BAKININ DAVOS VEKTORU
ÜİF göstərdi ki, Cənubi Qafqazdakı sabitlik qlobal kapitalı cəlb edir
Müəllif: Elçin HÜSEYNOV
Davosda hər il keçirilən iqtisadi forum XXI əsrin dövlətlərin, biznesin, elmin və vətəndaş cəmiyyətinin maraqlarının kəsişdiyi beynəlxalq platformalarından biridir. Ümumdünya İqtisadi Forumu (ÜİF) 1971-ci ildə təsis edilib. O vaxtdan hər il İsveçrənin Davos-Klosters kurort şəhərciyi dünya liderlərini əsas qlobal çağırışların müzakirəsi, ən mürəkkəb iqtisadi, siyasi və texnoloji problemlərin həlli yollarının axtarışı üçün bir araya gətirir.
Növbəti, 56-cı forum yanvarın 19-23-də «Dialoq ruhu» şüarı altında keçirilib ki, bu da ciddi geosiyasi, iqtisadi və texnoloji dəyişikliklər şəraitində əməkdaşlığın və etimadın möhkəmləndirilməsinə cəhdləri əks etdirir. Bu il foruma 130-dan çox ölkədən 3 mindən artıq lider dəvət olunmuşdu. Onların arasında təxminən 400 siyasi xadim, 65 dövlət və hökumət başçısı, eləcə də dünyanın ən nəhəng şirkətlərinin 850-dək baş icraçı direktoru, 100-dək innovator var idi.
Forumda ən kəskin qlobal məsələlər müzakirə olunub: iqlim dəyişikliyi və süni intellektdən tutmuş, iqtisadi qeyri-sabitliyə, əmtəə və maliyyə bazarlarına, geoiqtisadi risklərə və qlobal təchizat zəncirlərinin üzləşdiyi risklərədək. Bu il iqtisadi sanksiyalardan tutmuş, təhlükəsizlik və texnoloji suverenlik məsələlərinədək bir çox istiqamətdə çoxtərəflilik modelinin dəyişməsi, artan geosiyasi parçalanma dialoqun zəruriliyi ilə bağlı fəal müzakirələrə yol açıb.
Avrasiyanın iqtisadi özünəməxsusluğu və Cənubi Qafqazda sülhə doğru sıçrayış
Forumun mərkəzi mövzularından biri Avrasiyanın Şərqlə Qərb arasındakı kəsişmə nöqtəsində yeni əməkdaşlıq formatları formalaşdırmağa qadir iqtisadi, nəqliyyat və siyasi arteriya rolunun yenidən dərk edilməsi olub. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi «Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi» adlı panel iclası yalnız forumun əsas mövzusuna uyğun gəlməyib, həm də Bakının regional sülh və inkişaf arxitekturasının transformasiyasında fəal rol oynamaq niyyətini əks etdirib. Sessiya yalnız regional iqtisadiyyatın müzakirəsi üçün platforma olmaqla kifayətlənməyib, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh və iqtisadi əməkdaşlığın yeni mərhələsinin rəmzinə çevrilib.
Prezident İlham Əliyev Ermənistanla sülh razılaşmasının tarixi əhəmiyyətini vurğulayaraq deyib: «Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu». Dövlət başçısı prosesin unikallığına da diqqət çəkib. «Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz», - deyə o, qeyd edib.
Deyilənləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da təsdiqləyib. O, sülh və sabitliyin liderlərin qətiyyətli siyasi iradəsinin nəticəsi olduğunu söyləyib: «Biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də, inanılmaz hadisədir. Hər iki ölkə lideri sülh və xalqlarımızın rifahı yolunu seçdi». Xaçaturyan qeyd edib ki, artıq tərəflər arasında iqtisadi və mədəni əməkdaşlığa başlanılıb, vətəndaş cəmiyyətləri və biznes dairələri fəal qarşılıqlı əlaqələr qurur. «Artıq Ermənistanda insanlar avtomobillərinə Azərbaycan benzinini doldururlar. Əvvəllər bu məsələ ilə bağlı düşmənçilik mövqeyi sərgilənirdi. Amma bu, yeni reallıqlardır», - deyə o, bildirib.
Sessiyada regionun daha geniş geosiyasi kontekstdə rolundan da danışılıb. Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, «Qafqaz ölkələri Avropa ilə Asiya arasında vasitəçi, eyni zamanda qovşaq ölkələrdir. Əslində, biz hər üçümüz ölkə olaraq Avropa siyasi icmasının üzvüyük». O, investisiyaların, birbaşa nəqliyyat əlaqələrinin, o cümlədən gələcəkdə Belqrad, Bakı və Tbilisi arasında aviareyslərin açılmasının vacibliyini vurğulayıb.
