23 Mart 2026

Bazar ertəsi, 05:11

«İYNƏLƏNMİŞ» GƏNCLİK

20 yaşda üzün «dondurulması» vaxtından əvvəl qocalma tələsinə necə çevrilə bilər?

Müəllif:

01.03.2026

Müasir gözəllik sənayesində narahatlıq yaradan bir tendensiya formalaşıb: qocalığa qarşı mübarizə ilk qırışların yaranmasından xeyli əvvəl başladılır. Yetkinlik yaşına yenicə çatmış qızlara botoks və fillerlərin az qala dişləri təmizləmək üçün olan adi gigiyenik prosedura bərabər tutulduğu təlqin edilir. Lakin bu «profilaktik qulluğu» təbliğ edən parlaq reklamların arxasında ciddi risklər gizlənir: dərinin vaxtından əvvəl boşalması, fərdiliyin itməsi, «şişirdilmiş» üz effektləri.

 

İflic xilas xülyası kimi

Problemin miqyasını anlamaq üçün əvvəlcə botoksun, əslində, nə olduğunu başa düşmək lazımdır. Botoks güclü üzvi zəhər olan botulinotoksin əsasında hazırlanan preparatdır. Təbiət etibarilə o, «Clostridium botulinum» bakteriyasından yaranan ən güclü üzvi zəhərlərdəndir. Müəyyən şəraitdə bu bakteriyanın fəaliyyəti botulizmə – sinir sistemini zədələyən və tənəffüs əzələlərinin iflicinə səbəb olan ağır qida zəhərlənməsinə yol açır. Sadəcə, müasir kosmetologiya ölümcül təhlükəsi olan bu toksini «ram etməyi» bacarıb: o, laboratoriyalarda lazımi tərkibə ayrılır, təmizlənir və tibbi məqsədlər üçün istifadə edilir. Amma unutmaq olmaz ki, ondan ən kiçik dozalarda istifadə olunduqda belə, təsir prinsipi dəyişmir – idarə olunan terapevtik effektin əldə edilməsi üçün müvəqqəti iflic! Preparatın vəzifəsi sinirlə əzələ arasındakı əlaqəni müvəqqəti «söndürmək»dir. Yəni burada sinir «əmr verir»: «gülümsə!», «qaşlarını çat!». Sadəcə «donmuş» əzələ onu «eşitmir». Həmin dövrdə isə dəridə qırışlar da yox olur…

Gizli məqam məhz burada ortaya çıxır. Bu dəbin əsasını amerikalı üz-çənə plastik cərrahı Uilyam C.Binderin məşhur tədqiqatı qoyub. Tədqiqat zamanı o, 13 il ərzində əkiz bacıları müşahidə edib: onlardan birinə müntəzəm olaraq botoks vurulub, digərinə isə yox. Bacılar qırx yaşa çatdıqda birincisinin üzü ideal dərəcədə hamar görünüb. Lakin bu gün mütəxəssislər məsələyə daha dərindən yanaşılmasını vacib sayırlar: qırışların olmaması üzün, həqiqətən, gənc qalması demək deyil. O, sadəcə, həyatını itirmiş ola bilər.

 

Əzələlərin «yatlması» tələsi

Niyə? Çünki üz mürəkkəb və canlı quruluşdur. «Journal of Biomechanics» elmi nəşri yazır ki, uzun müddət işləməyən hər bir əzələ tədricən zəifləyir və incəlir. Bu proses atrofiya adlanır. 20 yaşlı şəxsin üz əzələləri üzü saxlayan möhkəm karkas rolunu oynayır. Onu illər boyu botoks vasitəsilə «öldürdükdə» karkas tədricən nazikləşir. Botoks zəhərinin təsiri keçdikdən isə dəri sadəcə sallanır, çünki artıq onun altındakı dayaq yoxdur.

Bundan başqa, insan bədəninin mürəkkəb quruluşu da nəzərə alınmalıdır. Araşdırmalar göstərir ki, alın nahiyəsinin əzələləri iflic edilərsə, beyin digər əzələləri ikiqat işləməyə məcbur edir. Nəticədə, gənc qızın üzünün digər hissələrində, məsələn, burun və ya ağız ətrafında, əslində, olmamalı olan qəribə, qeyri-təbii qırışlar yaranır. Bir çoxları deyir ki, iynə prosedurlarının pərəstişkarları vaxt keçdikcə bir-birlərinə bənzəməyə başlayırlar: hamının üzü şişkin, sanki «doldurulmuş» təsir bağışlayır. Bunun da aydın izahı var. Tibbə görə üz əzələləri təbii nasos kimidir. Onlar yığıldıqda limfa və qanı hərəkətə gətirir, artıq mayeni kənarlaşdırır. Siz gənc yaşda bu «nasos»ları iflic edirsinizsə, maye durğunluğu – limostaza qaçılmazdır. Bu zaman üz boş və «ağır» görünməyə başlayacaq. Qızlar bir sıra hallarda bu şişkinliyi «həcm itkisi» kimi qəbul edərək fillerlərə – hialuron turşusu əsasında hazırlanmış gellərə müraciət edirlər. Məsələ ondadır ki, fillerlər təsir prinsipi baxımından botoksun tam əksidir. Botoks dərini hamarlaşdırmaq üçün əzələləri «söndürürsə», filler dərinin altına yeridilən doldurucu geldir – onlar əlavə həcm yaradır və ya dərin qırışları içəridən «itələyir». Amma eyni zamanda bu maddələr süngər kimi, daha çox su çəkirlər. Beləliklə, «pillow face» - «yastıq üz» effekti yaranır.

