FİLEAS FOQQDAN DAHA SÜRƏTLİ
XXI əsrdə dünya səyahəti: bütün dünyanı gəzmək üçün nələri bilmək lazımdır
Müəllif: Elçin HÜSEYNOV
Jül Vernin romanındakı qəhrəman Fileas Foqq 80 gün ərzində dünyanı səyahət edəcəyi ilə bağlı mərcə girir. Amma okeanları, qitələri keçərək ayrılmış vaxtda Londona qayıtmaq, demək olar ki, qeyri-mümkün görünürdü. Doğrudur, hazırda təyyarələr həmin yolu cəmi bir neçə saata qət edir, onlayn xidmətlər isə marşrutu planlaşdırmağa yardım göstərir. Dünya yığcam, sərhədlər şərti görünür, məsafələr isə yalnız reyslərin cədvəli ilə bağlıdır. Bəs müasir dövrdə dünya səyahəti, həqiqətən, asanlaşıbmı və bunun üçün nə lazımdır?
Bütün dünyanı kim gəzib?
XIX əsrdə yazılmış romanda dünya səyahəti haqqında oxumaq bir məsələ, amma bunu real səyahətçilərin həyata keçirdiyinə əmin olmaq tamamilə başqa məsələdir. Amerikalı Kassandra De Pekol 2015-2017-ci illərdə BMT tərəfindən tanınmış 193 ölkəyə 558 gün ərzində səfər edərək bir neçə rekord qırıb: o cümlədən Ginnesin Rekordlar Kitabına görə “bütün suveren ölkələrdən keçən ən sürətli səyahət”. Onun layihəsi sponsorlar tərəfindən dəstəklənib, bütün marşrut isə sənədləşdirilib.
Başqa bir amerikalı Maykl Zervos isə 2025-ci ildə 195 suveren dövləti 498 günə ən sürətli şəkildə ziyarət etmək üzrə rekorda imza atıb.
Böyük Britaniyadan olan Qrehem Hyuz uçuşsuz – yalnız quru və dəniz nəqliyyatı ilə 201 ölkədə olmuş ilk insan hesab olunur. Ginnes Rekordlar Kitabına daxil olan səyahət 1426 gün davam edib. Təxminən dörd il ərzində britaniyalı demək olar ki, 256 min kilometr yol qət edib.
Azərbaycanlı səyahətçi Fərid Novruzi 2021-ci ildə, yəni COVID-19 (koronovirus) pandemiyası zamanı dünya ətrafında səyahətini 158 günə başa çatdırıb. O, bütün altı qitəni müxtəlif vasitələr – avtomobil, velosiped, piyada və qayıqla gəzib. Müxtəlif ölkələrdə karantin rejimlərinə, sərhədlərin bağlı olmasına və Dreyk boğazını keçərək Antarktidaya getmək daxil olmaqla ekstremal şəraitə baxmayaraq, o, marşrutu başa vurmağı bacarıb. Yeri gəlmişkən, Fərid o vaxt öz rekordunu qırmaq və dünyanı cəmi 70 günə dövr etmək məqsədi qoymuşdu.
2025-ci ilə olan vəziyyətə görə, təxminən 400 səyahətçi planetin hər ölkəsini ziyarət edib. Məsələn, Leksi Alford dünyanın bütün 196 ölkəsini “fəth etmiş” ən gənc qadınlardan biridir (21 yaş). Bütün ölkələrdə olmuş və buna beş il sərf etmiş tarixdəki ən gənc kişi isə britaniyalı sahibkar Ceyms Askvitdir (24 yaş).
Dünyanı gəzmək üçün nə qədər vaxt və pul lazımdır?
Dünyanı gəzmək üçün nə qədər vaxt tələb olunması səyahətin formatından və məqsədlərindən asılıdır. İki əsr əvvəl Jül Vernin qəhrəmanı bunu 80 günə etmək istəsə də, reallıqda bunun üçün aylar və ya hətta illər tələb olunardı. Səyahətçilər buxar gəmiləri, qatarlar və atların köməyi ilə hərəkət edirdilər ki, bu da sürətə və marşruta təsir göstərirdi.
