İSLAHAT ZAMANI
Azərbaycanda neft-kimya sənayesinin inkişafının yeni strategiyası başlayır
Müəllif: Ağasəf NƏCƏFOV
Neft-kimya sektorunun rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərindən biridir. Son illərdə yanacaq seqmentinin və kimya sənayesinin inkişafı sahəsində az iş görülməyib: Bakı Neft Emalı Zavodu modernləşdirilib, polimer, metanol, azot gübrələri istehsalı üzrə nəhəng zavodlar istifadəyə verilib, sahəvi klaster Sumqayıt Sənaye Parkında da inkişaf edir.
Bununla belə, sahədə müəssisələrin modernləşdirilməsini sürətləndirmək, son kimya məhsullarının istehsalını qurmaq, ixrac tədarüklərini sabitləşdirmək lazımdır.
Azərbaycanın neft-kimya sənayesinin inkişaf strategiyası ilə bağlı məsələlər İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclasında müzakirə edilib.
İxracyönlü istehsal
Azərbaycan iqtisadiyyatının inkişafının uzunmüddətli strateji məqsədi qeyri-neft sənayesinin istehsal həcmlərinin artması və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, xarici bazarlarda mövqelərinin gücləndirilməsi hesabına keyfiyyətli transformasiya kimi müəyyən edilib.
Bu zaman karbohidrogen xammalının daha dərin emalına və neft-kimya sənayesində son məhsul istehsalının genişləndirilməsinə böyük rol ayrılır. Bu məqsədlə tullantısız və “yaşıl texnologiyalar”ın tətbiqi daxil olmaqla yeni kimya müəssisələrinin açılması zəruridir.
Bu sahədə uğurlu təşəbbüslərin əyani nümunəsi 2019-cu ilin əvvəlində istifadəyə verilmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iri müəssisələri ola bilər. Bu, azot gübrələri və onlar üçün xammal istehsal edən “SOCAR Karbamid”, həmçinin bir neçə növ polipropilen, yüksək sıxlıqlı polietilenin və digər polimer xammalı, yarımfabrikatların istehsal olunduğu “SOCAR Polymer”dir. Dövlət Neft Şirkətinin tərkibində, həmçinin “SOCAR Metanol” zavodu da fəaliyyət göstərir. Hər üç müəssisənin istehsal gücünün böyük hissəsi ixrac tədarükləri üçün istifadə olunur. Yanacaq, polimer xammalı, azot gübrələri və metanoldan əlavə, Azərbaycan Avropa İttifaqına (Aİ), Çinə, Türkiyəyə, postsovet ölkələrinə piroliz qatranı, neft koksu, bitum və neft emalının digər törəmələrini ixrac edir.
Yerli kimya sənayesi məhsullarının ixracı xarici konyunkturun dəyişkənliyi səbəbindən hələ də nəzərəçarpacaq dalğalanmalara məruz qalır və hər zaman müsbət dinamika nümayiş etdirmir. Məsələn, 2024-cü ildə yerli kimya sənayesi məhsullarının ixracı 18,3% artaraq 293,7 milyon dollar təşkil edib. Bu müsbət tendensiya 2025-ci ildə daha da yaxşılaşıb: təxminən 432 milyon dollarlıq neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 28,9% çoxdur.
Diqqətəlayiq haldır ki, yerli kimya sənayesinin flaqmanı olan “SOCAR Karbamid” istehsalın və idarəetmənin rəqəmsallaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb: bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) zavod bu irəliləyişə görə Rəqəmsal Mayak mükafatına layiq görülüb və nüfuzlu Qlobal Mayak şəbəkəsinə (WEF təşəbbüsü) qəbul edilib.
Lakin yerli kimya sənayesinin ixrac mövqeləri bir sıra obyektiv səbəblərdən cari ildə nəzərəçarpacaq dərəcədə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-fevral aylarında xaricə 89 min tondan bir qədər az kimya məhsulu göndərilib ki, bu da keçən ilin eyni dövrünün göstəricisindən 2,2 dəfə azdır. Bundan əlavə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nda deyilir ki, bu ilin yanvar-fevral aylarında karbamid ixracı 2025-ci ilin müvafiq dövrünə nisbətən 39,2% azalıb.
Xarici tələbin azalması istehsal göstəricilərinə də təsir edir. Hesabat dövründə polietilen istehsalı 19,7 min ton təşkil edərək 34% azalıb, etilen istehsalı 21,1 min ton (-31%) olub. Xarici metanol tədarükləri ilə bağlı vəziyyət xüsusilə acınacaqlıdır: bu ilin yanvar-fevral aylarında 7,3 min tondan bir qədər çox metanol ixrac edilib ki, bu da keçən ilin müvafiq göstəricilərindən 8,4 dəfə azdır.
