907-ci TƏHLÜKƏLİ «ANAXRONİZM»
ABŞ ədalətsiz qərarına niyə yenidən baxmır?
Müəllif: NURANİ
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına mütəmadi müsahibələri artıq yaxşı bir ənənəyə çevrilib. Orada hər şey var: görülən işlərin yekunu, qarşıda duran yeni vəzifələr, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda mövcud olan vəziyyətin təhlili. 2026-cı ilin ilk günləri də istisna olmayıb. Dövlət başçısı yerli telekanallara növbəti geniş müsahibəsində bir çox mövzuya toxunub. O, 1992-ci ildə qəbul edilmiş və ABŞ hökumətinin Azərbaycana hər hansı yardımını qadağan edən sənəddən – ABŞ Konqresinin «Azadlığa dəstək aktı»na etdiyi 907-ci düzəlişdən də danışıb, onun ləğvinin zəruriliyini bildirib. «Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik idi», - deyə İlham Əliyev qeyd edib: «Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycan torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər».
İlham Əliyev bildirib ki, «indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq».
Tarixə nəzər
Vəziyyəti daha yaxşı anlamaq üçün 1992-ci ilə qayıtmaq lazımdır. SSRİ artıq dağılmışdı. Bunun günahını Qərbin üzərinə atmaq siyasi dəb olsa da, ABŞ üçün Sovet İttifaqının süqutu gözlənilməz idi. Görünür, orada hadisələrin bu cür inkişafını gözləmirdilər. Üstəlik, Qərb analitikləri uzun müddət yekdil rəyə də gələ bilmirdilər: keçmiş ittifaqın respublikalarına tam müstəqil dövlətlər kimi yanaşılmalıdır, yoxsa onlar tezliklə hansısa konfederasiya, hətta federasiyada birləşəcəklər?
Sonda Vaşinqton keçmiş müttəfiq respublikaların müstəqilliyini tanımaq qərarı verib və yeni müstəqil dövlətlərə müxtəlif yardım proqramlarını nəzərdə tutan «Azadlığa dəstək aktı»nı qəbul edib. Söhbət ictimai həyatın geniş sahələrini əhatə edən proqramlardan gedirdi – səhiyyədən, təhsildən tutmuş, kütləvi qırğın silahlarına nəzarətədək.
Sonradan bir çox ekspertin etiraf etdiyi kimi, o vaxt Vaşinqtonu ən çox narahat edən humanitar vəziyyət yox, məhz kütləvi qırğın silahlarının yaradılması üçün əsas ola biləcək materiallara nəzarət idi. Söhbət, əlbəttə ki, kiminsə «qaraj»da atom bombası hazırlayacağına dair «dəhşət nağılları»ndan getmirdi. Sovet dövründə SSRİ-nin, demək olar ki, bütün ərazisində sanitar-epidemioloji stansiyalar şəbəkəsi yaradılmışdı ki, orada digər şeylərlə yanaşı, xüsusi təhlükəli virus və bakteriya nümunələri də saxlanılırdı. Onlar isə hətta kustar üsulla olsa belə, hazırlanacaq bioloji silahın əsasını təşkil edə bilərdi. Belə silahların müxtəlif ekstremist qrupların əlinə keçməsinin hansı təhlükələri yarada biləcəyini təxmin etmək çətin deyildi. Mütəxəssislər Sovet İttifaqı dövründə bu respublikalarda bioloji silahlarla bağlı hərbi təcrübələrin aparıldığını da xatırlayırdılar. Bu, sanki rəsmən etiraf edilməsə də, belə şayiələr kifayət qədər idi. Bu haqda mətbuatda açıq yazılara da rast gəlinirdi.
Elə həmin vaxt – 1992-ci ilin oktyabrında yeri gəlmişkən, aralarında Co Baydenin də olduğu erməni lobbiçiləri Konqresdə Azərbaycana yardımı bloklaya düzəlişi qəbul etdirməyə nail olublar. Düzəliş müəllifləri iddia edirdilər ki, bu addımın atılmasına səbəb Azərbaycanın guya «Ermənistanı və Dağlıq Qarabağı blokadada saxlaması» idi. Düzəlişin təşəbbüskarlarından biri isə tam ciddi şəkildə «Dağlıq Qarabağ»ın Azərbaycanın bir hissəsi yox, «müstəqil dövlət» olduğunu belə deyirdi.