Avstraliyalı mütəxəssis Hevin Çan MRT vasitəsilə sübut edib ki, bu gellər 6 ay ərzində iz qoymadan yox olmur. Onlar illərlə dərinin altında «dolaşa», aşağı sürüşə, gənc üzü formasız maskaya çevirə bilər.

 

Canlılıq əvəzinə maska

Bəs biz mimikalardan niyə bu qədər qorxuruq? Sorğular göstərir ki, inyeksiyalara 25 yaşdan əvvəl başlamış qadınların 80%-i sonradan ondan imtina edə bilmir. Səbəb isə qırışlar yox, təbii obrazla əlaqənin itirilməsidir. Bu gün 20 yaşlı iynə prosedurlarının populyarlaşması sadəcə tərslik, şıltaqlıq deyil, texnologiya və iqtisadiyyatın yaratdığı təzyiqlərin nəticəsidir. İnsanlıq sanki öz-özünü uğursuzluqdan qorumalı olan «biznes layihəsi»nə çevirib. Psixoloqlar bunun səbəbini «sosial şəbəkə dismorfofobiyası» ilə izah edirlər. Söhbət insanın özünü «Instagram» və ya «TikTok»da redaktə olunmuş şəkillərlə müqayisə etməsi nəticəsində yaranan obsessiv narazılıqdan gedir. İnsan smartfondakı «ideallaşdırma» süzgəclərinə öyrəşdikcə, məsamələri, təbii qırış xətləri olan dərini qüsur kimi qəbul etməyə başlayır.

Lakin üzün «bloklanması» hissləri də bloklayır. Hipotezə görə isə insan emosiyasını üzdə ifadə edə bilmədikdə beyin həmin hissi daha zəif yaşayır. Yəni «dondurulmuş» üzə sahib qız empatiyasının bir hissəsini və daxili «mən»i ilə əlaqəsini itirir. O, smartfon kamerası üçün ideal görünə bilər, canlı ünsiyyətdə isə sanki «lal»dır.

ABŞ-dən olan psixoloq Rene Engeln bildirir ki, smartfonlar üzündən insanlar üzlərinə bədənlərindən daha çox aludə olublar. Əvvəllər insan gün ərzində özünü güzgüdə bir neçə dəfə görürdü. İndi isə smartfonlar vasitəsilə hamı gün ərzində saatlarla özünə baxır. Alqoritmlər, süzgəclər əlçatmaz bir standart yaradır və bunun fonunda 4K keyfiyyətində görünən təbii mimika səhvən «patologiya» kimi qəbul olunur.

Xarici görünüşün uğurla əlaqələndirildiyi dünyada insanlara təlqin edilir ki, qocalma xəstəlikdir və onu əvvəlcədən «müalicə etmək» lazımdır. 22 yaşda inyeksiyadan imtina bəzən sosial uğursuzluq və baxımsızlıq kimi qəbul olunur. Amma insan qırışları silərkən öz xarakterini də silir. Böyüməkdən qorxaraq təkcə qırışları deyil, emosiyalardan tam şəkildə istifadə etmək qabiliyyətimizi də bloklayır, canlı üzü hərəkətsiz bir sənət obrazına çeviririk. Bir zamanlar qırışlar təcrübə, müdriklik rəmzi idisə, yalnız enerji və dinamikanın qiymətləndirildiyi indiki dünyada «yetkin» üz dəbdə deyil.

 

Alternativ varmı?

Xoşbəxtlikdən, indi üzün və bədənin gözəlliyini qorumağa yönəlmiş yeni tendensiya da formalaşır. Bu, gəncliyin hərəkət vasitəsilə təşviqidir. Bu yanaşmanın əsasında belə bir anlayış dayanır: üz sadəcə dəri deyil, əzələlərdən, fassiyalardan və limfa damarlarından ibarət mürəkkəb bir sistemdir. Sübut olunub ki, üz üçün müntəzəm məşqlər və masaj cəmi bir neçə ay ərzində qadını vizual olaraq üç il daha gənc göstərə bilər. Fransalı mütəxəssis Joel Siokko onilliklərdir ki, müştərilərinə (onların arasında dünya kinosunun ulduzları olan Monika Belluççi, Katrin Denyov kimi şəxslər də var) əzələləri «öldürməyi» deyil, «canlandırmağı» öyrədir. Siokkonun dərin yanaq masajı üsulu üzə heç bir iynə olmadan tonus və aydın konturlar verir. Siokko hesab edir ki, üz əzələləri iflic vəziyyətdə deyil, elastik və güclü olmalıdır. Onun fikrincə, üz «nəfəs almalı», hərəkət etməlidir. Siokko gözəllik inyeksiyalarının dərinin metabolizmi üçün «ölüm» demək olduğu qənaətindədir.

Artıq etiraf etməyin vaxtıdır ki, erkən botoks insanın bir növ öz gələcəyindən götürdüyü kredit, fillerlər isə gənclik dövründə təravət effekti yaradan, lakin uzunmüddətli perspektivdə üzün təbii anatomik quruluşunu poza bilən vizual xülyadır. Bu gün üz dərisində əldə edilən müvəqqəti hamarlığın əvəzi sabah toxumaların sağlamlığı ilə ödənilməli olur. Ümid edək ki, hamının bir-birinə bənzədiyi manekenlər dünyasında gələcəyin ən qiymətli «valyutası» məhz orijinallıq olacaq.

20 yaşda iynəyə etibar etməzdən əvvəl anlamaq lazımdır ki, üz insanın həyatının, təbəssümünün və düşüncələrinin tarixidir. Marketinqə onu «qaralama səhifəsi»nə çevirmək imkanı vermək olmaz. Əsl dəbdəbə canlı baxışı, heç bir filler tərəfindən saxtalaşdırılmayan özünəməxsusluğu qoruyaraq, gözəl qocalmaqdır.



MƏSLƏHƏT GÖR:

51