7 May 2026

Cümə axşamı, 16:46

VALENSİYA ÖZÜMÜZÜNKÜLƏR ÜÇÜN

Əsl İspaniyanı görmək istəyənlər üçün açıq olan şəhər

Müəllif:

15.04.2026

Valensiya şəhəri Barselona və ya Madrid deyil, o, İspaniyanın hamıya tanış olan digər məşhur şəhərlərindən tamamilə fərqli hiss yaradır. Burada turist izdihamı yoxdur, tarixi mərkəz isə öz rahatlığını və ölçülü-biçili həyat ritmini qoruyub saxlayıb. Barselonanın qotik şpilləri və qlamur gəzinti yerləri, yaxud da paytaxtın səs-küylü ritmi əvəzinə Valensiya geniş meydanlar, portağal bağları və köhnə şəhərdən cəmi bir neçə kilometr məsafədə yerləşən geniş çimərliklər təklif edir. Orta əsr memarlığı burada İncəsənət və Elmlər Şəhərinin (“Ciudad de las Artes y las Ciencias”) futuristik tikililəri ilə yanaşı dayanır, yerli qastronomiya isə günün ritmini təkcə turistlər üçün deyil, valensiyalıların özləri üçün də müəyyənləşdirir.

 

Daha az səs-küy - daha çox İspaniya

Valensiya İspaniyanın üçüncü böyük şəhəridir və ölkənin şərq sahilində, Aralıq dənizi kənarında yerləşir. Şəhər İspaniyanın digər şəhərləri kimi memarlıq və mədəniyyət baxımından zəngin olsa da, təvazökar, diqqət çəkməyən atmosferi, daha az kütləvi turizmi və daha yerli həyat tempi ilə fərqlənir.

Bir çox turistin prioritetində Qaudi memarlığı və aktiv gecə həyatı olan Barselonadan, yaxud dünya səviyyəli muzeyləri ilə tanınan böyük Avropa meqapolisi Madriddən fərqli olaraq, Valensiya geniş şəhər məkanlarını, tarixi məhəllələri, çimərlikləri və zəngin mətbəxi bir marşrut çərçivəsində birləşdirir.

Burada turizm sahəsi inkişaf edir və ziyarətçilərin sayı hazırda ildə 30 milyonu keçib. Beynəlxalq nəşrlərin qeyd etdiyi kimi, Valensiya daha az izdihamlı, lakin Barselona qədər gözəl alternativdir, səyahətçilər isə onu “Aralıq dənizinin gizli incisi” adlandırırlar, burada çoxsaylı ekskursiya qruplarından kənarda əsl ispan həyatını hiss etmək olar.

Şəhər İspaniyanın digər böyük məntəqələri ilə yaxşı əlaqələnib, buraya büdcə, vaxt və üstünlüklərə görə müxtəlif yollarla çatmaq olar. Belə ki, Valensiya beynəlxalq hava limanına bir çox Avropa şəhərlərindən uçuşlar var. Barselona və ya Madriddən uçuş təxminən 1, Londondan 2,5, Parisdən 2, Romadan isə 2,2 saat çəkir. Erkən alındıqda gediş-dönüş aviabiletinin qiyməti 40-60 avrodan başlaya bilər.

İspaniyada qatarlar şəhərlər arasında sürətli, rahat hərəkət vasitəsidir: xüsusən yüksəksürətli AVE və “Euromed” qatarlarını nəzərə alsaq. Barselonadan qatar “Valencia Joaquín Sorolla” vağzalına gəlir. Yol 3-4 saat çəkir, erkən bronlama zamanı biletin qiyməti 25-30 avrodur. Madriddən yüksəksürətli qatarlar işləyir, yol təxminən 2 saat çəkir, bileti əvvəlcədən alsanız onun qiyməti 15-25 avroya başa gələcək.

Avtobuslar Valensiyaya çatmağın ən əlverişli yoludur, lakin səyahət təxminən 5 saat çəkir.

 

Şedevrlərdən futurizmə

Valensiyada tarix və müasirlik yan-yana yaşayır: bəzən sözün əsl mənasında bir neçə kvartal məsafədə. Köhnə şəhər (“Ciutat Vella”) dar küçələri, meydanları və tarixi abidələri ilə Aralıq dənizi ab-havasını qoruyur, şəhərin yeni hissəsi isə futuristik memarlığı, genişmiqyaslı muzeyləri və qeyri-adi mədəni layihələri ilə heyran edir. Köhnə şəhərin əsas görməli yerlərini gəzmək təxminən tam bir gün çəkir, “İncəsənət və elmlər şəhəri”ni və bitişik zonaları isə yarım və ya bütöv bir günə planlaşdırmaq daha yaxşıdır. Əgər siz xüsusən də “L'Oceanogràfic”ə (okeanoqrafiya parkı) baş çəkməyi nəzərdə tutursunuzsa.

