MÜNXENDƏ BAKI FORMULU
Azərbaycan regional strategiyanı nümayiş etdirir
Müəllif: Elçin HÜSEYNOV
1963-cü ildən etibarən keçirilən Münxen Təhlükəsizlik Konfransı (MSC) qlobal təhlükəsizlik və xarici siyasət məsələlərinin müzakirəsi üçün əsas beynəlxalq platformalardan biri olaraq qalır. Forum icrası məcbur qərarlar qəbul etməsə də, dövlət başçıları, nazirlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrinin mövqelərini paylaşmaları üçün platforma rolunu oynayır, eyni zamanda ən aktual geosiyasi məsələlərlə bağlı qapalı müzakirələrə imkan yaradır. Bu il Azərbaycan Prezidenti İlham Əliyev yenidən konfransda baş verənlərin mərkəzində yer alıb. O, Münxendə önəmli ikitərəfli görüşlər keçirib, vacib diskussiyalarda iştirak edib, jurnalistlərlə fəal ünsiyyət qurub. Gəlin hər şeyə ardıcıllıqla nəzər salaq.
Münxen-2026 intriqaları
2026-cı ildə təşkil olunmuş və sayca 62-ci olan Münxen Təhlükəsizlik Konfransı fevralın 13-15-ində keçirilib. Konfransda 115-dən çox ölkədən yüzlərlə nümayəndə iştirak edib. Tədbir geniş mövzular spektrini əhatə edib: Avropada təhlükəsizlik, Aİ-nin müdafiə qabiliyyətini artırması üçün zəruri olan islahatlar, transatlantik münasibətlər, hərbi münaqişələr, regional böhranlar, o cümlədən Ukrayna müharibəsi, çoxtərəfli əməkdaşlıq məsələləri, kibertəhlükəsizlik və texnologiyaların inkişafı, həmçinin enerji və iqlim təhlükəsizliyi. Forumda 50-dən çox dövlət və hökumət başçısı, Aİ və NATO-nun yüksək rütbəli nümayəndələri, aparıcı dövlətlərin xarici işlər və müdafiə nazirləri, həmçinin BMT və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Açıq sessiyalarla yanaşı, pərdəarxasında da geniş müzakirələr aparılıb, strateji təşəbbüslər, əməkdaşlıq imkanları müzakirə olunub.
Münxen Konfransı, adətən, münaqişə xarakteri daşımasa da, builki toplantı göstərib ki, qlobal güc mərkəzləri arasındakı kəskin ziddiyyətlər gündəliyin müəyyənləşdirilməsinə öz təsirini göstərir. Əsas intriqa trans-Atlantik gərginliklə bağlı olub. Avropa liderləri strateji müttəfiqliyin gücləndirilməsinə çağırışlar ediblərsə, ABŞ NATO-nun rolunun əhəmiyyətini, təhlükəsizlik məsələlərində vahid mövqenin vacibliyini vurğulayıb. Ukrayna probleminə xüsusi diqqət ayrılıb. Qərb ölkələri ona dəstək, hərbi strategiyalar haqda müzakirələr aparıb və bu zaman yanaşmalarda fərqlər bir daha ortaya çıxıb. Bəziləri sərt koordinasiyanı, digərləri isə ehtiyatlı diplomatiyanı vacib sayıb. Bu fərqliliklər, əlbəttə ki, Qərbdə parçalanmanın həddini göstərir. Orada bəzi ölkələrin maraqları bəzən ümumi bəyanatlarla üst-üstə düşmür.
Texnologiyalar və kibertəhlükəsizlik mövzusu da aktual olub. Xüsusilə süni intellekt və kritik infrastrukturun qorunması məsələsi diqqət mərkəzində qalıb. Ölkələr arasında məlumat mübadiləsi və tənzimlənməsi məsələsində fikir ayrılıqları artır, bu isə birbaşa qlobal təhlükəsizlik strategiyasına təsir göstərir.