Doxsanıncı illərin əvvəllərində Azərbaycan kəskin şəkildə yardıma ehtiyac duyurdu. Ölkə ərazisinin 20 faizi işğal olunmuş, təxminən bir milyon sakin qaçqın vəziyyətinə düşmüşdü. Yoxsulluq, işsizlik 50 faizə çatırdı, dövlət büdcəsi, demək olar ki, boş, valyuta ehtiyatları sıfır səviyyəsində idi. Belə bir vəziyyətdə ABŞ Azərbaycana heç bir yardım göstərmirdi. Yəni Vaşinqton sanksiyanı təcavüzkar Ermənistana deyil, təcavüzün qurbanı olan Azərbaycana tətbiq etmişdi.
Doğrudur, sonralar vəziyyət tədricən dəyişməyə başlayıb. Qeyri-hökumət təşkilatları Bakıya müəyyən yardımlar ayırmağa başlayıblar. 1994-cü ildə isə Azərbaycan ABŞ şirkətlərinin də iştirakı ilə «Əsrin müqaviləsi»ni imzalamaqla, onların öz yardım proqramlarını icra etməyə başlamasına yol açıb. 1996-cı ildə Azərbaycan diplomatiyası bir irəliləyişə də nail olub. Yanvarda ABŞ Konqresi Demokratlar Partiyasından olan konqresmen Çarlz Uilsonun adını daşıyan «Uilson düzəlişi»ni qəbul edib. Bu düzəliş ABŞ Prezidentinə QHT-lər vasitəsilə göstərilən yardımların yetərsiz olduğu qənaətinə gəldiyi təqdirdə Azərbaycana birbaşa yardım göstərmək səlahiyyəti verib. Bununla da, bir sıra proqramların blokadası aradan qalxıb. Yeri gəlmişkən, o dövrdə bu sətirlərin müəllifinə ABŞ hökumətinin humanitar yardımı ilə gələn ilk təyyarəni hava limanında qarşılamış, həmçinin blokadadan çıxarılmış proqramlardan biri çərçivəsində Birləşmiş Ştatlara səfər etmək nəsib olmuşdu. Lakin ayrı-seçkilik hələ də davam edirdi.
“Əfqan çatı»
Dönüş nöqtəsi 2001-ci ildə baş verib. Həmin il sentyabrın 11-də ABŞ tarixinin ən miqyaslı terror aktı ilə qarşılaşıb – bir neçə «Boinq» markalı sərnişin təyyarəsi Nyu-Yorkdakı «əkiz qüllələr»ə çırpılıb, bir təyyarə Pentaqona yönəlib, daha biri isə Pensilvaniyada qəzaya uğrayıb. Nəticədə, təxminən 3 min insan həlak olub… Bunun ardınca Vaşinqton terrorun təşkilində günahlandırdığı Üsamə ben Ladenə qarşı hərbi əməliyyatlar üçün koalisiya yaradıb. O, həmin vaxt Əfqanıstanda gizlənirdi. Beləliklə, NATO tarixində ilk dəfə olaraq Vaşinqton Müqaviləsinin 5-ci maddəsini işə salıb. Bu zaman Əfqanıstanda aparılan hərbi əməliyyatlara Azərbaycanın göstərdiyi logistik dəstək əsas amilə çevrilib və bununla bağlı razılaşma əldə etmək üçün ölkənin müdafiə naziri Donald Ramsfeld Bakıya gəlib. Azərbaycan Vaşinqtonun bu istəyi qarşısında öz şərtini irəli sürüb: 907-ci düzəliş ləğv edilməlidir. Doğrudur, onu ləğv etmək mümkün olmayıb, lakin sənədin tətbiqi tam dayandırılıb. Nəticədə, NATO Bakıdan istədiyi logistik dəstəyi əldə edib – Azərbaycan üzərindən keçən hava dəhlizi Əfqanıstanda hərbi əməliyyatlar boyu tam gücü ilə işləyib.
