12 Aprel 2026

Bazar, 19:32

QAZ VƏ GENERASİYA

SOCAR Serbiya ilə imzalanan yeni razılaşma vasitəsilə Avropada mövqelərini möhkəmləndirir

Müəllif:

01.03.2026

SOCAR şirkəti əhalisi, təxminən, 260 min nəfər olan, Serbiyanın üçüncü böyük şəhəri Nişdə qaz-turbin elektrik stansiyasının tikintisi haqqında memorandum imzalayaraq bu ölkədə genişmiqyaslı iştirak üçün zəmin yaradıb. Bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri çərçivəsində imzalanıb. Bu isə ölkənin enerji ekspansiyasına dövlət səviyyəsində dəstəyi vurğulayır.

Ümumilikdə Balkan regionu şirkətin investisiya siyasətində xüsusi yer tutur. Buna sübut olaraq Albaniyanın Korçan şəhərinin qazlaşdırılması üzrə “Nur” layihəsi, eləcə də Bolqarıstan və Şimali Makedoniyada hibrid qaz infrastrukturunun yaradılması təşəbbüsləri göstərilə bilər.

 

Birbaşa uçuşlar və Zirə pomidoru

Fevralın 15-də Serbiyanın paytaxtı Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya dövlət başçısı Aleksandr Vuçiçin iştirakı ilə iki dövlət arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilib. İclasda tərəflər Bakı ilə Belqrad arasında birbaşa uçuşların açılması daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.

A.Vuçiç iclasın Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin simvolik olduğunu bildirərək, Belqradın bu cür qarşılıqlı əlaqə formatını yalnız məhdud sayda dövlətlərlə tətbiq etdiyini vurğulayıb.

“Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır”, - A.Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya Azərbaycanla mədəniyyət və idmandan tutmuş iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və hərbi-texniki əməkdaşlığa qədər geniş spektrdə strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir: “Tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir”.  

Serbiya lideri əlavə edib ki, yaxın vaxtlarda yenidən Azərbaycana səfər etmək niyyətindədir.

Prezident İlham Əliyev Serbiyanın Dövlətçilik Gününün qeyd olunmasında iştirakın simvolikliyini qeyd edərək iki ölkə arasında yüksək inam və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu vurğulayıb.

“Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur”, - Azərbaycan lideri deyib.

O, Azərbaycan ilə Serbiya arasında Strateji Şuranın ilk iclasının qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsinin gözəl nümunəsi olduğunu əlavə edərək, Azərbaycan nümayəndə heyətinin üzvlərinə danışıqlara tam ciddi yanaşmağı tapşırıb: “Həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək”.

Prezidentlərin iştirakı ilə tərəflər, həmçinin imzalanmış sənədləri mübadilə ediblər. Bu sənədlər energetika, iqtisadiyyat, ərzaq təhlükəsizliyi, media, mədəniyyət, idman və tibbi sığorta kimi sahələri əhatə edir.

Bundan başqa, Vuçiç “Air Serbia” aviaşirkətinin həyata keçirəcəyi Belqrad-Bakı birbaşa uçuşunun mayın 3-də açılacağını elan edib. O, Serbiyanın sentyabrda Azərbaycanda keçiriləcək investisiya forumunda iştirakı ilə bağlı müzakirələrdən və iqtisadi əməkdaşlıq məsələlərindən danışıb.

Serbiya lideri xüsusilə mübadilə üçün çoxlu imkanların olduğu kənd təsərrüfatı haqqında bəhs edib. O, Bakıda yetişən pomidor və xiyarları, eləcə də Naxçıvan məhsullarını bəyəndiyini xoşuna gəldiyini etiraf edib və tədarükün təşkili imkanları barədə sual ünvanlayıb: “Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi. Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə Azərbaycan xeyli endirimlə təchiz edir. Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü?!”

