15 Mart 2026

Bazar, 18:42

YENİ REALLIQ

Builki Dünya İqtisadi Forumunda gündəm qlobal ticarətin dönməz prosesləri oldu

Müəllif:

01.02.2026

Davosdakı növbəti forum, özünün əsl təyinatına rəğmən, daha çox geosiyasi problemlərin müzakirəsinə yönəlmişdi. Qlobal iqtisadiyyatdakı vəziyyətə həsr olunmuş bu nadir müzakirələrdə isə əsasən bədbin və narahat notlar səslənirdi. Dünya İqtisadi Forumunda (DİF) toplaşan iqtisadi elita faktiki olaraq səmərəliliyə yönəlmiş qloballaşmadan dayanıqlılıq və tərəfdaşların siyasi uyğunluğuna istiqamətlənmiş modelə keçidi qeydə alıb. Bu o deməkdir ki, dünya ticarətinin arxitekturası yaxın illərdə tsiklik deyil, struktur baxımından dəyişəcək.

 

Risklər və adaptasiya arasında

Müasir dövrün iqtisadi problemlərini forumun yekun sessiyasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonco-İveala, Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard və Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva müzakirə ediblər.

Nqozi Okonco-İveala baş verənləri son 80 ildə qlobal ticarətdə ən ciddi sarsıntılar kimi xarakterizə edib. O vurğulayıb ki, təchizat zəncirlərində müşahidə edilən dayanıqlılıq belə, yanlış təsəvvür yaratmamalıdır - fundamental dəyişikliklərin baş verməsi məsələsində geri dönüş yoxdur.

Kristin Laqard da forum iştirakçılarına “siqnalları səs-küydən ayırmağı” məsləhət görüb. AMB-nin rəhbəri dünya nizamının dağıldığını müşahidə etmədiyini vurğulayıb (belə narahatlıqları, xüsusən, Kanadanın Baş naziri Mark Karni ifadə etmişdi). Lakin o, qlobal iqtisadiyyatın transformasiyasını müşahidə etdiyini bildirib. Onun fikrincə, ölkələr iqtisadi artımın keyfiyyətinə, innovasiyaların dəstəklənməsinə və əmək məhsuldarlığının yüksəldilməsinə daha çox diqqət yetirməlidirlər.

Kristalina Georgieva isə regional inteqrasiyanın potensialını qeyd edərək dəyişikliklərin təbii xarakter daşıdığını və artıq uzun illərdir davam etdiyini, yeni sarsıntıların isə qaçılmaz olduğunu bildirib: “Biz artıq Kanzasda deyilik”. O, “Oz ölkəsinin sehrbazı”ndan bir ifadəni sitat gətirərək vurğulayıb ki, tanış rahatlıq və proqnozlaşdırıla bilənlik əbədi olaraq geridə qalıb.

Əslində, Davosdakı müzakirələrin əsas leytmotivi ondan ibarət idi ki, qlobal ticarətin iştirakçıları tərəfdaşların hər bir kəskin bəyanatına və ya tarif təhdidlərinə ani cavab taktikasından imtina etməlidirlər. Bunun əvəzinə “soyuqqanlı adaptasiya” strategiyası təklif olunur: logistikanın, müqavilələrlə yaradılan əlaqələrin və investisiya qərarlarının yeni reallığa uyğun tədricən yenidən qurulması.

Belə yanaşma ABŞ-nin tarif təşəbbüsləri və onların ticarət tərəfdaşlarının cavab tədbirləri fonunda xüsusilə aktual görünür. Oriyentirlərin və bazarlara çıxış şərtlərinin daimi dəyişməsi artıq işgüzar gözləntilərə, investisiya aktivliyinə və istehlakçı əhvali-ruhiyyəsinə təzyiq göstərir. Şirkətlər biznes-modellərə təkcə iqtisadi deyil, həm də siyasi riskləri daxil etməyə məcburdurlar. Bu isə layihələrin dəyərini artırır və geri ödəniş  müddətlərini uzadır.

Beynəlxalq təşkilatların qiymətləndirmələri təsdiqləyir: qeyri-sabitlik effekti artıq rəqəmlərdə əks olunur. Əgər 2025-ci ildə qlobal ticarət nisbi dayanıqlılıq nümayiş etdirirdisə - artım əsasən yeni maneələrin tətbiqindən əvvəl qabaqlayıcı tədarüklər hesabına təxminən 3,8% olaraq qiymətləndirilirdi - 2026-cı ildə artım tempinin 2,2%-ə qədər yavaşlayacağı gözlənilir. Söhbət şirkətlərin məhdudiyyətlər qüvvəyə minənə qədər çatdırılmaları qabaqcadan sürətləndirdiyi, ehtiyatlar yaratdığı və müqavilələrin vaxtını dəyişərək “aradan çıxmağa” çalışdıqları vəziyyətdən gedir. İndi isə bu müvəqqəti dəstək amili tükənməkdədir.

