BİR DÖVRÜN SONU
Gürcüstan patriarx II İlyadan sonra
Müəllif: Namiq H. ƏLİYEV
II İlyanın vəfatı Gürcüstan üçün sadəcə mənəvi lider itkisi deyil. Bu, ölkənin tarixində bütöv bir dövrün başa çatması deməkdir. Ölkə ictimaiyyətinin və medianın diqqəti onun uzunmüddətli xidmətlərinə, eləcə də qoyub getdiyi dərin xeyriyyəçilik, mədəni və mənəvi irsə yönəlib. Hər halda, o, 40 ildən artıq müddətdə millət üçün mənəvi istiqamətverici, böhran və transformasiya dövrlərində sabitlik, birlik rəmzi olub. Patriarxın vəfatı istər kilsə, istərsə də dövlət üçün yeni və qeyri-müəyyən bir mərhələnin başlanğıcıdır.
Sarsıntılar dövrünün dini lideri
II İlya Gürcüstan Pravoslav Kilsəsinə 1977-ci ildən rəhbərlik edirdi. Bu, dini həyatın Sovet İttifaqı sistemi tərəfindən sərt nəzarətdə saxlanıldığı bir dövr idi. Buna rəğmən, onun fəaliyyəti tədricən, lakin israrlı şəkildə mənəviyyatın dirçəldilməsinin nümunəsinə çevrilib. SSRİ-nin dağılmasından sonra cəmiyyətin tam parçalanmasının qarşısının alınmasında məhz kilsə əsas institutlardan birinə çevrilib. 1990-cı illərin müharibələri, iqtisadi tənəzzül, siyasi qeyri-sabitliyi fonunda patriarx ölkədə hər zaman mənəvi legitimlik mənbəyi kimi qəbul olunub. O, dini liderləri üçün nadir hallarda mümkün olan bir nailiyyətə də imza atıb: kilsə ölkənin ən nüfuzlu institutlarından birinə çevrilib, eyni zamanda birbaşa siyasi mübarizədən kənarda dayanıb.
Bu gün Gürcüstanda dövlət-din münasibətlərinin iki əsas xüsusiyyəti var. Birincisi, Gürcüstan Avropanın ən dindar pravoslav ölkələrindən biri sayılır. İkincisi isə Gürcüstan, demək olar ki, müasir pravoslav ölkələri arasında pravoslav kilsəsi ilə razılaşmanı dövlət (konstitusiya) səviyyəsində rəsmiləşdirmiş ilk dövlətdir.
Zamanın fövqündə dayanan nüfuz
II İlya beş onillik ərzində, şübhəsiz ki, ölkənin ən hörmətli insanı olaraq qalıb. Onun sözləri hər zaman hansısa tərəfin mövqeyi kimi deyil, siyasətdən yuxarı bir səs kimi qəbul olunub. Bu fenomen yalnız şəxsi keyfiyyətlərlə bağlı olmayıb, həm də seçilmiş strategiyadan irəli gəlib. Kilsə birbaşa siyasi qarşıdurmalara heç zaman qarışmayıb, hər zaman milli birliyə vurğu edib, ənənə ilə müasirlik arasında ehtiyatlı balans saxlayıb. II İlya inancın, mədəniyyətin və dövlətçiliyin vəhdəti kimi, gürcü kimliyinin «yumşaq güc» rəmzinə çevrilib.
Patriarxın nüfuzu Gürcüstan sərhədlərindən çox uzağa yayılmışdı. Məşhur rejissor Robert Sturua onu belə xatırlayır: «Buenos-Ayres şəhərində qastrol səfərində idi. Mənə dedilər ki, Buenos-Ayresin baş yepiskopu sizinlə təcili görüşmək istəyir. Məni çaşqın vəziyyətdə onun yanına apardılar. Yepiskop məni qarşıladı, mənə bir ikona bağışlayaraq dedi: «Sizin ölkənizdə canlı bir müqəddəs var. Bunu böyük ehtiram və sevgi ilə ona çatdırın». Bir neçə il sonra həmin argentinalı – Xorxe Mario Berqolya ilk qeyri-avropalı Roma Papası oldu və tarixə Papa Fransisk kimi düşdü».
Kilsə dövlətin dayağı kimi: daxildə və xaricdə
Postsovet dövründə Gürcüstanda kilsə patriarxın rəhbərliyi altında unikal mövqe qazanıb. O, nəinki təsirini qoruyub saxlayıb, həm də daha da güclənib və əsas ictimai institutlardan birinə çevrilib. Bununla belə, II İlya kilsəni hakimiyyət alətinə çevirməkdən qaçıb. Onun ehtiyatlı siyasəti kilsəyə həm dindarlar, həm də cəmiyyətin daha dünyəvi düşüncəli təbəqələri arasında etimadı qoruyub saxlamağa imkan verib.
Patriarx II İlya Gürcüstanın mədəni və mənəvi irsinin qorunub saxlanmasında, müdafiəsində əsas fiqurlardan biri olub. O, mədəni abidələri, dini müqəddəs məkanları təkcə maddi obyektlər kimi deyil, həm də gürcü xalqının milli kimliyini, mənəvi özünüdərkini təşkil edən əsas sütunlar kimi qiymətləndirirdi. Məhz patriarxın təşəbbüsü ilə məbədlər bərpa olunur, ikonaların və tarixi abidələrin qorunması layihələri həyata keçirilir, həmçinin dini irsin müdafiəsi məqsədilə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq qurulurdu.
Gürcüstanın müsəlman icması da ölkənin əsas pravoslav ruhani lideri kimi, patriarxla daim dialoq aparırdı. İcma nümayəndələri onun mehriban, tolerant və diplomatik yanaşmasını xüsusi vurğulayırlar. Bu isə ölkədə müxtəlif konfessiyaların dinc, yanaşı yaşamasına mühüm töhfə verib.
Marneuli meriyasının məlumatına görə, patriarxın vəfatı ilə əlaqədar elan olunmuş matəm səbəbindən Novruz və Ramazan bayramlarına həsr edilmiş tədbirlərin təxirə salınması haqda qərar çıxarılıb (2014-cü ilin siyahıya alınmasına əsasən Marneuli əhalisinin təxminən 83,2%-i müsəlmandır).
II İlya qonşu dövlətlərlə münasibətlərə də xüsusidiqqət yetirir, konfessiyalararası əlaqələrdə həmişə diqqətli və düzgün davranırdı. Patriarxiya yanında Gelati Elmlər Akademiyasının professoru Mariam Sasanaşvili deyir: «Patriarxın mənəvi nüfuzu dəfələrlə müxtəlif təxribatçıların hədəfinə çevrilib. 2009-cu ildə patriarxlığın rəsmi saytının ingilis dilli versiyasına kibermüdaxilə olunmuş, Zati-alilərinin müraciətinin mətni təhrif edilmişdi. O dövrdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin təşəbbüsü ilə biz dərhal patriarxla görüşdük. Söhbətimiz təxminən bir saat çəkdi. Daha sonra saytın gürcü dilində olan versiyası yoxlanıldı və məlum oldu ki, bu mətndə ingilis dilindəki bir sıra ifadələr yoxdur. Nəticədə, anlaşıldı ki, məqsədləri dinlərarası qarşıdurma yaratmaq, Qafqazda sabitliyi pozmaq olan hansısa qüvvələr saytı «sındırıb». Səfirin peşəkar fəaliyyəti sayəsində bu təxribatın qarşısı operativ şəkildə alındı».
Patriarxın gedişi və mümkün balans dəyişikliyi
Bütün Gürcüstanın patriarxı II İlyanın vəfatı bu ölkədə kilsə-cəmiyyət münasibətlərinin bütün sistemini dəyişə bilər. Əsas nəticə konsensus rəmzi və hakim rolunu oynaya bilən fiqurun yoxa çıxmasıdır. Digər institutlardan fərqli olaraq, onun nüfuzu institusional yox, dərin şəkildə şəxsi xarakter daşıyırdı. Praktik baxımdan bu, kilsəyə etimadın azalmasına, daxili ziddiyyətlərin daha qabarıq görünməsinə, ruhani dairələr daxilində müxtəlif qrupların təsir imkanlarını gücləndirməsinə yol aça bilər.
Bu vəziyyətdə hadisələr nəzəri baxımdan hansı ssenarilər üzrə inkişaf edə bilər?
Varislik ssenarisi ən yumşaq variant hesab olunur. Söhbət II İlyanın xəttini davam etdirəcək bir fiqurun seçilməsindən gedir. Bu halda kilsə sabitləşdirici rolunu qoruyacaq və münasibətlərdə kəskin dəyişiklik baş verməyəcək.
Daha sərt, ənənəvi mövqeli liderin hakimiyyətə gəlişi ilə mühafizəkar dönüş ssenarisi də mümkündür. Bu, bir tərəfdən kilsənin ictimai həyata təsirini artıra, digər yandan onun sosial məsələlərdə daha sərt mövqedən çıxış etməsinə, cəmiyyətin liberal hissəsi ilə münasibətlərdə isə gərginliyin artmasına aparıb çıxara bilər.
Ən mürəkkəb variant, əlbəttə ki, daxili parçalanma ssenarisidir. Bu halda daxildə qaşıdurmaların güclənməsi ehtimalı var. II İlya miqyaslı fiqurun olmaması kilsə daxilindəki qruplar arasında rəqabəti artıra, institutun nüfuzunu zəiflədə, kilsə gündəminin siyasiləşməsinə səbəb ola bilər.
Varisin seçilməsi
Qeyd olunanlar varisliyin qorunması məsələsini ön plana çıxarır. Burada hər şey əsasən şəxs amilindən asılı olacaq. Yeni katolikos-patriarxın seçilməsi proseduru formal olaraq tənzimlənib: seçki patriarxın vəfatının 40-cı günündən iki həftə sonra keçirilir. O, Gürcüstan Pravoslav Kilsəsinin 39 üzvdən ibarət Müqəddəs Sinodunun tərkibindən seçilir. Qaydalara əsasən, namizəd bir sıra meyarlara cavab verməlidir: yaşı 40-70 arasında olmalı (39 üzvdən bu meyara 28 nəfər cavab verir), Gürcüstan Pravoslav Kilsəsinə mənsub olmalı, Gürcüstan vətəndaşlığı daşımalı və dini təhsilli olmalıdır.
Prosesdə sinodun 39 üzvündən əlavə, hər yeparxiyadan iki nümayəndə və Gelati Elmlər Akademiyasının dörd üzvü də iştirak edir. Onlar namizədlər haqqında rəy təqdim edə bilsələr də, səsvermə yalnız Müqəddəs Sinodun üzvləri arasında keçirilir. Qeyd olunmalıdır ki, bu seçkilər faktiki olaraq hər zaman kilsədaxili elitadakı qüvvələr balansını əks etdirir.
Məlumata görə, mümkün namizədlər sırasında ənənəvi olaraq ən nüfuzlu şəxslər nəzərdən keçirilir. Bu gün bu sırada daha çox üç nəfərin adı çəkilir. 1) Şio Muciri – patriarx taxtının müvəqqəti qoruyucusu, Senaki və Çxoroçku miropoliti (1969-cu il təvəllüdlü), son illərdə əsas fiqurlardan biri; 2) David Sarsaniya – daha mülayim qanadın təmsilçisi; 3) İakov Yakobaşvili – ən açıq və nüfuzlu iyerarxlardan biri.
Potensial namizədlərin siyahısı hadisələrin inkişafına uyğun genişlənə də bilər. Lakin burada məsələ təkcə şəxslərdə yox, həm də kilsənin gələcək inkişaf istiqamətlərindədir. Mövcud məlumatlar Şio Mucirinin şansının daha yüksək olduğunu göstərir. O, ənənəvi kursun davam etdirilməsinin və sabitliyin təmsilçisi kimi qiymətləndirilir.
Dövr və onun mirası
II İlyanın gedişi ilə Gürcüstan təkcə mənəvi liderini itirməyib. Ölkə birləşdirici mənəvi mərkəzin mövcud olduğu bir dövrlə də vidalaşır. Bu, yalnız dini hadisə deyil, həm də daxili siyasi sabitliyə, ictimai birliyə və ənənələrlə müasirlik arasındakı tarazlığa təsir göstərə biləcək amildir. Gürcüstanda kilsə uzun illər qeyri-rəsmi sabitləşdirici rolu oynayıb. Bu funksiyanın zəifləməsi, əlbəttə ki, bütün sistemə təsir göstərə bilər.
II İlyanın əsas mirası yalnız bərpa olunmuş məbədlər, dirçəldilmiş ənənələr yox, həm də kilsə, cəmiyyət və dövlət arasında etimada, ehtiyatlı tarazlığa əsaslanan münasibətlər modelidir. Bu mənada, yeni seçiləcək patriarxdan çox şey asılıdır: kilsə yenə də cəmiyyətin dayağı olaraq qalacaq, yoxsa daha bir mübarizə meydanına çevriləcək?
Əsas sual isə başqadır: bu model onun qurucusundan sonra da qorunub saxlanacaqmı?
MƏSLƏHƏT GÖR:


64

