DANIŞIQDAN TƏCHİZATA
Azərbaycan həm yeni ölkələri, həm də əlavə həcmləri cəlb edərək təbii qaz ixracını artırmağa davam edəcək
Müəllif: Nigar ABBASOVA
Azərbaycanın 2026-cı ildə enerji gündəliyi Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağından Türkiyəyə qaz təchizatı üzrə müqavilənin imzalanması ilə başlayıb. Yanvarın ilk günlərində bağlanan bu müqavilə Bakı ilə Ankara arasında ikitərəfli enerji əməkdaşlığının inkişafında mühüm element olub.
Bu razılaşma Avropa İttifaqının (Aİ) enerji təchizatı mənbələrinin şaxələndirilməsi və qitənin Rusiya “mavi yanacağı”ndan asılılığın azaldılması kursunu davam etdirdiyi şəraitdə əldə olunub. Bu mənada Türkiyə ilə razılaşma ikitərəfli formatdan kənara çıxır, Azərbaycanın regional və Avropa bazarlarında iştirakını artırmaq üçün daha geniş strategiyaya uyğun gəlir. Ölkənin rəsmi şəxsləri bununla bağlı dəfələrlə açıqlamalar veriblər.
Əsas layihələr
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qaz hasilatı sənayesinin inkişaf perspektivləri və 2026-cı il üçün planları barədə yerli telekanallara müsahibəsində məlumat verib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan qazının ixrac həcmi 25 milyard kubmetri keçib və daha da artım potensialına malikdir.
Dövlət başçısı qeyd edib ki, əlavə həcmlər iki əsas amil hesabına təmin edilə bilər: ölkə daxilində bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalının genişləndirilməsi – bununla azad ediləcək təbii qazın ixracı üçün imkan yaranacaq – həmçinin mövcud və yeni yataqlarda hasilatın artırılması.
Prezident vurğulayıb ki, Azərbaycan qazının ixracı həm həcm, həm də coğrafi əhatə dairəsi baxımından artır. Hazırda Azərbaycan 14 ölkəyə boru kəməri ilə qaz təchiz edir. Bu dövlətlərdən 11-nə “mavi yanacaq” müntəzəm olaraq tədarük olunur. Bu, qismən fərdi bazarların ehtiyaclarından asılı olaraq çevik model vasitəsilə həyata keçirilir. “Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq”, - İ.Əliyev bildirib.
Coğrafi əhatə dairəsinə görə Azərbaycan dünya qaz bazarında unikal mövqe tutur. “Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir”, - Azərbaycan Prezidenti vurğulayıb.
O, prioritet layihələr arasında bu il hasilatın planlaşdırıldığı “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağını, əlavə qaz həcmlərini təmin edəcək “Şahdəniz Kompressiya” layihəsinin həyata keçirilməsini, həmçinin artıq bir neçə investorun maraq göstərdiyi perspektivli “Babək” strukturunun işlənilməsini qeyd edib.
Ayrıca “Abşeron” yatağının strateji əhəmiyyəti haqqında danışılıb. Dövlət başçısının sözlərinə görə, onun işlənilməsinin ikinci mərhələsi birinci mərhələnin göstəricilərindən üç dəfə çox qaz həcmini təmin edə bilər ki, bu da illik 1,5 milyard kubmetr qaz deməkdir.
“Abşeron”un ikinci mərhələsi bizə ola bilsin bugünkündən 3 dəfə daha çox qaz təmin edəcək ki, bazarlar üçün daha çox olsun. Bizim qazımız onu artıq əldə edən və həcmi artırmaq istəyən ölkələrə, həmçinin onu hələ əldə etməmiş ölkələrə lazımdır”, - dövlət başçısı vurğulayıb.
Beləliklə, bu layihələrin həyata keçirilməsi cari ixrac öhdəliklərinin yerinə yetirilməsi və təchizatın coğrafiyasının gələcək genişlənməsi üçün zəruri olan əlavə resurs bazasını formalaşdırmalıdır. Bu zaman Azərbaycan qazı həm alış həcmlərinin artırılmasında maraqlı olan ölkələr, həm də yeni bazarlar tərəfindən tələb olunur.
Yeri gəlmişkən, 2025-ci ildə yeni istiqamətlərdən biri Suriya olub. Azərbaycan qazının bu ölkəyə ixracı Suriyanın elektrik enerjisi ilə bağlı defisitinin qismən azaldılmasına kömək edir. Müxtəlif qiymətləndirmələrə görə, bu, elektrik təchizatında fasilələri gün ərzində təxminən dörd saat azaltmağa imkan verir. İxrac həcmlərinin daha da artırılması imkanı nəzərdən keçirilir ki, bu da Azərbaycanın xarici bazarlarda iştirakını artırmaq üçün ümumi strategiyasına uyğun gəlir.
