22 Fevral 2026

Bazar, 22:46

MÜMKÜNSÜZLÜYÜN HÜDUDLARI

Qədim dünya möcüzələrindən gələcəyin futuristik şəhərlərinə qədər

Müəllif:

01.02.2026

Bəşəriyyət hər zaman özünü aşmağa çalışıb. Biz tanrıların və hökmdarların xatirəsini qorumaq üçün onlarla ton ağırlığında daşları qaldırırdıq. Əvvəllər yalnız küləyin əsdiyi yerlərə yol açmaq üçün qayaları yarırdıq. Ulduz bürclərindən daha parlaq olan şəhərlər salırdıq. Və hər dəfə, yeni bir nəticəyə çatar-çatmaz, dərhal növbətilər haqda xəyallar qurmağa başlayırdıq. Hündürlük, miqyas və ambisiyaya münasibətdə bu sonsuz meyl əslində, insanın ən davamlı xüsusiyyətlərindən biridir.

Ən qədim zamanlardan bəri insanlar təkcə praktik funksiya yerinə yetirən binalar deyil, həm də güc, müdriklik və gözəllik simvoluna çevrilən tikililər yaratmağa çalışıblar. Bu möhtəşəm tarixi abidələrinin bəziləri günümüzə qədər gəlib çatıb və milyonlarla insanı hələ də heyran edir. Lakin digərlərini zaman, müharibələr və ya təbii fəlakətlər məhv edib. Amma onların xatirəsi əfsanələrdə və tarixi salnamələrdə qalıb.

Bəşəriyyət tarixində yeddi dünya möcüzəsi var. Onların hər biri özünə məxsus unikallığa malikdir. Misirdəki G+iza piramidaları - antik dünyanın yeddi möcüzəsindən bu günə qədər qorunub saxlanılan yeganə möcüzədir - öz ölçüsü və konstruksiyasının dəqiqliyi ilə heyranlıq yaradır. Qədim Babildəki sirli və gözəl olan Semiramidanın Asma Bağlarından günümüzədək bir daş belə qalmasa da, o, şairləri və filosofları ilhamlandırıb. Olimpiyadakı Zevs heykəli qədim yunan heykəltəraşlarının ustalığını və monumental sənət əsərləri yaratmaq bacarığını nümayiş etdirirdi. Efesosdakı Artemida məbədi isə öz əzəməti və sütunlarının zərifliyi ilə heyranlıq doğururdu. Halikarnasdakı Mavzoley - möhtəşəm məqrəbə - bu günə qədər memarlıq və sənət harmoniyasının simvolu olaraq qalır. Rodos nəhəngi və İskəndəriyyə mayakı qədim sivilizasiyaların mühəndislik cəsarətini, insanın təbii qüvvələri aşmaq əzmini göstərirdi.

Bu möcüzələrin hər biri öz yaradıcılarının dövrünün və dünyagörüşünün sübutu idi. Onlar yalnız praktik məqsədlərə xidmət etmək və ya şəhərləri bəzəmək üçün deyil, həm də insanın ölümsüzlüyə can atması, tarixdə iz qoymaq istəyi və nə xətkeşlə, nə də zamanla ölçülə bilməyən ideallara yaxınlaşmaq arzusunu ifadə etmək üçün yaradılırdı.

 

Valeh edən yeddi möcüzə

Müasir dövrdə bəşəriyyət yenidən insan düşüncəsinin əzəmətini və mühəndisliyin ustalığını əks etdirən tikililəri qeyd etmək istəyib. 2007-ci ildə geniş beynəlxalq səsvermədən sonra təxəyyülü heyrətləndirən və dünyanın hər yerindən milyonlarla insana ilham verən tikililəri özündə birləşdirən “Yeddi yeni dünya möcüzəsi” siyahısı tərtib olunub.

Böyük Çin Səddi - güc, dözümlülük və tarixi müdrikliyin simvoludur. Bu nəhəng müdafiə kompleksi min kilometrlərlə uzanaraq dağ silsilələrini, düzənlikləri və səhraları birləşdirir. O, insanın qarşısına möhtəşəm bir məqsəd qoyduğu təqdirdə landşafta necə təsir göstərə biləcəyini xatırladır.

İordaniyadakı Petra isə birbaşa qayaların daxilində yaradılmış şəhərdir. Onun çəhrayı daşdan fasadları və mürəkkəb su təchizatı sistemi kompleksi nəinki memarlığın unikal bir abidəsi, həm də qədim xalqların mühəndislik dahiliyinin şah əsəri edir.

