NƏZARƏTDƏN İDARƏETMƏYƏ
Rəqəmsallaşma və data analitikası vergi inzibatçılığının yeni modelinin əsasına çevrilir
Müəllif: İlahə MƏMMƏDLİ
Geosiyasi risklərin güclənməsi, enerji bazarlarının dəyişkənliyi, maliyyə axınlarının qeyri-sabitliyi və sürətlənən texnoloji transformasiyalar dövlətlərdən iqtisadiyyatın idarə edilməsinə yeni yanaşmalar tələb edir. Bu şəraitdə ölkələrin rəqabətqabiliyyətliliyinin əsas amili çevik və dayanıqlı institusional modellər qurmaq bacarığına çevrilir. Bu zaman vergi sistemi təkcə fiskal mexanizm deyil, həm də strateji inkişaf aləti rolunu oynayır. Azərbaycan isə son illərdə ardıcıl olaraq məhz belə bir model formalaşdırır. Bu model makroiqtisadi sabitliyə, iqtisadiyyatın şaxələndirilməsinə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına və dövlət-biznes tərəfdaşlıq münasibətlərinin inkişafına əsaslanır. Ölkənin vergi sisteminin gələcəyi ilə bağlı müzakirələr “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunun əsas mövzularından birinə çevrilib.
Dayanıqlılıq siyasəti
Artan qlobal iqtisadi qeyri-müəyyənlik reaktiv tədbirlərdən dövlət idarəçiliyinin dayanıqlı modellərinin qurulmasına keçid zərurətini diktə edir. “Belə şəraitdə əsas vəzifə qısamüddətli reaksiya vermək deyil, dayanıqlı və adaptiv iqtisadi idarəetmə modeli qurmaqdır. Azərbaycan məhz belə yanaşmaya üstünlük verir”, - forumda çıxış edən Azərbaycan Baş nazirinin müavini Samir Şərifov bildirib.
Məhz düşünülmüş makroiqtisadi strategiya və balanslaşdırılmış fiskal kurs ölkəyə miqyaslı qlobal sarsıntılar fonunda belə, sabitliyi qoruyub saxlamağa imkan verib. Bir çox dövlətlər artan büdcə kəsiri, borc yükü və inflyasiya təhdidləri ilə bağlı təzyiqlə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə tarazlığı qoruyub saxlamağı bacaran az sayda ölkələrdən biri olaraq qalır. Yəni ölkənin iqtisadi dayanıqlılığı bütöv bir kompleks amillərin bəhrəsidir: ardıcıl dövlət siyasəti, düşünülmüş institusional qərarlar və idarəetmə sisteminin planlı modernizasiyası. Bununla yanaşı, iqtisadi transformasiyanın təməl daşlarından biri dövlət ilə işgüzar dairələr arasındakı münasibətlərin xarakterinin keyfiyyətcə yenidən dərk edilməsidir. “Hökumətin məqsədi nəzarət funksiyasından tam imtina etmək və ya onu minimuma endirmək deyil, müasir iqtisadi proseslərin məntiqinə üzvi şəkildə uyğunlaşan daha ağıllı, daha səmərəli formata transformasiya etməkdir. Proqnozlaşdırıla bilən siyasət, şəffaf oyun qaydaları və ardıcıl yanaşma əlverişli sahibkarlıq mühitinin əsl göstəriciləridir”, - S.Şərifov izah edib.
Baş nazirin müavini diqqəti ona yönəldib ki, hazırkı mərhələdə büdcə-fiskal siyasətin prioritetlərinin dəqiq müəyyən edilməsi, dövlət xərclərindən əldə olunan səmərənin artırılması və qeyri-neft gəlir mənbələrinin məqsədyönlü gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yenilənmiş iqtisadi model kontekstində vergi sistemi ikili xarakter qazanır. Bu, təkcə dövlət büdcəsinin etibarlı şəkildə doldurulma mənbəyi kimi deyil, həm də iqtisadi stimulların istiqamətini müəyyən etməyə və işgüzar mühiti formalaşdırmağa qadir incə bir alət kimi çıxış edir.