Enerji sahəsində dönüş
Azərbaycan Prezidenti beynəlxalq enerji siyasətində qalıq yanacaqlara münasibətin dəyişməsinə - əsasən mənfi olan yanaşmadan daha praqmatik yanaşmaya keçidə - xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bununla bağlı yanaşmalarda düzəliş qismən ABŞ-də kurs dəyişikliyindən sonra başlayıb.
“Prezident Tramp və onun administrasiyası bu yanaşmanı dəyişdi. Bildiyiniz kimi, o, bərpaolunan enerjiyə qəti şəkildə qarşıdır və faydalı qazıntının tərəfdarıdır. Birləşmiş Ştatlar isə birmənalı olaraq dünyanın aparıcı ölkəsidir və orada baş verən hadisələr müxtəlif istiqamətlərə təkan verir”, - İ.Əliyev deyib.
O, əvvəllər qalıq yanacaqlar sahəsindəki layihələrin maliyyələşdirilməsini tamamilə istisna edən bir sıra Avropa maliyyə institutlarının bu istiqamətdə siyasətlərini yenidən nəzərdən keçirdiyini qeyd edib.
“Bilirəm ki, Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar”, - Azərbaycan lideri bildirib.
Oxşar tendensiyalar əvvəllər neft-qaz mövzusundan uzaqlaşaraq adlarını dəyişən şirkətlər daxil olmaqla, nəhəng enerji şirkətləri arasında da müşahidə olunur.
“Aparıcı enerji şirkətləri, sadəcə, əsas tendensiyaya uyğun gedirdi. İndi isə onlar yenidən faydalı qazıntıya qayıdırlar”, - deyə Prezident vurğulayıb.
Bu arada, Azərbaycan əhəmiyyətli neft və qaz ehtiyatlarına malik olmaqla yanaşı, eyni zamanda “yaşıl enerji”nin inkişafına sərmayə qoyur, praqmatik və balanslaşdırılmış yanaşma nümayiş etdirir.
“Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq”, - Prezident qeyd edib.
“Abşeron”a “stavka” qoymaq
Aparıcı enerji oyunçularının qalıq yanacaqlarına münasibətdə mövqelərinin yumşalması müsbət siqnal kimi qiymətləndirilə bilər. Bu, Avropadakı qaz istehlakçısı olan ölkələrin və Avropa maliyyə institutlarının qaz nəqli infrastrukturunun inkişafına sərmayələr hissəsində daha aktiv və balanslaşdırılmış qərarları üçün zəmin yaradır. Bu fonda sabit və uzunmüddətli alışları təmin edə bilən qalıq yanacaqları ilə bağlı etibarlı təchizatçılar olan dövlətlərin rolu da artır.
Bu şəraitdə Azərbaycan əhəmiyyətli qaz ehtiyatlarına, inkişaf etmiş infrastruktura və şaxələndirilmiş ixrac sisteminə malik olaraq, regional və Avropa bazarlarının enerji təhlükəsizliyinin mühüm elementi kimi öz mövqelərini ardıcıl şəkildə möhkəmləndirir.
Bu istiqamətdə atılan praktik addımlardan biri də bu ilin ilk günlərində imzalanmış Azərbaycan və Türkiyə arasında “Abşeron” yatağından təbii qazın nəqli ilə bağlı müqavilə olub.
“Azərbaycanla yeni müqavilə 2026-cı il yanvarın 2-də 33 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı imzalanıb. Qaz Xəzər dənizindəki “Abşeron” yatağından ildə 2,25 milyard kubmetr həcmində 15 il ərzində tədarük olunacaq”, - Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə telekanalının efirində bildirib.
Müqavilənin icrası 2029-cu ildə başlayacaq və 2040-cı illərə qədər davam edəcək. Bunun üçün Bakı-Tbilisi-Ərzurum boru kəmərindən və mövcud olan infrastrukturdan istifadə ediləcək.
“Uzunmüddətli müqavilələr və şaxələndirmə strategiyası sayəsində Türkiyə enerji resurslarının çatdırılmasının təhlükəsizliyini təmin edib və rəqabətqabiliyyətli qiymətlərlə qaz təchiz etməyə davam edəcək”, - Türkiyənin energetika naziri bildirib.