Ümumiyyətlə, gəzintiyə Köhnə şəhərin mərkəzindən, yəni “Plaza de la Reina” meydanından və onun ətrafından başlamaq daha məntiqlidir. Buradan bir neçə əsr boyunca tikilmiş möhtəşəm Valensiya Kafedral Kilsəsi (“Valencia Cathedral”) görünür. Bu kilsədə qotika, roman, renessans və barokko üslubları üzvi şəkildə birləşir. Kilsədə bir çoxlarının Müqəddəs Qədəh hesab etdiyi tarixi əşya saxlanılır. Giriş 10 avrodur, buradakı Miqelet zəng qülləsindən (qalxma 2,5 avro) gözəl mənzərə açılır. Kilsənin ətrafında orta əsr Valensiyasının atmosferi olan tipik meydanlar və tarixi küçələr qorunub saxlanılıb. Burada qəhvəxanalar və ənənəvi mağazalar qədim fasadlarla yanaşı yerləşir.

Yaxınlıqda modern üslubda inşa edilmiş memarlıq kompleksi və mindən çox satış nöqtəsi olan Mərkəzi Bazar (“Mercado Central”) yerləşir. Giriş pulsuzdur, yalnız alış-veriş üçün ödəniş edəcəksiniz. UNESCO-nun Ümumdünya İrsinə daxil edilmiş İpək Birjası (“La Lonja de la Seda”) da demək olar yaxınlıqda yerləşir. Buraya giriş bir nəfər üçün 2 avrodur. Köhnə şəhər divarının qapılarına — “Torres de Serranos” və “Torres de Quart”a da baxmağa dəyər. Eyni dərəcədə təsirli bir məkan isə “Valensiya sikstin kapellası” kimi tanınan San Nikolas Kilsəsidir.

Tanınmış qədim abidələrlə yanaşı, Valensiya yeni futuristik layihələri ilə də məşhurdur. Onlar arasında ən əsas məkan isə hər bir turist üçün mütləq ziyarət edilməli yer olan İncəsənət və Elmlər Şəhəridir. Bu, Turiya çayının keçmiş yatağında nəhəng binalar kompleksidir. Burada “L'Hemisfèric” — əyri ekranlı ən böyük kinoteatrı, planetariumu (kosmos haqqında rəqəmsal şoular) və audiovizual təqdimatlar üçün lazeriumu özündə birləşdirən elmi-əyləncə mərkəzi var. Bundan başqa, burada interaktiv elm muzeyi (“Museo de las Ciencias”), Avropanın ən böyük okeanariumu, opera teatrı (“Palau de les Arts Reina Sofía”), istixana-bağ, baxış meydançası və açıq havada gecə klubundan ibarət çoxfunksiyalı “L'Umbracle” tikilisi yerləşir. Gəzintinin, velosiped sürməyin və ya otun üstündə istirahətin mümkün olduğu Turiyanın yaşıl zonaları kompleksi əhatə edir.

 

Ekskursiya rejimini qoşuruq

 

Valensiya ilə gəlişdən dərhal sonra tanış olmağın ən rahat yollarından biri, əlbəttə ki, ikimərtəbəli turistik avtobuslardır (25 avro). Onlar əsas görməli yerlər üzrə hərəkət edir və istənilən dayanacaqda minib-düşməyə imkan verir. Marşrut tarixi mərkəzi, çimərliyi, sahilboyu bulvarı və İncəsənət və Elmlər Şəhəri kvartalını əhatə edir.

Həmçinin bələdçi ilə çoxsaylı piyada və tematik ekskursiyalar mövcuddur: Köhnə şəhər və mədəni kvartallar üzrə icmal gəzinti təxminən 2-3 saat çəkir və adam başına 30 avrodan başlayır. Tematik ekskursiyalara tarixi gəzintilər, qastronomik turlar və uşaqlar üçün kvest-ekskursiyalar daxildir. Həmçinin marşrutu və tempi özünüz seçdiyiniz bələdçi ilə fərdi ekskursiyalar da mövcuddur: beş nəfərə qədər qrup üçün 2,5-3 saatlıq icmal ekskursiya 88-140 avroya başa gəlir.

Ətrafı görmək istəyənlər üçün şəhərdən kənara avtobus və ya avtomobil ekskursiyaları təklif olunur. Qayıq gəzintisi ilə birlikdə Albufera Milli Parkına və ya bölgənin tarixi şəhərlərinə birgünlük turlar (55 avrodan) populyardır. Belə tura nəqliyyat, bələdçi və əlavə fəaliyyətlər daxildir.