Türkiyənin «Limak Holdinq» şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir isə bildirib ki, hər bir ölkəyə investisiya uzunmüddətli sabitlik, sülh və əmin-amanlıq olduqda yatırılır, sabitlik olmadıqda heç kim ölkəyə investisiya qoymayacaq. O, TRIPP üzrə imzalanmış sazişin və yeni logistika marşrutlarının regionun inkişafı üçün əhəmiyyətini xüsusi vurğulayıb.
İlham Əliyev Azərbaycanın Avrasiyanın nəqliyyat və investisiya qovşağı kimi strateji rolundan da danışıb. «Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de-fakto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil», - deyə dövlət başçısı qeyd edib. O, Ermənistan, Türkiyə və ABŞ ilə birgə proseslərin yeni nəqliyyat dəhlizləri yaratdığını, regional sabitliyi, iqtisadi qarşılıqlı bağları möhkəmləndirdiyini söyləyib.
Bütün iştirakçılar qeyd ediblər ki, sülh, sabitlik və iqtisadi əməkdaşlıq Avrasiya regionunun inkişafı üçün möhkəm zəmin yaradır. Ümumiyyətlə, sessiya göstərib ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi təkcə onilliklər boyu davam etmiş münaqişəyə son qoymur, həm də bütünlükdə Avrasiya məkanı üçün iqtisadi və nəqliyyat perspektivləri açır, regionu Avropa ilə Asiya arasında əlaqələndirici bənd kimi möhkəmləndirir.
Davos Azərbaycanın xarici siyasət arxitekturasının vitrini kimi
Prezident İlham Əliyev Davosda sadəcə protokol görüşlər silsiləsi deyil, Azərbaycanın regional və qlobal təhlükəsizlik, iqtisadiyyat və humanitar əməkdaşlıq sistemində yerini necə müəyyənləşdirdiyini göstərən bütöv bir diplomatik xətt qurub. Danışıqların Skandinaviyadan Yaxın Şərqədək uzanan coğrafiyası Bakının eyni vaxtda bir neçə xarici siyasət müstəvisində fəaliyyət göstərdiyini ortaya qoyub.
Bu kontekstdə ilk növbədə İlham Əliyevin Davosda «Sülh Şurasının Nizamnaməsi»nin imzalanmasından dərhal sonra ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşü qeyd etmək lazımdır. Görüşdə Tramp hakimiyyətə qayıdışından sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib, Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi gündəliyinin irəli aparılması ilə bağlı əldə olunmuş razılaşmada Ağ Ev başçısının tarixi rolu vurğulanıb. İlham Əliyev Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional əlaqələr baxımından əhəmiyyətini qeyd edib. Görüşdə ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, münasibətlərin dərinləşdirilməsindən qarşılıqlı səfərlərin, müxtəlif səviyyələrdə təmasların roluna diqqət çəkilib.
Prezident İlham Əliyevin Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşündə Ermənistan-Azərbaycan sülh gündəliyinin irəli aparılması, enerji sahəsində əməkdaşlıq, regional nəqliyyat kommunikasiyaları kimi məsələlər müzakirə edilib, Avropanın enerji təhlükəsizliyinə Bakının verdiyi töhfə qeyd olunub. Marta Kos bildirib ki, Aİ humanitar minatəmizləmə işində, həmçinin Naxçıvanda dəmir yolu xəttinin bərpası layihələrində Azərbaycana dəstək göstərməyə hazırdır.
Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüş Şimali Avropa istiqamətini ön plana çıxarıb. «Nordic-Baltic Eight» formatı ilə əməkdaşlıq, Aİ ilə münasibətlərin perspektivinin müzakirəsi Bakının Şimali Avropa və Brüssel ilə dialoqu institusionallaşdırmaq niyyətindən xəbər verir. Bu, əlbəttə ki, təsadüfi təmas yox, ölkənin daha geniş Avropa siyasi kontekstinə istiqamətlənməsi cəhdidir.
İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə dialoq Azərbaycanın Cənubi Qafqazla Yaxın Şərq arasında regional əlaqələndirici bənd kimi əhəmiyyətini önə çıxarıb. Söhbət, sadəcə, ikitərəfli münasibətlərdən deyil, həm də mürəkkəb geosiyasi mühitdə dayanıqlı humanitar, ticarət və mədəni körpülərin formalaşdırılmasından gedir.
İlham Əliyevin İsrail Prezidenti İshaq Hersoq ilə görüşü xüsusi yer tutur. Dövlət başçıları Azərbaycan-İsrail münasibətlərinin «enerjidən yüksək texnologiyalaradək» müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Yaxın Şərqdəki qarışıqlıq şəraitində bu əlaqələr adi diplomatiya çərçivələrini aşan strateji tərəfdaşlıq kimi görünür.
