XƏZƏRDƏ TEXNOLOJİ BUM
Hasilat, kəşfiyyat və boru kəmərləri BP üçün regionda dayanıqlı iştirak modeli formalaşdırır
Müəllif: Nurlanə QULİYEVA
Qlobal enerji transformasiyası ənənəvi karbohidrogen ehtiyatlarının dünya iqtisadiyyatı üçün əhəmiyyətini azaltmır, əksinə, resurslar, infrastruktur və texnoloji üstünlüklər uğrunda rəqabəti gücləndirir. Bu fonda Azərbaycan yetkin hasilat bazası, coğrafi mövqeyi və institusional proqnozlaşdırıla bilmə xüsusiyyətlərinin birləşməsi sayəsində ən böyük beynəlxalq enerji şirkətlərinin strategiyasında xüsusi yer tutur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolinin Bakıda keçirdiyi mətbuat konfransında təqdim etdiyi qiymətləndirmələr göstərir ki, şirkət ölkəni təkcə resurslar üzrə dayanıqlı platforma kimi deyil, həm də Xəzər hövzəsində gələcək artımın əsas mərkəzlərindən biri kimi nəzərdən keçirir. Bu, BP üçün eyni vaxtda üç məqsədin həyata keçirilməsini nəzərdə tutur: fəaliyyətdə olan yataqların səmərəliliyinin texnoloji yüksəldilməsi, yeni hasilat imkanlarının axtarışı, strateji boru kəməri marşrutları vasitəsilə ixrac dayanıqlılığının qorunması.
Hasilatda innovasiyalar
BP-də Azərbaycan hökumətinin investisiya üçün yaratdığı əlverişli mühit xüsusilə yüksək qiymətləndirilir və C.Kristofoli bunu, ilk növbədə, qeyd edib. “Biznesin inkişafı üçün hər şey edilir. Bu, ölkə iqtisadiyyatının daha da inkişafına təkan verir”, - o bildirib.
Regional direktorun sözlərinə görə, BP-nin buradakı biznesi şirkətin bütün dünyada fəaliyyətində mühüm rol oynayır: “Maliyyə baxımından da regiondakı biznesimiz şirkət üçün çox vacibdir”.
Müasir tendensiyalar ruhunda BP ən yeni texnoloji işləmələri fəal şəkildə tətbiq edir və Xəzərin Azərbaycan sektoru sözün ən yaxşı mənasında sanki eksperimental platforma rolunu oynayır.
Yetkin yataqlarda yüksək səmərəliliyin qorunmasının əsas amillərindən biri texnoloji modernizasiyadır. Bu, xüsusilə ölkənin əsas neft aktivi olaraq qalan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üçün aktualdır. C.Kristofolinin qeyd edib ki, AÇG planetdəki ən böyük və ən mühüm yataqlardan biridir: “Yatağın bizim tərəfimizdən idarə edilməsi səviyyəsi sənayedəki ən yaxşı göstəricilər sırasındadır”.
Praktikada bu, ənənəvi istismardan rezervuarın intellektual idarə edilməsinə keçid deməkdir. Şirkət xərcləri artırmadan qazma fəallığını gücləndirir. “SOCAR və qazma üzrə podratçılarımızla əməkdaşlıq sayəsində eyni avadanlıqdan istifadə etməklə və eyni xərclər çərçivəsində qazma sayını 30%-dən çox artırmağa nail olduq. Əsl səmərəlilik budur”, - regional prezident qeyd edib.
Neftlə zəngin zonalara dəqiq çıxış əsas əhəmiyyət kəsb edir. Rezervuarın məhsuldarlığının təbii şəkildə azalması şəraitində lay təzyiqinin idarə edilməsi kritik şəkildə vacib olur, bunun üçün layın konkret sahələrinə ünvanlı su və qaz vurulmasından istifadə edilir.
Eyni zamanda ən yeni geofizika metodları tətbiq olunur. Şirkət yüksək dəqiqlikli dəniz qovşaqlarının tətbiqi ilə dib seysmik çəkilişi aparır ki, bu da yataqların strukturunun üçölçülü mənzərəsini prinsipcə yeni detalizasiya səviyyəsində əldə etməyə imkan verir.
