STRATEJİ SEÇİMİN ENERJİSİ
Bakı əsas qaz tədarükçüsü mövqeyini gücləndirir, ixracın artımını infrastrukturun genişləndirilməsi ilə əlaqələndirir
Müəllif: Nigar ABBASOVA
Avropanın enerji təhlükəsizliyi, Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi və Azərbaycandan qaz tədarükü perspektivləri, enerji keçidi və “yaşıl enerji”nin inkişafı yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Əslində, bu mövzular artıq çoxdan və mütəmadi olaraq müxtəlif beynəlxalq platformalarda qaldırılır.
Bu dəfə müzakirəyə səbəb martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları olub.
Ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu görüşlər layihələrdə iştirak edən ölkələrin hökumət nümayəndələrini, beynəlxalq enerji şirkətlərinin və maliyyə institutlarının rəhbərlərini bir araya gətirir.
Yeni qaz bazarları
Azərbaycan Prezidenti çıxışına Məşvərət Şurasının əvvəlki iclasından sonra bir il ərzində Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əldə edilmiş tərəqqinin qiymətləndirilməsi ilə başlayıb. Bu məqamda qeyd etmək lazımdır ki, bu istiqamətdə ciddi nəticələr əldə edilib və onların əksəriyyəti Azərbaycanın səyləri sayəsində mümkün olub.
“Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb”, - İlham Əliyev bəyan edib.
Azərbaycan qazının Avropa bazarından kənara çıxması faktı da diqqətdən kənarda qalmayıb. Xüsusilə, Suriyanın enerji böhranının aradan qaldırılması üçün ilk dəfə olaraq bu ölkənin qazla təmin edilməsi həyata keçirilib. Dövlət başçısının sözlərinə görə, təxminən 1,5 milyard kubmetr qazın ixracı bu ölkənin enerji təchizatını qismən sabitləşdirməyə kömək edib ki, bu da həm əhali, həm də müəssisələrin fəaliyyəti və iqtisadi aktivlik üçün vacibdir.
Diversifikasiyanın əhəmiyyətindən danışan İ.Əliyev vurğulayıb ki, bu, təkcə istehlakçı ölkələr üçün deyil, enerji resursları istehsalçıları üçün də vacibdir.
“Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir. Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir”, - o qeyd edib.
Almaniyaya və Avstriyaya qaz nəqlinin başlanılması ilə artıq Avropa İttifaqına 10 üzv dövlətin Azərbaycan qazı aldığını bildirən dövlət başçısı, Azərbaycanın Avropa enerji bazarında iştirakını genişləndirməyə davam etmək niyyətini təsdiqləyib.
“Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir”, - Azərbaycan lideri bildirib.
Bu kontekstdə İlham Əliyev maraqlı bir açıqlama verərək, ölkənin hazırda infrastrukturu genişləndirmək və qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün başqa yollar axtardığını vurğulayıb: “Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
Qaz həcmlərinin artırılması ilə bağlı olaraq, bu il “Azəri-Çıraq-Günəşli” blokunda dərin yataqlarda yerləşən ehtiyatların hasilatı planlaşdırılır. “Abşeron” yatağının iki-üç il ərzində tammiqyaslı işlənməsi və hasilatın üçqat artırılması gözlənilir. İkinci mərhələnin bir hissəsi olaraq “Ümid” yatağından qaz hasilatına da başlanılması gözlənilir. “Şahdəniz” yatağında da işlərə 2028-ci ildə başlanılması gözlənilir.
“Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”, - İ.Əliyev bəyan edib.
Yekun olaraq, Azərbaycan Prezidenti bir daha qlobal enerji gündəminə praqmatik yanaşmanın zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, artan enerji istehlakı və iqlim çağırışları şəraitində ənənəvi enerji mənbələrini və bərpa olunan enerji mənbələrini (BOEM) bir-birinə qarşı qoymaq deyil, onların balanslaşdırılmış inkişafını təmin etmək vacibdir.
“Faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız. (...) Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır”, - o qeyd edib.
Həqiqətən, ənənəvi enerji resurslarını və BOEM-in inkişafını birləşdirən belə praqmatik və balanslaşdırılmış yanaşma bu gün həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın möhkəmləndirilməsinin əsas amillərindən birinə çevrilir.
Strateji tərəfdaşlıq
Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensenin çıxışından məlum olub ki, TAP kəməri üzrə kommersiya tədarüklərinin başlamasından indiyədək Azərbaycan Aİ ölkələrinə təbii qaz ixracından təxminən 24 milyard avro qazanıb. Tədarük həcmi isə 50 milyard kubmetri keçib.