Yerli turist kartı nəqliyyat və görməli yerlərdə qənaət etməyə imkan verir. Onun köməyi ilə ictimai nəqliyyatdan pulsuz istifadə etmək, bələdiyyə muzeylərinə və abidələrə baş çəkmək, həmçinin İncəsənət və Elmlər Şəhəri və okeanoqrafiya parkı daxil olmaqla, əsas turistik obyektlərdə 50 faizə qədər endirim əldə etmək olar. Kart (17-30 avro) 24, 48 və 72 saatlıq, həmçinin nəqliyyatsız, lakin daha çox muzeyi əhatə edən yeddigünlük variantda mövcuddur.

 

Valensiyada mindim - Balear adalarında oyandım

Valensiya İspaniyanın şərq sahilində əlverişli yerdə yerləşir və bu da onu Aralıq dənizinin dünyaca məşhur kurort adalarına səfərlər üçün əla başlanğıc nöqtəsinə çevirir. Turistlər arasında ən populyar istiqamətlər — Palma-de-Mayorka, İbiza və Menorkadır. Bu adalar çimərlikləri, gecə həyatı, təbiət parkları və zəngin tarixi ilə tanınır.

Adalara iki yolla — təyyarə və ya bərə ilə çatmaq olar. Valensiyadan Palmaya və İbizaya büdcə aviaşirkətləri daxil olmaqla, bir neçə aviaşirkətin birbaşa reysi var. Uçuş müddəti Palmaya təxminən bir saat, İbizaya isə bir qədər azdır. Qiymətlər mövsüm və aviaşirkətdən asılıdır, lakin erkən bronlama zamanı gediş-dönüş 32-60 avroya başa gələ bilər. Yay mövsümünün pik dövründə biletlər, təbii ki, daha bahadır.

Dəniz gəzintisini üstün tutanlar bərələrdən istifadə edə bilərlər. Palmaya yol təxminən 7-8 saat, İbizaya isə 5-6 saat çəkir. Bərələr gündüz və gecə olur, bəzilərində yatmaq üçün kayutlar var. Biletin qiyməti oturacaq yeri üçün 35-50 avro, kayut ilə sinif və mövsümdən asılı olaraq, 80-100 avro və daha yuxarıdır.

Yayda biletləri əvvəlcədən bronlamaq tövsiyə olunur, çünki populyar reyslərin biletləri tez satılır. Adada qısamüddətli istirahət planlaşdırırsınızsa, vaxtınıza qənaət etmək üçün təyyarəni seçmək daha asandır. Bərələr avtomobillə səyahət edənlər və ya səfəri dəniz gəzintisi ilə birləşdirmək istəyənlər üçün əlverişlidir. Palma və İbizada velosiped və skuter kirayə məntəqələri var ki, bu da adanı sərbəst kəşf etmək üçün rahatdır.

Göründüyü kimi, Valensiya təkcə müstəqil turist hədəfi deyil, həm də İspaniyanın bir neçə tanınmış kurort marşrutları üçün başlanğıc nöqtəsi ola bilər. Bu isə mədəni ekskursiyaları çimərlik istirahəti və dəniz macəraları ilə birləşdirməyə imkan verir.

 

Valensiyanın mətbəxi və bazarları

Valensiya təkcə memarlıq və muzeylər deyil, həm də İspaniya mətbəxinin ən “dadlı paytaxtların”dan biridir. Şəhər klassik paelyanın vətəni sayılır, lakin buradakı qastronomiya bundan çox genişdir: təzə dəniz məhsulları, mövsümi tərəvəzlər, yerli şərablar, desertlər və içkilər tələsmədən araşdırılmağa dəyər olan çoxqatlı bir mətbəx yaradır.

Paelya regionun vizit kartıdır. Ənənəvi Valensiya paelyası “Bomba” sortlu düyüdən, toyuq, dovşan, yaşıl lobya və ədviyyatlardan hazırlanır və bir çoxları onun dadını İspaniya mətbəxinin etalonu hesab edir. Yerli əhalinin paelya yediyi ən yaxşı yerlər turist küçələrindən uzaq rayonlardadır, lakin onu bütün şəhər boyu sınamaq olar: köhnə şəhərdəki ailə restoranlarından dəniz kənarındakı restoranlara qədər (məsələn, sahilyanı Kabanyal və ya Malvarrosa rayonlarında). Yaxşı restoranlarda klassik paelyanın bir porsiyası 15-25 avro diapazonundadır, daha tanınmış yerlərdə isə dəniz məhsullu porsiya üçün 30-35 avroya çata bilər. Bundan başqa, paelyanı Valensiyanın müxtəlif yerlərində — Bakıdakı qutab və ya pirojki kimi — özünlə aparmaq şəklində hazırlayırlar. Bir porsiya isə olduqca ucuzdur — 4-5 avro.