Nəhayət, enerji və iqlim gündəliyi ortaya yeni nüanslar çıxarıb. Avropa etibarlı enerji mənbələri və davamlı tədarük marşrutları axtarır, Asiyanın və Amerikanın tərəfdaşları isə öz ölkələrinin maraqları ilə iqlim tələbləri arasında tarazlığı qorumaq üçün ehtiyatlı davranırlar.
Nəticədə, MSC-2026 göstərib ki, açıq sessiyalar sadəcə aysberqin görünən tərəfidir. Kulis arxasında ideyalar və maraqlar uğrunda fəal mübarizə gedir, hər bir ölkə dəyişən dünyada mövqeyini gücləndirməyin optimal yolunu axtarır. Forum bir daha göstərib ki, qlobal təhlükəsizlik bəyanatlarla deyil, canlı dialoqla formalaşır, burada isə gərginlik, fikir ayrılıqları və strateji manevrlər qaçılmazdır.
Bakı güc balansını formalaşdırır
Bəli, MSC-2026 bir daha göstərib ki, qlobal təhlükəsizlik aparıcı güc mərkəzləri arasında ziddiyyətlərin kəsişməsində formalaşır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı fəal regional diplomatiya nümunəsi sayıla bilər. Bakı enerji və nəqliyyat sektorlarında Avropanın etibarlı tərəfdaşı olma qabiliyyətini göstərir, eyni zamanda strateji əhəmiyyətli region olan Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Bu iştirak göstərir ki, Azərbaycan Şərqlə Qərbin maraqları arasında balansı qoruyaraq, təhlükəsizlik müzakirələrinə də təsir göstərə bilir.
Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib. Onlar əlaqələrin gücləndirilməsinə, nəqliyyat, enerji logistikasına, həmçinin regional əməkdaşlıq məsələlərinin müzakirəsinə imkan yaradıb. Məsələn, İlham Əliyev ilə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə ukraynalı uşaqlara diqqət və qayğıya görə minnətdarlıq edib.
Bolqarıstanın dövlət başçısı İliyana Yotova ilə aparılan danışıqlarda enerji, elektrik enerjis ixracı, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Bolqarıstanın Azərbaycan-Aİ münasibətlərinin inkişafını dəstəkləməsi yüksək qiymətləndirilib. İliyana Yotova ölkəsində yerləşən «Trapezita» Memarlıq Muzeyi Qoruğunun bərpasına Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İlham Əliyev ilə görüşündə Aİ-nin Azərbaycanla münasibətlərin inkişafına maraq göstərdiyini söyləyib. Görüşdə tərəflər arasında enerji sahəsindəki uğurla əməkdaşlıq vurğulanıb, bu kontekstdə Bakının Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi əhəmiyyətli töhfə qeyd olunub. Görüşdə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanlarından danışılıb, bunun həmçinin Cənubi Qafqaz regionunda möhkəm sülh və sabitliyin təmin edilməsindəki rolu vurğulanıb.
Azərbaycanın dövlət başçısı Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə də görüşüb. Görüşdə strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dəstəyə əsaslandığı bildirilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarının olduğu deyilib. Bu kontekstdə hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu əməkdaşlığın perspektivlərilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə münasibətlərin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Dövlət başçısı Bərzanini Azərbaycana səfərə dəvət edib və qarşı tərəf dəvəti məmnunluqla qarşılayıb.
İlham Əliyev Münxendə Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Armin Laşetlə də görüşüb. Görüşdə Azərbaycanın regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüsləri müzakirə olunub. Qeyd edilib ki, Bakı ilə Berlin arasında siyasi, ticarət-iqtisadi, enerji və digər sahələrdə ikitərəfli münasibətlər inkişaf edir. Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu vurğulanıb, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
«Goldman Sachs Group Inc.» şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında (investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə olunması və s.) əməkdaşlıq perspektivləri müzakirə edilib, şirkətin Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.