Bu cür dəqiqliyin nəticəsi son illərin texnoloji cəhətdən ən mürəkkəb quyularından biri olub. “Bu yaxınlarda su çıxarılmsı üçün deyil, neft layına dəqiq şəkildə çatmaq üçün su qatının birbaşa üzərində 1100 metr dərinlikdə üfüqi quyu qazılıb. Təsəvvür edin ki, uzunluğu bir kilometrdən çox olan və layın istənilən yerindən cəmi bir neçə metr aralıda yerləşən üfüqi quyu bir kilometrdən çoxdur - 1,1 kilometr”, - C.Kristofoli vurğulayıb. Əslində söhbət qazma trayektoriyasının ultradəqiq idarə edilməsindən gedir ki, bu da əvvəllər çətin çıxılan zonalardan əlavə həcmdə karbohidrogen çıxarmağa imkan verir.
Texnoloji innovasiyalar AÇG platformalarının profilaktik dayandırılma sxeminin də dəyişməsinə gətirib çıxarıb. Belə ki, növbəti belə plan “Mərkəzi Azəri” platformasına münasibətdə tərtib edilib və cari ilin təxminən avqust ayında həyata keçiriləcək. Lakin bu dəfə texnoloji vəzifələrin təkmilləşdirilməsi sayəsində ilk dəfə olaraq platforma tam dayandırılmayacaq. “Profilaktika 11 gün davam edəcək və bu müddətdə yalnız “Mərkəzi Azəri” platformasının qaz qurğuları dayandırılacaq. Platformadan neft hasilatı davam edəcək”, - C.Kristofoli bildirib.
Bütün bu nailiyyətlər BP-nin özünün əsas strategiyası kontekstində xüsusilə vacibdir. “Şirkətimizin qlobal miqyasda strategiyası neft və qaz hasilatının artırılmasından ibarətdir. Biz neft-qaz sahəsində böyümək istəyirik və Azərbaycan bu baxımdan bu strategiyanın həyata keçirilməsini çox yaxşı dəstəkləyə bilər”, - o hesab edir.
Yeni üfüqlər
Texnoloji modernizasiyanın məqsədi fəaliyyətdə olan yataqların dəstəklənməsidirsə, digər vəzifə yeni resursların kəşfidir. Burada BP geoloji-kəşfiyyat və infrastruktur layihələndirməsinin paralel inkişafına “stavka” qoyur, ehtiyatların təsdiq edilməsi ilə onların çıxarılmasının başlanılması arasındakı zaman fərqini azaldır.
Bununla bağlı ən əyani nümunə isə “Qarabağ” yatağıdır. Burada şirkət artıq gələcək fəaliyyət üçün obyektlərin layihələndirməsinə başlayıb.
Onun əsas xüsusiyyəti isə yeni hasilat arxitekturasıdır: ayrıca platformanın tikintisi olmadan sualtı quyulardan istifadə ediləcək. Onlar fəaliyyətdə olan “Dərinsu Günəşli” platformasına birləşdiriləcək ki, bu da kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır və istifadəyə verilmə müddətlərini qısaldır.
Eyni zamanda boru kəmərləri tamamilə sahildə tikilərək sürüşmə metodu ilə yatağa çatdırılacaq. Bu cür texnologiya dəniz tikinti risklərini azaldır və növbəti layihələr üçün də yararlı sahil istehsal infrastrukturu yaratmağa imkan verir.
Paralel olaraq dənizin qaz perspektivləri üzrə genişmiqyaslı seysmik tədqiqatlar davam edir ki, bunlar Xəzərin hansı hissələrində yeni potensial qaz ehtiyatlarının olduğunu anlamağa imkan verəcək.
Şirkətin SOCAR ilə birgə həyata keçirdiyi “Şəfəq-Asiman” layihəsinə xüsusi maraq qalır. C.Kristofolinin sözlərinə görə, bu da layihəni gücləndirib və sonrakı kəşfiyyat işlərindən gözləntiləri artırıb.
AÇG-də dərin qaz yataqları əlavə artım sahəsinə çevrilir. Yayda blokun dərin üfüqlərində yeni quyunun istifadəyə verilməsi planlaşdırılır. “Bu, rezervuarın böyük həcmdə qaz verə biləcək yeni hissəsini öyrənməyə imkan verəcək”, - regional prezident bəyan edib. Qiymətləndirmə ehtiyatlarının 4 trilyon kub fut olduğunu nəzərə alsaq, söhbət AÇG-nin mövcud infrastrukturunun 2049-cu ilədək monetizasiyasının yeni mərhələsindən gedir.Eyni zamanda “Şahdəniz” layihəsinin həyata keçirilməsi tam həcmdə davam edir. Rusiya şirkəti LUKOIL-ə qarşı sanksiya məhdudiyyətlərinə baxmayaraq, BP əməliyyat modelinin dayanıqlılığını təsdiq edir.