Çexiya istiqaməti Mərkəzi Avropa ilə əlaqələrin möhkəmləndirilməsi siqnalıdır. Çexiyanın Baş naziri Andrey Babiş görüş və qarşılıqlı olaraq rəsmi səfərlərə dəvətlər göstərir ki, Bakı Aİ-nin ayrı-ayrı ölkələri ilə münasibətlərin sistemli şəkildə yenidən qurulması üzərində çalışır. Burada əsas diqqət enerji, nəqliyyat və sənaye kooperasiyasına yönəldilib.
İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi, ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası işində iki ölkənin uğurlu əməkdaşlığı qeyd edilib. Burada artıq söhbət sadəcə ixracatçılıqdan yox, regional oyunçuluqdan gedir.
Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü ayrıca olaraq humanitar xətti ön plana çıxarıb. Azərbaycanın beynəlxalq layihələrə verdiyi dəstək, pandemiya dövründə göstərdiyi könüllü maliyyə yardımı onun həm də məsuliyyətli qlobal donor imicini formalaşdırır.
Bütövlükdə İlham Əliyevin Davosda apardığı danışıqlar Azərbaycanın çoxşaxəli, praqmatik və institusional baxımdan dəqiq qurulmuş diplomatiya yürütdüyünü göstərir. Bakı tək bir güc mərkəzinə bel bağlamır, eyni vaxtda Şimal, Qərb, Yaxın Şərqlə, beynəlxalq təşkilatlarla işləyir, xarici siyasətin özünün dayanıqlı inkişaf alətinə çevirir.
Azərbaycan – qlobal kapitalın cəlb olunduğu mərkəz
Bu il Davos Forumu Azəraycan Prezidenti İlham Əliyev üçün təkcə danışıqlar meydanı deyil, həm də ölkənin investisiya modeli üçün vitrin olub. Forum çərçivəsində keçirilən, demək olar ki, hər bir görüş bir əsas mesaj üzərində qurulub: ölkə beynəlxalq kapitala ayrı-ayrı, pərakəndə layihələr deyil, aydın qaydalar, institusional dayanıqlı və gələcəyin infrastrukturuna fokuslanmış uzunmüddətli inkişaf strategiyası təklif edir. Bu mənada, Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Odil Reno-Basso ilə söhbət xüsusilə əlamətdar olub. Müzakirələr təkcə su sektoru və kommunal infrastrukturun yenilənməsi ilə bağlı ənənəvi layihələrlə məhdudlaşmayıb. Tərəflər daha sistemli və miqyaslı məsələləri müzakirə edib. Söhbət Bakı və Abşeronda su təchizatının müasirləşdirilməsindən tutmuş, «yaşıl enerji»yə keçidin dəstəklənməsinə, Naxçıvanın nəqliyyat infrastrukturunun yenilənməsinədək bir çox layihədən gedir. Azərbaycan beynəlxalq banklara faktiki olaraq, baza sahələrin transformasiyasında iştirak təklif edir – burada investisiyalar multiplikativ effekt verir.
Danışıqların «J.P.Morgan», «BlackRock», «Brookfield», «BTG Pactual» kimi qlobal oyunçularla aparılan maliyyə bloku Azərbaycan makroiqtisadiyyatına olan etimadı nümayiş etdirib. Bankir Ceymi Daymon bunu açıq şəkildə dilə gətirərək bildirib ki, Azərbaycan «beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaşdır» və hər zaman «ardıcıl maliyyə siyasəti həyata keçirir». Vacib məqam ondan ibarətdir ki, aktivlərin yerləşdirilməsindən yox, həm də energetika, infrastruktur və institusional investisiyalar sahəsində əməkdaşlığın genişləndirilməsindən gedib.
Davosda ən önəmli hadisələrdən biri Azərbaycanın Dövlət Neft Fondu ilə «BlackRock/Global Infrastructure Partners», həmçinin «Brookfield Asset Management» arasında niyyət protokollarının imzalanması olub. Bu sənədlər Azərbaycanı qlobal infrastruktur platformalarının orbitinə çıxarır. Dövlət Neft Fondu qarşıdakı 3-4 il ərzində GIP fondlarına 1,5 milyardadək, «Brookfield» layihələrinə 1,4 milyard dollar investisiya yatırılması imkanlarını nəzərdən keçirir. Söhbət data mərkəzlər, bulud texnologiyaları, hava limanı və enerji infrastrukturu, bərpa olunan enerji, enerji saxlanması kimi sahələrdən gedir. Beləliklə, Azərbaycan xammal ixrac edən ölkə kimi qalmır və regionun yeni infrastruktur iqtisadiyyatının – rəqəmsal hablar, logistika, gələcəyin enerjisi – mərkəzinə çevrilir.