İlham Əliyevin dünyanın ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən olan «Oracle» korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşündə Azərbaycanda texnoloji transformasiya və süni intellektin inkişafı siyasəti müzakirə edilib, «Oracle» ilə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq qeyd olunub, tərəfdaşlıq perspektivləri üzrə çərçivə razılaşmasının artıq əldə edildiyi vurğulanıb. Tərəflər şirkətin üç akademiyasının ölkənin aparıcı ali təhsil müəssisələrindəki fəaliyyətindən danışılıb, həmçinin şirkətin dövlət və özəl müəssisələrlə uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olunub.
Ümumilikdə Azərbaycanın Münxen Konfransında iştirakı göstərib ki, ölkə regional və beynəlxalq təhlükəsizliyin formalaşmasında fəal rol oynayır, Şərq və Qərb maraqları arasında balansı qoruyub saxlayır, qlobal diplomatik mühitdə mövqeyini gücləndirir.
TRIPP və Orta Dəhliz: Azərbaycan trans-Xəzər bağlantısının mərkəzi kimi
Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində «Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi» mövzusunda panel müzakirəsi keçirilib. Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusu TRIPP layihəsi və Orta Dəhlizin Asiya və Avropa arasında əsas nəqliyyat marşrutuna çevrilmək perspektivi olub. İlham Əliyev bu infrastrukturun əhəmiyyətini vurğulayaraq deyib: «Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir». O, tranzit göstəricilərinin yüksək olduğunu da vurğulayıb. «Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır», - deyə dövlət başçısı qeyd edib. İlham Əliyev bağlantı layihələrinin regiondakı sülh prosesi ilə şərtləndiyini də söyləyib: «Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, qarşılıqlı ticarət, əslində, başlayıb... Yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq «Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu» da tamamilə yeni vəziyyət yaradacaq... Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq».
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos da TRIPP layihəsinin və regional inteqrasiyanın əhəmiyyətini vurğulayıb. «Gündəliyimizdə artıq Azərbaycan, Ermənistan və Türkiyə üçün konkret layihələr var. Siz TRIPP layihəsindən danışırsınız və biz də onu prioritet hesab edirik… TRIPP layihəsinin Naxçıvan istiqamətində həyata keçirilməsi ümumi vəziyyəti dəyişəcək və bununla Türkiyəyə çıxış əldə olunacaq», - deyə o, bildirib.
Çin və Qloballaşma Mərkəzinin təsisçisi Vanq Huiyao isə dəhlizin qlobal əhəmiyyətindən danışıb: «Trans-Xəzər marşrutu da mühüm əhəmiyyətə malikdir… Çin maneələrin azaldılması, nəqliyyat bağlantısı üçün imkanların yaradılması istiqamətində çox effektiv addımlar atır... Azərbaycan gözəl ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz Azərbaycanın «yumşaq güc»ünə hər zaman heyran qalmışıq».
Panel müzakirəsində Orta Dəhlizin inteqrasiyası üçün praktiki addımlar da müzakirə edilib: gömrük prosedurlarının sadələşdirilməsi, Dünya Bankı və Avropa İnkişaf və Yenidənqurma Bankının rolu, özəl sektorun cəlbi, tərəfdaşlar arasında etimadın formalaşdırılması və s.
İlham Əliyev TRIPP layihəsinin ABŞ-nin də iştirakı ilə beynəlxalq birlik tərəfindən tanındığını bildirib. «TRIPP-in Prezident Trampın adını daşıması faktı o deməkdir ki, bu dəhliz bu administrasiya üçün və bəlkə də, bu administrasiyanın müddətindən sonra da vacib olacaq… Region ölkələri, Azərbaycan, Gürcüstan, Xəzərin o tayında Mərkəzi Asiyadakı qonşularımız tərəfindən görülən bütün işlər Amerikanın heç bir praktiki iştirakı olmadan həyata keçirilib. Bu gün Prezident Tramp administrasiyasının diqqətini cəmləşdirdiyi böyük bir resursa sahib olduğumuz halda, əlbəttə ki, bu genişmiqyaslı layihələrin həyata keçirilməsi potensialı daha böyükdür», - deyə Azərbaycan Prezidenti qeyd edib.
