DƏB HÖKMÜ
Geyimlərin təkrar emalı ilə bağlı yeni standartlar Azərbaycanda da tekstil bazarının gələcəyini formalaşdırır
Müəllif: Sabirə ƏLƏKBƏR
Moda nəhənglərinin eksklüzivliyi qorumaq və ya sadəcə, anbar xərclərinə qənaət etmək üçün satılmamış tonlarla məhsulu heç bir cəza almadan məhv edə bildiyi dövr artıq rəsmən başa çatmaq üzrədir. Avropa İttifaqı alimlərin «qapalı dövriyyə iqtisadiyyatı» («Circular economy») adlandırdıqları modelə doğru ciddi addım atıb. 2026-cı il iyulun 19-dan etibarən iri korporasiyalar üçün tekstil qalıqlarının utilizasiyasına dair tarixi qadağa qüvvəyə minəcək. 2030-cu ilədək isə bu reqlamentə yerdə qalan müəssisələr də qoşulmalıdır. Artıq geyimləri tullamaq və ya yandırmaq təkcə qeyri-etik əməl olmaqla yanaşı, həm də hüquqi baxımdan mümkünsüz olacaq.
Onlayn ticarət adlı «dar ağacı»
Uzun müddət «Fast fashion» (sürətli moda) kimi tanınan sənaye sonsuz bolluq paradiqması ilə yaşayıb. Avropa Ətraf Mühit Agentliyi üçün «düşünən beyin» funksiyasını yerinə yetirən Beynəlxalq Ekspert Təşkilatları Konsorsiumunun məruzələrinə görə, «geri qaytarma logistikası» siyasəti təhlükəli presedentlər yaradıb: Avropada geri qaytarılan malların 22-44%-i heç zaman yeni alıcıya çatmır, Aİ-də istehsal olunan geyim və ayaqqabının isə təxminən 10%-i hər il istehlakçıya çatmadan məhv edilir.
Qaytarma logistikasının mürəkkəb və bahalı olması üzündən brendlər üçün çox vaxt məhsulu yoxlayaraq yenidən satışa çıxarmaqdansa, sobaya göndərmək daha sərfəli olur.
Birləşmiş Tədqiqat Mərkəzinin (Joint Research Centre) Avropa Komissiyası üçün hazırlanmış hesabatına əsasən, satılmamış tekstilin məhvi zamanı atmosferə təxminən 5,6 milyon ton karbon qazı buraxılır. Müqayisə üçün qeyd edək ki, bu, İsveç kimi bir ölkənin birbaşa karbon qazı emissiyasının ümumi həcmindən artıqdır. Demək, geyimlərin utilizasiyası problemi qlobal istiləşmə ilə mübarizədə kritik amillərdən birinə çevrilir.
Birləşmiş Tədqiqat Mərkəzi Avropa Komissiyasının elmi-texniki xidmətidir. Məhz bu mərkəzin mütəxəssisləri tekstilin həyat dövrünü hesablayaraq, onu Aİ-yə üzv ölkələrin milli emissiyaları ilə müqayisə ediblər. Müqayisənin İsveçlə aparılması da təsadüf deyil. Məsələ ondadır ki, İsveç atom və hidrogen enerjisi sayəsində dünyanın emissiya səviyyəsi çox aşağı olan, ən «yaşıl» ölkələrindən biridir. Beləliklə, köynək və ayaqqabıların yandırılmasının iqlimə bir Avropa ölkəsinin bütünlükdə həyat fəaliyyəti ilə müqayisədə daha çox ziyan vurması həm də ciddi psixoloji effekt yaradır.
Bu ekoloji böhranda müasir onlayn ticarətin də böyük rolu var. Yalnız Almaniyada hər il bu yolla təxminən 20 milyon məhsul utilizasiya edilir. Aİ-nin yeni qaydaları isə biznesdən tam şəffaflıq tələb edir: şirkətlər utilizasiyanın həcmini və səbəblərini açıqlamalıdır ki, bu da faktiki olaraq sərt reputasiya nəzarəti institutu formalaşdırır. Demək, geyim istehsalçıları nə qədər məhsulun satılmadığını, hansı səbəbdən məhv edildiyini ictimaiyyətə açıqlamalı olacaqlar. Başqa sözlə, artıq geyimlə dolu yük maşınlarını gizli şəkildə tullantıların yandırılması zavodlarına göndərmək mümkün olmayacaq. Bundan başqa, hər bir geyim vahidi tərkibi və təkrar emal imkanları haqda məlumatların əks edildiyi rəqəmsal «pasport»a da malik olacaq.