Doğrudur, nəzərə almaq lazımdır ki, bu rəqəmlər Fars körfəzindəki müharibədən və Hörmüz boğazının blokadaya alınmasından əvvəlki dövrü əhatə edir. Sadalanan hadisələr qazıntı yanacaqların tədarüklərində fasilələrə və kimya xammalı qıtlığına gətirib çıxarıb. Lakin belə hadisələr SOCAR-ın karbamid, polimer, metanol və s. istehsalı üzrə müəssisələri üçün imkanlar açır. Bununla əlaqədar mart-may və bəlkə də yay ayları üçün ixrac statistikası daha əlverişli olacaq.
Son illərdə ölkədə Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidən qurulması üzrə genişmiqyaslı layihə həyata keçirilib ki, bu da daxili yanacaq bazarında idxalın əvəzlənməsi mövqelərini nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. Ötən il NEZ-də 2,55 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2024-cü ilin göstəricisindən 22,9% çoxdur. Lakin 2026-cı ilin yanvar-fevral aylarında istehsal cəmi 383 min ton dizel təşkil edib ki, bu da keçən ilin eyni dövründən 16% azdır.
Bu baxımdan nəzərə almaq lazımdır ki, yanacaq seqmentində əsas hədəf balansın qorunmasıdır. İxrac tədarükləri yalnız daxili bazarda profisit olduqda həyata keçirilir. Eyni zamanda hansısa səbəbdən bu və ya digər yanacaq növünün çatışmazlığı proqnozlaşdırılırsa, hökumət aksiz vergilərini azaldır, idxalı artırır. Bu baxımdan son vaxtlar əks istiqamətli yanacaq tədarükləri əsasən Rumıniyadan və Türkmənistandan gəlib. Oxşar səbəbdən yerli Aİ-92 benzininin ixracı son dərəcə məhduddur və aviakerosinin xarici tədarükləri praktiki olaraq həyata keçirilmir. Xüsusilə, 2025-ci ildə aviakerosinin istehsalı 22,9% artımla 690,7 min ton təşkil edib, lakin 2026-cı ilin yanvar-fevral aylarında onun istehsalı 21% azalaraq 94,6 min tona düşüb. Bu gün, demək olar ki, bütün yerli aviakerosin Azərbaycan aviadaşıyıcılarının – AZAL-ın, “Silk Way”in ehtiyaclarının ödənilməsi, həmçinin ölkəmizdə eniş edən xarici aviaşirkətlərin tranzit və digər reyslərinə xidmət göstərilməsi üçün istifadə olunur.
İslahatların zamanı yetişib
Göstərilən faktları nəzərə alaraq aydın olur ki, Azərbaycanın neft-kimya və yanacaq sənayesi sahələrində istehsal və ixrac dinamikasının sabitləşdirilməsinə, həmçinin kimya məhsulları çeşidinin şaxələndirilməsinə və istehsalının genişləndirilməsinə yönəlmiş müəyyən islahatların həyata keçirilməsi zərurəti yaranıb.
Bu məsələlər digərləri ilə yanaşı, İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclasında müzakirə edilib. İclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edib, həmçinin ölkənin neft-qaz və neft-kimya sənayesi sahələrinin strateji inkişafı məsələləri müzakirə olunub. Neft emalı və neft-kimya sahəsində əsas məqsədlər, sahənin inkişaf perspektivləri və uzunmüddətli dövrdə neft məhsullarına daxili tələbatın dayanıqlı təmin olunması müəyyən edilib. Yeni sahəvi yanaşmalar tam istehsal tsiklinin istifadəsi və tədricən hazır məhsul buraxılışına keçidlə karbohidrogen xammalının dərin emalı payının artırılmasına yönəldilib. Bu, Azərbaycanda neft hasilatının azaldığını nəzərə alaraq xüsusilə vacibdir. Daha yüksək əlavə dəyərli məhsullar gəlirlərin, o cümlədən ixrac gəlirlərinin artmasına kömək edir və eyni zamanda, qlobal xammal bazarlarında tələbatın tez-tez dalğalanmasından və qiymətlərin yüksək volatilliyindən asılılığı azaldır.
Bunu nəzərə alaraq vahid sistem çərçivəsində neft emalı və neft-kimyanın daha sıx inteqrasiyası, həmçinin zavodların modernləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi üzrə addımlar nəzərdə tutulub.
