26 Aprel 2026

Bazar, 19:54

QARŞIDURMA ALQORİTMLƏRİ

Neyron şəbəkələri peykləri, dronları və kəşfiyyat məlumatlarını birləşdirərək müasir münaqişələrin miqyasını və tempini kökündən dəyişir

Müəllif:

01.04.2026

Süni intellektin (Sİ) tətbiqi hərbi əməliyyatların aparılması qaydalarını yenidən yazmağa başlayıb və bu, özünü Yaxın Şərqdəki münaqişənin nümunəsində də çox aydın şəkildə göstərir. Birincisi, neyron şəbəkələri idarəetmə sahəsinə fəal şəkildə daxil olunur, siyasi və hərbi qərarlara insan üçün əlçatmaz sürətlə təsir göstərir. İkincisi, hərbçilərin istifadə etdikləri platformalara bənzər sistemlər necə deyərlər, «kütləyə yayılır». Nəticədə, bir yandan ənənəvi medianın geri (sadəcə xəbərin yayılma sürətində deyil, həm də analitik məqalələrdə) qalması daha açıq görünür, digər tərəfdən isə döyüş əməliyyatları və insan əzabları kütləvi şəkildə «sadə kontent»ə çevrilmək, uğurla pula çevrilmək riski daşıyır. İstifadəçilər sanki növbəti addıma «səs verir» - vaxtilə qladiator döyüşlərinin tamaşaçıları kimi. Sadəcə indi geolokasiya və əlavə bonus kimi kriptovalyuta məzənnəsi ilə.

Üçüncüsü, yeni başlamış «dronlar dövrü»nə hələ hamı alışmağa macal tapmamış, artıq maşınla canlı orqanizm arasında sərhədi silən biorobotların hazırlanmasından danışılır. Bu isə bir çox mənəvi məsələni gündəmə gətirir.

Dördüncüsü, Sİ-nin verdiyi üstünlüklər əslində zəifliyə də çevrilir, çünki məlumat emalı mərkəzləri, sualtı kabellər strateji hərbi hədəflər kimi prioritet olmağa başlayır.

Beləliklə, ABŞ, İsrail və İran arasındakı qarşıdurma bizə yeni bir reallığı nümayiş etdirir: Sİ vasitəsilə aparılan müharibə təkcə imkanlar deyil, həm də məqsədlərin və təhdidlərin yenidən nəzərdən keçirilməsinə səbəbdir.

 

Hərbi sahədə Sİ-dən istifadə

Sİ-nin hərbi idarəetmə və məlumatların təhlili sisteminə inteqrasiyası artıq dünyanın bütün ordularında baş verir. Bu, qaçılmazdır. Bu gün Sİ-dən əsasən mətn, rəqəmsal, video və peyk məlumatları daxil olmaqla, nəhəng informasiya həcmlərinin emalı üçün istifadə olunur. Məlum olduğu kimi, fevralın sonunda ABŞ-də müdafiə sahəsində Sİ istifadəsi ilə bağlı qalmaqal baş verib. ABŞ-nin Müdafiə Nazirliyi «Claude» neyron şəbəkəsinin yaradıcısı olan «Anthropic» şirkətini milli təhlükəsizlik üçün risk yaradan təchizatçıların siyahısına daxil edib. Səbəb şirkətin məhsullarından məhdudiyyətsiz istifadə hüququnu Pentaqona verməkdən imtina etməsidir. Pentaqonda qeyri-rəsmi də olsa iddia edirlər ki, ABŞ xüsusi təyinatlılarının Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatında, eləcə də Yaxın Şərqdə İrana hava zərbələrinin hazırlanmasında məhz «Anthropic»ə məxsus «Claude Sonnet» şəbəkəsindən istifadə edilib. Söhbət «Palantir» texnologiya nəhəngi tərəfindən hazırlanmış «Maven Smart System»dən gedir. Burada «Anthropic»in «Claude» modelindən istifadə olunur. Bu sistem onlarla mənbədən məlumat toplaya bilir: peyk şəkilləri, dron videoları, nəqliyyat marşrutları, ələ keçirilmiş danışıqlar, radioelektron kəşfiyyat məlumatları və s. Bütün bu məlumatlar son dərəcə yüksək sürətlə təhlil olunaraq əhəmiyyət dərəcəsinə görə sıralanır. Nəticədə, yekun qərarın qəbuluna görə məsuliyyət daşıyan zabitlərin qərar vermə vaxtı və miqyası da əhəmiyyətli dərəcədə dəyişir.

