“RƏQƏMSAL MAYAK”
Qabaqcıl texnologiyaların tətbiqi - Azərbaycan Dövlət Neft Şirkətinin ixracının genişləndirilməsinin əsas strategiyası
Müəllif: Ağasəf NƏCƏFOV
Azərbaycanın sənaye inkişafının ən mühüm istiqaməti ənənəvi olaraq yüksək ixrac potensialına malik neft-kimya sektoru ilə bağlıdır. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) ən böyük polimer və metanol zavodları ilə yanaşı, artıq 7 ildən çoxdur ki, təbii qazdan ammoniak və karbamid gübrələri - yüksək əlavə dəyərli məhsullar istehsal edən, yerli sənayenin flaqmanı olan “SOCAR Karbamid” zavodu fəaliyyət göstərir. Xəzər regionunda ən böyük və əsasən xarici bazara yönəlmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu zavodu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda (ÜİF) “Digital Lighthouse Award” (“Rəqəmsal Mayak”) mükafatına layiq görülüb və nüfuzlu “Global Lighthouse” (Qlobal Mayaklar Şəbəkəsi) şəbəkəsinə qəbul edilib.
Qeyri-neft prioritetləri
Bir neçə il əvvəl qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq ölkədə əsasən xammal ixracından qeyri-neft sənayesinin inkişafına və xarici bazara yüksək əlavə dəyərli məhsulların çatdırılmasına mərhələli keçid həyata keçirilir. Bununla yanaşı perspektivli istiqamətlərdən biri kimi neft-kimya sənayesinin inkişafı müəyyən edilib. Ötən onilliklər ərzində SKSP bazasında polimer, məişət və tikinti kimyası məhsullarının istehsalı, ikincili xammalın emalı, o cümlədən “yaşıl” və tullantısız texnologiyalardan istifadə ilə çoxlu sayda yeni müəssisələr açılıb.
Yerli kimya sənayesinin flaqmanları iri “SOCAR Metanol” zavodu və 2019-cu ilin əvvəlində istifadəyə verilmiş Dövlət Neft Şirkətinin müəssisəsi olan “SOCAR Polymer”dir. “SOCAR Polymer” bir neçə növ polipropilen, yüksək sıxlıqlı polietilen, digər polimer xammalı və yarımfabrikat məhsullarının aparıcı istehsalçısı və ixracatçısıdır. Qeyd edək ki, “SOCAR Polymer”in xarici bazarlardakı sabitliyi əsasən SOCAR-ın Türkiyədə yerləşən və regiondakı ən böyük neft-kimya zavodlarının təchizatçısı statusu ilə bağlıdır. Söhbət İzmirdəki “Petkim Petrokimya Holding” neft-kimya kompleksi, eləcə də STAR Neft Emalı Zavodundan (NEZ) gedir. Ölkənin neft-kimya kompleksinin səmərəli işinin sübutu ixrac dinamikasıdır ki, bu da ümumi qeyri-xammal xarici tədarükü göstəricilərini demək olar ki, üç dəfə üstələyir. Müqayisə üçün qeyd edək ki, əgər ötən ilin yanvar-sentyabr aylarında ölkəmizdən ümumi qeyri-neft tədarükünün həcmi pul ifadəsində 2,6 milyard dollar təşkil edib və 7,7% artıbsa, eyni dövrdə ixrac edilən neft-kimya sənayesi məhsullarının dəyəri 22% artıb.
Keçən ilin sentyabrında Minskdəki BELEXPO sərgi mərkəzində çıxış edən Azərbaycan Baş naziri Əli Əsədov SOCAR-ın Türkiyədəki törəmə müəssisələrinin dünyanın ən qabaqcıl rəqəmsallaşdırılmış sənaye müəssisələrindən biri kimi nüfuzlu WEF mükafatına layiq görüldüyünü vurğulayıb. Xatırladaq ki, 2020-ci ildə bu mükafatı “Petkim” zavodu, 2021-ci ildə isə STAR NEZ alıb. Ötən il Azərbaycanda yerləşən “SOCAR Karbamid” zavodu Davosda təqdim edilən mükafata namizədlər siyahısına daxil edilib.