Braziliyadakı Xilaskar Məsih heykəli isə Rio-de-Janeyro üzərində ucalır və təkcə şəhərin və ölkənin deyil, həm də mənəvi harmoniyanın, dostluğun və açıq dünyanın simvoluna çevrilib. Nəhəng ölçüləri və Korkovadu dağında yerləşdiyinə görə bu abidə şəhərin hər guşəsindən görünür və sanki bütün sakinləri və qonaqları ağuşuna alır.

Perudakı Maçu-Pikçu - And dağlarının yüksəkliyində yerləşən inka utopik şəhəridir. O, təbiət və insan memarlığının harmoniyası, daş hörgüsü ilə bağlı ustalığı və qədim sivilizasiyaların ən çətin əlçatan yerlərdə şəhərlər yaratmaq bacarığı ilə heyranlıq doğurur.

Meksikadakı Çiçen-İtsa - Maya sivilizasiyasının mərkəzi, din, astronomiya və mühəndisliyin vəhdət təşkil etdiyi məkandır. Bu kompleksin piramidaları, məbədləri və rəsədxanaları qədim xalqlarda kosmos və zaman haqqında heyrətamiz anlayışı nümayiş etdirir.

İtaliyadakı Kolizey - Roma imperiyasının əzəmətinin rəmzidir. Bu amfiteatr on minlərlə tamaşaçı tuta bilir, eyni zamanda, memarlıq və mühəndis fikrinin şah əsəri olaraq qalırdı. Bundan başqa, o, qədim inşaatçıların belə məkanları yaratmaq və insan axınlarını idarə etmək imkanlarını nümayiş etdirirdi.

Hindistandakı Tac Mahal - əbədi sevgi və harmoniyanın abidəsidir. Ağappaq mərmər, incə naxışlar və mükəmməl proporsiyalar onu planetin ən gözəl tikililərindən birinə, daşda həkk olunmuş sənət və insan emosiyalarının simvoluna çevirir.

Bir sözlə, bu yeddi tikili insanın gözəlliyə, dəqiqliyə və əzəmətə olan ehtirasının irsidir. Onlar müxtəlif dövrlərin və qitələrin mədəniyyətini, tarixini və mühəndislik fikrini birləşdirərək, dünyada iz qoymaq arzusunun insan təbiətinin əbədi hissəsi olduğunu göstərir.

 

Möcüzələr təkrarlanır

Müasir dünya insan cəsarəti və texnoloji imkanların təxəyyülünü heyrətləndirə bilən tikililər yaratmaq üçün birləşdiyi memarlıq və mühəndislik bumunun şahidi olub. Bugünkü nəhənglər sadəcə dünya xəritəsində simvolik nöqtələrə çevrilməyib - onlar insanın rekordlara, yeniliyə və təbiəti aşmaq arzusunun simvoluna çevrilib.

Ən təsirli nümunələrdən biri Dubayda yerləşən Bürc Xəlifədir. 828 metr hündürlüyündə olan bu qüllə dünya tikintisi üçün yeni bir istinad nöqtəsinə çevrilib. Onun cəsarətli forması və texnoloji həlləri səhra küləklərinə davam gətirməyə imkan verir, ziyarətçilərdə təxminən bir kilometr yüksəkliyə qalxan liftləri isə uçuş hissi yaradır.

Sankt-Peterburqdakı Laxta Mərkəzi - göydələnlər arasında şimal rekordçusudur. Onun zərif spiral forması və şüşə fasadı səma və suyu əks etdirərək, təsirli ölçülərinə baxmayaraq, yüngüllük hissi yaradır. Bu göydələn müasir materialların və texnologiyaların mürəkkəb iqlim şəraitində dayanıqlı binalar yaratmaq imkanını nümayiş etdirir.

Çjunxay-Juxay-Makao körpüsü - XXI əsrin ən böyük mühəndislik nailiyyətlərindən biridir. Sualtı tunel daxil olmaqla, uzunluğu 50 kilometrdən çox olan suüstü körpülər şəhərləri və bölgələri birləşdirir və nəqliyyat və logistika üçün yeni üfüqlər açır.

Çindəki “Üç dərə bəndi” - dünyanın ən böyük çaylarından birinin gücünü idarə edə bilən nəhəng hidrotexniki sistemdir. O, təkcə milyonlarla evi enerji ilə təmin etmir, həm də əraziləri daşqınlardan qoruyaraq, mühəndislik fikri ilə strateji planlaşdırmanın birləşməsini nümayiş etdirir.

Böyük Adron Kollayderi (BAK) - İsveçrə və Fransa sərhədində CERN-də (Avropa Nüvə Tədqiqatları Təşkilatı) yerləşən dünyanın ən böyük elementar hissəciklər sürətləndiricisidir. Bu, kainatın mövcudluğunun ən erkən anlarını araşdıran 27 kilometrlik yeraltı nəhəngdir. Bu elmi konstruksiya qabaqcıl texnologiyaları və insan marağını birləşdirərək, mühəndislik qurğusunu təbiətin fundamental qanunlarını öyrənmə alətinə çevirir.

