KÜLƏYİN GÜCÜ İLƏ
Azərbaycan BOEM, şəbəkələr və ixrac əsasında yeni enerji modeli formalaşdırır
Müəllif: Ağasəf NƏCƏFOV
Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sektorunda generasiya obyektlərinin sayı ardıcıl olaraq artır, yarımstansiyalar modernləşdirilir, Batareya Enerji Saxlanc Sistemləri (BESS) tətbiq olunur, həmçinin elektrik enerjisinin dünya satış bazarlarına çıxışı üçün yeni enerji dəhlizləri formalaşdırılır. Mütəxəssislərin fikrincə, ölkədə BOEM-in mənimsənilməsi mümkün olan ümumi iqtisadi potensialı 27 GVt həcmində qiymətləndirilir.
Çox şey artıq həyata keçirilib
Azərbaycanda “yaşıl energetika”nın inkişafı birbaşa xarici investisiyaların cəlb edilməsinin ən mühüm alətinə çevrilir. Bunun üçün ölkədə müasir qanunvericilik bazası formalaşdırılıb, investorlar üçün fiskal və digər üstünlüklər tətbiq edilib.
Ən əlverişli rejimin yaradılması sayəsində Azərbaycan Fars körfəzi və Avropa ölkələrindən, o cümlədən Çin və Türkiyədən olan, BOEM generasiya güclərinin inkişafına sərmayə qoyan bir sıra ixtisaslaşmış şirkətlərlə tərəfdaşlıq qurub. Bundan əlavə, elektrik enerjisinin ixracı üçün infrastrukturun yaradılmasında beynəlxalq təşəbbüslərdə də iştirak edir.
Yerli BOEM sektorundakı layihələrin əksəriyyəti xarici investisiyalar hesabına həyata keçirilir. Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilə qədər 10 günəş və külək elektrik stansiyasının tikintisi üçün sərmayələrin həcmi 2,7 milyard dolları keçəcək ki, bu da ölkənin enerji sisteminə əlavə 2 GVt güc qazandıracaq.
“Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək”, - Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Bu planlar qlobal enerji sənayesinin, o cümlədən ölkəmizin aparıcı investoru olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin diqqətini cəlb edib. Şirkət 2023-cü ilin oktyabr ayında 230 MVt gücündə ilk günəş elektrik stansiyasını (GES) tikib. BP şirkəti isə Cəbrayıl rayonunda üçüncü böyük günəş elektrik stansiyası olan “Şəfəq”in (240 MVt) tikintisinə başlayıb. Çin və Türkiyə şirkətləri də bu sektora ciddi maraq göstərirlər.
Azərbaycanın “yaşıl energetika” sahəsində daha bir vacib tərəfdaşı Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O, 2026-cı il yanvarın 8-də layihəyə 340 milyon dollar sərmayə qoyaraq 240 MVt gücündə “Xızı-Abşeron” külək stansiyasını (KES) istifadəyə verib. Layihənin baş podratçısı kimi Çinin “PowerChina Huadong Engineering Corp. Ltd” şirkəti seçilib, maliyyələşdirmə isə Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEC Fondu tərəfindən dəstəklənilib. Yeni KES-də hər biri 6,5 MVt gücündə olan 37 külək turbini quraşdırılıb: bunlardan 12-si Abşeron rayonunun Pirəkəşkül kəndində, qalan 25-i isə Xızı rayonunun Sitalçay kəndində yerləşdirilib. Stansiya layihə gücünə çatdıqdan sonra KES-in generatorları ildə təxminən 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 220 milyon kubmetrədək qaza qənaət etməyə və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. Layihənin həyata keçirilməsi “build-own-operate” – “tik-sahib ol-istismar et” prinsipi əsasında həyata keçirilir.
“Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır”, - Prezident İlham Əliyev Bakıda “Gülüstan” sarayında KES-in açılış mərasimində çıxışında bildirib.
Gələcək layihələr
Azərbaycanın Energetika və İqtisadiyyat nazirliklərinin Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan şirkətlərlə imzaladığı müqavilələr və memorandumlar “yaşıl energetika” sahəsində dinamik şəkildə artan tərəfdaşlığı göstərir. Xüsusilə “ACWA Power” ilə külək və günəş generasiyası, “yaşıl hidrogen” istehsalı, dəniz suyunun şirinləşdirilməsi, həmçinin “Azkarbonlu/yaşıl gübrələr” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid) istehsalı və sonradan ixracı istiqamətlərində BOEM-in birgə inkişafı nəzərdə tutulub.