Fransa presedenti
Aydındır ki, Aİ bu qərarı boş yerə qəbul etməyib. O, uğurlu beynəlxalq təcrübəyə əsaslanır və burada flaqman rolunu Fransa oynayıb. Fransa hələ 2022-ci ildə AGEC qanunu (tullantılarla mübarizə və qapalı dövriyyə iqtisadiyyatı haqqında) çərçivəsində satılmamış qeyri-ərzaq məhsullarının məhvini qadağan edən ilk ölkədir. Fransa modeli göstərib ki, sərt cərimələr və yandırma qadağası brendləri biznes prosesini sürətlə yenidən qurmağa vadar edir. Autlet şəbəkələrəi inkişaf etdirilir, əşyaların xeyriyyə fondlarına verilməsi artır, təkrar emal texnologiyalarına investisiya qoyulur. Bu tədbirlərin həyat qabiliyyətini məhz Fransa təcrübəsi sübut edib və bu, onun ümumavropa direktivinə çevrilməsi üçün təmələ çevrilib.
Parça qırıntılarından bakteriyalaradək
Sektor qadağanın sənayeni çökdürməməsi üçün qapalı dövriyyə iqtisadiyyatı konsepsiyasının təşviqi ilə məşğul olan ən nüfuzlu qeyri-kommersiya qurumlarından birinin – «Ellen MacArthur Foundation» təşkilatının fundamental işlərində yer alan, həmçinin dünyanın ən nüfuzlu, ən çox istinad edilən jurnallarından olan «Nature Sustainability» nəşrlərində təsvir edilən üsullara əl atır. Sözügedən fond moda dünyasında «Make Fashion Circular» (moda sənayesində dövriyyə iqtisadiyyatı) təşəbbüsünü başlatması ilə məşhurdur. Hesab olunur ki, geyimlər təhlükəsiz və bərpa olunan materiallardan hazırlanmalı, daha uzun müddət istifadə edilməli və sonda tullantıya yox, yeni məhsula çevrilməlidir.
Beləliklə, bu gün elm tekstil ilə işin üç əsas mərhələsini müəyyənləşdirir. Birincisi və ən əlçatanı əski istehsalıdır («Industrial rags»). Bu, «daunsayklinq» («Downcycling») formasında həyata keçirilir: geyimlər zavod və mətbəələrdə istifadə olunmaq üçün doğranır. Bu, parçanın ömrünü uzadan, onu yağlar üçün faydalı sorbentə çevirən sınanmış üsuldur.
İkincisi kimyəvi təkrar emaldır («Chemical recycling»). Bu üsul parçanı molekulyar səviyyədə parçalamağa, məsələn, pambıqla poliyesteri bir-birindən ayırmağa imkan verir. Nəticədə, «lifdən-lifə» («fiber-to-fiber») prinsipi ilə keyfiyyət itkisi olmadan köhnə geyimlərdən yenilərinin istehsal olunmasına imkan yaranır.
Üçüncü və ən innovativ üsul biotexnoloji parçalanmadır. Burada mikrobiologiya və gen mühəndisliyi işə qarışır. Alimlər xüsusi fermentlərdən və seçilmiş bakteriyalardan istifadə edirlər, çünki onlar parçanın müəyyən komponentlərini «yeyə» bilir. Məsələn, bəzi mikroorqanizmlər pambıqdan alınan sellülozanı bioloji şəbəkələrə, digərləri isə sintetik polimerləri mənimsəyərək onları təhlükəsiz üzvi birləşmələrə çevirir. Bu, mexaniki üsulla ayrılması mümkün olmayan qarışıq parçaların belə, toksik iz qoymadan utilizasiyasına imkan verir.