Əsasən Avropanın Rusiya qazından asılılığının azaldılması ilə bağlı gələcək planlardan, eləcə də bu baxımdan Azərbaycanla əməkdaşlığın vacibliyindən söz açılıb.
Məlum olduğu kimi, Xəzər (Azərbaycan) qazı sayəsində Aİ-nin ümumi idxalında Rusiyanın payı 2022-ci ildəki 45%-dən 2025-ci ildə 12%-ə düşüb. “Bu rəqəmlər azalmağa davam edəcək. İki ildən az bir müddət sonra hələ də hər il idxal etdiyimiz qalan 35 milyard kubmetr Rusiya qazı bazarlarımızdan yoxa çıxacaq”, - D.Yorqensen vurğulayıb.
Avropa Komissiyasının məlumatına görə, Aİ-nin bu qaza ildə xərclədiyi 10 milyard avro artıq Rusiyanı və onun hərbi məqsədlərini maliyyələşdirməyəcək.
“Biz Rusiya qazından asılılığımızı azaltmağa davam edirik və Azərbaycanla tərəfdaşlığımızın əhəmiyyəti Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda gətirərək artacaq. Bugünkü səfərim bunu aydın şəkildə bəyan etmək imkanıdır. Azərbaycandan qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinin mühüm dayağı olaraq qalacaq, Avropa İttifaqı isə yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında struktur dəyişikliklərini dəstəkləyərək Azərbaycan qazının etibarlı alıcısı olaraq qalacaq”, - D.Yorqensen bəyan edib.
O, həmçinin Aİ ilə Bakı arasında yüksək səviyyəli enerji dialoqunun keçiriləcəyini və bu dialoqda Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyini açıqlayıb.
Qarşıdan gələn tədbirin gündəliyini avrokomissarın qeydlərindən asanlıqla təxmin etmək olar. “Tamamilə aydındır ki, Azərbaycandan ala biləcəyimiz qaz bizim üçün son dərəcə vacibdir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Gələcəkdə Azərbaycan qazı idxalının həcminin artırılması potensialı, həmçinin BOEM sahəsi daxil olmaqla əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur”, - o qeyd edib.
Uzunmüddətliliyə “stavka”
Cənub Qaz Dəhlizinin genişləndirilməsinin maliyyələşdirilməsi məsələsi hələ də gündəlikdədir. Bu dəfə bu məsələni çıxışına son illərin nailiyyətlərini sadalamaqla başlayan energetika naziri Pərviz Şahbazov qaldırıb. Belə ki, 2025-ci ildə Azərbaycandan Avropaya təbii qaz tədarükü 2021-ci illə müqayisədə 56% artıb, TAP-ın ötürücülük qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılıb, tədarük coğrafiyası isə Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişlənib. Bundan başqa, BƏƏ-nin ADNOC şirkətinin törəmə strukturu olan XRG şirkəti Cənub Qaz Dəhlizinin səhmdarına çevrilib.
Keçən il Azərbaycan qazının ümumi ixrac həcmindən 25,2 milyard kubmetri – təxminən 51%-i Avropa bazarının payına düşüb, Türkiyə, Gürcüstan və Suriyanın ümumi payı isə 49% təşkil edib. Yaxın illərdə Bakı hasilatı artırmağı planlaşdırır: 2026-2029-cu illərdə karbohidrogen hasilatı sahəsində eyni anda dörd yeni layihənin istismara verilməsi nəzərdə tutulur.
“Azərbaycan Avropa üçün etibarlı tədarükçüdür və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün institusional və maliyyə dəstəyi yetərli deyil”, - o deyib.
Əslində, Bakı növbəti dəfə kifayət qədər incə şəkildə Brüsselə sadə məsələni xatırladıb: əgər Avropa daha çox qaz istəyirsə, infrastruktura investisiya qoyan tək ölkə Azərbaycan olmayacaq. P.Şahbazovun sözlərinə görə, tədarükün əhəmiyyətli dərəcədə artırılması üçün aydın uzunmüddətli siyasi çərçivə və konkret maliyyə mexanizmləri lazımdır.
Başqa sözlə, Azərbaycan yenidən Avropa İttifaqını qaz tədarükü üzrə uzunmüddətli müqavilələr praktikasına qayıtmağa çağırıb. Bu arqumenti Yaxın Şərqdə gərginliyin artması fonunda qaz qiymətlərinin kəskin artması dəstəkləyir. Niderlanddakı TTF qaz habında qaz fyuçerslərinin dəyəri 1000 kubmetrə görə 830 dollara qalxaraq 2023-cü ilin yanvarından bəri maksimumu yeniləyib.
