TARİXDƏ İLK DƏFƏ
Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
Müəllif: Sənan NADİROĞLU
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” adını ölkə idman tarixinə yazıb. Qurban Qurbanovun baş məşqçisi olduğu klub qitənin ən nüfuzlu klub turniri - Çempionlar Liqasının Liqa mərhələsində ən güclü 24 komanda sırasına vəsiqə qazanıb. Bununla “Qarabağ” ilk dəfə pley-off mərhələsinə yüksəlib.
“Qarabağ” liqanı fəth edir
2026-cı ildə Azərbaycan çempionu avrokubokda iki oyun keçirib. Bakıda Almaniyanın “Ayntraxt” komandasını gərgin mübarizədə 3-2 hesabı ilə məğlub edən “Qarabağ” xalını 10-a çatdırıb. Son turda İngiltərədə “Liverpul”un qonağı olan “Qarabağ” 0-6 hesablı acınacaqlı məğlubiyyətə uğrasa da, əsas hədəfə nail olub. Azərbaycan komandası tarixdə ilk dəfə Çempionlar Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb.
“Liverpul”a qarşı matç barədə çox danışmağa ehtiyac yoxdur. Mersisaydlılar əksər cəhətlərdə Azərbaycan çempionunu üstələyib. Avropa futbolunun ən köklü və titullu komandalarından biri olan “Liverpul” 6 dəfə Çempionlar Liqasının qalibi olub. İstər büdcəsi, istər heyəti və istərsə də təcrübəsi ilə bir çox klub üçün əlçatmaz zirvədir. “Liverpul” həm də dünyanın ən güclü futbol çempionatlarından biri İngiltərə Premyer Liqasını təmsil edir. Bu mənada “Liverpul”a qarşı meydanda olmaq, mübarizə aparmaq və bu səviyyəni yaxından hiss etmək belə, “Qarabağ” üçün böyük təcrübədir.
Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlməsi təkcə bir illik uğur deyil, illərlə çəkilən zəhmətin, düzgün strategiyanın və böyük inamın nəticəsidir. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində digər rəqiblərə nisbətən ən az büdcəyə malik iki komandadan biridir. Bununla belə milyardlarla qiyməti olan “Çelsi” kimi komandaya qarşı əzmkar mübarizə aparmaq və heç-heçəyə nail olmaq “Qarabağ”ın gərgin oyunlara düzgün yanaşmasının nəticəsidir.
Ağdam klubu eyni zamanda 8 matçda 13 qol vurmaqla diqqətə səbəb olub. Əsas mərhələdə “Benfika”, “Kopenhagen” və “Ayntraxt”ı məğlub edən “Qarabağ” İngiltərə nəhəngi “Çelsi”ylə bərabərə qalıb. İlk dəfə azərbaycanlı futbolçu Elvin Cəfərquliyev “Çelsi” ilə matçda ən yaxşı oyunçu seçilərək UEFA-dan mükafat qazanıb. Eyni zamanda almanlara iki qol vuran Kamilo Duran “Ayntraxt”la görüşün ən yaxşı olaraq dəyərləndirilib. Bəhlul Mustafazadə alman klubuna qol vurmaqla Çempionlar Liqasında fərqlənən ilk azərbaycanlı futbolçu olub.
“Qarabağ”ın futbolçusu Kevin Medina yarışın ən yaxşı müdafiəçiləri sırasındadır. O, 8 oyunda düz 62 dəfə sonradan topu ələ keçirməyi bacarıb. Bu göstərici ilə 32 yaşlı oyunçu 3-cü yerdə qərarlaşıb.
Çempionlar Liqası “Qarabağ”ın mötəbər yarışa düzgün hazırlaşdığını göstərib. Eyni zamanda Ağdam klubunun bir neçə futbolçusu dünyanın aparıcı klublarının diqqətini cəlb edib. Artıq komandanın əsas üzvlərindən olan Bəhlul Mustafazadənin karyerasını Çin klubunda davam etdirəcəyi dəqiqləşib.
Pul mükafatı baxımından rekord
Çempionlar Liqasında pley-offa yüksələn “Qarabağ” həm də büdcəsini zənginləşdirib. Ağdamlılar pley-off mərhələsinə vəsiqə qazanmaqla həm tarixi nəticə əldə edib, həm də indiyədək ən yüksək pul mükafatına sahib olub. Təmsilçimiz yarışın Liqa mərhələsində iştirak etməklə 18,62 milyon avroya sahib olmuşdu. Burada hər xalın dəyəri 700 min avrodur. Üç qələbə 6,3, bir heç-heçə isə 0,7 milyon avronun büdcəyə əlavə edilməsinə səbəb olub. Yarışı 22-ci yerdə tamamlayan Azərbaycan çempionu mövqeyə görə minimum 4,125 milyon avro bonus əldə edib. Bundan başqa, UEFA pley-off mərhələsinə çıxış üçün 1 milyon avro ödəyir. Beləliklə, “Qarabağ” bugünədək 30,745 milyon avro (62,68 milyon manat) qazanıb. Bu rəqəm komandanın irəliləməsi halında arta bilər. Çempionlar Liqasının 1/8 finalına vəsiqə əlavə 11 milyon avro əldə etmək deməkdir.
“Qarabağ” uğurlu çıxışı sayəsində UEFA reytinqində Azərbaycanın xalını artırıb. Bu mövsüm toplanan 23,250 xaldan 18,750-si (80,6 faiz) məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb. Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb.
Həm üzücü, həm də sevindirici
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tarixi uğuru şərh edərkən azarkeşlərin bu nəticəyə layiq olduğunu qeyd edib: “Liverpulda məğlubiyyət üzücü oldu. Amma yekunda pley-offa yüksəlmək üzümüzü güldürdü. Bəlkə, səfərdə arxayınlıq var idi. Hər bir halda “Liverpul” və onun stadionu digərlərindən fərqli idi. Onun da təsiri oldu. Məncə, bir də oynasaq, meydanda bundan daha yaxşı olacağıq. Buna əminəm. Çünki futbolçularımla da paltardəyişmə otağında söhbətim oldu və dedik ki, bundan daha yaxşısına layiqik. Azərbaycan futbolu adına çox sevinirik. İlk dəfə Çempionlar Liqası kimi nüfuzlu yarışda pley-offa vəsiqə qazanmaq böyük uğurdur”.
Qeyd edək ki, növbəti mərhələnin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək. Azərbaycan çempionu ilk matçda Bakıda meydana çıxacaq.
MƏSLƏHƏT GÖR:




40

