YAXIN ŞƏRQ PASYANSI
Ankara Ər-Riyad və Qahirə ilə münasibətləri canlandırır
Müəllif: İlqar VƏLİZADƏ
Son dövrlərdə Türkiyə Yaxın Şərq istiqamətində ard-arda uğurlar qazanır, əvvəlki illərdə buraxılmış və regionun əsas dövlətləri ilə münasibətlərdə ciddi problemlərə yol açmış yanlışlıqları aradan qaldırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə son səfərləri də bu qəbildən olan hadisədir. Bu, Ankaranın sözügedən dövlətlərlə 2022-ci ildə münasibətləri normallaşdırmağa başlamasından sonra ikitərəfli və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılmış önəmli addımdır.
Dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
Səudiyyə Ərəbistanı və Misir Yaxın Şərqin ən böyük dövlətləridir və bir çox hallarda bölgənin siyasi gündəliyini məhz onlar formalaşdırırlar. Ər-Riyad və Qahirə ilə davamlı, praktik münasibətlərin qurulması bu mənada Türkiyə üçün böyük önəm daşıyır. Bu, Ankaraya həm Fars körfəzi zonasında, həm də Şərqi Aralıq dənizində öz maraqlarını irəli çəkmək imkanı yaradır.
Prinsipial əhəmiyyət kəsb edən məqam səfərin İran ətrafında mümkün eskalasiya risklərinin yüksək olması fonunda baş tutmasıdır. Çünki mümkün eskalasiyanın bütün Yaxın Şərq bölgəsində sabitliyi poza biləcəyinə şübhə yoxdur. Proseslərin hərbi qarşıdurmaya çevrilməsinə Ankara, Ər-Riyad və Qahirənin yekdil olaraq təmkinli şəkildə qarşı çıxmaları da buradan qaynaqlanır.
Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərində hərbi-texniki, iqtisadi, investisiya və yüksək texnologiyalar sahələrində praqmatik əməkdaşlığa xüsusi diqqət yetirilir. Tərəflər faktiki olaraq, kəskin siyasi jestlərdən imtina edərək, mərhələli yaxınlaşma, «kiçik addımlar» strategiyasına keçib. Mövqelərin yaxınlaşması Yəmən, Suriya, Sudan, Liviya və Somali məsələlərinə yanaşmada da görünür. Hər iki ölkə adıçəkilən dövlətlərdə beynəlxalq səviyyədə tanınan mərkəzi hakimiyyətlərin dəstəklənməsinə üstünlük verir. Belə bir vəziyyətdə bəzi ekspertlər bu yaxınlaşmanı bir sıra münaqişələrdə alternativ siyasi və hərbi-siyasi aktorları dəstəkləyən Birləşmiş Ərəb Əmirliklərinə qarşı xəttin formalaşması kimi şərh edir. Lakin onlar nəzərə almırlar ki, Ər-Riyad Əbu-Dabi ilə münasibətlərin mürəkkəbliyinə baxmayaraq, onun tam pozulmasına köklənməyib. Çünki münasibətlərdə nə qədər çətinliklər olsa da, tərəfləri geniş iqtisadi, maliyyə, hərbi-siyasi maraqlar birləşdirir. Bu kontekstdə Ankara üçün də tərəflərdən hər hansı birinin yanında yer almamaq prinsipial əhəmiyyət daşıyır. Çünki BƏƏ ilə Türkiyənin də üst-üstə düşən ciddi iqtisadi və hərbi-texniki maraqları var. Körfəz monarxiyaları arasında Ankaranın əsas ticarət-iqtisadi tərəfdaşı məhz BƏƏ-dir. Səudiyyə Ərəbistanı bu siyahıda yalnız üçüncü yerdədir.
Beləliklə, Ankara ilə Ər-Riyad arasında dialoq siyasi əhəmyyətinə baxmayaraq, bu hələ ki, institusional baxımdan keçid xarakteri daşıyır. Ankara Ər-Riyadla Əbu-Dabi arasında seçim etməyin səmərəsizliyini aydın şəkildə anlayır və Qətər böhranının təcrübəsini nəzərə alaraq, ehtiyatlı, çoxşaxəli regional siyasət aparır.
