ÜÇ ÖLKƏNİN EPİSENTRİNDƏ
Bazel İsveçrə, Almaniya və Fransanı eyni üfüqdə qarşılayır
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Bazel-Bakı
Bazel hava limanına enərkən özünüzü sanki əsl Avropa qovşağında hiss edirsiniz. Bu şəhər sözün həqiqi mənasında üç ölkənin - İsveçrə, Almaniya və Fransanın qovuşduğu nöqtədə yerləşir. Artıq hava limanında hansı ölkəyə getmək istədiyinizi seçə bilərsiniz: taksi və ya avtobusla bir neçə dəqiqəyə Almaniya və ya Fransa ərazisində olacaqsınız.
Buradan Almaniya sərhədinə cəmi 3, Fransaya isə təxminən 5 kilometr məsafə var. Ən adi alış-veriş və ya Reyn çayının sahili boyu gəzinti belə, Avropa səyahətinə çevrilir: gününüzü Bazelin İsveçrə hissəsində başlayırsınız, yarım saat sonra isə artıq Almaniyanın qəsəbəsində qəhvə içə və ya Fransanın kiçik restoranında şam edə bilərsiniz.
Rəsmi olaraq Bazel İsveçrənin üçüncü böyük şəhəri, almandilli Bazel-Ştat kantonunun qəlbidir. Sərhəd yaxınlığında yerləşməsi onu unikal edir: burada üç ölkənin dili, mətbəxi, ənənəsi və mədəni təsiri kəsişir. Bu, Avropanı miniatür şəkildə hiss etmək üçün ideal yerdir: burada bir gün eyni anda üç ölkəyə səyahətə çevrilə bilər.
Köhnə şəhər: əsrlər boyu gəzinti
Bazelin köhnə şəhərini ziyarət etmək buraya zaman maşını ilə gəlmək kimidir: hər daş döşənmiş küçə, hər qədim evin fasadı şəhərin əsrlərə uzanan danışır. Bazar meydanındakı Ratuşa (Rathaus) ilə başlamağa dəyər: kantonların gerbləri və zərif rəsmlərlə bəzədilmiş qırmızı qüllə sanki içəri baxmağa və İsveçrə demokratiyasının əsrlər boyu necə işlədiyini görməyə dəvət edir.
Bir neçə addımdan sonra artıq Bazel Kafedralının (Basler Münster) yanındasınız. Onun möhtəşəm qüllələri şəhərin, demək olar ki, hər yerindən görünür, terrasdan isə Reyn çayına, Almaniya və Fransanın sərhəd şəhərlərinə heyrətamiz mənzərə açılır. Kafedral roman sərtliyi ilə qotik zərifliyi birləşdirir, onun daxilində mürəkkəb heykəllər və vitrajlar gizlənib.
Köhnə şəhərin dar küçələrində gəzərkən mütləq kiçik həyətlərə və sakit meydanlara baxın: burada rahat kafelər, butiklər və antikvar dükanlar gizlənib. Reyn üzərindəki ən qədim körpülərdən biri olan “Mittlere Brücke” köhnə və yeni şəhəri birləşdirir. Bu körpüdən sahilyanı ərazilərə və səfər edən gəmilərə gözəl mənzərələrə açılır.
Köhnə şəhəri tərk edərək, siz artıq başqa bir dünyaya - incəsənət və mədəniyyət dünyasına daxil olursunuz. Bazel haqlı olaraq İsveçrənin incəsənət paytaxtı sayılır və bunun səbəbləri var. Şəhərdə və onun ətrafında təxminən 40 muzey yerləşir. Məsələn, “Kunstmuseum Basel” muzeyində Avropanın köhnə ustadlarının və müasir incəsənətin ən əhəmiyyətli kolleksiyalarından birini saxlayır: Rafaeldən Pikassoya qədər. Burada klassika avanqardla yanaşıdır, keçmiş dövrlərin şedevrləri isə müasir instalyasiyalarla heyrətamiz şəkildə harmoniya yaradır.“Fondation Beyeler” maraqlı muzeylərdən biridir. O, incəsənətin məkana qərq olduğu muzeydir. Modernist şedevrlər heykəltaraşlıq bağçasında yerləşir, şəffaf qalereyalar isə işığı buraxaraq, sanki rəsmlərin təbiətlə birlikdə nəfəs aldığı hissini yaradır. Dizayn və memarlıq həvəskarları üçün şəhərdən cəmi bir neçə kilometr məsafədə yerləşən “Vitra Design” muzeyinə baş çəkmək lazımdır. Burada XX və XXI əsrlərin mebel və dizayn obyektlərinin unikal kolleksiyası təqdim olunur.