Azərbaycanda artıq baza istehsal klasterləri formalaşıb: qaz-kimya (metanol, karbamid), neft-kimya (etilen, propilen) və polimer istehsalı (polietilen, polipropilen). Lakin sistem hələ ki, tam qapalı xarakter daşımır: ayrı-ayrı ara məhsulların istehsalı məhdud qalır, zəncirin bir hissəsi hələ də ilkin emala və ya yarımfabrikatların ixracına yönəlib. Eyni zamanda, Sumqayıt sənaye klasterinin bəzi müəssisələri yenilənmənin tələb olunduğu köhnəlmiş avadanlıqla işləyir, yüksək texnologiyalı kimya istehsalı üzrə güc çatışmazlığı hiss olunur ki, bu da ixtisaslaşdırılmış kimyəvi komponentlərin idxalını zəruri edir.
İnkişaf üçün vacib addımlar kimi sahəyə özəl investorların cəlb edilməsi və yerli xammal bazasında kiçik və orta istehsal seqmentinin inkişafıdır. Bu cür müəssisələrin böyük hissəsi ölkənin ən böyük sənaye klasteri olan Sumqayıt sənaye parkının ərazisində yerləşib: burada polimer və digər neft-kimya xammalından son məmulatların istehsalı qurulub, həmçinin hazır məhsullar - kənd təsərrüfatı, məişət, avtomobil, tibbi, tikinti və s. istehsal edilir.
Bundan başqa, kimya istehsalını kapitallaşdıran park rezidentlərinin sayı tədricən artır. Belə ki, 2024-cü ilin oktyabrında Sumqayıt Sənaye Parkında plastik tullantılardan piroliz yağı istehsalı üzrə birgə (“SOCAR Downstream Management” və İtaliyanın “TechnipEnergies” şirkəti) zavodun tikintisi başlayıb. Keçən ilin aprelinin sonunda isə sənaye parkında istehsal nomenklaturasında kimyəvi əlavələrin də olduğu, Türkiyənin “Kartaş Kimya” şirkətinə məxsus zavod açılıb.
Kimya istehsalının inkişafının digər və heç də az əhəmiyyətə malik olan istiqaməti kimi Azərbaycanın üçüncü ölkələrin neft emalı və neft-kimyasında iştirakı müəyyən edilib. Söhbət, xüsusilə, Türkiyədə yerləşən və SOCAR-a məxsus olan regionun ən böyük neft-kimya zavodları olan “Petkim” kompleksi və STAR neft emalı zavodunun fəaliyyətindən gedir. Bu müəssisələr SOCAR-ın dizel yanacağı və aviakerosini, həmçinin kimya sənayesi üçün xammal ilə Aralıq dənizi bazarına çıxışını təmin edir. Eyni zamanda, kompleks Türkiyənin neft məhsullarına tələbatının 18%-ni ödəyir. Diqqətəlayiq haldır ki, Azərbaycan müəssisələrində istehsal olunmuş kimya xammalının Türkiyəyə fasiləsiz tədarükü yerli kimya sənayesi üçün də əhəmiyyətli satış bazarını təmin edir.
SOCAR İtaliyada da oxşar sxem tətbiq etməyə hazırlaşır və 2025-ci ilin sentyabrında “API Holdinq”dən “Italiana Petroli” səhmlərinin 99,82%-ni əldə etmək üçün müqavilə imzalayıb. Əməliyyatdan sonra Dövlət Neft Şirkəti ümumi emal gücü təxminən 10 milyon ton xam neft olan iki neft emalı zavoduna, eləcə də 4600 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə nəzarəti ələ keçirəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə neft emalına investisiyaların əhəmiyyətini bəyan edib. “Azərbaycan üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Azərbaycanın Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğu 12 milyon tonluq neftayırma müəssisəsi də əlavə olunsa, ümumilikdə ölkənin Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq”, - dövlət başçısı vurğulayıb.
Bir sözlə, kompleks modernləşdirmə, investisiyaların axını və beynəlxalq mövcudluğun genişləndirilməsi təkcə ixrac dinamikasını sabitləşdirməyə deyil, həm də Azərbaycanın qlobal kimya bazarındakı mövqelərini möhkəmləndirməyə qadirdir. Nəticə etibarilə, neft-kimya sektorunun ölkə iqtisadiyyatının şaxələndirilməsinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilib-bilməyəcəyini məhz islahatların ardıcıllığı müəyyən edəcək.
MƏSLƏHƏT GÖR:



52

