SAKURA RƏNGLİ SİYASƏT
Sərt diplomatiya, iti addımlar – Yaponiyanın ilk qadın baş naziri ölkənin xarici siyasi kursunu necə dəyişir?
Müəllif: İlqar VƏLİZADƏ
Beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir vaxtda Yaponiya dünya siyasətinin diqqət mərkəzinə düşüb. Səbəb 2025-ci ilin oktyabrında keçirilmiş seçkidə Liberal-Demokrat Partiyasının sədri Sanae Takaitinin ölkənin baş nazir seçilməsidir. O, Yaponiya tarixində bu vəzifəni tutan ilk qadındır. Takaitinin hakimiyyətə gəlişi yalnız ölkənin daxili siyasətinə yox, həm də Tokionun xarici siyasi mövqelərinə öz təsirini göstərib. Xanım hökumət başçısı vəzifəsinin icrasına başladığı ilk həftələrdə kifayət qədər sərt və fəal diplomatik top müəyyənləşdirərək, Yaponiyanın qlobal gündəmdə daha nəzərəçarpan rol oynamağa hazır olduğunu nümayiş etdirib.
Abenin yolu ilə
Bununla yanaşı, Sanae Takaiti bir çox cəhətinə görə mərhum baş nazir Sindzo Abenin kursunun ideoloji varisi kimi qəbul olunur. Məlumdur ki, Abe ölkəni müharibədən sonrakı sərt pasifizm çərçivəsindən tədricən çıxarmağa çalışırdı. O, buna özünümüdafiə anlayışının genişləndirilməsi, ordunun gücləndirilməsi və ittifaqlarda daha fəal rol vasitəsilə etməyə çalışıb. Takaiti faktiki olaraq, bu xətti davam etdirir. Sadəcə, bunu daha açıq və sürətli edir. Abenin ehtiyatla, addım-addım və kompromislər yolu ilə həyata keçirdiyi dəyişiklikləri yeni baş nazir daha sürətlə icra etməyi vacib sayır. O, müdafiə sənədlərinin yenidən nəzərdən keçirilməli, hərbi xərclərin artırılmalı, Yaponiyanın yalnız özünü müdafiə edən dövlət kimi yox, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşmasının fəal iştirakçılarından birinə çevrilməli olduğunu bildirir.
Bundan başqa, Abe Çinlə münasibətlərdə sistemli sərt siyasi kurs aparan ilk liderlərdən olub. Amma eyni zamanda, o, Pekinlə iqtisadi əməkdaşlıq kanallarını da qoruyub saxlayırdı. Takaiti bu kursu da davam etdirir, lakin bunu da daha aydın şəkildə ifadə etməyə çalışır. Onun üçün Çin artıq «tərəfdaş-rəqib» yox, daha çox «çağırış yaradan» ölkədir. Demək, buna uyğun olaraq, diplomatiya da, iqtisadi əlaqələr də yenidən qurulmalıdır.
Abe «azad və açıq Hind-Sakit okean regionu» ideyasını irəli sürür, ABŞ-danq Hindistan və Avstraliyaya qədər tərəfdaşlıq şəbəkəsini genişləndirirdi. Yeni baş nazir bu arxitekturanı dağıtmır, əksinə, daha da genişləndirir. Takaiti hesab edir ki, bu arxitektura oraya Avropanın da daxil edilməsi ilə daha da böyüdülməli, Mərkəzi Asiya ilə əlaqələr fəallaşdırılmalı, geniş tərəfdaşlıq şəbəkəsi qurulmalıdır.
Bununla yanaşı, onu sadəcə «davamçı» adlandırmaq doğru olmaz. İki baş nazir arasında ən azı iki əsas fərq var. Birincisi, temp və üslüb. Abe praqmatik strateq idi, tez-tez kompromislərə gedir, mərhələli addımlarla hərəkət edirdi. Takaiti isə məsələlərə daha ideoloji və birbaşa yanaşır, nəticədə daha kəskin və çevikliyi daha az olan kurs yürüdür.