Ümumiyyətlə, Bazel ilboyu incəsənətlə yaşayır: burada festivallar, teatr premyeraları, musiqi konsertləri və təbii ki, məşhur “Art Basel” - dünyanın ən böyük müasir incəsənət yarmarkası keçirilir. Hətta şəhər mərkəzində adi gəzinti belə, mədəni macəraya çevrilir: hər hansı küncdə sizi küçə instalyasiyası, növbəti döngədə isə yerli rəssamların əsərləri olan qalereya gözləyə bilər.
Yəqin ki, çoxları xatırlayır ki, 2025-ci ilin mayında Bazel 2024-cü il müsabiqəsində ifaçı Nemonun qələbəsindən sonra “Avroviziya”nı qəbul edərək bütün Avropanın musiqi mərkəzinə çevrilmişdi.
Yeri gəlmişkən, Bazel Milad Bazarı Avropanın ən böyük və ən gözəl bazarlarından biridir. Üç meydanda (“Münsterplatz”, “Barfüsserplatz” və “Claraplatz”) hədiyyələr, şirniyyatlar və isti içkilərlə yarmarkalı evlər yerləşir. Qədim küçələrdəki əsas küknar ağacı və çilçıraqlar xüsusi əhvali-ruhiyyə yaradaraq həm yerli sakinləri, həm də dünyanın hər yerindən gələn turistləri cəlb edir. Bazar köhnə şəhərə harmonik şəkildə uyğunlaşıb: parlaq işıqlandırılmış küçələrdə gəzə, İsveçrə ləzzətlərini dada, unikal hədiyyələr ala və sadəcə bayram əhvali-ruhiyyəsinə qərq ola bilərsiniz. Xüsusilə axşamlar, işıqlar Reynin sularında əks olunanda.
Reyn çayı Bazelin əsas arteriyası və gəzintilər üçün təbii oriyentirdir. O, şəhəri və onun tarixi mərkəzini iki hissəyə bölür: sol sahildə Böyük Bazel (“Gross Basel”) və sağ sahildə Kiçik Bazel (“Klein Basel”) yerləşir. Sahilyanı ərazilər köhnə şəhərdən yeni məhəllələrədək tələsmədən gəzməyə, şəhərin və Almaniya ilə Fransanın sərhəd rayonlarının həyatını müşahidə etməyə imkan verir. Yayda Reyndə yalnız çayın axınından istifadə edən, motorsuz işləyən kiçik bərələrdə gəzintilər populyardır. Bu, turistlər üçün ənənəvi mənada əyləncə növü deyil, yerli sakinlər üçün nəqliyyat vasitəsidir. Sahilyanı ərazilər həmçinin velosiped marşrutları və sakit piyada gəzintiləri üçün rahatdır, burada piknik yerləri və mənzərənin çaya açıldığı qısa dayanacaqlar var.
Bazelin simvolu 1387-1398-ci illərdə tikilmiş, Şpalentor (“Spalentor”) adlı orta əsr darvazasıdır. Daxili tərəfdə əfsanəvi Bazel Göyərçini (“Basler Taube”) təsviri ilə 1844-cü ildə yaradılmış şəhərin altı tarixi poçt qutusundan birini görmək olar. Nə qədər qəribə olsa da, bu gün də sakinlər hələ də bu poçt qutusundan təyinatı üzrə istifadə edirlər.
Pulsuz gedirik, dadlı yeməklər yeyirik, baha qalırıq
Bazeldə hərəkət etmək rahatdır. O, köhnə şəhəri ətraf ərazilər və Almaniya ilə Fransanın sərhəd rayonları ilə birləşdirən inkişaf etmiş tramvay və avtobus şəbəkəsi təklif edir. Bazelin hotellərində qalan turistlərə isə qaldıqları müddət ərzində ictimai nəqliyyatdan pulsuz istifadə hüququ verən “BaselCard” verilir. “BaselCard” hətta “EuroAirport Basel-Mulhouse” hava limanına və oradan pulsuz transfer, həmçinin nəqliyyatda, muzeylərdə və küçələrdə pulsuz Wi-Fi təqdim edir. Kart sahibləri muzeylərə, ekskursiyalara və Reyn gəzintilərinə, o cümlədən kruizlərə və veloturlara 50 faizə qədər endirim əldə edirlər. “BaselCard” hotelə, mənzilə və ya hostelə yerləşdirildikdən sonra avtomatik olaraq verilir: bəzi hotellər onu əvvəlcədən elektron formatda göndərir.
