nəzərdə tutulub. Gələcəkdə isə bu məqsədlərə daha 600 mln. manat ayrılması planlaşdırılır.
Çox ehtimal ki, hökumət və Mərkəzi Bank bu risklərin də öhdəsindən gələ biləcəklər, xüsusən ona görə ki, son on ilin təcrübəsinin göstədiyi kimi Azərbaycanda inflyasiya prosesləri əhalinin gəlirlərinin real artımından əhəmiyyətli dərəcədə geridə qalır. 2003-cü ildən ölkədə minimum əməkhaqqı nominal anlamda on dəfə də çox artdığı halda, bu on illikdə qiymətlər cəmi iki dəfədən bir qədər çox qalxıb. Təkcə bu ilin yanvar-avqust aylarında əhalinin gəlirlərinin artımının real tempi 7,4% təşkil edib, yəni cari inflyasiyanın səviyyəsini, demək olar ki, 3,5 dəfə çox üstələyib. Bu göstəriciyə görə Azərbaycan postsovet məkanında lider mövqelərdən birini tutur.
Son illər toplanan təcrübə və yeni makroiqtisadi modelləşdirmə "Autoregressive Integrated Moving Average" (ARIMA) sistemindən çıxış edərək, Mərkəzi Bankın ekspertləri iddia edirlər ki, ilin sonuna qədər qiymətin ən azından sıçrayışlı artımını gözləməyə dəyməz. AMB-nin 2013-cü ilin birinci yarısının pul siyasətinə dair hesabatına əsasən, ARİMA modelinin tətbiqi ilin sonuna 3-7% dəhlizdə istehlak inflyasiyasını proqnozlaşdırmağa imkan verdi. Eyni zamanda 3-5%-lik inflyasiya ssenarisinin mümkünlüyü daha çoxdur. Yaxın gələcəyin Mərkəzi Bankın makroiqtisadi stabilliyi ən çətin şərtlərdə saxlamaq qabiliyyətini təsdiq edəcəyinə ümid etmək qalır. Bu yaxınlarda baş verən hadisə buna zəmin yaradır: Azərbaycan öz iqtisadiyyatı üçün minimum zərərlə dörd illik tarixə malik qlobal geriləməni geridə qoydu və Avropada son yarımildə tüğyan edən maliyyə-borc böhranı ölkəyə, demək olar ki, toxunmadı.
MƏSLƏHƏT GÖR: