26 May 2026

Çərşənbə axşamı, 03:08

İLK KUBOK

“FIFA Series-2026” və Azərbaycan futbolu tarixində yeni bir səhifə

Müəllif:

15.04.2026

Futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə beynəlxalq turnirdə qalib olaraq kubok qazanıb. Ali futbol qurumu tərəfindən təşkil edilən “FIFA Series-2026” turnirində qələbə milli komanda üçün birinci mükafat kimi tarixə düşüb.

Bu, qəribə səslənsə də, indiyə qədər 115 yaşlı Azərbaycan futbolunda milli səviyyəsində ciddi uğur qeydə alınmayıb. İllər öncə Albenada qazanılan turnir rəsmi yarış olmadığından “FIFA Series-2026”dakı qələbə birinci olaraq təqdim edilir.

Sumqayıtdakı ilk oyunda Sent Lüsiya seçməsini 6-1 hesabı ilə məğlub etməklə tarixində ən böyük qələbəni qazanan Azərbaycan komandası ikinci görüşdə Syerra Leone kollektivindən güclü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində qolu 72-ci dəqiqədə Rahil Məmmədov vurub. Əsas vaxt 1-1 hesabı ilə başa çatdığından turnirin qalibi penaltilər seriyası ilə müəyyənləşib. Həlledici zərbələrdə rəqibini 9:8 hesabı ilə üstələyən Ayxan Abbasovun yetirmələri yarışın qalibi adını qazanıb. Syerra Leone ikinci, Sent Lüsiya isə üçüncü yeri tutub.

Milli komandanın və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

 

Qələbə motivasiya kimi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov turnirin yekun nəticəsini belə dəyərləndirib: “Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verib. Biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq. Qələbə qazanmaq hər zaman xoşdur. Hazırda əsas hədəf Millətlər Liqasında uğurlu çıxış etməkdir. Yayda iki komandayla yoldaşlıq görüşündə gücümüzü sınayacağıq. Bundan sonra millinin hazırlığı və heyəti barədə danışmaq mümkün olacaq”.

“FIFA Series-2026” turnirinin ən yaxşı futbolçusu Elvin Cəfərquliyev də yarışla bağlı bunları deyib: “Bu qələbə yalnız bir nəticə deyil, həm də gələcək oyunlar üçün ciddi motivasiya mənbəyidir. Komanda daxilində böyük inam, birlik və həvəs var. İndi əsas məqsəd bu ruhu qoruyub saxlamaq və növbəti qarşılaşmalara da eyni motivasiya ilə çıxmaqdır. Bu yanaşma ilə daha böyük uğurlar əldə edə bilərik. Motivasiyamızı qoruyaraq qarşıdakı oyunlarda da qələbələrin davamını gətirəcəyimizə inanıram. Əsas məsələ bu ruhu və inamı itirməməkdir. Əgər bunu bacarsaq, UEFA Millətlər Liqasında D liqasından yüksələrək ən azından yenidən əvvəlki mövqeyimizə qayıda bilərik. Komanda olaraq buna inanırıq və bu hədəf uğrunda çalışırıq”.

 

Ciddi çağırışlara doğru addım

“FIFA Series-2026” daha çox yoxlama oyunların əvəzinə keçirilən turnirdir. Məqsəd, hazırlıqları üçün rəqib tapmaqda çətinlik çəkən federasiyalara kömək etməkdir. Hər bir ölkə öz reytinqinə uyğun komandalarla qarşılaşır və matçlar mart ayında milli komandaların hazırlıq dövründə keçirilir.

Etiraf etmək lazımdır ki, “FIFA Series-2026” yarışındakı qələbə daha çox motivasiya mənbəyidir. Dünya futbolunda bu turnirin ciddi çəkisi, nüfuzu yoxdur. Bununla belə yoldaşlıq görüşü səviyyəsində matçlarda da uğur qazanmaq Azərbaycan futbolunun indiki vəziyyətində müsbət məqamdır.

Üç komandanın qatıldığı yarışda birinci olmağı böyük uğur kimi təqdim etmək düzgün olmaz. Syerra Leoneni penaltilərdə udmaq qəhrəmanlıq deyil. Lakin kiçik dövləti təmsil edən rəqibin heç də zəif olmadığını qəbul edək. Tarixi ərzində böyük yarışlara vəsiqə qazanmayan Azərbaycan millisi dünya futbolunda zəiflər sırasındadır. Syerra Leone isə FIFA reytinqdə bizdən 7 pillə öndədir. Reytinqlər futbolda, əlbəttə ki, bir amil olsa da, onlar hər şeyin əsasını təşkil etmir.

Bu yarış payızda keçiriləcək UEFA Millətlər Liqası ərəfəsində Azərbaycan komandasına ruh yüksəkliyi qazandırmalıdır. Ötən seçmə mərhələdə xüsusilə zəif çıxışından sonra, Azərbaycan daha zəif komandaların olduğu D divizionuna düşüb. Payızda Litva və Lixtenşteyn komandaları ilə eyni qrupda mübarizə apararaq yenidən daha yüksək - C divizionuna vəsiqə qazanmağa çalışmalıyıq.

Hazırda baş məşqçi Ayxan Abbasovun mövqeyinə həsəd aparmaq çətindir, çünki onun oyunçularla bağlı çox seçimi yoxdur. Son illərdə Azərbaycan futbolunun inkişafı yavaşlayıb və rəqabət zəifləyib. Buna görə də, uğur demək olar ki, möcüzə olardı. Millətlər Liqası Abbasov üçün ciddi bir sınaq olacaq. Böyük nailiyyətləri olmayan məşqçi kimi o, səriştəliliyini sübut etməli və tənqidlərə milli komandanın nəticələri ilə cavab verməlidir.



MƏSLƏHƏT GÖR:

53