Ötən ilin iyununda isə “Masdar” şirkəti təxminən 1 milyard dollar investisiya dəyəri və ümumi gücü 1000 MVt olan üç BOEM generasiya obyektinin təməlini qoyub: Neftçalanın Bank qəsəbəsində (315 MVt), Biləsuvarda (445 MVt) və Abşeron-Qaradağda (240 MVt). Gözlənilir ki, bu elektrik stansiyaları ildə orta hesabla 2,3 milyard kVt/saat-dan çox elektrik enerjisi istehsal edəcək ki, bu da hər il 496 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə 943 min tondan çox tullantıların qarşısını almağa imkan verəcək.
“Masdar” və SOCAR-ın birgə layihə portfelində, həmçinin ümumi gücü 2 GVt olan dəniz külək energetikası sahəsində, “yaşıl hidrogen” və ammonyak, həmçinin sintetik metan istehsalı sahəsində uzunmüddətli təşəbbüslərin həyata keçirilməsi də var. Xatırladaq ki, “Masdar” şirkəti həm də “Azərbaycan Dəmir Yolları” QSC ilə hərəkət tərkibi və yük logistikası vasitələrinin dekarbonizasiyası sahəsində əməkdaşlıq edir.
Fars körfəzi ölkələri ilə yanaşı, BOEM sahəsində əsas tərəfdaş kimi Çin də çıxış edir. “Bir neçə Çin şirkəti Azərbaycanla ümumi quraşdırılmış gücü 1570 MVt olan fotovoltaik elektrik stansiyaları və külək energetikası daxil olmaqla, enerji sahəsində beş yeni layihənin həyata keçirilməsi üçün sənədlər imzalayıb”, - keçən ilin sonunda Çinin Azərbaycandakı səfiri Lu Mey məlumat verib. Çin investorları podrat layihələrində fəal iştirak edirlər, onların avadanlıqları və “nou-hau” Füzulidəki GES və “Xızı-Abşeron” KES-in tikintisində istifadə olunub. “Sichuan Sunsync Photovoltaic Technology” şirkəti isə yaxın zamanlarda texnologiyaların transferini təmin etmək və məhsulun bir hissəsinin ixracı imkanı ilə Ələt azad iqtisadi zonasında günəş panellərinin istehsalı üzrə müəssisəni maliyyələşdirməyi planlaşdırır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da BOEM-in inkişafı eyni dərəcədə dinamik şəkildə gedir: burada Azərbaycanın bərpa olunan enerji potensialının təxminən üçdə biri cəmlənib. Onu üzə çıxarmaq məqsədilə Energetika Nazirliyinin mütəxəssisləri Yaponiyanın energetika şirkətinin -TEPSCO-nun dəstəyi ilə azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üzrə konseptual sənəd hazırlayıb və həyata keçirir.
“Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik”, - İlham Əliyev vurğulayıb.
Azərbaycan dövlət başçısı əlavə edib ki, Cəbrayıl rayonunda isə ümumi potensialı 340 MVt olan üç günəş elektrik stansiyası inşa olunur.
Yeri gəlmişkən, Qarabağ regionunda enerji səmərəliliyini artırmaq üçün 7 mindən çox LED işıqlandırma qurğusu quraşdırılıb ki, onların əhəmiyyətli bir hissəsi günəş enerjisi ilə işləyir.
Naxçıvan Muxtar Respublikasında (NMR) da BOEM-in inkişafı üçün potensial çox yüksəkdir: bu göstərici 5 GVt-a çatır. Yaxın illərdə burada Türkiyə və Avropaya azı 1000 MVt elektrik enerjisi tədarükü hesabı ilə 1500 MVt külək və günəş enerjisi istehsalı gücləri istifadəyə veriləcək. Bu məqsədlə Qarabağ regionunda və NMR-də əsasən “yaşıl enerji”nin azı 2 GVt-nin ixracına hesablanmış güclü yarımstansiyalar, elektrik ötürücü xətləri və idarəetmə mərkəzləri modernləşdirilir və sıfırdan tikilir.
Qəbul və paylama
Külək və günəş stansiyaları, həmçinin SES-lər əsasında generasiyanın payı artdıqca, dinamik şəkildə artan BOEM güclərinin “Azərenerji” ASC-nin vahid elektroenergetika sisteminə inteqrasiyası məsələlərinin həlli zərurəti artır.
“Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər”, - Azərbaycan Prezidenti qeyd edib.
Yeri gəlmişkən, müasir “Energy Grid” mexanizmi - elektrik enerjisini generasiya yerlərindən (istilik və “yaşıl elektrik” stansiyalarından) istehlakçılara çatdıran mərkəzləşdirilmiş elektrik ötürücü xətləri, yarımstansiyalar və transformatorlar sistemidir ki, bu da etibarlı və səmərəli paylanmanı təmin edir: o cümlədən real vaxt rejimində məlumatların toplanması üçün rəqəmsal texnologiyalardan istifadə edən və BOEM ilə inteqrasiyada daha yüksək səmərəlilik, etibarlılıq və qənaət göstərən “ağıllı şəbəkələr”in formalaşması hesabına.