Amma sonra hər şey yenidən dəyişib. 2020-ci ildə Co Bayden ABŞ Prezidenti seçilib. Yeri gəlmişkən, sonradan onun administrasiyasını Amerika tarixinin ən ermənipərəst administrasiyası adlandıracaqdılar. Bayden dövrünün ən yaddaqalan addımı ABŞ-nin öz qoşunlarını Əfqanıstandan çıxarması, daha dəqiq desək, oradan biabırçı qaçışı olub. Vaşinqton oradakı müttəfiqlərini, NATO kontingentinin iyirmi illik fəaliyyəti nəticəsində Əfqanıstanda yeni dövrün başladığını, «Taliban»ın bir daha geri dönməyəcəyini düşünən hər kəsi taleyin ümidinə buraxmışdı. Kabil hava limanında təyyarələrin az qala hücumla ələ keçirildiyini əks etdirən dramatik kadrlar bütün dünyaya yayılırdı. Amerikalılar Əfqanıstandan xidməti itlərini belə aparsalar da, əməkdaşlıq etdikləri əfqanları oradan çıxarmağa lüzum görmədilər. ABŞ jurnalistləri bunu Cənubi Vyetnamdan qaçışla müqayisə edirdilər. Əfqanıstanı son tərk edən qüvvələr isə Azərbaycan və Türkiyə sülhməramlıları olub. Hava limanının təhlükəsizliyini məhz onlar təmin edirdilər…
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi bitər-bitməz, Azərbaycan üzərindən keçən hava dəhlizinə ehtiyac qalmadığından, Bayden administrasiyası 907-ci düzəlişi yenidən gündəmə gətirib. Siyasi baxımdan bu, uzaqgörənliyə yad addım idisə, insanlıq baxımından yumşaq desək, qeyri-etik idi.
Köhnə düzəliş yeni reallıqda
Bu gün 907-ci düzəlişin Azərbaycan üçün əhəmiyyətinin doxsanıncı illərin əvvəllərindəki qədər olmadığını düşünənlərlə mübahisə etmək çətindir. Ötən dövrdə Bakı uğurlu neft-qaz strategiyası həyata keçirib, bu strategiya əsasında dayanıqlı iqtisadiyyat qurub. Bu gün ölkənin xarici maliyyə yardımına ehtiyacı yoxdur. Əksinə, o özü digər dövlətlərdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi siyasət kontekstində humanitar layihələr icra edir. Amma 907-ci düzəlişin ən azı rəmzi mənası qalmaqdadır. Orada Bakı Ermənistana və «Dağlıq Qarabağ»a qarşı «blokada siyasəti» yürütməkdə günahlandırılır. Halbuki belə blokada heç sənədin qəbul edildiyi dövrdə də olmayıb. İlham Əliyevin son müsahibəsində xatırlatdığı kimi, bu düzəliş qəbul edilən vaxt Ermənistanın İran və Gürcüstanla sərhədləri açıq olub.
Münaqişə başa çatıb. Tərəflər artıq sülh müqaviləsini də paraflayıb. Azərbaycan öz ərazisindən Ermənistan üçün yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Artıq onun ərazisi ilə Ermənistana Qazaxıstan və Rusiya taxılı daşınır və Ermənistanda bu qatarları şəxsən nazirlər qarşılayır. İndi isə oraya Azərbaycan benzini də tədarük olunur. 907-ci düzəliş isə hələ də qüvvədədir… Onun ləğvi yox, dayandırılması o deməkdir ki, Azərbaycan hələ də «günahkar» sayılır və «cəzalandırma» sadəcə, müvəqqəti dayandırılıb. Co Baydenin administrasiyası dövrünün təcrübəsi göstərib ki, düzəliş hansısa anda bərpa oluna bilər. Odur ki, Azərbaycan ayrı-seçkilik vasitəsi olan bu ədalətsiz sənədin sadəcə dayandırılmasını deyil, tamamilə ləğvini istəyir ki, bu da qətiyyən təəccüblü deyil. Bu gün Bakı-Vaşinqton münasibətləri yüksəliş mərhələsindədir. Müvafiq qanunvericilik təşəbbüsü də artıq Konqresə təqdim edilib. İndi düzəlişin ləğvi üçün şans var. Yeganə sual Vaşinqtonda bunun üçün yetərli siyasi iradənin olub-olmayacağındadır.
MƏSLƏHƏT GÖR:


59