İkinci fərq kontekstdir. Abe qloballaşmanın hələ nisbətən sabit işlədiyi, ABŞ-nin proqnozlaşdırıla bilər müttəfiq olduğu dünyada işləyirdi. Takaiti isə daha sərt geosiyasi rəqabət, enerji riskləri, Vaşinqtonun qeyri-müəyyən siyasəti şəraitində çalışır. Bu səbəbdən, onun siyasəti ideya baxımından eyni xətti davam etdirsə də, obyektiv olaraq daha sərt görünür. Nəticə etibarilə Takaitinin kursu Abenin siyasətinin daha radikal və sürətli versiyasına çevrilir. O, eyni ideyaları inkişafı etdirir, lakin bunu fərqli şəraitdə, Abe qədər ehtiyatlanmadan edir. Yeni baş nazir keçmiş hökumət tərəfindən başladılmış, lakin mərhələli dəyişikliklər səviyyəsində qalan strateji təşəbbüsləri təcrübədə həyata keçirməyə çalışır.
Tokio şaxələndirməni seçir
Bunun təsdiqi kimi son ayların dinamikasını göstərmək olar. Beynəlxalq münasibətlərdə baş verən burulğanlar və artan münaqişələr fonunda Yaponiyanın hazırkı rəhbərliyi ölkəni «təhlükəsizlik istehlakçısı»ndan onun formalaşmasının tamhüquqlu iştirakçısına çevirməyə çalışır. O, müdafiə potensialının gücləndirilməsinə, hərbi əməkdaşlıqların genişləndirilməsinə, müdafiə məhsullarının ixracına qoyulmuş məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasına xüsusi diqqət göstərir. Tokio, bununla, artıq yalnız müdafiə yönümlü məntiq çərçivəsində qalmağı düşünmədiyini göstərir.
Çin ilə münasibətlərdə də nəzərəçarpan dəyişikliklər baş verir. Əvvəllər Yaponiya diplomatiyası iqtisadi qarşılıqlı asılılıq ilə siyasi ziddiyyətlər arasında balans saxlamağa çalışırdısa, indi vurğular dəyişir. Pekin getdikcə əsas iqtisadi tərəfdaşlıq strateji qərarlara təsir edən sistemli çağırış kimi qəbul olunur. Bu, özünü təchizat zəncirinin şaxələndirilməsində, Çin resurslarından asılılığın azaldılması istiqamətində atılan addımlarda, həmçinin kritik texnologiyalar və nadir torpaq metalları sahəsində Qərb ölkələri ilə əməkdaşlığın gücləndirilməsi cəhdlərində göstərir. Təsadüfi deyil ki, Çin mediası bu addımlar geniş anti-Pekin strategiyasının bir hissəsi kimi qiymətləndirir, Yaponiya və Qərbdə isə bu, artan rəqabətə məcburi uyğunlaşma kimi təqdim olunur.
Bununla yanaşı, Yaponiya yalnız ABŞ ilə müttəfiqliyi möhkəmləndirməklə də kifayətlənmir. Doğrudur, bu, hələ də Tokionun xarici siyasətinin əsas elementidir. Donald Tramp administrasiyası ilə qarşılıqlı əlaqələrin ikili xarakter daşıdığını görmək mümkündür. Tokio bir tərəfdən Vaşinqtonla maksimum yaxınlığı qorumağa çalışır, digər yandan isə onun siyasətindəki qeyri-müəyyənliklə bağlı riskləri getdikcə daha aydın hiss edir. ABŞ-dən təhlükəsizliklə bağlı gələn təzyiqlər (o cümlədən Yaxın Şərqdə dəniz kommunikasiyasının qorunmasına Yaponiyanın mümkün cəlbi) Tokionu əlavə dayaq nöqtələri axtarmağa vadar edir. Bu səbəbdən Avropa ilə əlaqələr, xüsusilə Hind-Sakit okean regionunda müstəqil oyunçu kimi qiymətləndirilən Fransa ilə münasibətlər fəallaşır.