Mərkəzi Bazar əsl cənnətdir: burada ət, pendir, vetçina, meyvə, zeytun, ədviyyat, təzə balıq və dəniz məhsulları, həmçinin fermer və sənətkarlıq məhsulları tapa bilərsiniz. Bazar hər gün işləyir və alış-veriş planlaşdırmasanız belə, burada gəzmək rahatdır: burada çeşidə görə mövsümü asanlıqla təxmin etmək olar, satıcılar isə məmnuniyyətlə almanı, portağalı və ya yerli pendiri göstərəcəklər. İçəridə tapas ilə qəlyanaltı etmək və ya hazır delikatesləri almaq olar. Tipik qəlyanaltıların qiyməti 1,5-3 avrodur.

Daha bir vacib bazar isə “Mercado de Colón”dur. Bu, ərzaq bazarı olmaqdan daha çox kafe, şirniyyat mağazaları, restoranlar və barlar olan qastronomik passajdır. Bu bərpa olunmuş modernist binada qəhvə və desertlə bir-iki saat vaxt keçirmək, yerli həyata baxmaq və şəhərin ritmini hiss etmək olar. Qəhvə və desertlər burada 4-8 avro, bir qədəh şərab 4-7 avrodur.

Meyvə və təbii içki həvəskarları üçün “orçata”nı — pələng fındığından (“chufa”) hazırlanan ənənəvi spirtsiz içkini sınamağa dəyər, onunla tez-tez xırçıldayan çubuq-peçenye - fartons verilir. Orçata bazarlarda və kiçik kafelərdə bütün şəhər boyu satılır, bir stəkanın qiyməti 2,5-4 avrodur.

Tapas barları Valensiya qastronomiyasının daha bir vacib hissəsidir. Valensiyada tapas həm köhnə şəhərin turistik rayonlarında, həm də yerli əhalinin şam yeməyindən əvvəl aperitiv və ya gecə yüngül qəlyanaltı üçün toplandığı qonşu kvartallarda tapıla bilər. Belə barlarda tapas porsiyası 5-6 avrodur və bu format bir axşam ərzində bir neçə yemək sınamaq istəyənlər üçün mükəmməldir. Lakin ixtisaslaşmış tapas barları da var ki, burada içki (6-8 avro) bir az daha bahadır, əvəzində isə onun yanında pulsuz bir boşqab tapas verilir.

Əgər yeməyi gəzinti ilə birləşdirmək istəyirsinizsə, bələdçi ilə qastronomik turlar mövcuddur: belə ekskursiyalar 2-3 saat davam edir və buraya bazarlar üzrə gəzinti, tapas barlara baş çəkmə və əsas yeməklərin dadına baxma daxildir. Belə turların qiyməti daxil edilmiş dequstasiyalardan asılı olaraq, adambaşına 40-80 avrodur. Bu turlar təkcə yeməyi sınamağa deyil, həm də yeməklərin və məhsulların tarixini öyrənməyə imkan verir.

Bu arada, Valensiya şərabçılıq ənənələri ilə də tanınır. Müxtəlif şərab barlarında həm yerli, həm də qonşu şərabçılıq zonalarının şərablarını sınamaq olar. Barda bir qədəh şərab dequstasiyası 4-8 avroya başa gələcək, əgər seçim şərab turu çərçivəsində edilirsə, belə proqramlar bir neçə şərab və qəlyanaltı əhatə edə bilər (25-50 avro).

Beləliklə, Valensiya orta əsr tarixinin gələcəyin memarlığı ilə üzvi şəkildə qonşuluq etdiyi, mədəni və qastronomik təəssüratların dəniz və Aralıq dənizi sahili boyunca səyahətlərlə asanlıqla tamamlandığı şəhərdir. Kafedralları, bazarları və qüllələri ilə köhnə şəhər keçmişə aparır, İncəsənət və Elmlər Şəhəri, müasir muzeylər və parklar isə XXI əsrin dinamik həyatını vurğulayır.

Hətta 2-3 gün ərzində burada əsas məqamları görmək, mətbəx sirlərini kəşf etmək və dəniz gəzintilərini planlaşdırmaq olar. Valensiya kontrastlar və kəşflər şəhəri olaraq qalır, burada hər kəs öz ritmini tapacaq: tarix və incəsənətdən dənizə və günəşə qədər.



MƏSLƏHƏT GÖR:

68