“Bu layihə çərçivəsində şirkətin payının və gəlirlərinin idarə edilməsi sanksiyalara (ABŞ və Avropa İttifaqı) ciddi əməl etməklə həyata keçirilir ki, bu da fəaliyyətin pozuntusuz davam etdirilməsinə imkan verir. Bu, “Şahdəniz” üçün yeni məsələ deyil: uzun illər layihədə ABŞ sanksiyaları altına düşən ölkələrdən olan şirkətlər fəaliyyət göstərib və onların iştirakı analoji qaydada idarə olunub”, - C.Kristofoli vurğulayıb və nümunə olaraq İran şirkəti olan NICO-nu göstərib.
Onun sözlərinə görə, bu yanaşma SOCAR, Azərbaycan hökuməti, eləcə də Avropa İttifaqı və ABŞ ilə razılaşdırılıb. Buna görə də yataqda fəaliyyət qüvvədə olan beynəlxalq qaydalara tam uyğun şəkildə davam edir. Bu, alternativ marşrutlara artan tələbat şəraitində Avropaya qaz tədarükünün fasiləsizliyini qorumağa imkan verir.
İxrac konturu
Üçüncü strateji ölçü ixrac dayanıqlılığı ilə bağlıdır. Azərbaycan üçün hasilat məsələsi nəqliyyat məsələsindən ayrılmazdır, burada boru kəməri sistemi regionun enerji təhlükəsizliyinin əsas elementidir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əməliyyat idarəçiliyinin gələcəyi xüsusi diqqət cəlb edir. C.Kristofolinin vurğuladığı kimi, müzakirə olunan operatorluğun ötürülməsi şirkətin təşəbbüsü deyil: “Bu, 30 il əvvəl bağlanmış müqavilədə nəzərdə tutulub. Biz, sadəcə, müqavilə şərtlərini yerinə yetiririk”.
Eyni zamanda əməliyyatların davamlılığının monitorinqi üçün mürəkkəb sistem tətbiq olunur. “Bizdə dəyişikliklərin idarə edilməsi prosesi var. Bu, keçidin işdə nasazlıqlara səbəb olmayacağına əmin olmağa imkan verir”, - o bildirib. Bu, texniki sənədlərin, podrat müqavilələrinin, xidmət bazasının və texniki xidmət prosedurlarının tranziti pozmaq riski olmadan ardıcıl ötürülməsi deməkdir.
Xatırladaq ki, 2025-ci ilin dekabrında BP Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatorluğunun ötürülməsi üzrə zəruri tədbirlər barədə müvafiq qurumlarla müzakirələr apardığını elan edib.
Şirkətdə qeyd ediblər ki, sazişlər çərçivəsində neft və qaz ixrac boru kəmərlərinin istismarı bu sənədlərdə nəzərdə tutulmuş müddətlərdə hökumətlərə və ya dövlət orqanlarına ötürülməlidir.
“Məhz bu sazişlər əsasında 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin istismarı həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a ötürülüb. Həmçinin göstərilən sazişlərə uyğun olaraq Bakı-Supsa və BTC-nin istismarının əvvəlcədən razılaşdırılmış müddətlərdə Azərbaycan, Gürcüstan və Türkiyədəki müvafiq qurumlara ötürülməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə zəruri tədbirlərin vaxtında planlaşdırılması üçün müzakirələr aparılır”, - “BP Azərbaycan”dan bildirilib.
AÇG-dən neft və “Şahdəniz”dən kondensat daşınan BTC Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyədəki Ceyhan dəniz terminalı ilə birləşdirir. Bundan başqa, onunla Türkmənistan və Qazaxıstandan neft daşınması davam edir. 2006-cı ilin iyununda istifadəyə verilmiş boru kəməri operatoru BP olan “Baku-Tbilisi-Ceyhan Pipeline Company” tərəfindən inşa olunub.
Beləliklə, Azərbaycan bu gün hasilatın artımı, yeni layihələr və ixrac infrastrukturunun sinxron şəkildə inkişaf etdiyi az sayda enerji coğrafiyalarından biri olaraq qalır. Məhz buna görə fəaliyyətdə olan layihələrin texnoloji dərinliyi tədricən növbəti investisiya dövrü üçün təmələ çevrilir.
MƏSLƏHƏT GÖR:




61

