ALQORİTMLƏR RİSKLƏRƏ QARŞI
İcbari Sığorta Bürosu rəqəmsal sistem formalaşdırır və yeni alətlər tətbiq edir
Müəllif: Nurlanə QULİYEVA
Ötən ildən İcbari Sığorta Bürosunun (İSB) fəaliyyəti strateji inkişaf xəritəsi çərçivəsində həyata keçirilir. Əsas məqsəd kimi icbari sığorta sisteminin “InsurTech-mərkəz”ə (sığorta və texnoloji innovasiyalar) çevrilməsi müəyyən edilib. Strateji prioritetlər olaraq vahid məlumat mərkəzinin yaradılması, İT-infrastrukturun gücləndirilməsi və maliyyə ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi müəyyən olunub.
Eyni zamanda korporativ idarəetmə sistemlərinin yenilənməsi, Azərbaycan “Yaşıl kart” bürosunun fəaliyyətinin genişləndirilməsi və “Kağızsız büro” konsepsiyası vasitəsilə ekoloji davamlı mühitin formalaşdırılması nəzərdə tutulur. Bu gün büronun fəaliyyətinin təxminən 70%-i artıq rəqəmsal formata keçirilib, 2027-ci ilə qədər kağız sənədlərsiz modelə tam keçid nəzərdə tutulur.
Bunun üçün bazar iştirakçıları üçün faydalı yeni alətlərin tətbiqi planlaşdırılır, bununla əlaqədar büronun saytı da əsaslı şəkildə yenilənib.
Rəqəmsal transformasiya
İSB-nin 2025-ci il strateji layihələri üzrə hesabatının təqdimatı təkcə sığorta bazarı üçün deyil, daha çox Azərbaycanda risklərin tənzimlənməsi məntiqinin necə dəyişdiyini anlamaq baxımından əhəmiyyətli olub. Lakin texnoloji yeniliklərin arxasında faktiki olaraq daha dərin bir vəzifə müəyyən edilib: kompensasiya modelindən risklərin idarə edilməsinə keçid.
İllik hesabatın təqdimatında İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib ki, təqdim edilən strategiya sığorta sektorunun müasir standartlara uyğunlaşdırılmasına və rəqəmsal transformasiyaya yönəlib: “Üstəlik, o, həm sığortaçıların, həm də sığortalıların maraqlarının ədalətli müdafiəsini təmin etməlidir”.
Strategiyada əsas diqqət analitika və süni intellektdən istifadə ilə bağlıdır. Vahid məlumat mərkəzinin yaradılması, İT-infrastrukturun gücləndirilməsi və korporativ idarəetmənin modernizasiyası proqnoz tənzimləmə modelinə keçid üçün əsas formalaşdırır.
Rəqəmsallaşmanın praktik effekti isə artıq 2025-ci ildə nəzərə çarpıb. Belə ki, X.Camalova bildirib ki, “Forma-4” məlumatlarının elektron təqdimatı işə salındıqdan sonra sığorta şirkətlərinin büroya müraciətlərinin sayı 97% azalıb: “Oktyabrın birinci yarısında 548 sorğu daxil olmuşdusa, noyabrda 16, dekabrda isə 13 sorğu daxil olub”. Yəni söhbət sadəcə xidmətin sürətləndirilməsindən deyil, inzibati yükün aradan qaldırılmasından gedir.
Paralel olaraq sistemin maliyyə funksiyası da dəyişir. X.Camalova xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı davamlı maliyyələşdirmə fondu və zəmanət fondu üzrə kompensasiya ödənişlərinin və subroqasiyanın effektiv mexanizmlərinin formalaşdırılması üçün subroqasiya fəaliyyətinin təkmilləşdirilməsi qaydaları və prosedurlarını hazırlayıb və təsdiq edib: “Nəticədə, investisiya portfelinin dəyəri artıb və müəyyən edilmiş 5,9 milyon manat hədəf gəlirliliyində faktiki gəlir 6,5 milyon manat təşkil edib”.
Nəticədə, son illərdə Azərbaycanda icbari sığorta müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb: 1,1-1,2 milyondan 1,4-1,5 milyona qədər.
“İcbari sığorta növləri arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ən geniş yayılanıdır və icbari sığorta bazarının, demək olar ki, əsasını təşkil edir. Əvvəlki illərə baxdıqda icbari sığortaya müraciət edənlərin sayı kifayət qədər artıb. Vaxtilə bu növ sığortaya müraciət etməyənlər belə artıq müraciət edirlər”, - İcbari Sığorta Bürosunun icraçı direktorunun müavini Seymur Mirzəyev vurğulayıb.