İndi sual ondadır ki, bu qədər sürətli temp insan qərarlarının düşünülmüşlüyünə, onların mənəvi və etik məzmununa necə təsir göstərir? Məsələn, britaniyalı alimlər eksperiment zamanı neyron şəbəkəsindən hərbi münaqişənin modelləşdirilməsini istəyiblər. Bu zaman məlum olub ki, maşın insanların heç zaman etməyəcəkləri hallarda belə, kütləvi qırğın silahlarından rahatlıqla istifadə etməyə hazırdır. Tədqiqat göstərib ki, ssenarilərin təxminən 95%-də taktiki nüvə silahı tətbiqi həddi aşılır, 76% hallarda isə strateji nüvə təhdidləri meydana çıxır. Demək, düzgün tənzimlənməyən modellər böhran planlaşdırılmasında mühüm rol oynamağa başlayarsa, onlar insanları eskalasiya yönümlü strategiyalara sövq edə bilər?

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın «Anthropic» şirkətinin məhsulları ilə işlərin dayandırılması haqda göstərişinə baxmayaraq, amerikalı hərbçilər hələ də onlardan istifadəni davam etdirirlər. Ölkənin hərbi qurumları, eyni zamanda «OpenAI» ilə də əməkdaşlıq edir. Onlar «Google» və «Grok»un imkanlarından da istifadə ediləcəyini bildirirlər. Üstəlik, rəhbərlikdən fərqli olaraq, İlon Maskın şirkəti artıq Pentaqonun süni intellektin «istənilən qanuni məqsədlər üçün» etik məhdudiyyətlər olmadan istifadəsi tələbi ilə razılaşıb.

Sİ sahəsində fəaliyyət göstərən Çinin «MizarVision» startapı isə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlaması ərəfəsində və müharibəyə start verildikdən etibarən, demək olar ki, operativ şəkildə Amerikanın Yaxın Şərqdə hərbi mövcudluğu ilə bağlı məlumatların dərcinə başlayıb. «MizarVision»un süni intellekti ən mürəkkəb hərbi texnika növlərini avtomatik «skan» etmək, tanımaq və işarələmək qabiliyyətinə malikdir. Peyk görüntülərinin və Sİ əsaslı təhlillərin bu qədər əlçatan olduğu belə bir şəraitdə ordular fəaliyyətlərində məxfiliyi necə qoruya bilər?

 

Hərbi münaqişənin işıqlandırılmasında Sİ alətləri

Ekspertlər xəbərdarlıq edirlər ki, hərbi münaqişələrin işıqlandırılması üçün istifadə olunan, «informasiya əldə edilməsinin demokratikləşdirilməsi» kimi təqdim edilən Sİ alətləri əslində reallığın qavranılmasını ciddi şəkildə təhrif edir. Onlar çox vaxt sadəcə nəzarət illüziyası yaradır, müharibəni kontekstdən çıxarır, məsuliyyətdən məhrum edir, onu «qumar elementləri» və saxta məlumatlarla zəngin «kontent»ə çevirir. Belə onlayn platformalar, adətən, açıq mənbələrdə olan məlumatları (peyk şəkilləri, gəmi izləmələri, dəniz marşrutları, elektrik kəsintiləri və müxtəlif xəbərləri) Sİ təhlilləri, proqnozlarla birləşdirir. Misal olaraq, «Andreessen Horowitz» vençur şirkətinin panelini göstərmək olar. Orada müxtəlif hadisələrlə bağlı mərc etmək mümkündür (məsələn, hansı ölkədə növbəti liderin kim olacağı, növbəti hərbi zərbənin haraya endiriləcəyi və s.). Onun yaradıcılarının məqsədi «ləng media»nı geridə qoymaq, guya istifadəçilərə «həqiqətə birbaşa çıxış» təmin etməkdir. İnsanlar isə belə platformalara, ilk növbədə, ona görə inanırlar ki, oxşar Sİ imkanlarından hərbçilər və digər peşəkarlar da istifadə edir.

Amma burada bir mühüm məqam diqqətdən yayınır: hərbi sahədə birincisi, ekspert qiymətləndirməsi və kontekst məsələsi, ikincisi açıq mənbələrdə olmayan məlumatlardan istifadə imkanı var. Bundan başqa, unutmaq olmaz ki, Sİ tez-tez saxta peyk görüntüləri və ayrı-ayrı doğru olmayan məlumatlar da yarada bilir. Kəşfiyyat orqanları və media məlumatları ekspertlərdən, qapalı mənbələrdən dəqiqləşdirir. İctimai platformalarda isə bu imkan yoxdur.

Bundan başqa, xəbər lentlərində mühüm hadisələr əlaqəsi olmayan məlumatlarla qarışıq təqdim olunur. Məsələn, hər hansı əraziyə hərbi zərbələrin xəritəsinin yanında kriptovalyuta qiymətləri göstərilə bilər. Nəhayət, yuxarıda qeyd edilən mərc bazarı ilə əlaqə (çox vaxt onların yaradıcılarının həmin bazarlara investisiya yatırması) geosiyasi böhranları həm də maliyyə alətinə çevirir. Məsələn, «Kalshi» və «Polymarket» platformalar belə işləyir. Burada insanlar real hadisələrin (siyasət, iqtisadiyyat, hava, idman və s.) nəticələri, baş verib-verməyəcəyi ilə bağlı mərc edir. Müharibə kontekstində isə belə «hərrac»lar ciddi arsızlıq kimi görünür. Nəticədə, istifadəçilər arzuladıqları «həqiqət»lə üzləşməkdənsə, real insan əzablarının rəqəmsal əylən üçün fona çevrildiyi «hərbi sirk»ə düşmək riski ilə qarşı-qarşıya qalırlar.

 

Biodronlar dövrü gəlir

Sİ-nin tətbiqi bəşəriyyət qarşısında hələ ki, cavabı olmayan suallar qoyur. Pilotsuz uçuş aparatları (PUA) hərbi sahədə odlu silahın yaranması ilə müqayisə edilə biləcək inqilab edib. Müasir münaqişələrin taktikası, strategiyası və iqtisadiyyatı məhz onların hesabına dəyişib. Dəyəri cəmi 500-2000 dollar olan PUA milyonlarla dollar dəyərə malik tankları, BMP-ləri, radar sistemlərini və s. məhv edir. Kəşfiyyat dronları hədəfin koordinatlarını birbaşa artilleriyaya və ya zərbə PUA-larına ötürür, aşkarlanma ilə məhvetmə arasında 10 dəqiqədən də az vaxt olur. Eyni zamanda digər sistemlərlə də kütləvi inteqrasiya baş verir: dronlar artilleriya, aviasiya, hava hücumundan müdafiə sistemləri və kiberəməliyyatlar üçün «göz» rolu oynayır.

Sİ əsaslı texnologiyalar artıq daha da irəli getməyə hazırdır. Məsələn, hədəf onların tunellər, bunkerlər və şəhərlərin kommunikasiya xətləri kimi «qaranlıq zona»larda fəaliyyətinin təminidir. Yəni onlardan rabitənin zəif olduğu, naviqasiyanın çətinləşdiyi, müşahidə üçün «şəffaflığın», demək olar ki, olmadığı yerlərdə də istifadə mümkün hala gətirilir. Bu maneələri aşmaq üçün biologiya ilə yüksək texnologiyaların kəsişməsində yeni istiqamət formalaşdırılır. Bu, kiçikölçülü bioloji dronlardır.

Məsələn, Almaniyanın NATO və Avropa strukturları ilə işləyən «Swarm Biotactics» startapı tarakanların əsasında biodronlar hazırlayır. Həşəratın kürəyinə mikroskopik «çanta» yerləşdirilir, onun içərisində isə «beyin», batareya və sensorlar olur. Bundan başqa, tarakanın bədəninə onun hərəkətini idarə etmək üçün elektrodlar implantasiya edilir. Bu «tarakan-dron»lar yaradılmış şəbəkə daxilində hərəkət etməlidirlər.

Rusiyada isə «Neiry» şirkətlər qrupu «göyərçin-dron»lar üzərində işləyir. Onlar da eyni prinsip üzrə verilmiş istiqamət üzrə uçmalıdırlar. Gözlənilir ki, onun uçuş məsafəsi və avtonomluğu adi kvadrokopterlərlə müqayisədə yüz dəfələrlə artıq olacaq.

Alimlər artıq qarğalar, qağayılar, albatroslar kimi digər quşlar üzərində də bənzər eksperimentlərin aparılmasını planlaşdırırlar.

«Swarm Biotactics»də vurğulanır ki, proses həşəratlar üçün ağrısızdır və onların rifahı effektivliyin əsas şərtidir. Rusiyanın «Neiry» startapı isə göyərçinlərin idarə olunmasını at sürməyə bənzədir.

Güman ki, yaxın gələcəkdə ağcaqanadlar, milçəklər, böcəklər və iynəcələr də dronlara çevriləcəklər. Bəs belə texnoloji yeniliklərin nəticələri necə olacaq? İnsanlar hər bir heyvanda təhlükə görməyə başlamayacaqlarmı? Bu, mülki əhali üzərində psixoloji təzyiqi mütləq şəkildə artıracaq. Çünki biodronların mövcudluğu sanki biosferə səpələnmiş total nəzarətə bənzəyəcək. Elə bir hiss yaranacaq ki, sanki səni hər budaqdan, hər dəlikdən izləyirlər. Bu, bir yandan insanla təbiət arasında əsrlərlə formalaşmış münasibətləri daha da sarsıdacaq. Digər tərəfdən insanların əvəzinə heyvanların savaşa aparılması kimi bir vəziyyət yarana bilər. Məsələn, təsəvvür edin ki, tarakan partlayıcı daşıyır və ya zərbə üçün kəşfiyyat aparır. Məntiqli olaraq, münaqişə zonalarında «şübhəli» növlərin populyasiyasının qarşısının alınması da gündəmə gələcək. Bir riskli tarakana və ya göyərçinə kimin yazığı gələr ki? Rusiyalı sosial şəbəkə istifadəçilərindən birinin zarafatla qeyd etdiyi kimi, «təcili bizim göyərçinlərə onların tarakanlarını ovlamağı öyrətmək lazımdır…».

 

MEM-lərin hərbi hədəfə çevrilməsi

Sİ-nin tətbiq oluna bildiyi hər şey hərbi hədəfə çevrilir. Hədəflər arasına Sİ-nin fəaliyyətini təmin edən obyektlər – yəni məlumat emalı mərkəzləri (MEM), başqa sözlə, data mərkəzləri də daxil olur. Beton konstruksiyalardan, enerji qurğuları və digər avadanlıqlardan ibarət bu fiziki obyektlər kinetik zərbələrə qarşı olduqca həssasdır. Birbaşa hücumlarla yanaşı, onları təmin edən sistemlərin (soyutma, elektrik paylanması, fiberoptik kommutasiya avadanlıqları, ehtiyat generatorlar və s.) zədələnməsi də xüsusilə təhlükəlidir. Rəqəmsal intellekti qidalandıran infrastrukturun sıradan çıxarılması bir anda maliyyə, logistika, hərbi və dövlət idarəçiliyini iflic edə bilər.