Hər şeydən öncə iqtisadiyyat
Ər-Riyadda imzalanmış ən önəmli sazişlərdən biri gücü təxminən 2000 MVt, dəyəri isə təqribən 2 milyard dollar olan günəş enerjisi layihəsi ilə bağlıdır. Söhbət yalnız günəş elektrik enerjisi stansiyasının inşasından yox, həm də layihələndirmə və mühəndis işlərindən tutmuş, avadanlıqların təchizatı, sonrakı istismarında Türkiyə şirkətlərinin geniş iştirakından gedir. Bu layihə Səudiyyə Ərəbistanının «Vision 2030» strategiyasına tam uyğun gəlir. O, «yaşıl enerji»nin inkişafına kömək etməklə yanaşı, neft-qaz ixracının artırılmasına da yol açacaq. Türkiyə üçün isə bu, Səudiyyə Ərəbistanının enerji bazarında möhkəmlənmək, bu ölkədə uzunmüddətli iqtisadi mövcudluğu təmin etmək imkanıdır.
Müdafiə sahəsində razılaşmalar təmkinli və praktik xarakter daşıyır. Tərəflər hərbi ittifaq yaratmadan, müttəfiqlik öhdəlikləri götürmədən, yalnız hərbi-texniki əməkdaşlıqla kifayətlənir. Söhbət ayrı-ayrı sistemlərin tədarükündən, birgə istehsaldan, təlim və təcrübə mübadiləsi kimi məsələlərdən gedir. Bu format Ər-Riyada silah təchizatçıları dairəsini genişləndirmək, sərt siyasi öhdəliklərə cəlb olunmadan Qərbdən asılılığı azalmaq imkanı yaradır. Ankara üçün isə bu, regional münaqişələrə cəlb edilmək riski olmadan müdafiə sənayesi məhsullarının ixracını artırmaq şansıdır.
İnvestisiya və ticarət məsələlərinə gəlincə, imzalanmış sənədlər biznes fəaliyyətini asanlaşdıracaq, investisiyaların qarşılıqlı qorunmasına imkan verəcək, ilk növbədə, energetika, tikinti, logistika, müdafiə sənayesi və yüksək texnologiyalar kimi xammal sektorundan kənar sahələrdə əmtəə dövriyyəsinin artımını stimullaşdıracaq.
Ümumilikdə tərəflərin maraqları üst-üstə düşür. Türkiyə Səudiyyə Ərəbistanından kapital axınına ümid edir, Ər-Riyad isə Türkiyənin istehsal, podrat və mühəndislik imkanlarından yararlanmaq istəyir. İmzalanmış sazişlər paketi Ankara ilə Ər-Riyad arasında gələcək yaxınlaşma üçün dayanıqlı iqtisadi, texnoloji və institusional əsasın yaradılmasını nəzərdə tutur. Kəskin siyasi jestlər əvəzinə qaşılıqlı fəaliyyətin mərhələli şəkildə artırılmasına, praqmatizmə, «kiçik addımlar»a üstünlük verilməsi sürətlə dəyişən regional şəraitdə risklərin minimuma endirilməsi, çevikliyin qorunması istəyini əks etdirir. Rəcəb Tayyib Ərdoğanın Ər-Riyadla münasibətləri yeni səviyyəyə yüksəltməyə çalışdıqlarını, xüsusilə bərpa olunan enerji, müdafiə sənayesi və digər strateji sektorlarda əməkdaşlığın prioritet olduğunu söyləməsi təsadüf deyil. Vəliəhd şahzadə Məhəmməd bin Salman isə regional məsələlər, o cümlədən münaqişələrə yanaşmanın əlaqələndirilməsi, humanitar çağırışlar və beynəlxalq təhlükəsizlik sahəsində dialoqu gücləndirməyə hazır olduqlarını bildirib. Bütün bunlar ölkələrin əməkdaşlığı sadəcə ikitərəfli iqtisadi çərçivə ilə məhdudlaşdırmaq niyyətində olmadıqlarını göstərir.
Türkiyə-Misir münasibətlərində iqtisadiyyat
Türkiyə Prezidentinin regional turnesinin final nöqtəsi Ankaranın münasibətlərdə uzun müddət gərginlik yaşadığı Misir olub. İki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsi «ərəb baharı»ndan sonra başlamışdı. Ankara o zaman Hüsnü Mübarəkin hakimiyyəti itirməsi ilə nəticələnən etirazçı hərəkata açıq dəstək verirdi. Misirdə Məhəmməd Mursinin rəhbərliyi ilə «Müsəlman qardaşlar»ın hakimiyyəti dövrü Türkiyənin bu ölkəyə təsir imkanlarının zirvəsi sayılırdı. Lakin sonradan baş vermiş hərbi çevriliş və hazırkı rəhbərliyin – Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlişi ilə Ankara ilə Qahirə arasında ikitərəfli əlaqələr faktiki olaraq, kəsilmişdi.