Son illərin digər görkəmli binaları arasında Sinqapurdakı “Marina Bay Sand”-i — nəhəng dam örtüyü “səma parkı” platforması ilə birləşdirilmiş üç qülləni — və binanın üzvi forması və qeyri-adi materialları müasir memarlığın ikonik nümunəsinə çevrilmiş Bilbaodakı məşhur Quqqenhaym Muzeyini qeyd etməmək mümkün deyil. Parisdəki “Lui Vitton Fondu” İncəsənət Mərkəzi şüşə və metalın yüngüllüyünü nümayiş etdirir, Münhendəki “Allianz Arena” stadionu isə hadisədən asılı olaraq rəngini dəyişən LED fasadı ilə heyranlıq doğurur.

Dubay və Sinqapurdakı okeanariumlar və sualtı tunellər tam immersiya hissi yaradır, Kaliforniyadakı “Apple Park” ekoloji cəhətdən dayanıqlı texnologiyaları ilə, Londondakı “The Shard” - iti şpili olan göydələn isə Böyük Britaniyanın paytaxtının simvoluna çevrilərək dərin təssürrat yaradır. Və Dubayda yerləşən yelkən formasında göydələn-hotel olan Bürc əl-Ərəbi unutmaq olmaz. O, mühəndislik mürəkkəbliyini, lüksü və memarlıq cəsarətini birləşdirir.

Bu tikililərin hər biri sübut edir ki, XXI əsr - memarlıq layihələrinin miqyası və mürəkkəbliyinin təkcə estetika ilə deyil, həm də əvvəllər qeyri-mümkün görünən mühəndislik çağırışları ilə müəyyən edildiyi bir dövrdür. Onlar müasir texnologiyaların insanın cazibə qüvvəsi, təbiət və insan fantaziyasının tarazlıq tapdığı və həqiqi sənət əsərləri və mühəndislik ustalığına çevrildiyi məkanı yaratmağa necə imkan verdiyini göstərir.

Müasir şah əsərlər təkcə mütəxəssislərə deyil, həm də dünyanın hər yerindən milyonlarla insana ilham verir, bizi mümkünlük anlayışını yenidən dərk etməyə vadar edir. Onlar bütöv şəhərlərin, ölkələrin və dövrlərin simvollarına çevrilir, insanın ambisiyalarının sərhəd tanımadığını və reallığın yalnız onun xəyallarına çatdığını xatırladır.

 

XXI əsrin meqalayihələri: gələcək artıq inşa olunur

Bəşəriyyət tədricən “maksimum mümkün olanı tikmək” fikrindən uzaqlaşaraq, şəhərlərin və binalarının necə olmalı, əhalinin sıxlığının nə qədər ola biləcəyi üzərində yenidən düşünməyə çalışır. Yaxın onilliklərdə yer üzündə bu gün fantastika kimi görünən, lakin artıq layihələndirilmiş, təməli qoyulmuş və ya tikilməkdə olan qurğular peyda ola bilər.

Ən iddialı belə nümunələrdən biri Səudiyyə Ərəbistanında yerləşən NEOM-dur: miqyasi insanda dərin təəssürat yaradan “gələcəyin şəhəri”. Bu şəhərin sahəsi təxminən 26 500 kvadrat kilometrdir. Bu layihə çərçivəsində “The Line” - ilkin olaraq 170 kilometr uzunluğunda və təxminən 500 metr hündürlüyündə üfüqi meqapolis-xətt düşünülüb. İdeya belədir: bütün nəqliyyat və kommunikasiya xətləri yerin altında, yerin üstündə isə avtomobilsiz, yolsuz, ekoloji cəhətdən düşünülmüş strukturda yaşayış rayonları və təbiət yerləşir. Müqayisə üçün: 500 metr — təxminən indiki 1,5-2 nəhəng göydələn deməkdir, 170 kilometr isə ayrı-ayrı şəhərlərin deyil, bütöv bir böyük regionun uzunluğu ilə müqayisə oluna biləcək məsafədir. 2025-2026-cı illərdə layihənin miqyasına yenidən baxılmasına və tikintinin bütün xətt boyunca deyil, hissə-hissə planlaşdırılmasına baxmayaraq, NEOM hələ də urbanistik cəsarətin və həyat forması üzərində aparılan eksperimentin simvolu olaraq qalır.