Hazırda Türkiyə Azərbaycan qazını “Şahdəniz” yatağının işlənilməsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində alır. Bu zaman “Abşeron” resursun yeni, müstəqil mənbəyi kimi nəzərdən keçirilir. İlkin qiymətləndirməyə görə, onun ehtiyatları təxminən 350 milyard kubmetr qaz və 100 milyon ton kondensatdır. İşlənmə ilə SOCAR, “TotalEnergies” və ADNOC-un daxil olduğu “Joint Operating Company of Absheron Petroleum B.V.” məşğul olur.
Yataqda ilk qaz 2023-cü ilin iyulunda əldə edilib. 2024-cü ildə birinci mərhələ çərçivəsində hasilat pik səviyyəsinə - ildə 1,5 milyard kubmetrə çatıb. İki mərhələnin nəticələrinə görə, layihə ildə azı 4,5 milyard kubmetr qazın çıxarılmasını nəzərdə tutur, ikinci fazanın işə salınması isə 2028-ci ilin sonu - 2029-cu ilin əvvəlində gözlənilir.
“Abşeron” yatağından qazın hasilatı ilə bağlı müqavilə aydın şəkildə təsdiq edir ki, məhz siyasi iradə və praqmatizm Türkiyəyə öz resurs bazasını ardıcıl şəkildə genişləndirməyə və eyni zamanda regional enerji arxitekturasında mövqelərini möhkəmləndirməyə imkan verir. Avropa paytaxtları illərlə danışıqlar aparır, parametrləri, şərtləri və prinsipləri müzakirə edir, çox vaxt daxili siyasi konyunktur və ideoloji yönləndirmələrin təsiri altında konkret qərarları təxirə salır. Bu fonda Ankaranın yanaşması daha praqmatik görünür: Türkiyə sürətlə, ardıcıl və illüziyasız hərəkət edir, təbii qazı, hər şeydən əvvəl, iqtisadi və enerji təhlükəsizliyinin aləti kimi nəzərdən keçirir.
Hansı ölkə Azərbaycan qazı üçün növbədədir?
Avropa istiqamətinə gəlincə, hazırda əsas maraq doğuran məsələ bu il Azərbaycan qazının hansı iki Avropa ölkəsinə ixracının başlanıla biləcəyi ilə bağlıdır. Aydındır ki, danışıqlar prosesi hələ yekun mərhələyə çatmayıb, əks halda konkret qərarlar artıq ictimaiyyətə açıqlanardı.
Azərbaycan qazının idxalında Monteneqro maraqlıdır, həmçinin Ukrayna vasitəsilə Aİ-yə qaz tranzitinin dayandırılmasından sonra ən həssas olan Macarıstan, Slovakiya, Avstriyaya da lazımdır. Macarıstanla 2025-ci ilin dekabrında artıq 800 milyon kubmetrin nəqli üçün ikiillik müqavilə imzalanıb. Macarıstana Azərbaycan qazının gündəlik təchizat həcmi 1,1 milyon kubmetr təşkil edəcək.
“Şaxələndirmə mümkün qədər çox mənbədən və mümkün qədər çox marşrut üzrə enerji satın almaq deməkdir”, - Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto vurğulayıb. O əlavə edib ki, belə yanaşma Brüsselin bahalı və dar istiqamətli siyasəti ilə ziddiyyət təşkil edir.
Slovakiya Macarıstan və Polşadan idxalı artırır. Azərbaycan qazının alışı məsələsi dekabrda Azərbaycan Prezidentinin bu ölkəyə səfəri çərçivəsində müzakirə edilib.
İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə danışıqların yekununda Azərbaycanın istənilən vaxt Slovakiyaya qaz tranzitini bərpa etməyə hazır olduğunu bildirib. “Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq”, - Azərbaycan lideri vurğulayıb.
Azərbaycan lideri P.Pelleqrini ilə birgə mətbuata bəyanatında bildirib ki, Azərbaycanda yeni qaz yataqlarının işlənməsi əlavə resurslar təmin edəcək və Azərbaycan qazının Slovakiyaya və digər ölkələrə ixracı üçün imkan yaradacaq.
Avstriyaya gəlincə, o, bundan sonra qazı Almaniya və İtaliya vasitəsilə alacaq. Lakin bu, Azərbaycandan ixrac imkanını istisna etmir.
Bir sözlə, bu məsələdə intriqa qalır. Azərbaycan qazının yeni tədarükü üçün ən məntiqli namizədlər isə Ukrayna üzərindən tranzitin dayandırılmasından sonra Aİ-də qaz logistikasında baş verən dəyişikliklərin ən kəskin nəticələrini hiss edən ölkələr kimi görünür. Bu məsələ ilə yaxın vaxtlarda aydınlıq yarana bilər.
MƏSLƏHƏT GÖR:


76