Ümumilikdə Avropa istiqaməti Yaponiya üçün xarici siyasətin şaxələndirilməsi baxımından mühüm alətə çevrilir. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun Tokioya son səfəri göstərib ki, Parislə danışıqlar artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, müdafiə, enerji, süni intellekt və kosmos kimi konkret sahələri də əhatə edir. Tokio üçün bu, Vaşinqtonla ittifaqı pozmadan ondan asılılığı azalmaq, strateji manevr imkanlarını genişləndirmək deməkdir. Beləliklə, Yaponiya artıq tək bir müttəfiqə deyil, qarşılıqlı əlaqələri tərəfdaşlıqlar şəbəkəsinə əsaslanan sistemi qurmağa başlayıb.
Yaponiya siyasətində güc proyeksiyası
Bu strategiyada enerji amili xüsusi yer tutur. İran ətrafında baş verənlər və Hörmüz boğazı ilə bağlı risklər Yaponiyanın ən böyük enerji resursları idxalçısı kimi nə qədər həssas durumda olduğunu bir daha nümayiş etdirib. Odur ki, dəniz marşrutlarının sabitliyinin təmini, onların qorunması üzrə beynəlxalq səylərdə iştirak, həmçinin alternativ təchizat mənbələrinin axtarışı Tokionun diplomatik gündəliyinin ayrılmaz hissəsinə çevrilir. Bu isə nəticə etibarilə Yaponiyanı daha praqmatik xarici siyasətə sövq edir, onu milli maraqların təminində güc amilindən istifadəyə stimullaşdırır. Bu siyasət ən aydın şəkildə Yaponiya hökuməti tərəfindən 16 dekabr 2022-ci ildə təsdiqlənmiş Milli Təhlükəsizlik Strategiyasında əks olunub. Sənəd əvvəlki hökumətin dövründə qəbul edilsə də, yeni şəraitdə daha konkret məzmunla zənginləşdirilir. Orada ilk diqqət çəkən məqam hərbi xərclərin kəskin artımı ilə bağlıdır. Bu göstərici Yaponiya ÜDM-in təxminən 2%-nə yaxınlaşır. Halbuki yaxın keçmişədək bu, siyasi baxımdan, demək olar ki, mümkünsüz sayılırdı. İkinci məqam: Yaponiya müharibədən sonra ilk dəfədir ki, uzaqmənzilli raketlərin, üstəlik, yalnız müdafiə deyil, həm də təhlükənin mənbəyinə zərbə endirə biləcək vasitələrin istehsalı proqramını həyata keçirməyə başlayıb. Belə ki, son illərdə Yaponiya Özünümüdafiə Qüvvələri ümumi «Type 25» adı altında yeni uzaqmənzilli sistemləri silahlanmaya daxil edib. Buraya yerli istehsal olan iki kompleks daxildir: gəmilərə zərbə üçün müasirləşdirilmiş praket sistemi və hipersəs planlaşdırma bloku.
Bundan başqa, ölkə dəniz kommunikasiya xətlərinə nəzarət və adaların müdafiəsinə xüsusi üstünlük verir. Esmineslər müasirləşdirilir, raketdən müdafiə sistemləri gücləndirilir, qırıcı aviasiya komponentləri inkişaf etdirilir. Buna həm də müasir platformaların inteqrasiyası və tərəfdaşlarla birgə layihələr vasitəsilə nail olunur. Ən vacibi isə odur ki, daxili hərbi sənaye kompleksi inkişaf etdirilir, silah ixracına qoyulmuş məhdudiyyətlər mərhələli şəkildə yumşaldılır. Başqa sözlə, Yaponiya sadəcə öz müdafiəsini gücləndirməyi deyil, həm də qlobal müdafiə zəncirinin bir hissəsinə çevrilməyi, müttəfiqlərlə əməkdaşlığı və hərbi sənaye hesabına gəlir əldə etməyi düşünür.
Qeyd edək ki, Yaponiyanın silah nümunələri, xüsusilə dəniz texnikası, hava hücumundan müdafiə sistemləri, yüksək texnologiyalı komponentləri yüksək keyfiyyət, etibarlılıq və texnoloji səviyyəsinə görə tərəfdaşlar arasında getdikcə daha böyük marağa səbəb olur.