Beləliklə, panel iclası göstərib ki, TRIPP layihəsi və Orta Dəhlizin inkişafı yalnız regionun iqtisadi inkişafına töhfə verməyəcək, həm də etimadın möhkəmləndirilməsi, sülh prosesinin dəstəklənməsi və Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşdırılması üçün mühüm alətə çevriləcək.
Bakıdan vacib mesajlar
İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakının ən maraqlı məqamlarından biri də onun «France 24» telekanalına verdiyi geniş müsahibə olub. Dövlət başçısı müsahibədə regiondakı vəziyyətdən, Ermənistanla sülh prosesindən və Fransa ilə ikitərəfli münasibətlərdən danışıb. İrəvanla münasibətlərin normallaşması və s. haqda sualı cavablandıran İlham Əliyev bildirib ki, Ağ Evdə imzalanmış tarixi bəyannamədən sonra münaqişə başa çatıb və Azərbaycan artıq «sülh dövrü»nə daxil olub: «O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da, bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub».
Bununla yanaşı, dövlət başçısı tərəflər arasında rəsmi sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddənin dəyişdirilməli olduğunu bildirib: «Bu olmasa, sülh sazişi imzalanmayacaq. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq». Prezident sülh sazişinin bu il imzalana biləcəyinə əminliyini də ifadə edib.
Dövlət başçısı nəqliyyat və iqtisadi təşəbbüslərin həyata keçirilməsində Birləşmiş Ştatların iştirakının vacibliyini də vurğulayıb: «Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır... Əminəm ki, bu, həyata keçiriləcək».
İlham Əliyev Birləşmiş Ştatların vitse-prezidenti Vensin Bakıya səfəri və tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasının əhəmiyyətindən də danışıb. «Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik… Xartiya müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb», - deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti müsahibədə Bakıda hərbi məhkəmə tərəfindən mühakimə olunan Qarabağ separatçılarının liderlərinin taleyi haqda suala cavabında isə deyib: «Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi». Dövlət başçısı Bakıda ABŞ-nin vitse-prezidenti ilə görüşdə digər məsələlərlə yanaşı, bu mövzunun da müzakirə olunduğunu etiraf edib: «Mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam».
Müsahibədə toxunulmuş daha bir mövzu son illərdə Fransa ilə münasibətlərdəki gərginliklə bağlı olub. İlham Əliyev bildirib ki, gərginliyi Azərbaycan tərəfi yaratmayıb, əksinə Fransa İkinci Qarabağ müharibəsinin gedişində daim separatçıları dəstəkləyib: «Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən ölkələrin ərazi bütövlüyünü müdafiə edir... Lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib... Azərbaycanın atdığı addımlar yalnız cavab idi».
İlham Əliyev Bakının vəziyyətin normallaşdırılmasına hazır olduğunu bildirib: «Düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır».
Beləliklə, Münxen Sülh Konfransı bir daha göstərib ki, qlobal təhlükəsizlik yalnız bəyanatlarla deyil, liderlərin hər addımının bir çox tərəfin maraqlarını nəzərə aldığı canlı dialoq vasitəsilə qurulur. İlham Əliyevin konfransda iştirakı isə Azərbaycanın təkcə regional diplomatiyada fəal rol oynamadığını ortaya qoyub. İndi həm də onun nəqliyyat dəhlizlərindən tutmuş, strateji tərəfdaşlığadək irəli sürdüyü təşəbbüslər sülh və sabitliyin möhkəmləndirilməsi üçün real alətə çevrilir. Bu kontekstdə Bakı Avropanın etibarlı tərəfdaşı və Cənubi Qafqazın əsas oyunçularından biri rolunu davam etdirir, Şərqlə Qərb arasında balansın mümkün olduğunu, hətta real nəticələr verdiyini ortaya qoyur.
MƏSLƏHƏT GÖR:




79