Bu cür hədəflərin strateji səviyyəyə keçməsi özünü ABŞ, İsrail və İran arasında, həmçinin Rusiya-Ukrayna müharibəsi timsalında da göstərir. İrana məxsus PUA-lar Fars körfəzi regionunda bir neçə bulud xidmətinə zərər vurub. Onlar BƏƏ-də «Amazon Web Services»ə məxsus iki məlumat mərkəzini, Bəhreyndə yerləşən bənzər obyekti də hədəf seçib. BƏƏ-dəki obyektə zərbə ABŞ-nin iri texnologiya şirkətinə məxsus MEM-in hərbi əməliyyat nəticəsində sıradan çıxarılmasının ilk nümunəsi sayıla bilər.

«Amazon», «Microsoft» və «Google» illər boyu Fars körfəzi regionu boyunca MEM-lər qurublar. Analitiklərin qiymətləndirmələrinə görə, hazırda regionda 200-dən çox belə mərkəz var. Bundan başqa, Hörmüz və Bab əl-Məndəb boğazları həm də dünya iqtisadiyyatının «rəqəmsal arteriya»larıdır. Dünyanın internet trafikinin təxminən 17-20%-i Qırmızı dənizdən keçir. Hörmüz boğazı isə Fars körfəzi ölkələrinin rəqəmsal əlaqələrinin mərkəzində yerləşir. Buraya İran, İraq, Küveyt, Bəhreyn, Qətər və BƏƏ-ni Oman üzərindən dünya ilə birləşdirən geniş kabel şəbəkəsi də daxildir. Hökumət mesajları, bank köçürmələri, bulud məlumatları, hərbi kəşfiyyat axınları, hava və dəniz hərəkətlərinin idarə olunması sistemləri, eləcə də Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionlar arasında böyük həcmdə kommersiya internet trafiki məhz bu kabellərlə ötürülür. Yəni hər hansı insndent zamanı əsas zərərçəkənlər investisiya fondları, neft-qaz treyderləri, qlobal banklar və əlbəttə ki, hərbi strukturlar olacaq.

Bununla yanaşı, zədələnmələr mütləq qəsdən hücum nəticəsində baş verməyə də bilər. Hər halda, belə hücumları həyata keçirmək kifayət qədər çətindir. Zədələnmələrə səbəb daha çox dolayı zərbələr, texniki nasazlıqlar və ya təbii amillər ola bilər: lövbərin uğursuz atılması, dəniz nəqliyyatından qaynaqlanan zədələr, seysmik fəallıq və s. Bu cür problemlərin aradan qaldırılması ilə məşğul olan xüsusi gəmilər isə həftələrlə dənizdə işləməli olur ki, fəal hərbi əməliyyatlar şəraitində bu, mümkün olmaya bilər.

Beləliklə, ABŞ, İsrail və İran arasındakı müharibə göstərir ki, Sİ artıq sadəcə köməkçi vasitə yox, müasir münaqişələrin mərkəzi elementidir. Üstəlik, bütün bunlar aydın qlobal qaydaların, tənzimləmə mexanizmlərinin olmaması fonunda baş verir. Halbuki beynəlxalq təşkilatlar, ekspertlər və humanitar qurumlar artıq bir neçə ildir ki, belə ehtiyacın olduğunu bildirirlər. Maşın tərəfindən qəbul olunmuş çevik və sürətli qərara görə kimlər hansı meyarlarla məsuliyyət daşıyacaq? Transmilli korporasiyaların maraqları ilə «milli təhlükəsizlik» anlayışı bir-birindən necə ayrılacaq? Hər halda, hərbi sahədə texnoloji inkişaf etikadan, hüquq və siyasətdən aşkar şəkildə önə keçir. Daha acınacaqlısı isə odur ki, qabaqcıl texnologiyalar insanların, heyvanların və ümumilikdə təbiətin qorunmasına, təhsil və incəsənət kimi humanitar məqsədlərə xidmət etmək əvəzinə hərbi sahədə daha sürətlə inkişaf edir. Bu, ümumi nəticə kimi səslənsə də, onunla razılaşmamaq çətindir: bütün texnoloji nailiyyətlərə rəğmən, bəşəriyyətin humanizm səviyyəsi ciddi suallar doğurur.



MƏSLƏHƏT GÖR:

64