S.Şərifovun sözlərinə görə, vergi siyasəti investisiya qərarlarına bilavasitə təsir göstərməyə, bazar iştirakçılarını daha fəal iqtisadi fəaliyyətə sövq etməyə yönəlməlidir: “Vergilər və məcburi sosial ödənişlər iqtisadi fəallığa maneə olmamalıdır. Əksinə, onların vəzifəsi sadalanan istiqamətlərə impuls vermək, eyni zamanda dövlətin sosial öhdəliklərinin yerinə yetirilməsi üçün möhkəm resurs təməli qurmaqdır”.
Ardıcıl olaraq həyata keçirilən iqtisadi siyasətin gözə çarpan bəhrələrindən biri keyfiyyətli iqtisadi artımı və xarici sarsıntılara müqaviməti təmin edən ölkənin maliyyə-institusional əsasının əhəmiyyətli dərəcədə möhkəmlənməsi olub. Bununla yanaşı, müasir reallıq yeni mürəkkəb çağırışlar ortaya qoyur. Qlobal iqtisadiyyatın fraqmentasiyası, ticarət proteksionizminin artması, texnoloji və enerji transformasiyasının sürətlə intensivləşməsi - bütün bunlar iqtisadi kursun daha da təkmilləşdirilməsini təkidlə tələb edir.
Yenilənmiş model
İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi sisteminin transformasiyasının iqtisadi şaxələndirmə strategiyasında mərkəzi yer tutduğunu qeyd edib. İslahatların aktiv fazasına 2017-ci ilin sonunda start verilib və indiyədək artıq əhəmiyyətli nəticələr əldə olunub. “Görülən tədbirlər sayəsində vergi inzibatçılığının keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, işgüzar mühitin sağlamlaşdırılması və təsərrüfat fəaliyyətinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılıb”, - nazir vurğulayıb.
İslahatların əsas elementlərindən biri isə 2019-cu ildən qeyri-neft özəl sektorunda planlı şəkildə həyata keçirilən əməkhaqqı sahəsində vergi siyasəti olub. Bu islahat əmək münasibətlərini keyfiyyətcə yeni şəffaflıq səviyyəsinə çıxarmağa və qeyri-rəsmi məşğulluğun miqyasını nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verib. Belə ki, özəl qeyri-neft-qaz sektorunda rəsmi qaydada bağlanmış əmək müqavilələrinin xüsusi çəkisi 2019-cu ildəki 38,5%-dən 2025-ci ildə 54,4%-ə yüksəlib. Bu seqmentdə əmək müqavilələrinin ümumi sayı 1,9 dəfə artaraq 1 milyon həddini keçib və hələ də dövlət sektorunun analoji göstəricisini üstələyir.
Təqdim olunan məlumatlara görə, 2021-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunda real ÜDM-in orta illik artım tempi 5,9%-ə çatıb. Onun milli iqtisadiyyatın strukturundakı xüsusi çəkisi isə 58,3%-dən (2018) 71,5%-ə (2025) yüksəlib. Nazir bu prosesdə özəl sektorun əsas rolunu xüsusilə vurğulayıb. Ötən il qeyri-neft-qaz sahəsində ümumi vergi daxilolmalarının 76%-i məhz özəl sektorun payına düşüb. Eyni zamanda, göstərilən dövrdə özəl qeyri-neft-qaz sektorunun əsas kapitala investisiyalarının həcmi 11,1% artıb, xarici investisiyaların axını isə 24% artım nümayiş etdirib. Ölkənin iqtisadi strategiyasında informasiya texnologiyalarını və tam hüquqlu startap ekosisteminin formalaşdırılmasını əhatə edən innovasiya sahəsinin inkişafı xüsusi yer tutur.
M.Cabbarovun vurğuladığı kimi, yaxın perspektivdə texnoloji profilli şirkətlər üçün daha əlverişli və rəqabətqabiliyyətli vergi şəraitinin formalaşdırılması nəzərdə tutulub. Əsas prioritetlər sırasında süni intellekt (AI) texnologiyalarının tətbiqinə və praktiki istifadəsinə yönəlmiş vergi güzəştlərinin genişləndirilməsi müəyyən edilib. Nazir bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərlə Azərbaycan əsasını qabaqcıl texnologiyalar və intellektual kapitalın təşkil etdiyi iqtisadi modelə doğru ardıcıl şəkildə transformasiyaya yönəlib.