Bu qiymət artımına bir neçə amil eyni anda töhfə verib. Qlobal LNG bazarının təxminən 20%-ni təmin edən Qətər dron hücumları səbəbindən mayeləşdirilmiş təbii qaz istehsalını dayandırdığını elan edib, Hörmüz boğazındakı gəmiçilik problemləri isə yanacaq daşınmasını daha da çətinləşdirib.
İranla münaqişə davam edir və bu da enerji bazarlarına qeyri-müəyyənlik gətirir. Analitiklər xəbərdarlıq edir: əgər qarşıdurma uzanarsa, Avropa 2022-ci ilin yazında qaz kotirovkalarının 1000 kubmetrə görə təxminən 3,9 min dollara qalxdığı qiymət şoku ilə yenidən üzləşə bilər.
“Bazar iştirakçıları tədricən dərk edir ki, bütün enerji daşıyıcılarının tədarükündə fasilələr uzunmüddətli olacaq”, - “Rabobank” strateqi Florens Şmit qeyd edib. “Biz hesab edirik ki, onlar təxminən üç ay davam edəcək”, - o vurğulayıb.
Görünür, enerji bazarı növbəti dəfə Avropa siyasətçilərinə xatırlatmaq qərarına gəlib ki, enerji keçidi vacib prosesdir, lakin praktikanın göstərdiyi kimi, həmişə sürətli deyil və qətiyyən həmişə proqnozlaşdırıla bilən deyil.
Bu fonda Azərbaycanın uzunmüddətli müqavilələrin lehinə arqumentləri və qazıntı yanacaqlarına və qaz nəqli infrastrukturuna investisiya qoymağa davam etmək ehtiyacı Avropa bazarı üçün getdikcə daha cəlbedici hala gəlir: geosiyasi turbulentlik kontekstində bu cür həllər tədarükü proqnozlaşdırıla bilən və qiymət sabitliyini təmin edə bilər.
Diqqətəlayiqdir ki, bir sıra Avropa ölkələri artıq məhz belə yanaşmaya mərc edir. Belə ki, Bolqarıstan enerji bazarlarında qeyri-sabitlik şəraitində uzunmüddətli müqavilələrə arxalanmağa davam edir.
Bu ölkənin energetika nazirinin səlahiyyətlərini icra edən Trayço Traykov Parisdə keçirilən Nüvə Enerjisi üzrə İkinci Sammitdə çıxış edərkən Yaxın Şərq böhranının enerji bazarlarına təsirinə toxunub. O vurğulayıb ki, Bolqarıstan vəziyyətin inkişafını və onun enerji daşıyıcılarının ixracına və xammal qiymətlərinə potensial təsirini diqqətlə izləyir. O, dünya xam neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazının uzunmüddətli blokada risklərini qeyd edib: “Bu da artıq beynəlxalq bazarlara əhəmiyyətli təzyiq göstərir və qiymət artımına gətirib çıxarır”.
O bildirib ki, ölkəsi Azərbaycanın dövlət şirkəti SOCAR ilə uzunmüddətli müqavilə daxil olmaqla, şaxələndirilmiş təbii qaz mənbələrinə, eləcə də Aleksandrupoli terminalı vasitəsilə ABŞ-dən mayeləşdirilmiş təbii qazın tədarükünə arxalanır.
“Azərbaycanla müqavilə üzrə tədarük həcmləri Bolqarıstandakı istehlakın demək olar ki, 40%-ni əhatə edir və daha uzun müddətə neft indekslərinə bağlanmış əlverişli qiymətlərlə təklif olunur ki, bu da qısamüddətli qiymət dalğalanmalarının təsirini məhdudlaşdırır”, - T.Traykov qeyd edib.
Davam edən geosiyasi qeyri-sabitlik fonunda Azərbaycan qazının Avropa üçün əhəmiyyəti təkcə enerji resursu mənbəyi kimi deyil, həm də proqnozlaşdırıla bilmə aləti kimi artmağa davam edir. Məhz buna görə Bakı ardıcıl olaraq ixracın daha da artırılmasını infrastruktura investisiyalar və alıcılar tərəfindən uzunmüddətli öhdəliklərlə əlaqələndirir.
Faktiki olaraq, Azərbaycan bu gün, eyni zamanda həm Avropanın enerji təhlükəsizliyini təmin etməyə, həm də ənənəvi enerji ilə enerji keçidi arasında tarazlığı qorumağa qadir olan az sayda tədarükçülərdən birinin statusunu təsdiqləyir.
MƏSLƏHƏT GÖR:




53