Azərbaycan, elmi yanaşma, strategiya
Azərbaycan və Aİ üçün belə metodologiya bir növ biznesin ekoloji səviyyəsinin qiymətləndirildiyi «qızıl standart»dır. Başqa sözlə, Bakı üçün dayanıqlı inkişaf artıq sadəcə şüar deyil. «Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»na əsasən ölkə «təmiz ətraf mühit» və «yaşıl inkişaf»a istiqamətlənib.
BMT-nin Ətraf Mühit Proqramının Cənubi Qafqaz regionu üzrə hesabatlarında Azərbaycanın dövriyyə iqtisadiyyatı üçün böyük potensiala malik olduğu vurğulanır. Ölkənin iqtisadi zonalarında (məsələn, Sumqayıt Kimya Sənaye Parkında) fəaliyyət göstərən ekspert qrupları bildirirlər ki, xammalın təkrar emalı perspektivli istiqamətdir.
Azərbaycanda tekstilin utilizasiyası məsələsi hələ infrastrukturun formalaşdırılması mərhələsində olsa da, artıq tendensiyalar görünməkdədir. Hazırda ölkədə satılmamış kolleksiyaların məhvi ilə bağlı birbaşa hüquqi qadağa olmasa da, tekstil tullantılarının idarə olunması məsələsi dövlətin tullantıların idarə edilməsi sisteminə fəal şəkildə inteqrasiya olunur, artıq məhsul problemi bazar və sosial mexanizmlərlə həllini tapır.
«Second-hand» və stok mağazaları mədəniyyəti Avropa və Türkiyədən gətirilən mallara ikinci həyat qazandırır ki, bu da faktiki olaraq, təkrar istifadə formasıdır.
İnfrastruktur dəyişiklikləri də artıq göz qabağındadır. Bakı küçələrində özəl təşəbbüslər və Türkiyə şirkətləri tərəfindən təşkil olunan xüsusi geyim toplama konteynerlərinə rast gəlmək mümkündür. Orada toplanan xammal çeşidlənir, istifadəyə yararlı geyimlər xeyriyyə fondları vasitəsilə paylanır, yararsız olanlar sənaye sektorunda sabit tələbat olan əski istehsalına yönəldilir. Cəmiyyətdə kök salmış xeyriyyəçilik ənənəsi – istifadə edilməyən geyimlərin bağışlanması – isə onların ehtiyacı olan insanlara ötürülməsinə kömək edir.
Bu arada, Qarabağın bərpası kontekstində aparılan islahatlar da xüsusi əhəmiyyət daşıyır. Bu il yanvarın 1-dən azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının təkmilləşdirilməsilə bağlı yeni fərmanlar qüvvəyə minib. Həmin ərazilər «ağıllı» və «yaşıl» zonalar kimi layihələndirilir. Bu, dövlətin ekoloji menecmenti beynəlxalq standartlara uyğun şəkildə nəzarətə götürdüyünü göstərən faktdır. Demək, plastikdən sonra tekstil tullantıları da tənzimləmə hədəfinə çevriləcək.
Aİ-nin qərarı və Fransanın təcrübəsi burada katalizator rolunu oynayır. İndi tələbin proqnozlaşdırılması üçün yerli biznes də süni intellekt həllərini tətbiq etməli, təkrar emala investisiya qoymalı olacaq ki, geyim tullantıya deyil, dəyərli resursa çevrilsin.
Ümumiyyətlə, Aİ-nin qərarı bütün dünya üçün güclü impulsdur. Beynəlxalq ticarət zəncirlərinin fəal iştirakçısı olan Azərbaycan üçün də uyğunlaşma prosesinə indidən başlanılması vacibdir. Qarşıda duran vəzifə yalnız təkrar emal zavodlarının tikintisi yox, həm də istehlak fəlsəfəsini dəyişməkdir. Söhbət «aldım, istifadə etdim, atdım» modelindən «istifadə etdim, ötürdüm, təkrar emal etdim» modelinə keçiddən gedir.
MƏSLƏHƏT GÖR:




82