Aparılan islahatların nəticəliliyinin əhəmiyyətli göstəricisi vergi daxilolmalarının dinamikası olub. Nazirin açıqladığı məlumatlara görə, 2025-ci ildə vergi gəlirlərinin həcmi 16,4 milyard manata çatıb. Bu, son illər ərzində ən yüksək göstəricidir. 2018-ci illə müqayisədə vergi daxilolmalarının ümumi həcmi 2,2 dəfə artıb, qeyri-neft-qaz seqmentində isə bu artım daha da təsirli olub: 2,4 dəfə. Vergi gəlirlərinin ÜDM strukturundakı xüsusi çəkisi 12,7%, qeyri-neft-qaz sektoruna münasibətdə isə müvafiq ÜDM-in 13%-ni təşkil edib. 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının özəl sektorunun vergi ayırmalarının ÜDM-dəki payı 2018-ci ilə nisbətən 2,2% artıb və 9,9% səviyyəsində möhkəmlənib.
Rəqəmsal transformasiya Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi inzibatçılığı sahəsinin qurumun iş fəlsəfəsinin özünü əhatə edən miqyaslı texnoloji yenilənmə dövrü yaşadığını bəyan edib. Onun strukturunda mahiyyətcə yeni bölmələr yaradılıb. Bunların arasında strateji planlaşdırma, daxili audit və məlumat analitikası idarələri var.
Baş verən dəyişikliklərin son məqsədi etibarlı və aktual məlumatlara əsaslanan idarəetmə qərarlarının qəbulunu təmin edə biləcək bütöv rəqəmsal ekosistemin qurulmasından ibarətdir. “Bu gün əsas məsələ artıq baş verənlərin dərk edilməsində deyil, baş verəcəkləri öncədən görə bilmə bacarığındadır”, - O.Nəzərli deyib.
Bundan başqa, o, ölkənin iki aparıcı bankı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən, vətəndaşlar üçün ƏDV-nin geri qaytarılması prosedurunun tam avtomatlaşdırılmasını nəzərdə tutan iddialı layihənin başlandığı barədə məlumat verib. Layihənin mahiyyəti belədir: yeni nəsil kassa aparatları vasitəsilə bank kartlarından istifadə etməklə alış-veriş edilərkən çek haqqında məlumatlar avtomatik rejimdə vergi ödəyicisinin elektron kabinetində əks olunacaq, ƏDV-nin qaytarılması üzrə ərizə isə istifadəçinin heç bir iştirakı olmadan formalaşacaq.
IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov isə öz növbəsində, süni intellekt texnologiyalarının müasir iqtisadiyyatın arxitekturasını kökündən dəyişə biləcəyini qeyd edib. O bildirib ki, proqnozlara əsasən, AI-nin miqyaslı tətbiqindən əldə olunacaq ümumi qlobal iqtisadi effekt 2040-cı ilə qədər 22 trilyon dollar həddini aşa bilər. Ekspert qiymətləndirmələrinə görə, Azərbaycan üçün belə bir dinamika təxminən 70 milyard manat həcmində əlavə dəyərin formalaşması ilə nəticələnə bilər.
Beləliklə, forumdakı müzakirələr göstərib ki, Azərbaycan vergi sistemini uzunmüddətli iqtisadi transformasiyanın fundamental alətlərindən biri kimi qəbul edir. Məhz şəffaflıq prinsipləri üzərində qurulmuş, rəqəmsal texnologiyalarla zənginləşdirilmiş və gələcəyin strateji baxışına əsaslanan belə bir model ölkəyə qlobal turbulentlik və artan qeyri-müəyyənlik dövründə təkcə makroiqtisadi dayanıqlılığı qoruyub saxlamağa deyil, həm də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini keyfiyyətcə möhkəmləndirməyə imkan verəcək daşıyıcı karkasa çevrilə bilər.
MƏSLƏHƏT GÖR:

48