Velosipedlər həm turistlər, həm də yerli sakinlər arasında populyardır: bir neçə icarə stansiyası bir saatlığına təxminən 2 frank müqabilində velosiped götürməyə imkan verir, Reyn boyunca piyada marşrutları isə gəzintiləri xoş və təhlükəsiz edir.
Bazel qurmanları da cəlb edir. Klassik İsveçrə restoranları köhnə şəhərdə və sahilyanı ərazilərdə yerləşir. Bu restoranlarda fondü (əridilmiş pendir, şokolad və ya yağ) - porsiyası 25-30 frank, raklet (xüsusi əridilmiş pendir) - təxminən 28 frank təklif edilir. Ənənəvi rösti yeməyini (kartofla bişirilmiş pendir) 15-20 franka dadmaq olar. Daha doyurucu nahar üçün adətən rösti ilə verilən, krem souslu nazik doğranmış ət olan “Zürcher Geschnetzeltes” seçə bilərsiniz. Səhər yeməyi və ya yüngül qəlyanaltı üçün isə yumşaq strukturu və xırtıldayan qabığı olan ənənəvi çörək – “Basler Brot” var.
Sürətli və yüngül variantı üstün tutanlar üçün bütün regiondan məhsulların olduğu örtülü bazar “Markthalle Basel”ə baxmaq daha yaxşıdır: təzə pendirlər, çörək, mövsümi meyvələr və yerli delikatesler. Bazarda yemək 10-20, kiçik fincan qəhvə isə 4-5 franka başa gəlir. Belə bazar restorana getmədən tez qəlyanaltı etməyə və yerli məhsulları dadmağa imkan verir.
Şirniyyat həvəskarları yerli şokolad və qənnadı dükanlarını yüksək qiymətləndirəcəklər: əl işi şokolad plitkası 6-15, kafelərdə mini-desertlərin 1 porsiyası isə 5-7 franka başa gəlir. Kruassan və tartların çeşidində fransız, pirolarda və kolbasa qəlyanaltılarında isə alman təsiri hiss olunur. Şirniyyatlar arasında bal, qoz-fındıq və şəkər ilə ədviyyatlı peçenye “Basler Läckerli”, həmçinin qoz-praline ilə yumşaq konfetlər – “Mässmogge” xüsusi yer tutur.
Əgər yerli mətbəx yeməklərini dadmaq və ya kafeləri ziyarət etmək istəyirsinizsə, bunu günün birinci yarısında və ya naharda etmək daha yaxşıdır: məşhur nöqtələr, xüsusilə sahilyanı ərazilərdə və köhnə şəhərdə, turistlər və yerli sakinlərlə dolu ola bilər.
Bazeldə, təbii ki, hər zövqə uyğun yaşayış yeri tapmaq olar, lakin büdcəli olub-olmayacağı mürəkkəb sualdır. Burada, bütün İsveçrədə olduğu kimi, iki nəfərlik otaq gecəyə azı 260 franka başa gəlir. Büdcəli seqmentdə, məsələn, hostellərdə və ya ucuz hotellərdə 90-120 franka variantlar tapmaq olar. Üstəlik, belə ucuz variantları mövsümün ən pik olmayan vaxtlarında tapmaq mümkündür. Üç ulduzlu orta kateqoriyalı hotellərdə qiymətlər yerləşmə və yenə də mövsümdən asılı olaraq 140-250 frankdır. Artıq pafossuz rahatlıq axtaranlar üçün bu variant optimal sayılır.
Hotelin yerləşdiyi ərazi qiymətə çox təsir edir. Belə ki, hotel köhnə şəhərə və mərkəzə nə qədər yaxındırsa, qiymət bir o qədər yüksəkdir. Lakin belə hotellərdən əsas görməli yerlərə çatmaq bir o qədər rahat olacaq. Daha büdcəli variantlar adətən şəhərin kənarlarında yerləşir, oradan mərkəzə tramvay və ya avtobusla 10-15 dəqiqəyə çatmaq olar. Yüksək mövsümdə və burada kifayət qədər tez-tez olan böyük sərgilər və ya festivallar zamanı qiymətlər artır. Buna görə də otağı əvvəlcədən sifariş etmək məna kəsb edir.