Lakin bu gün dünya səyahətini daha tez həyata keçirmək mümkündür. Bəzi tədqiqatçılar rekord qırmağa çalışaraq dünyanın bütün ölkələrini bir il və ya bir qədər artıq müddətə ziyarət edirlər. Dünyanı daha rahat gəzmək istəyən adi turist üçün belə bir layihə bir neçə aydan bir ilə qədər vaxt ala bilər. Bu zaman artıq rahat uçuşlar, gecələmələr, vizalar və sağlamlıq kimi məsələlər nəzərə alınır. Klassik format – əvvəlcədən hazırlanmış marşrut və biletlərlə 2-3 ay ərzində bir neçə qitəni ziyarət etməkdir.
Həmçinin rekorda can atmadan dünya səyahəti variantı da mövcuddur. Bu zaman səyahət maraqlar, şəhərlər və mədəniyyətlər ətrafında qurulur. Belə marşrut yarım ildən bir neçə ilə qədər vaxt ala bilər: əgər ölkələrdə dayanaraq onları daha dərindən və tələsmədən araşdırsanız.
Dünya ətrafında səyahəti bu gün bir neçə yolla təşkil etmək olar və hər birinin öz üstünlükləri, çətinlikləri və təbii ki, maliyyə dəyəri var. Əsas vəzifə – məqsədlərinizə, vaxtınıza və büdcənizə uyğun formatı seçməkdir.
Birinci və ən populyar format – RTW-biletdir (“Round The World” – dünya səyahəti bileti). O, böyük aviasiya alyansları, məsələn “Star Alliance”, “Sky Team” və “Oneworld” tərəfindən satılır və bütün dünya üzrə bir neçə uçuşla bir bilet almağa imkan verir.
Adətən, bir biletə 12-dən 16-ya qədər dayanacaq təklif olunur, hərəkət ardıcıl olmalıdır: ya şərqdən qərbə, ya da əks istiqamətdə. Marşrutlar əsas ölkələr və qitələr vasitəsilə qurulur: Avropa, Asiya, Okeaniya, Şimali və Cənubi Amerika, bəzən hətta Afrika. RTW-bileti əldə etmək ona görə rahatdır ki, bu, səyahətə məntiqi struktur verir və xüsusilə əvvəlcədən düşünülmüş marşrutda dəyəri optimallaşdırmaq imkanı yaradır. Sərt tarif şərtlərində ekonom-klass üçün qiymət 4500, biznes-klass üçün isə 12 min dollardan başlaya bilər. Qiymət sinif, marşrut və qitələrin sayı/məsafədən asılıdır. Nəticədə dünya ətrafı səyahətin real qiyməti bir neçə əsas xərc maddəsindən (biletlər, gecələmələr, qidalanma, vizalar, quru nəqliyyatı) formalaşır və məhz onlar səyahəti bahalı və miqyaslı edir.
Bəzi ölkələrdə tur operatorlar tərəfindəntəklif olunan dünya ətrafında hazır turlar da mövcuddur. Onlar sabit tarixlər və marşrutlar üçün nəzərdə tutulub, uçuşları və çox vaxt yaşayışın bir hissəsini əhatə edir. Belə turlar bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Onların əsas üstünlüyü odur ki, təşkilatçılar bütün logistika və koordinasiyanı öz üzərlərinə götürürlər. Bu da səyahətçini mürəkkəb marşrutu müstəqil tərtib etmək zəhmətindən azad edir. Mənfi tərəfi isə yüksək qiymətlərlə bağlıdır: belə proqramlar rahatlıq səviyyəsi, ölkə sayı və yol müddətindən asılı olaraq adam başına azı 20-50 min dollara başa gələ bilər.
Müstəqil marşrutlar isə maksimum azadlıq verir. Səyahətçi RTW-biletləri, ayrıca uçuşları, quru nəqliyyatını və kruizləri birləşdirir. Lakin belə variant diqqətli planlaşdırma tələb edir: viza tələblərini, uçuşların mövsümiliyini, transfer müddətini və ölkələr arasında logistikanı nəzərə almaq lazımdır. Bu format aviasiya alyanslarının klassik marşrutlarına daxil olmayan qeyri-standart istiqamətləri daxil etməyə və ölkələri daha dərindən araşdırmağa imkan yaradır.
Dünya ətrafında dəniz kruizləri isə ayrıca formatdır. Adətən, onlar bir neçə aya hesablanır və müxtəlif qitələrdə çoxsaylı limanlara ziyarəti nəzərdə tutur. Bu üsul daim nəqliyyat dəyişdirmədən səyahətə çıxmaq istəyənlər üçün uyğundur. Əsas çatışmazlığı yüksək qiymət və marşrutun məhdud çevikliyi, həmçinin yolun hər hissəsində uzun müddət qalmaqla bağlıdır.