Yeni layihələr
Yaxın gələcəkdə isə büro bazar iştirakçılarının hər birinə fayda gətirəcək yeni layihələrin həyata keçirilməsini hədəfləyir. Məsələn, İSB Mərkəzi Bankla birgə riskli hadisələrin analitik məlumat bazası olan “Hadisələrin xəritəsi” layihəsi hazırlayır. Bunu yalnız sığortaçılar deyil, həm də dövlət qurumları da istifadə edəcək. İSB-nin icraçı direktoru Vüsal Məsiyev qeyd edib ki, layihə artıq Mərkəzi Bankla dəfələrlə müzakirə olunub və o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin Daxili İşlər Nazirliyinə də təqdim ediləcək: “Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində respublika üzrə hadisələrin xəritəsinin yaradılmasına dair layihəmiz var.
Toplanan məlumatları emal edərək sığorta sektoru və dövlət qurumları üçün faydalı analitik resursa çevirmək niyyətindəyik”.
V.Məsiyev hesab edir ki, layihənin reallaşdırılması hadisələrin sayının azalmasına, həmçinin vətəndaşların əmlakına və sağlamlığına dəyən zərərlərin minimuma endirilməsinə töhfə verə bilər: “Əsas məqsədimiz vətəndaşlarımızın daha az zərər görməsi və eyni zamanda, riskli hadisələrin sayının azalmasıdır”.
Beləliklə, sığorta sistemi makroiqtisadi sabitləşdirməyə yaxın olan preventiv tənzimləmə funksiyasını yerinə yetirməyə başlayır: təsadüfi itkilərin azaldılması ev təsərrüfatlarının dayanıqlılığını artırır və dövlətin fiskal risklərini azaldır.
Transformasiyanın növbəti mərhələsi isə sığortanın nəqliyyat infrastrukturuna inteqrasiyasıdır. V.Məsiyev bütün nəqliyyat növlərinin sərnişinlərini sığortalamaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihələr barədə məlumat verib. Bu layihələr ilə sərnişin daşımalarının - avtomobil, dəmir yolu və hava nəqliyyatının icbari fərdi sığortasının vahid və rahat mexanizminin formalaşdırılması nəzərdə tutulur. Məqsəd inteqrasiyaların tamamlanması və sığorta prosesinin daha əlçatan və operativ olmasının təmin edilməsindən ibarətdir.
V.Məsiyevin sözlərinə görə, bununla bağlı məqsəd bütün sərnişin nəqliyyat vasitələrinin asanlıqla və problemsiz sığortalanmasını təmin etməkdir: “Hesab edirik ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq”.
İcraçı direktor əlavə edib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Mərkəzi Bankla birlikdə reyestrlərin formalaşdırılması və onların inteqrasiyası üzrə layihələr həyata keçirilir: “Hazırda bizdə Daxili İşlər Nazirliyi ilə inteqrasiya mövcuddur. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi daxil edildikdə bütün məlumatlar avtomatik olaraq çıxır. Analoji yanaşmanı bütün sərnişin nəqliyyatı növlərinə tətbiq etmək planlaşdırılır”.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda sərnişinlərin icbari fərdi sığortası üzrə 147 min manat sığorta mükafatı toplanıb, ödənişlər isə 82 min manat təşkil edib. 2024-cü illə müqayisədə bu göstəricilər müvafiq olaraq 16,2 və 22,8% artıb.
Keçən il hər 100 manat sığorta mükafatından 56,2 manat ödənişlər şəklində geri qaytarılıb, halbuki 2023-cü ildə bu göstərici 53,2 manat təşkil edirdi.
Nəticədə, Azərbaycanda icbari sığorta tədricən dar sahəvi xidmət çərçivəsindən kənara çıxır və risklərin idarə edilməsi infrastrukturunun elementinə çevrilir. Məlumatların və proqnoz analitikasının istifadəsi hadisələrin sayını azaltmağa, deməli, həm də ev təsərrüfatlarının və dövlətin iqtisadi itkilərini azaltmağa imkan verir.
Əgər elan olunan layihələr tam həyata keçirilərsə, sığorta sektoru stabilləşdirici funksiyasını yerinə yetirməyə başlayacaq, təkcə maliyyə bazarına deyil, həm də vətəndaşların gündəlik təhlükəsizliyinə təsir edəcək. Faktiki olaraq söhbət sığortanın yalnız kompensasiya mexanizmi deyil, rəqəmsal iqtisadiyyatın bir hissəsinə çevrildiyi yeni modelin formalaşdırılmasından gedir.
MƏSLƏHƏT GÖR:

54