Mövzunu davam etdirən Serbiya rəhbəri hökumət üzvlərini vətəndaşları keyfiyyətli Azərbaycan məhsulları ilə təmin etməyə və Serbiya mallarının Azərbaycana göndərilməsini aktivləşdirməyə çağırıb: “Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər. Mən sizə müraciət edərək deyirəm ki, vətəndaşlara azərbaycanlı dostlarımızdan daha münasib qiymətlə keyfiyyətli malların təchiz olması məsələsini həll etsinlər. Eyni zamanda biz də öz mallarımızı beləcə təqdim etməliyik. Hələ ki, bu, baş vermir. Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik. Lakin bunu hələ etməmişik və diqqətlə yanaşmamışıq”.

Serbiya lideri iki ölkə arasında hərbi-texniki əməkdaşlıqdan çox bəhs etməyib və bu istiqamətdə “əməkdaşlığın yaxşı getdiyini”, həssas məsələlər üzrə mütəmadi dialoq və qarşılıqlı dəstəyin mövcudluğunu vurğulayıb.

“Xarici İşlər nazirliklərimiz səviyyəsində məsləhətləşmələr aparılır. Razılaşmalar və daimi dəstək göz qabağındadır. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə də bu, belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o, həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik”, - A.Vuçiç söyləyib.

 

Genişmiqyaslı energetika layihəsi

Əldə edilmiş razılaşmalar arasında əsas yeri Azərbaycan və Serbiya hökumətləri arasında Serbiya ərazisində qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi haqqında sazişin imzalanması tutub.

Söhbət Serbiyada 500 MVt gücündə qaz-turbin elektrik stansiyasının (QTES) tikintisindən gedir. Azərbaycan şirkətləri layihənin həyata keçirilməsində Serbiya tərəfdaşları ilə birgə iştirak edəcək və tikintiyə nəzarəti təmin edəcəklər, tərəflər “50-nin 50-yə” prinsipi ilə işləmək niyyətindədirlər.

“Bu gün “term sheet agreement” (ilkin razılaşma) imzalanır və biz yaxın iki-üç ay ərzində bütün prosedurları başa çatdırmağı planlaşdırırıq ki, bundan qısa müddət sonra konseptual və ətraflı layihənin hazırlanmasına, ardınca isə tikintiyə başlayaq. Tikinti işləri iki ildən bir qədər çox çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq”, - A.Vuçiç deyib. O, Serbiyanın məlumat mərkəzləri və süni intellekt sahəsini inkişaf etdirmək planlarını nəzərə alaraq yeni generasiya mənbələrinə ehtiyacı olduğunu vurğulayıb. Stansiyanın isə Niş şəhəri ətrafında inşası planlaşdırılır.

“Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq. Bəlkə inanmayacaqsınız, lakin ikiillik müddətdə onlar 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər. Azərbaycan şirkətləri burada nəzarət işlərini həyata keçirəcək. Serbiya şirkətləri işlərə qoşulacaq. Hər iki tərəf 50 faizlə işləyəcək”, - A.Vuçiç bildirib.

Azərbaycan Prezidenti isə öz növbəsində qeyd edib ki, qaz-turbin elektrik stansiyası layihəsi iki ölkənin energetika sektorunda əməkdaşlığının diversifikasiyasının mühüm nümunəsidir.

“Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız”, - İ.Əliyev vurğulayıb.

O əlavə edib ki, stansiya layihəsi Serbiyada investisiyalar üçün yaradılmış imkanlar sayəsində həyata keçirilir: “Çünki investisiya iqlimi əlverişsiz olsaydı, Serbiya xarici investorlar üçün bu qədər cəlbedici olmazdı. Məhz aparılan islahatların nəticəsində Azərbaycan daxil olmaqla bir çox ölkələr Serbiyaya böyük investisiyalar yatırmağa hazırdır”.

Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Djedoviç deyib ki, QTES-in tikintisini SOCAR və Serbiya şirkətləri – “Elektroprivreda Srbije” və “Srbijagas” həyata keçirəcək: “Söhbət “Elektroprivreda Srbije”, “Srbijagas” və SOCAR şirkətinin ilk birgə layihəsindən gedir ki. Bu da ötən il ərzində institutlarımızın və şirkətlərimizin intensiv işinin, eləcə də iki dövlətin prezidentlərinin əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmaq üzrə aydın baxışının nəticəsidir”. Onun sözlərinə görə, bu layihə iki ölkə arasında enerji təhlükəsizliyinin daha da gücləndirilməsində mühüm addımdır: “Bu, təbii qaz tədarükünü diversifikasiya etdiyimiz ilk tərəfdaş olan Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi yolunda da vacib addımdır”.