Bununla yanaşı, vacib məqam odur ki, proteksionizmin güclənməsi və ticarət münaqişələri fonunda belə qlobal inteqrasiya yox olmur. Mal və xidmət ticarətinin həcmi hələ də qlobal ÜDM-in yarısından çoxunu təşkil edir. Lakin onun konfiqurasiyası dəyişir. Şirkətlər təchizat zəncirlərini şaxələndirir, bir regiondan asılılığı azaldır, alternativ marşrutlar inkişaf etdirir və inkişaf etməkdə olan ölkələrin xətti ilə əməkdaşlığı gücləndirir. Diqqət getdikcə daha çox maksimum səmərəliliyə deyil, məqbul etibarlılığa yönəldilir.

Risk üçün əlavə mənbə olaraq bir sıra iqtisadiyyatlarda borc yüklənməsi və borclanmanın yüksək dəyəri, həmçinin zəif investisiya dinamikası qalır. Yeri gəlmişkən, Dünya İqtisadi Forumunda təqdim olunan ekspert sorğuları ehtiyatlı və mənfi gözləntilərin üstünlüyünü göstərir. Dünyanın aparıcı iqtisadçılarının yarıdan çoxu cari ildə qlobal konyunkturun pisləşməsini proqnozlaşdırır. Bu, o deməkdir ki, qlobal ticarət azalan tələb və istənilən şoklara - geosiyasətdən tutmuş enerji daşıyıcılarının və logistikanın qiymətlərinə qədər - yüksək həssaslıq mühitində inkişaf edəcək.

 

Texnoloji amil

Bu fonda regional inteqrasiya ticarət axınlarının artımının az sayda dayanıqlı mənbələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Davosda dəfələrlə vurğulanırdı ki, məhz regional ittifaqlar qlobal fraqmentasiyanı qismən kompensasiya etməyə qadirdir. Region daxilində ticarət, investisiya və sənaye siyasətinin daha sıx koordinasiyası qeyri-müəyyənliyi azaldır və biznes üçün daha proqnozlaşdırıla bilən mühit formalaşdırır.

Buna nümunə olaraq, Cənub-Şərqi Asiya dövlətləri və Fars körfəzi ölkələri arasında sürətlə inkişaf edən əlaqələr göstərilib. Burada qarşılıqlı ticarət genişlənir, infrastruktura, energetikaya və rəqəmsal xidmətlərə investisiyalar artır. Nəticədə, ayrı-ayrı güc mərkəzlərindəki dalğalanmalardan daha az asılı olan, konsolidasiya olunmuş regional bazarlar formalaşır. Əslində, bu, bir universal sistem əvəzinə qlobal ticarətin bir neçə paralel “qovşağı”nın formalaşmasıdır.

Forumda ticarət proseslərinin texnoloji transformasiyasına xüsusi diqqət yetirilib. Rəqəmsal platformaların tətbiqi, logistikanın avtomatlaşdırılması, tələbin proqnozlaşdırılmasında və təchizat zəncirlərinin idarə olunmasında süni intellektdən istifadə mühüm kompensasiyaedici amilə çevrilir. Texnologiyalar xərcləri azaltmağa, əməliyyatların şəffaflığını artırmağa və fasilələrə daha sürətli reaksiya verməyə imkan verir. Tarif maneələrinə daha az həssas olan sərhədlərarası təchizat, rəqəmsal və peşəkar xidmətlər xüsusilə sürətlə böyüyür.

Struktur dəyişiklik, həmçinin xidmət ticarəti - turizm, maliyyə, təhsil, İT həlləri istiqamətində baş verir. Uzunmüddətli perspektivdə məhz bu seqment beynəlxalq mübadiləni genişləndirməyin əsas hərəkətverici qüvvələrindən biri ola bilər.

Ümumilikdə, Davosdakı müzakirələrdən kifayət qədər sərt, lakin realist nəticə ortaya çıxır: yalnız minimum xərclərə və maksimum sürətə əsaslanan əvvəlki ifrat qloballaşma modelinə qayıdış artıq olmayacaq. Dayanıqlılığa - ticarətin şaxələndirilməsinə, regional əlaqələrə, texnoloji modernləşməyə və institusional çevikliyə investisiya qoyan iqtisadiyyatlar qazanacaq. Qlobal ticari artımının daha mülayim, eyni zamanda daha keyfiyyətli və risklər baxımından daha balanslı olacağı ehtimal edilir.


MƏSLƏHƏT GÖR:

40