Professor Moriartiyə qonaq getmək
Bazeli qonşu ölkələrə qısa səfərlər üçün başlanğıc nöqtəsi kimi istifadə etmək rahatdır. Cəmi yarım saat qatarla gedəndə özünüzü Almaniyanın Frayburq şəhərində tapa bilərsiniz. Səyahət asan və sürətlidir, buna görə ora yarım gün və ya günlük getmək rahatdır. Köhnə şəhərdə, dar küçələrdə və rahat meydanlarda gəzinti, yerli kafelərə baş çəkmək yola çox vaxt sərf etmədən alman ab-havası ilə İsveçrə atmosferi arasındakı kontrastı hiss etməyə imkan verir. Erkən sifarişdə biletlər çox ucuza başa gəlir və hətta orta seqmentdə belə, səyahət əlçatan və rahat qalır.
Əgər fransız koloriti əlavə etmək istəyirsinizsə, Strasburqa getməyə dəyər. Bazeldən həmin şəhərə qatarla təxminən bir saat iyirmi dəqiqəyə çatmaq mümkündür. Bu da səhər yola düşməyə, orada gün keçirməyə, axşam isə geri qayıtmağa imkan verir. Qədim küçələri, mənzərəli kanalları və memarlığı ilə Strasburq Bazeldən kökündən fərqlənir. Burada bir neçə saat ərzində kafeləri ziyarət edə, fransız mətbəxindən və şəhərin gözəlliklərindən həzz ala bilərsiniz.
Bazel qonşu şəhərlərə və regionlara qısa səfərlər üçün çox rahatdır. Bir saatdan az vaxtda yol fransız Kolmarına aparacaq: şirniyyat evlərə bənzər evləri, kanalları və “Kiçik Venesiya” rayonu ilə nağıl şəhəri. Köhnə şəhər, Unterlinden Muzeyi və yerli şərab qədəhi ilə kanallar üzrə gəzinti mütləqdir.
Təxminən bir saat sonra Lyutsern gölünün sahilində, Alplara panorama ilə, orta əsr körpüləri və qüllələri ilə yerləşən şəhərdə ola bilərsiniz. Burada “Kapellbrücke” boyunca gəzə, göldə gəzintiyə çıxa, Pilatus və ya Riqi dağlarına qalxa və Nəqliyyat Muzeyinə baxa bilərsiniz.
Reyxenbax şəlaləsi və İnterlaken şəhəri Bazeldən 70 dəqiqə məsafədədir. Əfsanəyə görə, məhz burada Şerlok Holms Moriarti ilə amansız şəkildə döyüşüb. Yaxınlıqda dağ gölü olan Brienz yerləşir.
Həvəskarlar Elzasın şərab kəndlərini – “Eguisheim”, “Riquewihr” və “Ribeauvillé” yüksək qiymətləndirəcəklər. Onların hər biri sanki açıqcadan çıxıb: küçələr, ağ şərablar, yerli festivallar.
Başqa bir günlük səyahət seçimi isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan, yaxşı qorunub saxlanılan orta əsrlərə aid köhnə şəhəri olan İsveçrənin paytaxtı Berndir. Təbiət və ənənə həvəskarları şəlalələri və ququ quşu saatı emalatxanaları ilə məşhur olan Triberqə gedə bilərlər. Daha uzaq marşrutlar isə artıq Sermata aparır - möhtəşəm dağ mənzərələri ilə Matterhornun ətəyində avtomobilsiz şəhər.
Şəhərdən kənara çıxmaq istəyənlər üçün Bazeldən Almaniyanın Şvarsvaldına (Qara Meşə) - təbiəti, gölləri və meşə kəndləri ilə bir günlük tur təklif olunur.
Rahatlığa üstünlük verənlər üçün fərdi turlar var. Belə ki, eyni gün geri dönməklə şəxsi sürücü ilə Bazeldən “Colmar+Strasbourg”a (və ya oxşarlarına) avtomobil turu təklif olunur. Bu format 1-3 nəfər üçün rahatdır.
Bazelin nəqliyyat sistemi muzeyləri, bazarı və qonşu ölkələri ziyarət etmək üçün çox əlverişlidir. Hər gün sizi yormadan qısa səyahətlər etmək asandır. Bu şəhərdə aylarla yaşaya bilərsiniz və hər dəfə hava limanına qayıtmaq yeni bir hekayənin başlanğıcı kimi hiss olunur. Sadəcə təyinat yerinizi seçin - qalanını Bazel edəcək.
MƏSLƏHƏT GÖR:









46