Ərəb dünyasından kənarda olan, lakin daha az təsir bağışlamayan layihə Çinin Uxan şəhərindəki “Phoenix Towers”dir. Bu, 1 kilometrə qədər ümumi hündürlüyü olan iki “super hündür” qüllə kimi düşünülüb. İndi belə hündürlükdə tikili dizayn eskizlərində belə, nadir hallarda rast gəlinir. Onun inşası uğurla başa çatdırılarsa, bu qüllələr planetin ən hündür tikililəri arasında olacaq. Layihədə yaşayış məkanları, ofislər, ticarət mərkəzləri var. Memarlar həmçinin “yaşıl texnologiya”lar da təklif edirlər: günəş panelləri, “təmiz enerji”, dayanıqlı infrastruktur da nəzərdə tuturlar. 1 kilometr - bu, müasir standartlara üçün əsl çağırışdır: bu, indi hətta əksər “meqa göydələnlər”in qalxmadığı bir səviyyədir.

Lakin Asiya gələcək səmanın yalnız bir hissəsidir. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda layihə hündürlüyü 2000 metr, yəni 2 kilometr olan “Rise Tower” meqa göydələnin inşası planlaşdırılır. Əgər bu layihə həyata keçirilərsə, bununla tarixdə ilk dəfə “iki kilometrlik” qüllə inşa olacaq: indiki rekordçulardan təxminən iki, günümüzün ən məşhur “nəhəngləri”ndən üç dəfə hündür. Məlumata görə, qüllənin daxilində hotellər, yaşayış məkanları, ofislər, baxış meydançaları, istirahət, “şaquli şəhər” infrastrukturu olacaq. Onun inşasına bu il başlanılacaq. Tikinti işlərinin 2035-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Bu layihə təxminən 5 milyard dollara başa gələcək.

Sahilyanı şəhər olan “Jeddah Economic City” də “hündürlük yarışı”nda geridə qalmaq istəmir: orada ilk “kilometrlik” göydələn olmağa namizəd “Jeddah Tower” tikilir. Uzun bir durğunluqdan sonra tikinti bərpa edilib və son məlumatlara görə, qüllə 2028-ci ilə qədər 1000+ metr hədəfinə çatmalıdır. Eyni zamanda, o, lüks yaşayış və hotel məkanları, ofisləri və dünyanın ən hündür baxış platformalarından birini əhatə edəcək: bu gün yer üzündə mövcud olan hər şeydən yüzlərlə metr yüksəkdə. Bu, ciddi bir addım olacaq: “göydələn rekordçu” üçün cari dünya rekordu heç də hədd deyil.

BƏƏ-nin Dubay şəhərində hələ də səma mənzərəsini dəyişməyə namizəd göydələn layihələri var. Belə ki, layihə hündürlüyü 725 metr olan (və bu göstəricini artırmaq imkanı ilə) “Burj Azizi” adlı  yaşayış/hotel kompleksi artıq tikilir. Tikintisi başa çatdıqdan sonra onun Dubayın hündürlüyünə görə ikinci binası olacağı vəd edilir. Buranın lüks mənzillərin, hotelin, həmçinin hotel lobbisinin, panoramik meydançaların və əyləncə məkanlarının hündürlüyü üzrə rekordlar qıracağı gözlənilir. Bu, göydələnlərlə dolu şəhərlərdə belə, hündürlük və lüks üçün yarışın dayanmadığını nümayiş etdirir.

Bəs bütün bunlar bizim və memarlığın gələcəyi üçün nə deməkdir? Bu nümunələr fantaziya deyil, real planlar və müqavilələr, artıq əsası qoyulmuş və bəziləri artıq başlanılmış layihələrdir. Onlar göstərir ki, XXI əsr şaquli və üfüqi eksperimentlər dövrü ola bilər: şəhər-xətlər, meqa göydələnlər, “şaquli şəhərlər”, “göydələn şəhərlər”, ekoloji cəhətdən təmiz “şəhər orqanizmlər”i və adi proporsiyaları şübhə altına alan memarlıq rekordları.

Bu böyük layihələr göstərir ki, gələcəyin memarlığı sadəcə tikinti olmaqdan çıxır. O, təxəyyül və insan imkanının sərhədləri üçün çağırışa çevrilir. Şəhər-xətlər, nəhəng qüllələr, şaquli ekosistemlər və futuristik stadionlar - bütün bunlar fantaziyalar deyil, dünyanı dəyişdirə bilən real planlardır. Hətta bütün layihələr başa çatdırılmasa da, onlar artıq bu gün yeni standart təyin edirlər: cəsarət, ambisiyalar və texnoloji cürət gündəlik həyatın bir hissəsinə çevrilir. Sabahın şəhərləri təəccübləndirməyi, ilhamlandırmağı və heyrətləndirməyi vəd edir, bəşəriyyətin əzəmətinin təkcə əldə edilənlərlə deyil, həm də xəyal etməyə cəsarət etdiyimiz məsələlərlə ölçüldüyünü nümayiş etdirir.



MƏSLƏHƏT GÖR:

33