 

Qaz vurğusu

Qaz stansiyasının tikintisindən başqa, Azərbaycan “mavi yanacağı”nın tədarükünün artırılması barədə də razılıq əldə olunub.

Bundan əlavə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, rəsmi Bakı Serbiya ilə bərpa olunan enerji mənbələri əsasında elektrik stansiyalarının tikintisi məsələsində əməkdaşlıqda maraqlıdır.

“Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq”, - İlham Əliyev deyib.

O vurğulayıb ki, Serbiya idxal olunan qazı elektrik enerjisinə çevirərək ekoloji təmiz yanacaq istehsal edə biləcək. Bu, həm daxili Serbiya bazarı, həm də sonrakı ixrac üçün imkanlar açacaq.

Dövlət başçısı, həmçinin qeyd edib ki, hazırda Azərbaycanın enerji ixracı potensialı 2 GVt təşkil edir: “Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.

Yeri gəlmişkən, əvvəllər imzalanmış saziş 2024-2026-cı illərdə illik 400 milyon kubmetrə qədər həcmdə Azərbaycan qazının Serbiyaya tədarükünü, 2027-ci ildən etibarən isə 1 milyard kubmetrə qədər artırma imkanını nəzərdə tutur.

Azərbaycan Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, Qərbi Balkan regionunun ən böyük ölkəsi olan Serbiya Bakı tərəfindən regionun əsas qaz, energetika və elektroenergetika mərkəzi kimi nəzərdən keçirilir.

“Serbiyada illik qaz istehlakı təqribən 2,63 milyard kubmetr təşkil edir ki, bunun da təxminən 2,2 milyard kubmetri idxal olunur. Yeni layihə (Nişdə QTES-in tikintisi) çərçivəsində Azərbaycan ölkənin daxili qaz bazarının 20%-nə qədər hissəsini tuta biləcək. Bu, enerji təhlükəsizliyinin əsas elementlərindən biri olan tədarük mənbələrinin diversifikasiyasına birbaşa kömək edən son dərəcə mühüm addımdır”, - qurum hesab edir.

Beləliklə, əldə edilmiş razılaşmalar Bakı ilə Belqrad arasında ikitərəfli əməkdaşlığı yeni mərhələyə çıxarır. Əgər əvvəllər əməkdaşlıq Azərbaycan qazının Serbiyaya tədarükü ilə məhdudlaşırdısa, indi söhbət həm də elektrik enerjisi generasiyası sahəsinə birgə investisiyalardan gedir.

Bu, SOCAR və ümumilikdə Azərbaycan üçün Balkan regionunda və Avropada yalnız enerji resursları tədarükçüsü kimi deyil, həm də infrastruktur layihələrinə investor kimi mövqelərin möhkəmləndirilməsi deməkdir.

Eyni zamanda qaz tədarükü həcmlərinin artırılması iqtisadiyyatı ənənəvi olaraq bir əsas tədarükçüdən asılı olan Serbiyanın enerji təhlükəsizliyini gücləndirir. Azərbaycan qazı alternativ idxal mənbəyi təşkil edir ki, bu da riskləri azaldır və Belqradın qiymətlər və müqavilə şərtləri üzrə danışıq mövqelərini möhkəmləndirir. Enerji təhlükəsizliyinin əsas elementi məhz bundadır.

Bundan başqa, Serbiya ardıcıl olaraq Balkan regionunda enerji qovşağı rolunu gücləndirilməyə çalışır və Azərbaycanla uzunmüddətli razılaşmalar onun regional qaz arxitekturasındakı əhəmiyyətini artıracaq. Bu mənada yeni sazişlər sadəcə əlavə yanacaq həcmləri deyil, ölkənin enerji müstəqilliyinin, iqtisadi sabitliyinin və regional rolunun gücləndirilməsi alətidir.



MƏSLƏHƏT GÖR:

68