Rəqəmsal səmərəlilik
Əldə edilən uğurlar müasir texnologiyaların ardıcıl tətbiqi və “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində sənayenin transformasiyası ilə bağlıdır. Bu məqsədlə Dövlət Neft Şirkəti istehsal səmərəliliyinin artırılması, proseslərin təhlükəsizliyi və əmək mühafizəsi və ekologiyanın idarə edilməsi ilə bağlı qabaqcıl metodlara investisiya yatıraraq bu sahələrdə əhəmiyyətli irəliləyişə nail olub.
Təəccüblü deyil ki, nüfuzlu beynəlxalq mükafat azot gübrələr istehsalı üzrə ölkənin digər flaqman müəssisəsinə də verilib: mükafatı yanvarın 20-də Davosda ÜİF çərçivəsində SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib. “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir”, - M.Cabbarov bildirib.
“SOCAR Karbamid” zavodunda mürəkkəb kimyəvi istehsal proseslərinin idarə edilməsi qabaqcıl avtomatlaşdırma və süni intellekt (AI) modelinə əsaslanır: zavodda AI əsasında 42 rəqəmsal həll tətbiq edilib. Sənaye 4.0 modeli sayəsində karbon emissiyaları 19%, istehsal tullantıları 72% və planlaşdırılmamış dayanmalar 82% azalıb.
“Rəqəmsal mayak” mükafatını alaraq “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni zamanda, rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir”, - SOCAR-ın prezidenti Rövşən Nəcəf ÜİF 2026-da çıxış edərkən bildirib.
Davos forumunun kuluarlarında SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev qeyd edib ki, rəqəmsal transformasiya strategiyasını həyata keçirərək SOCAR dünyanın 210-250 şirkəti arasında verilən beynəlxalq mükafata üçüncü dəfə layiq görülüb. Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan karbamid zavodunun belə bir mükafata layiq görülməsi ilk dəfədir. O vurğulayıb ki, zavodda texnoloji mükəmməlliyin artması ilə yanaşı, istehsal səmərəliliyi yüksəldilib, ekoloji cəhətdən təmiz enerjiyə keçid təmin edilib və müəssisə əməkdaşlarının yeni texnologiyalardan istifadəsi təkmilləşdirilir.
İxraca yönəlməklə
“SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı Sumqayıt Kimya Sənaye Parkına media turda karbamid zavodunun nüfuzlu “Digital Lighthouse” şəbəkəsinə daxil edilməsinə imkan yaradan məsələlərdən danışıb. “SOCAR üçün "Sənaye 4.0"ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, Karbamid zavodunun “Rəqəmsal Mayak” layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, “Sənaye 4.0”ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub.
2023-2024-cü illər ərzində həyata keçirilən layihə əsas bazaların tətbiqi və sonrakı analitik həllər sayəsində zavodun istehsal gücünü 21% artırmağa və xərcləri azaltmağa imkan verib. Hər ton karbamid istehsalı üçün istifadə olunan təbii qazın sərfi 24%-dən çox azalıb.
Karbamid zavodunun nüfuzlu “Global Lighthouse Network”ə daxil edilməsinin əhəmiyyətli üstünlüklərindən biri də ölkəmizin Sənaye 4.0-ın inkişafında əldə etdiyi nailiyyətlərinin tanınmasıdır. Digər məsələlər sırasında bu addım Azərbaycanda ekoloji, sosial və idarəetmə hesabatlılığı (ESG) prinsiplərinin həyata keçirildiyindən xəbər verir. Bu, o deməkdir ki, yerli kimya sənayesində zəhərli tullantıların azaldılması üzrə iş aparılır, emal və çeşidləmənin tullantısız texnologiyaları inkişaf etdirilir, istehsal proseslərinin maksimum rəqəmsallaşdırılması isə əmək təhlükəsizliyinə kömək edir. Bu, sadəcə nüfuz məsələsi və ya xarici hesabat üçün mövzu deyil: ESG standartlarını tətbiq edən və riayət edən müəssisələrə dünya banklarında güzəştli kreditlər daha əlçatandır, ixrac prosedurları, o cümlədən beynəlxalq standartlaşdırma, sertifikatlaşdırma və s. proseslər də sadələşdirilir.