Davosda SOCAR ilə «Eni S.p.A.» şirkəti arasında Kot-d’İvuarda yerləşən, Qərbi Afrikanın ən iri neft-qaz yataqlarından olan «Baleine» layihəsində Azərbaycan tərəfinin 10%-lik paya sahib olmasına dair imzalanmış saziş də xüsusi maraq doğurub. Saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına və iki şirkət arasında formalaşmış strateji əməkdaşlığa da uyğundur.
Ayrıca xətt kimi, sahəvi şirkətlərlə də görüşlər keçirilib. Məsələn, «Vestas» şirkəti ilə külək enerjisi, «DP World» və «Vitol» ilə liman və nəqliyyat logistikası, «Dell Technologies» ilə superkompüter mərkəzləri, daha mərkəzlər, süni intellekt infrastrukturu mövzusunda müzakirələr aparılıb. Bu, istiqaməti dəqiq göstərir: məqsəd sadəcə investisiya cəlb edilməsi yox, həm də texnoloji suverenliyə nail olunması, qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyadır.
Nəhayət, «Carlsberg» və digər sənaye investorları ilə dialoqlar göstərir ki, Azərbaycanda lokallaşma siyasəti real nəticələrini verməkdədir: istehsal, xammal, qablaşdırma və ixrac getdikcə daha çox ölkələri əhatə edir. Bu, artıq ayrı-ayrı nümunələr deyil, sistemli bir modeldir.
Davosda Azərbaycan qlobal bazarlarla eyni dildə danışan ölkə kimi çıxış edib. Bu, institutlar, uzunmüddətli kapital və gələcəyin infrastrukturu dilidir.
«Euronews» üçün vacib bəyanat
İlham Əliyev Davosa səfəri çərçivəsində «Euronews» telekanalına maraqlı müsahibə də verib. Dəyişən dünya düzəni ilə bağlı suala cavabında dövlət başçısı bildirib ki, bu gün dünya beynəlxalq hüquq normalarının beynəlxalq birliyin bütün iştirakçıları üçün məcburi olmadığı vəziyyətlə üz-üzədir. «Qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə, öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu», - deyə İ.Əliyev qeyd edib. Prezidentin sözlərinə görə, bu gün Cənubi Qafqaz 30 il davam etmiş münaqişə və müharibədən sonra yeni mərhələyə qədəm qoyur: «Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq... Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur».
İlham Əliyev İrandakı vəziyyətə də toxunub, orada sabitliyin pozulmasından narahatlığını ifadə edib. «Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur», - deyə dövlət başçısı qeyd edib. O, Cənubi Qafqazda və ətraf regionlarda vəziyyətin daha da ağırlaşmayacağına ümid etdiyini söyləyib.
Prezident Bakının artıq Avropa Parlamentindən gələn davamlı tənqidlərə reaksiya vermədiyini deyib, parlament üzvlərinin ədalətsiz siyasətlərinə yenidən baxmaq üçün özlərində cəsarət tapacaqlarına ümid etdiyini bildirib.
İlham Əliyevin «Euronews» tərəfindən təşkil olunmuş «Azərbaycan rəhbərliyi ilə səhər yeməyi» adlı tədbirdəki fikirləri də az maraq doğurmayıb. Dövlət başçısı etiraf edib ki, neft ehtiyatlarının təbii şəkildə azalması səbəbi ilə ölkə iqtisadiyyatı sürətlə böyüyə bilməz. Bununla belə, 2025-ci ildə ölkənin qeyri-enerji sektoru 2%-dən çox, neft-qazla əlaqəsi olmayan sənaye isə 5,5% artıb. «Biz qaz hasilatını artırırıq, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Ola bilsin ki, indi bu barədə danışmaq tezdir. Ancaq əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var», - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Avropa tərəfindən mədən yanacağı sahəsinə, bərpa olunan enerjiyə ciddi investisiyaların yatırılmadığından təəssüfləndiyini dilə gətirib, bu istiqamətdə əsas tərəfdaşların BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycan şirkətlərinin olduğunu söyləyib. Üstəlik, heç bir Avropa şirkəti bu istiqamətdə investorluq etməyə hazır olduğunu bildirmir. «Keçən il biz 25 milyard kubmetrdən artıq təbii qaz ixrac etmişik. Bu həcmin təqribən 13 milyard kubmetri Avropaya ixrac edilib və bu rəqəm artacaq. Bu, Avropa İttifaqının xahişi əsasında edilib», - deyə dövlət başçısı xatırladıb. Prezident əlavə edib ki, bu artım mövcud və yeni yataqlar hesabına, həmçinin böyük həcmdə təbii qaza qənaət yolu ilə təmin olunacaq.
MƏSLƏHƏT GÖR:






112

