Müəllif: Ənvər MƏMMƏDOVBakı
Bakıda müstəqillik illərində yeni gəmiqayırma zavodunun tikilməsi ideyası, nəhayət, gerçəkləşdi. Sentyabrın 20-də paytaxtın Qaradağ rayonunda bu nəhəng müəssisənin açılışı oldu. O, Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmlənməsində vacib rol oynayacaq. Bakı gəmiqayırma zavodu respublikada reallaşdırılmış ən nəhəng infrastruktur layihələrindən biridir. Zavodun təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Aktual layihə
Xəzərdə ən böyük yük-sərnişin və əlavə neft donanmasına malik olan Azərbaycan üzmə vasitələrinin müasirləşdirilməsinə ciddi ehtiyac duyur. Son 10 ildə Xəzər Dəniz Gəmiçiliyi Rusiya və Xorvatiyanın tərsanələrinə onlarla tanker, 6 bərə və bir neçə yük gəmisi sifariş edib. Bundan başqa, Xəzər Dəniz Neft Donanması və onun neft konsorsiumlarındakı beynəlxalq tərəfdaşları üçün müxtəlif ölkələrdə dənizdəki qazma platformalarına xidmət məqsədilə 20-dək sərnişin-təchizat və yedəkləmə gəmisi, həmçinin xüsusi təyinatlı üzmə vasitələri sifariş olunub. Azərbaycan donanmasının yenilənməsinə ötən illər ərzində, təxminən, 700 milyon dollar xərclənib.
Bu, kiçik məbləğ deyil, üstəlik, Böyük İpək Yolunda Avropa ilə Çin arasında iqtisadi fəallığın artdığını, həmçinin Xəzəryanı regiondakı aktivliyi nəzərə alsaq, Azərbaycan, Qazaxıstan və Türkmənistanın yeni gəmilərə tələbatı bundan sonra da yüksək templərlə artacaq. Azərbaycan hökumətini məhz bu amillər gəmiqayırmanın bilavasitə ölkədə lokallaşdırılması imkanlarını nəzərdən keçirməyə vadar edib. Hədəf sadədir: işlərin düzgün təşkil ediləcəyi təqdirdə, bu gün xarici gəmiqayırma zavodlarına ödənilən ciddi məbləğlərə qənaət etmək mümkün olacaq. Zaman keçdikcə isə qonşu ölkələrdən gələcək sifarişlər qazanc əldə olunmasına imkan yaradacaq.
Ölkədə müasir çoxportfelli gəmiqayırma zavodunun inşası ideyası yekun formada Prezident İlham Əliyev tərəfindən, təxminən, 6 il əvvəl irəli sürülmüşdü. Elə həmin 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə onun Cənubi Koreyadan olan tərəfdaşı STX Shipbuilding Co. Ltd arasında bu cür müəssisənin tikintisinə dair memorandum imzalandı. Lakin 2008-ci ilin payızından başlayan qlobal iqtisadi böhran bu razılaşmaya müəyyən düzəlişlər edilməsinə, sonradan isə, ümumiyyətlə, əməkdaşlıqdan imtinaya səbəb oldu.
İkinci belə bir tərəfdaşın axtarışı uzun olmadı - artıq 2009-cu ilin noyabrında Sinqapurun Keppel Offshore & Marine gəmiqayırma şirkətilə razılaşma imzalandı. Müqaviləyə əsasən, yeni tərəfdaş - inşaat podratçısı və idarəedici şirkət layihədə 10% paya sahibdir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 65%, AİŞ-in payı isə 25% təşkil edir. Razılaşmanın şərtlərinə əsasən, 3 il ərzində Sinqapur şirkəti layihədəki payını 20%-dək artıra bilər.
Zavodun tikintisinin birinci fazasının dəyəri 405 milyon dollar, ikinci fazanın dəyəri isə 60 milyon dollar həcmində müəyyənləşdirilib. İşlərin görülməsinə xərclənən vəsaitin əsas hissəsi SOCAR və AİŞ tərəfindən ayrılıb.
Yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimi 2010-cu ilin martında olmuşdu. Həmin ilin dekabrında isə layihə iştirakçıları "Xəzər gəmiqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasına dair müqavilə imzaladılar. Maliyyə-təşkilati məsələlərin müzakirəsilə paralel olaraq, müəssisənin bilavasitə inşasına da başlanıldı. Layihənin yekun variantı Böyük Britaniyanın “Royal Haskoning” və Niderlandın “TTC” şirkətləri tərəfindən hazırlanıb.
