ÜÇ DƏFƏ FƏXRİ KÜRSÜDƏ
Azərbaycan nüfuzlu cüdo turnirində liderlər arasında
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan cüdoçuları 2026-cı ilin ilk böyük yarışında gözləntiləri doğruldublar. Fransa paytaxtı Parisdə təşkil edilən “Böyük Dəbilqə” silsiləsindən olan turnirdə Azərbaycan komandası 8 idmançı təmsil olunub. Üç gün davam edən yarışın sonunda cüdoçular 1 dəst medala layiq görülüblər. 60 kq-da çıxış edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zelim Çkayev (81 kq) finalda uduzmaqla ikinci yeri tutub. 66 kq-da mübarizə aparan Ruslan Paşayev isə bürünc medala layiq görülüb.
Bu mükafatlar sayəsində Azərbaycan cüdo komandası 78 ölkə arasında 3-cü yeri tutub. Bu mötəbər turnirin yekun sıralamasında Azərbaycan komandası yalnız Yaponiya və Fransadan geri qalıb.
Uğur və uğursuzluqlar
Qeyd edək ki, Parisdə olimpiya çempionları Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) və Avropa çempionu, dünya çempionatının bürünc medalçısı Elcan Hacıyev heyətə daxil edilməyib. Fransada Yaponiya komandası 56, Fransa isə 25 idmançı ilə təmsil olunub. Üstəlik, hər iki ölkə əsas cüdoçularına şans verməklə yarışda güclü rəqabət yaradıb. Bu səbəbdən Azərbaycan komandasının liderlər olmadan 3 medal qazanmağını müsbət nəticə kimi qeyd etmək olar.
Parisdəki yarışda qızıl medal qazanmağın çox çətin olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki turnirdə çoxlu sayda dünya, olimpiya çempionları mübarizə aparırdı. Bu səbəbdən “Böyük Dəbilqə” turnirinin ikiqat qalibi Balabəy Ağayevin uğuru böyük əhəmiyyət daşıyır. Onun təmsil olunduğu 60 kq kateqoriyasında üç olimpiya mükafatçısı iştirak edirdi. Belə güclü rəqabətdə B.Ağayevin çempionluğu xüsusi qeyd olunmalıdır. Onun qızıl medala gedən yoluna nəzər yetirdikdə rəqabətin gərgin olduğu aşkar görünür. İlk mərhələdə cüdoçu sabiq dünya və üçqat Avropa çempionu Fransisko Qarriqosla üz-üzə gəlib. Sonra ardıcıl 4 görüşdə də rəqiblərə şans verməyərək aşkar şəkildə hamıdan güclü olduğunu sübut edib.
Azərbaycan komandasında ən böyük favorit Zelim Çkayev hesab olunurdu. Cüdoçu finala qədər bütün görüşlərdə favorit statusunu doğruldub. Ancaq finalda Z.Çkayev yaponiyalı rəqibi Yuxeyi Ono ilə bacarmayıb. Gümüş medala baxmayaraq, Zelim Çkayevin güclü rəqabətdə ikinci yer tutması qənaətbəxş nəticə hesab olunmalıdır.
66 kq-da çıxış edən Ruslan Paşayev Parisdə üçüncü yerlə kifayətlənib. Sumqayıt cüdo məktəbinin yetirməsinin fəxri kürsüdə yer alması stabil nəticələrin davam etdiyini göstərir. Ötən ildən etibarən əksər yarışlarda xarakter nümayiş etdirən R.Paşayevin 2026-cı ildə əsas komandada möhkəmlənmək şansı var.
Təəssüf ki, müəyyən səbəblərdən digər cüdoçuların çıxışı layiqincə olmayıb. Böyük ümid bəslənilən Uşanqi Kokauri və Kənan Nəsibov 1/8 finalda mübarizəni dayandırıb. Hər iki cüdoçunun zəif çıxışı məşqçilər tərəfindən təhlil olunmalıdır. Çünki 2025-ci ildə azarkeşləri sevindirən K.Nəsibovun Parisdə yol verdiyi səhvlər yarışa tam hazır olmadığının göstəricisidir.
Artıq 81 kq-da çıxış edən Vüsal Qələndərzadənin yeni kateqoriyaya tam öyrəşmədiyi hiss olunub. Yaponiyalı idmançıya məğlub olan 21 yaşlı cüdoçunun növbəti yarışlarda daha yaxşı çıxış edəcəyinə ümid böyükdür. Erkən mərhələdə məğlub olan Nazir Talıbov (66 kq) və Əjdər Bağırovun (100 kq) çıxışı barədə müsbət fikirlər söyləmək çətindir. Hər iki cüdoçu Paris tatamisində səviyyəsindən aşağı mübarizə sərgiləyiblər.
“Qızıl”dan sonra yeni hədəflər
Parisdə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) turnirə tam hazır olduğunu bildirib: “Böyük Dəbilqə” yarışı ilin ən çətin turnirlərindən biridir. Yarışın çətin olacağını bilirdik, buna baxmayaraq, çox yaxşı hazırlaşmışdım. Demək olar ki, bütün əsas rəqiblərim bu turnirdə iştirak edirdilər. Həm psixoloji, həm də fiziki baxımdan özümü tam hazır hiss edirdim. Hər gün yeni nəsə öyrənməyə çalışıram. Məşqçilərim sağ olsunlar, mənə hər zaman dəstək olurlar. Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum. Federasiyamız hər zaman bizə böyük verib. Həm mənəvi, həm də maddi baxımdan bizim üçün hər şeyin ən yaxşısını etməyə çalışırlar. Bu diqqət və qayğı daha yaxşı inkişaf etməyimizə, uğurlar qazanmağımıza böyük kömək olur”.
Parisdə “Böyük Dəbilqə”də 66 kq çəki dərəcəsində bürünc medal əldə edən Azərbaycan cüdoçusu Ruslan Paşayev mükafatçılar sırasında yer aldığından məmnun olduğunu deyib: “Əslində yenə qızıl medal qazanaraq ötənilki nailiyyətimi təkrarlaya bilərdim. Amma yarımfinal görüşündə çox böyük səhvə yol verdim, ona görə də qızıl medalı əldən verdim. Gərgin yarışda medalsız qalmamağıma sevinirəm. Növbəti yarışlarda buradakı “bürünc”ü “qızıl”la əvəz edəcəyəm”.
Ənənəyə uyğun olaraq turnirdən sonra Parisdə beynəlxalq təlim-məşq toplanışı keçirilib. 78 ölkənin idmançıları birgə hazırlıqda iştirak edib. Hazırlıq prosesinə 23 cüdoçumuz (16 kişi, 7 qadın) qatılıb.
Qeyd edək ki, ardıcıl beynəlxalq turnirlər payızda Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır. Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 150-dən çox ölkənin iştirakı gözlənilir.
MƏSLƏHƏT GÖR:




66