Sonuncu olduqca vacibdir, çünki BOEM sistemləri enerji istehsalının qeyri-sabitliyi ilə xarakterizə olunur. Bu, küləyin qüvvəsinin dəyişməsi, buludlu və günəşli günlərin növbələşməsi, günün vaxtı, su axınlarının mövsümi azalması və s. ilə əlaqədardır. Müqayisə üçün, yerli enerji sistemi əsasən güc xüsusiyyətləri hava şəraiti və dəyişən iqlim ilə əlaqəli olmayan böyük qaz elektrik stansiyaları əsasında qurulub.
Buna görə də BOEM obyektlərinin vahid “Energy Grid”ə inteqrasiyası yarımstansiyaların modernləşdirilməsini, burada səviyyə, tezlik və fazaya görə xarici istinad gərginliyinə avtomatik olaraq sinxronlaşan və uyğunlaşan yeni avadanlıqların tətbiqini tələb edir.
Ölkə tarixində ilk dəfə olaraq akkumulyator batareyaları əsasında Enerji Saxlanc Sistemləri də yaradılır. İlk layihənin gücü 250 MVt-dır. Layihə “Azərenerji”nin vəsaiti hesabına 500 kilovoltluq “Abşeron” yarımstansiyasının ərazisində həyata keçirilir. Oxşar işlər ölkənin mərkəzi hissəsində 220 kilovoltluq Ağdaş yarımstansiyasında da görülüb. Tikilən BESS sistemlərinin ümumi gücünün 250 MVt-a, saxlanc gücünün isə 500 MVt-saata çatacağı gözlənilir..
Bundan başqa, Azərbaycanda həmçinin enerjinin akkumulyasiyası üçün xarici tərəfdaşları cəlb etməyə hazırlaşırlar. Xüsusilə, bir ildən çox əvvəl “ACWA Power” şirkəti 200 MVt-lıq enerji saxlanc akkumulyator sisteminin yaradılması layihəsi üzrə icra müqaviləsi imzalayıb. Keçən ilin noyabrında isə COP29 keçirildiyi dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Malayziyanın “Tiza Green Energy” şirkəti 5,4 MVt gücündə günəş fotoelektrik qurğusunun tikilməsi və onun BESS sistemi ilə inteqrasiyası layihəsinə start verib. Azərbaycanda BESS sistemlərinin tətbiqi üzrə daha bir potensial tərəfdaş Çinin “China Southern Power Grid International Corp Ltd” və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətləri ola bilər. Akkumulyator sistemlərinin inkişafı həmçinin Dünya Bankı və Azərbaycanın Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji mənbələrinin vahid elektrik ötürücü şəbəkəsinə inteqrasiyası layihəsinin komponenti kimi müəyyən edilib.
Nəhayət, “yaşıl güclər”də istehsal olunan elektrik enerjisinin Türkiyəyə və daha sonra Avropa ölkələrinə və Yaxın Şərqə ixracı üçün sərhədlərarası enerji kabellərinin yaradılması üzrə beynəlxalq əməkdaşlıq da ən az vacib görünən məsələdir. “Bu, imkan verəcək ki, biz təmiz enerjini ixrac edə biləcəyik və bildiyiniz kimi, Qara dəniz kabel layihəsi var. Onun texniki-iqtisadi əsaslandırması hazır olsa da, maliyyə mənbələri hələlik aydın deyil. Qazaxıstan və Özbəkistan ilə Xəzər dənizinin altı ilə kabelin tikintisini də razılaşdırdıq. Burada da indi texniki-iqtisadi əsaslandırma gedir”, - Prezident İlham Əliyev bildirib.
Beləliklə, reallaşdırılan və planlaşdırılan BOEM layihələri, enerji saxlanc sistemlərinin inkişafı və “Energy Grid”in modernləşdirilməsi Azərbaycanda onlarla qiqavat “yaşıl güc”lə işləyə bilən keyfiyyətcə yeni elektroenergetika arxitekturası formalaşdırır. Bu, təkcə karbon izini azaltmır və əhəmiyyətli həcmdə təbii qazı azad etmir, həm də ölkənin “təmiz elektrik enerjisi”nin ixracı üzrə böyük regional haba çevrilməsi üçün dayanıqlı təməl yaradır.
MƏSLƏHƏT GÖR:



71