Dünya ətrafı marşrut planlaşdırırıq
Dünya ətrafında səyahəti planlaşdırarkən başa düşmək vacibdir ki, qitələri və ölkələri rahat və real şəkildə birləşdirməyin bir neçə məntiqi yolu var. Birinci variant “klassik qitə” marşrutudur. Bu, Avropada, məsələn, London və ya Parisdə başlayır, daha sonra Asiyaya – Sinqapur, Banqkok, Tokio, Seul istiqamətinə yönəlir. Daha sonra səyahət Avstraliya və Yeni Zelandiyaya, sonra Sakit okean vasitəsilə Şimali Amerikaya – Los-Anceles, Nyu-York, Mayamiyə qədər davam edir. Daha sonra marşrut Cənubi Amerikadan — Rio-de-Janeyro, Buenos-Ayres, Santyaqodan — keçərək Avropada dairəni tamamlayır. Bu marşrut bütün əsas qitələri əhatə edir və həm böyük şəhərləri, həm də müxtəlif mədəniyyətləri görməyə imkan verir.
İkinci variant isə Sakit okeanı vasitəsilədir. Səyahətin başlanğıc nöqtəsi ABŞ-də ola bilər: Los-Anceles və ya San-Fransisko. Bundan sonra marşrut Okeaniyaya (Sidney, Vellinqton, Fici adaları), Asiyaya (Sinqapur, Honkonq, Tokio), Avropaya (London, Paris, Roma) istiqamətlənə bilər. Daha sonra buradan ABŞ-yə qayıtmaq mümkündür. Bu marşrut əvvəlcə Sakit okeanı, sonra Asiyanı keçməyi və dairəni Avropa vasitəsilə bağlamağı üstün tutan səyahətçilər üçün əlverişlidir.
Üçüncü variant isə meqapolislər və mədəniyyət mərkəzləri vasitəsilə səyahətlə bağlıdır. O, biznes, tarix və incəsənətlə bağlı əsas şəhərləri əhatə edir: London, Paris, Moskva, Dubay, Sinqapur, Tokio, Nyu-York, San-Paulo, Keyptaun, Sidney. Bu marşrut məhdud vaxt ərzində “dünyanın vizit kartları”nı görmək istəyənlər üçün uyğundur.
Əgər dünya ətrafı səyahət arzusu hələ sizdə yaşayırsa, bu gün “80 gündə dünya ətrafında” konsepsiyasına yaxın real təkliflər mövcuddur. Variantlardan biri “TravelNation” (dünya və mürəkkəb marşrutların planlaşdırılmasında ixtisaslaşmış Böyük Britaniya səyahət agentliyi) ilə dünya səyahəti marşrutudur. 80 gün ərzində təxminən doqquz ölkəyə uça bilərsiniz, qiymətlər isə adambaşına 25 min dollardan başlayır. Yalnız uçuşlar daxildir, marşrut və tarixlər isə fərdi seçilir.
Lüks və qatarları sevənlər üçün “Railbookers” şirkəti 60 günlük “Around the World by Luxury Train” turunu təklif edir. Bu, 125 min dollar dəyərində, dörd qitəni və doqquz ölkəni əhatə edən, əfsanəvi qatarlarda dəbdəbəli səyahətdir: “Rocky Mountaineer” (Kanada), “Venice Simplon-Orient-Express” (Avropa), “Maharajas' Express” (Hindistan), “Eastern & Oriental Express” (Cənub-Şərqi Asiya). Bu səyahətlə 20-dən çox şəhəri ziyarət, 5 ulduzlu hotellərdə yaşayış, qidalanma və əsas nöqtələrdə ekskursiyalar nəzərdə tutulub.
Dəniz səyahəti həvəskarları üçün “MSC Magnifica” laynerində “Dünya ətrafı” kruiz uyğundur. Marşrut təxminən 119 gün davam edir və dünyanın 30-dan çox ölkəsi və limanına səfərləri nəzərdə tutur. Qiymət agentlik tərəfindən fərdi olaraq hesablanır.
Həmçinin qrup turları da mövcuddur. Məsələn, gənc və aktiv səyahətçilər üçün nəzərdə tutulmuş “Contiki” turları. Onlar yaşayış, qidalanmanın bir hissəsi və aviauçuşlar daxil olmaqla bir neçə ölkəni əhatə edir – təxmini dəyər orta hesabla 20 min dollardır. Elit səyahətçilər üçün isə “Mayel” şirkətindən təyyarədə xüsusi dünya ətrafı turlar mövcuddur. Təxmini marşrut, demək olar ki, 22 gün çəkir, Antarktidadan Pasxa adasına qədər dünyanın ən maraqlı nöqtələrini əhatə edir, uçuşlar, yaşayış və VIP-xidmət daxildir. Dəyər fərdi müəyyən edilir.
“Dünya səyahəti”: uçuşdan əvvəl bilməli olduğunuz hər şey
Dünya ətrafı səyahət – bu, yalnız xəyal deyil, həm də diqqətli hazırlıq tələb edən layihədir. İdeal planlaşdırılmış marşrutda belə, əvvəlcədən nəzərə almalı olduğunuz çətinliklər yarana bilər.
Müasir səyahətçi çoxsaylı ölkələr üçün viza almaq zərurəti ilə üzləşir, giriş qaydaları isə dəyişə bilər. Bəzi vizalar bir neçə həftə və ya ay əvvəlcədən sənədləşdirmə tələb edir, bəzi ölkələrdə isə viza əldə etmə prosesi bahalı ola bilər. Müəyyən ölkələrin vətəndaşları üçün, məsələn, Asiya və ya Afrikadan, vizasız rejimli ölkələrin siyahısı daha azdır ki, bu da marşrut planlaşdırmasını çətinləşdirir.
Uzun uçuşlar, iqlim və saat qurşaqlarının dəyişməsi, müxtəlif ölkələrdə qidalanma və su – bütün bunlar sağlamlığa təsir göstərir. Səyahətdən əvvəl yalnız adi xəstəlikləri deyil, həm də təcili evakuasiyanı əhatə edən tibbi sığorta rəsmiləşdirmək lazımdır. Bəzi ölkələr giriş üçün müəyyən peyvəndlər tələb edir: məsələn, sarı qızdırmaya və ya meningitə qarşı.
RTW-biletlərə və hazır turlara baxmayaraq, reyslərin gecikməsi, ləğvi və ya cədvəl dəyişiklikləri baş verə bilər. Bəzi regionlarda daxili nəqliyyat tapmaq çətindir: xüsusilə marşrut az əhalili adaları və ya uzaq ölkələri əhatə edirsə. Bu, marşrutda çeviklik və ehtiyat vaxt tələb edir.
Bəzən münaqişələr, vətəndaş iğtişaşları, bağlı sərhədlər və ya siyasi qeyri-sabitlik marşrutların dəyişdirilməsinə səbəb ola bilər. Mövsümi qasırğalar, mussonlar və ya həddindən artıq isti və soyuq kimi təbii maneələr də ilin müəyyən vaxtlarında müəyyən bölgələrə səfəri təhlükəli hala gətirə bilər.
Buna görə də dünya ətrafı səyahət əhəmiyyətli büdcə tələb edir. Gözlənilməz xərclər üçün ehtiyat saxlamaq lazımdır: biletlərin dəyişdirilməsi, təcili uçuşlar, tibbi xidmətlər və ya baqajın itirilməsi. Maliyyə hazırlığının çatışmazlığı xəyalı stresli vəziyyətə çevirə bilər.
Riskləri minimuma endirmək üçün təcrübəli səyahətçilər tövsiyə edir: marşrutu vaxt ehtiyatı ilə diqqətlə planlaşdırın, ehtiyat büdcəniz olsun, əvvəlcədən viza və tibbi tələbləri yoxlayın, sığorta rəsmiləşdirin və ziyarət olunan ölkələrdəki siyasi və iqlim vəziyyətini izləyin. Həmçinin yerli nümayəndəliklərin əlaqələrinə sahib olmaq və istənilən anda marşrut dəyişikliyinə hazır olmaq faydalıdır.
Bu gün dünyanı gəzmək tarixdə heç vaxt olmadığı qədər asan olub, lakin bu hələ də planlaşdırma və kifayət qədər resurslar tələb edən ciddi layihədir. Ümumilikdə dünya ətrafı səyahət – xəyalın, logistikanın, maliyyənin və çevikliyin balansıdır. Bu amilləri nəzərə alaraq plan sadəcə romantik macəraya deyil, yaxşı hazırlıq və detallara diqqət ilə uğurla həyata keçirilə bilən real layihəyə çevrilir.
MƏSLƏHƏT GÖR:




37