Mərkəzi Asiya və Cənubi Qafqaza diqqət
Tokionun xarici siyasətinin yeni strategiyasınin digər xüsusiyyətləri onun ənənəvi tərəfdaşlarla kifayətlənməməsi, əvvəllər əməkdaşlığın məhdud xarakter daşıdığı ölkələrlə əlaqələr qurmağa çalışmasıdır. Nümunə kimi, Mərkəzi Asiya ölkələrini göstərmək olar. «Mərkəzi Asiya+Yaponiya» formatında ilk sammit məhz Sanae Takaitinin dövründə keçirilir. Dekabrın 19-20-də keçirilmiş sammit göstərib ki, Tokio bu regionu uzunmüddətli mövcudluq üçün perspektivli istiqamət kimi nəzərdən keçirir. Müzakirələrin gündəliyinə nəqliyyat əlaqələri, təbii resurslara çıxış, infrastrukturun inkişafı, iqtisadi əlaqələrin gücləndirilməsi kimi məsələlər daxil idi. Yaponiya bununla faktiki olaraq, Avrasiya məkanında baş verən proseslərdə daha fəal iştiraka hazır olduğunu nümayiş etdirir.
Beləliklə, Tokio xarici siyasətini və iqtisadi əlaqələrini şaxələndirməyə, məhdud sayda tərəfdaşdan asılılığı azaltmağa, eyni zamanda böyük güclərin maraqlarının kəsişdiyi strateji regionlarda öz mövqelərini gücləndirməyə çalışır. Bununla belə, o, öz imkanlarının sərhədlərini kifayət qədər real qiymətləndirir və əsas oyunçuların, ilk növbədə, Çinin bölgədən sıxışdırılıb çıxarılması kimi hədəflərə köklənmir. Aydındır ki, region ölkələri arasında nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı layihələr Pekinin rolunu nəzərə almadan obyektiv olaraq, icra edilə bilməz.
Yaponiya daha çox nöqtəvi layihələri, texnoloji ekspertizalara, maliyyə alətlərinə və keyfiyyət standartlarına üstünlük verir, tərəfdaşlara infrastruktur və logistikanın inkişafı üçün alternativ yanaşmalar təklif edir. Beləliklə, burada Çinin birbaşa rəqibi olmaqdan çox, onunla açıq qarşıdurmaya getmədən öz mövqelərini gücləndirmək cəhdi müşahidə olunur. Tokio buna ixtisaslaşma və əməkdaşlıq vasitəsilə nail olmaq istəyir. Bu isə o deməkdir ki, yaxın perspektivdə Yaponiyanın Cənubi Qafqaz istiqamətində, xüsusilə də artıq Mərkəzi Asiya ilə bağlı geniş regional formatlara daxil olmuş Azərbaycanla münasibətləri fəallaşdıracağını gözləmək mümkündür.
Bu əlaqələr Orta Dəhlizin potensialını paradoksal olaraq, daha da artırır. Bu isə layihəyə cəlb edilən bütün ölkələr arasında əməkdaşlığın ikniaşfı üçün imkanlar açır, geosiyasi rəqabəti bütün iştirakçılar üçün hər birinin öz maraqları nəzərə alınmaqla, genişlənən imkanlar müstəvisinə çevirir.
Lakin istənilən halda, əsas məqam dəyişmir. Söhbət Yaponiyanın sürətlə dəyişən dünya şəraitinə uyğunlaşmaq cəhdindən gedir. Bu dünyada artıq qloballaşmanın sabitliyi, ittifaqların proqnozlaşdırıla bilənliyi, iqtisadiyyatın siyasətdən nisbi ayrılığı kimi qaydalar işləmir. Odur ki, Yaponiyanın xarici siyasəti də daha fəal, çoxşaxəli və ən əsası, bir neçə il əvvəl nisbətən, daha az ehtiyatlı xarakter alır.
MƏSLƏHƏT GÖR:





51