Münasibətlərin bərpası uzun və çətin proses olub. Çünki bu, ideoloji yanaşmalardan imtinanı, konkret maraqların üst-üstə düşməsinə əsaslanan daha praqmatik əməkdaşlıq modelinə keçidi tələb edirdi. İndiki mərhələni məhz bu üzdən həm Ankara, həm də Qahirə dəyərli dövr sayır. Ərdoğan ilə əs-Sisi arasında Ali Strateji Əməkdaşlıq Şurasının ikinci iclası çərçivəsində aparılan danışıqlar ehtiyatlı təmasların bərpasından həm ikitərəfli məsələləri, həm də regional gündəliyi əhatə edən sistemli siyasi dialoqa keçidi rəsmiləşdirib.
Ər-Riyadla olduğu kimi, Qahirə ilə danışıqlarda da əsas yeri iqtisadiyyat tutub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq niyyətlərini ortaya qoyub, ortamüddətli perspektivdə onun 15 milyard dollara çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 8,8 milyard dollar təşkil edib, bir il əvvəl isə bu göstərici 6,6 milyard dollar olub. Bu, siyasi münasibətlərin normallaşması fonunda sabit artımı nümayiş etdirir.
Bu gün investisiya əməkdaşlığı qarşılıqlı fəaliyyətin ən inkişaf etmiş sahələrindən biridir. Türkiyənin Misir iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 4 milyard dolları ötür. Bu gün Misir bazarında təxminən 200 Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar, ilk növbədə, sənaye, tikinti, tekstil, məişət texnikası istehsalında yer alırlar. Yeni razılaşmaların praktik təsdiqi kimi isə yeni layihələrin icrasına yönəlmiş Türkiyə-Misir Biznes Forumu olub.
Yaxın Şərqin problemlərini çözərək
Qahirədə aparılan danışıqlarda regional məsələlərə də ciddi diqqət çəkilib. Qəzza, Suriya və Liviyada vəziyyətin müzakirəsi koordinasiya xarakteri daşıyırdı. Ankara ilə Qahirə eskalasiyanın qarşısının alınmasında, humanitar səylərin artırılmasında, münaqişələrin siyasi yolla həllində maraqlı olduqlarını təsdiqləyiblər. Mövqelərin yaxınlaşması, gərginliyin azaldılması istəyini nümayiş etdirən bu yanaşma Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarında sabitliyə töhfə verilməsinə yönəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ilə Qahirə Qəzza sektorunda sülhün bərqərar edilməsinə, Liviyada sabitliyin təmininə imkan verəcək təşəbbüslər üzərində birgə işləyirlər, münaqişələrin siyasi həlli və zərərçəkmiş mülki əhaliyə humanitar yardımın genişləndirilməsi istiqamətində səyləri artırırlar. Həmkarını dəstəkləyən əs-Sisi də regional münaqişələrlə bağlı məsləhətləşmələrin, koordinasiyanın davam etdirilməsinin, sülh və sabitliyin möhkəmləndirilməsinin, humanitar problemlərin həlli, eskalasiyanın qarşısının alınması üçün fəal əməkdaşlığın vacibliyini vurğulayıb. O, tərəflərin Yaxın Şərqdə gərginliyin azaldılması, münaqişələrin siyasi həllinin təşviqi istiqamətində birgə səylərin inkişaf etdirilməsi ilə bağlı razılığa gəldiklərini deyib, təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın, sabitliyin daha da pozulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Beləliklə, ötən illərin uğursuzluqlarından və ifratçılıqdan nəticə çıxaran Ankara getdikcə daha ardıcıl praqmatik, ideoloji məqamların daha az olduğu xarici siyasi kursa üstünlük verir. İndi o, əsas regional oyunçularla münasibətləri siyasi simpatiyalara deyil, üst-üstə düşən maraqlara əsasən qurur. Bu isə əlbəttə ki, diplomatik manevr imkanlarını genişləndirir, regional böhranlara cəlb olunma risklərini azaldır, Yaxın Şərqin qeyri-sabit mühitində Türkiyənin iqtisadi və siyasi mövqeyini mərhələli şəkildə möhkəmləndirməsinə şərait yaradır. Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfərlərini bu kursun əyani göstəricisi saymaq olar.
MƏSLƏHƏT GÖR:



54