İlk sifarişçilər
İnşaat işlərinə başlanılmasından 2,5 ildən də az vaxt keçməsinə baxmayaraq, zavod artıq hazırdır. 620 min kvadrat metr ərazidə tərsanənin istehsal məntəqələri tikilib. Stapellərin və gəminin yan alması üçün körpülərin uzunluğu 1630 metrə çatır. Tərsanə sexlərinin işıqlandırılması üçün sahənin ən aparıcı şirkətlərinin avadanlıqlarından istifadə olunub. Həmin avadanlıqlar Finlandiya, Niderland, Almaniya, Çexiya, Böyük Britaniya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdən gətirilib. Kompleksin ərazisində Xəzər regionunun ən böyük quru üzən doku tikilib. Gəmilərin təmiri və tikintisi üçün bu, çox vacibdir. Buna uyğun ölçüdə olan ikinci üzən dok, həmçinin yeni istehsal məntəqələri və gəminin yanalma körpüləri zavodun tikintisinin ikinci fazası çərçivəsində yaradılacaq.
Müəssisə ildə 25 min ton metal-konstruksiyanı emal etmək və quraşdırmaq iqtidarındadır. Beləliklə, artıq 2014-cü ilin sonlarında zavod ildə 15 min ton yüktutumu olan 4 tanker istehsal edə biləcək. İkinci mərhələdə isə bu gün Xəzərdə ən çox tələbatın hiss olunduğu yükgötürmə qabiliyyəti 70 min tonadək olan neft daşıma gəmilərinin istehsalına başlanılacaq. Zavodun gücü yeni gəmilərin istehsalı ilə paralel olaraq, ildə müxtəlif tonnajlı və təyinatlı 80-100 gəminin təmirinə və servis xidmətlərinin göstərilməsinə imkan verəcək.
Tankerlərlə yanaşı, zavodun digər stapellərində hər il dəniz neft donanmalarının işində istifadə edilən 4 ədəd təchizat-yedəkləmə gəmisi tikmək də mümkün olacaq.
SOCAR-ın bir müddət əvvəl yaydığı məlumata görə, Bakı gəmiqayırma zavodunun ilin sonunadək istehsal edib istifadəyə verəcəyi ilk gəmi port yedək gəmisi olacaq. Perspektivdə SOCAR, xüsusilə onun bölməsi olan Xəzər Dəniz Neft Flotiliyası və neft konsorsiumundakı beynəlxalq tərəfdaşlar yeni zavodun əsas sifarişçiləri ola bilərlər. Xəzərin Azərbaycan sektorunda yalnız neft-qaz əməliyyatlarının aparılması üçün qarşıdakı 20 ildə SOCAR-ın 110-dan artıq texnoloji gəmiyə və müxtəlif təyinatlı üzmə qurğusuna ehtiyacı var. İndi SOCAR-ın neft donanmasının yenilənməsi məsələsi kifayət qədər aktualdır. Çünki bu gün istifadə olunan gəmilərin əksəriyyəti uzaq 70-ci illərdə tikilib və artıq xeyli köhnəlib.
"Tezliklə Ələtdəki beynəlxalq dəniz limanının birinci sırası istifadəyə veriləcək. Növbəti ildə isə Bakı-Tiflis-Qars dəmir yolunun istismarına başlanılacaq. Nəqliyyat infrastrukturunun bu cür inkişafı İpək yolu vasitəsilə daşımaların həcminin artımına ciddi impuls verməlidir. Beləliklə, artıq yaxın zamanlarda ölkəmizin müasir standartlara cavab verən yeni gəmilərə ehtiyacı olacaq", - deyə Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirov bildirib. Bu qurum artıq yeni zavoda 10 gəmilik sifariş portfelini təqdim edib: 5 quru mal daşıyan gəmisinin və 5 tankerin tikintisi planlaşdırılır. Bununla yanaşı, idarə bu tipli gəmilərin xaricdən alışını dayandırıb. O, gələcəkdə bu sifarişləri daxili zavoda verməklə xeyli vəsaitə qənaət edəcəyini düşünür.
İstənilən halda, yeni zavodun işsiz qalma təhlükəsi yoxdur: hazırda Nazirlər Kabineti zavod üçün 10 ilə nəzərdə tutulan sifarişlər portfeli hazırlayır. Sifarişçilər arasında SOCAR və Xəzər Dəniz Gəmiçiliyi İdarəsilə yanaşı, güc strukturları, eyni zamanda Xəzərin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz layihələrindəki əsas tərəfdaş olan "BP" şirkəti də var.
Gələcəkdə Bakı gəmiqayırma zavodunun digər Xəzəryanı ölkələrdən də tankerlərin, yardımçı gəmilərin tikintisilə bağlı sifarişlər alacağı istisna deyil. Qazaxıstan və Türkmənistana gəlincə, onların özlərinin gəmiqayırma zavodu inşa etmək ideyaları hələ ki, layihə-hazırlıq mərhələsindədir. Odur ki, yaxın 5-6 ildə Xəzər hövzəsində gəmiqayırma sahəsində texnoloji güc yalnız Azərbaycan və Rusiya olacaq.
MƏSLƏHƏT GÖR: