«STAVKALAR HEÇ ZAMAN OLMADIĞI QƏDƏR YÜKSƏKDİR»
Macarıstan kimi seçəcək: mühafizəkar «Fides»i, yoxsa liberal «Tisa»nı?
Müəllif: Natiq NAZİMOĞLU
Macarıstanda aprelin 12-nə planlaşdırılmış parlament seçkisi ərəfəsində qarşı-qarşıya duran əsas siyasi qüvvələr – hakim «Fides – Macarıstan Vətəndaş İttifaqı» ilə müxalif «Tisa» («Hörmət və Azadlıq Partiyası») arasında mübarizə daha kəskin xarakter alıb. Söhbət sadəcə bir partiyanın qələbəsi, digərinin məğlubiyyəti məsələsindən getmir. Bu seçkidə Macarıstanın gələcək inkişaf yolu, dəyərlər və geosiyasi istiqamət baxımından ölkənin taleyi həll olunacaq. Üstəlik, bu ölkənin hansı yolu seçəcəyi bütün bütünlükdə Avropanın sivil inkişaf perspektivinə də öz təsirini göstərəcək.
Orban, Madyar, Brüssel…
Artıq 16 ildir Macarıstana rəhbərlik edən hazırkı baş nazir Viktor Orban və müxalifət lideri Peter Madyarın başçılıq etdiyi qüvvələr, həqiqətən, ekzistensial xarakter daşıyan qarşıdurmada üz-üzədirlər. Əksər sosioloji sorğular hazırda yarışda «Tisa»nın öndə olduğunu göstərir. Bununla belə, bir çox macarlar, eləcə də siyasi ekspertlər hesab edirlər ki, qələbə böyük ehtimalla Orbanın partiyasına qismət olacaq. «Tisa» son aylarda dəstəyini maksimum səviyyəyə çatdıra bilib. Lakin seçki marafonunun sonuna doğru təşviqat kampaniyasını ardıcıl şəkildə gücləndirən «Fides» özünün ənənəvi sağ-mühafizəkar elektoratını tam səfərbər edə bilər.
Ölkə boyu həm hakimiyyət, həm də müxalifət tərəfdarlarının kütləvi nümayişləri keçirilir. Amma qarşıdakı səsvermənin taleyi təkcə daxili qüvvələrin aktiv siyasi fəaliyyəti ilə yox, həm də macar xalqının bu və ya digər seçimində maraqlı olan xarici qüvvələrin təzyiqi ilə müəyyənləşəcək. Bu mərkəzlər arasında Avropa İttifaqı xüsusilə seçilir.
«Fides»in hakimiyyətə gəlişindən bu yana Aİ bu partiyanı və onun liderini davamlı olaraq kəskin tənqid edir. Səbəb kimi ölkədə «qanunun aliliyinə sistemli təhdidlər, məhkəmə sisteminin müstəqilliyinə zərbə, azadlıqların pozulması» göstərilir. 2022-ci ildə Avropa Parlamenti Macarıstanı «tamhüquqlu demokratiya» kimi tanımaqdan imtina belə edib, onun siyasi sistemini «seçkili avtokratiyaya əsaslanan hibrid rejim» adlandırıb. Brüsseli narazı salan amillər arasında Orban hökumətinin hətta Ukrayna müharibəsi şəraitində belə, Rusiya ilə xüsusilə də enerji sahəsində sıx tərəfdaşlığı davam etdirməsi mühüm yer tutur.
Seçki yarışının həlledici mərhələsi olan bu günlərdə Aİ-nin aparıcı ölkələrinin xüsusi xidmət orqanları Moskvanın Orban hökumətini dəstəklədiyinə dair xəbərləri tirajlamaqdadır. Bu dəstəyin sosial şəbəkələrdə «troll ordusu» vasitəsilə həyata keçirildiyi iddia olunur. Rusiya xüsusi xidmət orqanlarının Orbanın reytinqini artırmaq məqsədilə ona qarşı sui-qəsd səhnələşdirilməsini planlaşdırdığı belə, iddia edilir.
Britaniyanın «Financial Times» nəşrinin Kremlin «Fides»in xeyrinə dezinformasiya kampaniyasını dəstəklədiyi haqda məqaləsi də maraqlıdır. İddiaya görə, kampaniyanın məqsədi Orbanı «güclü lider», onun əsas rəqibi olan Madyarı isə «Brüsselin marioneti» kimi təqdim etməkdir.
Macarıstandakı seçki prosesinə Rusiyanın müdaxiləsi haqda bəyanatlar səsləndirənlər arasında müxalifət lideri Madyarın özü də var. Lakin «Fides» rəhbərliyi deyilənləri rədd edir. Partiyanın parlament fraksiyasının rəhbəri Mate Koçiç deyilənləri «yalan ittihamlar» adlandırıb. O, Avropa kəşfiyyatında bu haqda «konkret məlumatların olmadığını» söyləyib.
Rusiya da öz növbəsində, Macarıstandakı seçki prosesinə müdaxilə etdiyinə dair məlumatları təkzib edib. Maraqlıdır ki, istər Moskva, istərsə də Budapeşt bu informasiya kampaniyasının təşkilatçısı kimi yalnız Brüsseli yox, həm də Kiyevi görür. Bu, Avropada Rusiya-Ukrayna müharibəsinə münasibətin ziddiyyətli təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Belə ki, Macarıstan faktiki olaraq (onunla həmrəylik göstərən Slovakiya istisna olmaqla), Brüsselin Kiyevi qeyd-şərtsiz dəstəkləməsinə qarşıdır. Aİ-nin martın 19-da Brüsseldə keçirilən sammitində Orban ölkəsinin Ukraynaya hərbi yardım kimi 90 milyard avroluq kreditin ayrılmasına veto qoyduğunu bəyan edib. Budapeşt bildirir ki, Kiyev «Drujba» boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyəcəksə, bu cür yardımların qarşısı gələcəkdə də alınacaq. Buna cavab olaraq Avropa Komissiyası Avropa ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş «Security Action for Europe» proqramı çərçivəsində Macarıstan üçün nəzərdə tutulmuş kreditin ayrılmasını təxirə salıb.
Qeyd edək ki, Brüssel ilə Budapeşt, daha doğrusu, Orban hökuməti arasındakı ziddiyyətlərin kökü ciddi ideoloji fikir ayrılıqlarına söykənir. Söhbət ənənəvi mühafizəkarlarla modernist-liberal qüvvələr arasındakı qarşıdurmadan gedir. Avropa sivilizasiyasının gələcək simasını məhz bu qarşıdurma müəyyən edə bilər. Üstəlik, bu parçalanma fonunda avropadaxili proseslərə ABŞ-nin açıq və gizli təsiri də ciddi şəkildə hiss olunmaqdadır.
Sağçılar, Tramp və sivilizasiyanın taleyi
ABŞ Prezidenti Donald Tramp isə Viktor Orbana açıq dəstəyini ifadə edib. Macarları «çıxıb səs verməyə» çağıran Ağ Ev sahibi Orbanı «həqiqətən güclü, qüdrətli lider, fenomenal nəticələrin əldə edilməsində sübut olunmuş təcrübəyə malik şəxs» adlandırıb. «Viktor Macarıstanı qorumaq, iqtisadi artımı təmin etmək, yeni iş yerləri yaratmaq, ticarəti inkişaf etdirmək, qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq, qayda-qanunu qorumaq üçün yorulmadan çalışır. Mənim administrasiyam dövründə Macarıstanla ABŞ arasında münasibətlər məhz baş nazir Orbanın sayəsində əməkdaşlıq və mühüm uğurlar baxımından yeni zirvələrə yüksəklib», - deyə Tramp qeyd edib: «Mən 2022-ci ildə Viktorun yenidən seçilməsini dəstəkləməkdən qürur duymuşdum. Bunu yenidən etmək mənim üçün şərəfdir».
Mahiyyət etibarilə neoliberalizmi qəbul etməyə Tramp bir daha göstərib ki, Orban kimi mühafizəkar liderlər ona əksər Avropa ölkələrinin rəhbərlərindən, hətta Aİ-nin özündən daha yaxındır. O, gələcəkdə o cümlədən Avropa üçün taleyüklü məsələ sayılan kimliyə qayıdış məsələsində məhz Orbanla əməkdaşlıq etməyə hazırdır.
Ağ Evin hazırkı administrasiyasının Orban hökumətinə dəstəyi özünü Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı zamanı da göstərib. ABŞ-dəki Trampın ilham verdiyi MAGA hərəkatı ilə əlaqəli sağçı qüvvələrlə əlaqəli çevrələrin səyyar toplantısı kimi qiymətləndirilən bu tədbir artıq beşinci dəfə təşkil olunub. Onu Macarıstan dövləti tərəfindən maliyyələşdirilən Əsas Hüquqlar Mərkəzi keçirir. Aralarında Avropanın sağ-mühafizəkar siyasətçilərinin də olduğu konfrans iştirakçılarına videomüraciət ünvanlayan Tramp Macarıstan liderinə dəstəyini bir daha dilə gətirib.
Viktor Orban isə öz çıxışında müasir Avropa mühafizəkarlığının «proqressiv qlobalistlər»ə – Qərb elitasının neoliberal hissəsinə qarşı olan ideoloji xəttinin proqram xarakterli bəyanatını səsləndirib. O, Trampın Ağ Evə qayıdışı ilə «gender və sosial fərqliliyin zəiflədiyini, xristianlığın qürurla qəbul olunduğunu, proqressiv senzuranın sona çatdığını» bildirib. Orban dünyada «böyük sağçı yenidənqurma»nın getdiyini söyləyib. Onun sözlərinə görə, «bu prosesin episentri ABŞ-dir, Macarıstan isə Avropanın forpostudur». O, Aİ institutlarının «dünyada proqressiv sol qüvvələrin son istehkamları olduğunu» bildirib. Baş nazir qeyd edib ki, Macarıstan artıq 16 ildir Aİ-də milli-mühafizəkar qüvvələrin ən güclü dayağıdır və «proqressistlər üçün ən böyük qələbə bu istehkamı dağıtmaq olardı». «Stavkalar heç zaman olmadığı qədər yüksəkdir. Biz burada qalib gəlsək, təkcə Macarıstanı qorumayacağıq, həm də Brüsseldəki proqressistlərin qapılarını sındıracağıq», - deyə V.Orban qeyd edib.
ABŞ hökumətinin Orban hakimiyyətinə dəstəyinin daha bir nümayişi kimi, 7-8 aprel tarixlərində Birləşmiş Ştatların vitse-prezidenti Vensin Budapeştə planlaşdırdığı səfər göstərilir. ABŞ Dövlət Departamenti isə Vaşinqtonla Budapeştin «Avropanı Qərb sivilizasiyasına qarşı yönəlmiş təhdidlərdən xilas etmək üçün» əməkdaşlıq etməli olduqlarını bildirir.
Beləliklə, Macarıstanda keçiriləcək seçkinin əsas intriqası yalnız Orbanın, yoxsa Madyarın qələbə qazanacağında deyil. Məsələ bununla məhdudlaşmır. İndi nəticədən Vaşinqtonun, yoxsa Brüsselin daha razı qalacağı sualı da ön plana çıxır. Moskvaya gəlincə, onun Orban hökumətinin hakimiyyətdə qalmasında maraqlı olduğu, demək olar ki, heç kimdə şübhə doğurmur.
MƏSLƏHƏT GÖR:



43