Sadalanan məsələlər təxminən 6 ildən əvvəl istismara verilən və yerli neft-kimya sənayesində ən ixracyönümlü müəssisələrdən biri olan “SOCAR Karbamid” üçün vacibdir. Bu məqamda qeyd edək ki, karbamid ixracının dinamikası son illərdə sürətlə artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında xarici bazarlara 163,4 milyon dollar dəyərində karbamid tədarük olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9% çoxdur.
Məlumdur ki, karbamid zavodu üç sənaye sahəsindən - ammonyak, karbamid və karbamid qranullaşdırılması sahəsindən ibarətdir. Onun gücü sutkalıq 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir, gübrələrə artan bazar tələbatı nəzərə alınaraq onların istehsal həcmləri demək olar ki, layihə gücünə çatdırılıb. “SOCAR Karbamid” gübrələrə olan daxili tələbatı - istehsalın təqribən 12%-ni tam qarşılayır, həmçinin bu sahədə mühüm ixracatçıya çevrilib. Biz gübrələrin ixracını Ukrayna, Rumıniya, Bolqarıstan, Türkiyə və Kanadaya həyata keçiririk və əgər logistik çətinliklər olmasa, ABŞ-yə də tədarükü quraşdıracağıq”, - media tur zamanı zavodun direktoru Kutay Durna bəyan edib və vurğulayıb ki, il ərzində onlar 650 min ton tədarük edə bilərlər.
Qeyd etmək lazımdır ki, qlobal azot gübrələr bazarı son üç-dörd il ərzində mürəkkəb geosiyasi və iqtisadi proseslər səbəbindən bir neçə kəskin yüksəliş və enmə yaşayıb. Vəziyyət 2025-ci ildə sabitləşib, davamlı tələbat fonunda azotlu gübrələrin qiymətləri artıb. 2026-cı ilin yanvarında isə dünya gübrələr bazarı yeni artım dalğası yaşayıb - karbamid Asiya ölkələrinin aktiv alışları və məhdud təklif fonunda bahalaşıb. Əsas tələbatı Yaxın Şərqdən və Süveyş kanalının şərqindəki regionlardan aktiv şəkildə həcmlər cəlb edən Hindistan və Avstraliya formalaşdırır. Nəticədə Avropa bazarı təzyiq altına düşüb, Cənub-Şərqi Asiyada qiymətlər isə artıq qranulyar karbamid üçün ton başına 415 dollara yaxınlaşıb. Qiymət sıçrayışı ilə əlaqədar Avropa Komissiyası gübrələrə idxal rüsumlarının müvəqqəti olaraq ləğvi imkanına baxır. Bütün bunlar bizim ölkə üçün də imkanlar pəncərəsi açır.
Gübrələr bazarının yeni konyunkturası göstərir ki, rəqəmsallaşma, enerji səmərəliliyinin artırılması və ESG-yanaşma bu gün sadəcə trend deyil, qlobal sənaye zəncirinə çıxış şərti olur. “SOCAR Karbamid” artıq bu paradiqmaya uyğunlaşıb, qeyri-xammal ixracının inkişafında və ölkənin sənaye profilinin yüksəldilməsindəki rolunu gücləndirib. Nəticədə, neft-kimya sənayesi Azərbaycanın uzunmüddətli sənaye strategiyasının əsas dayaqlarından birinə çevrilir.
MƏSLƏHƏT GÖR:


49

