15 May 2026

Cümə, 18:00

ELAN EDİLMƏYƏN İFLAS

Paşinyanın Moskva səfəri mövqeləri gücləndirmək cəhdindən seçki ərəfəsində yeni problemlər mənbəyinə çevrilib

Müəllif:

15.04.2026

«Ermənistan» teqi ilə yayılan son xəbərlər köhnə siyasi həqiqəti bir daha ortaya qoyub. İstənilən seçkiqabağı kampaniya şoudur. Lakin seçkidə sadəcə şou elementləri ilə qalib gəlmək mümkün deyil.

Bəli, bu gün seçkiyə hazırlaşan Ermənistanda Baş nazir Nikol Paşinyan şou elementlərindən maksimum istifadə edir. Seçkiqabağı səfərləri zamanı pirojki və ya dönər yeyir, yaxud yeni yaradılmış «Varçabend» qrupunun çıxışında barabançı bacarıqlarını nümayiş etdirir… Əvəzində, hər hansı sosial qərarlar qəbul olunmur, halbuki, ümumilikdə seçki kampaniyasının klassik xüsusiyyətlərindən biri də budur. Ola bilsin ki, Paşinyan və komandası bu “kozır”ı finişə yaxın dövrə saxlayır. Seçki iyunun 7-nə təyin olunub. Demək, «hədiyyələr paylamaq» üçün hələ vaxt var.

Bu həssas dönəmdə İrəvanın təxirəsalınmış siyasi vəzifələri də var. Buraya Rusiya ilə münasibətlər kimi həssas məsələ də daxildir. Bu, özünü Paşinyanın son Moskva səfəri və orada Rusiya Prezidenti Vladimir Putin ilə apardığı danışıqlar zamanı özünü xüsusilə qabarıq göstərib.

İrəvan-Moskva münasibətlərində kifayət qədər sual və problemlərin yığılıb qaldığı məlumdur. Buraya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdlərindən tutmuş, «Metsamor» AES-in bağlanacağı və onun Amerikaya məxsus modul reaktorları ilə əvəzlənəcəyinə dair müzakirələr, Paşinyanın ölkəsinin dəmir yollarının konsessiya idarəçiliyinin Rusiyadan alınaraq Qazaxıstana verilə biləcəyinə dair eyhamları və s. də daxildir. Əslində, yüksək səviyyəli görüşlər belə məsələlərin həlli üçün keçirilir, bu məqsədlə danışıqlar aparılır, işçi qruplar yaradılır və s.

İndiki vəziyyətdə Paşinyanın Rusiyaya səfərinin daha bir tərəfi var idi. Moskva Ermənistanın siyasi meydanında Paşinyanın rəqiblərinə – revanşist qüvvələrə açıq dəstək verir. Bu düyünün açılması, təbii ki, baş nazir üçün prinsipial əhəmiyyət daşıyır. Bəs Paşinyan Moskvada bu işin öhdəsindən gələ bilibmi?

 

Populist qələbə və siyasi məğlubiyyət

Ermənistanda Paşinyan tərəfdarlarının əksəriyyəti və xaricdəki liberallar, yəqin ki, onun Moskvada ölkəsindəki «demokratiya»nı xatırlatmasından çox da məmnun qalmayıblar. O, Rusiya Prezidenti ilə söhbətində bildirib ki, Ermənistanda siyasi məhbus yoxdur, sosial şəbəkələrdəki paylaşımlara görə məhkəmə hökmləri çıxarılmır və s. Paşinyanın reallığı bir qədər «bəzədiyi» ortadadır. Ermənistan müxalifəti ölkə əhalisinin, demək olar ki, yarısının sosial şəbəkələrdəki paylaşımlarına dərhal dindirilməyə çağırıldığını bildirir. Siyasi məhbus məsələsinə gəlincə, Gümrünün yalnız müxalifətçi meri Vardan Qukasyanın hərbçi Paşinyanın sözlərinə şübhə ilə yanaşılması üçün kifayətdir.

Digər tərəfdən Ermənistan çoxdan beynəlxalq insan hüquqçularının sevimlisidir Paşinyandan əvvəl də İrəvan küçələrində prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edənlərin güllələnməsi hakimiyyətə «bağışlanmışdı». Bununla yanaşı, Avropa Şurasının yüksək vəzifəli emissarları Azərbaycandan israrla «siyasi məhbusların azad olunmasını» tələb edirdilərsə, Ermənistanda belə məhbuslarla bağlı suallara «siyasi məhbus anlayışının hüquqi tərifi yoxdur» kimi cavablar verirdilər. Bütün bunlarla yanaşı, Putinlə danışıqlar Ermənistanın «demokratikliyi»nə istinadın işləyəcəyi bir platforma deyil. Belə bir vəziyyətdə Paşinyan Kremldəki danışıqlarda «demokratiya» kozırından istifadə etməyə çalışacaq qədər sadəlöhvdürmü? Onun bu çıxışının daha çox Putinə deyil, Avropanın siyasi elitasına və öz elektoratına ünvanlandığını istisna etmək olmaz. Hər halda, danışıqlarda Moskva Paşinyana kifayət qədər sərt və geniş ultimatumlar irəli sürüb.

Danışıqların ictimaiyyətə açıq hissəsində Paşinyana qarşı seçkidə iştirak etmək istəyən rusiyapərəst namizədlərə maneə yaradılmaması, Moskvanın açıq şəkildə dəstəklədiyi və ciddi ümid bəslədiyi Samvel Karapetyanın azadlığa buraxılması tələbi irəli sürülüb. Baş nazirin «Karapetyanın Rusiya vətəndaşı olduğu və bu səbəbdən onun seçkidə iştirakına qanunun imkan vermədiyi» haqda cavabı isə Kreml tərəfindən «eşidilməyib».

Görüşlərin yekununda Ermənistana ondan gözlənilən addımların geniş siyahısı təqdim olunub. Moskva İrəvandan, ilk növbədə, Aİ ilə «oyun»lara son qoyulmasını tələb edib. Kreml xatırladır ki, eyni vaxtda həm Avropa İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü olmaq mümkün deyil. Aydındır ki, Ermənistan yaxın vaxtlarda Aİ-yə üzv olmayacaq. Bunu anlamaq üçün Gürcüstan, Moldova və Ukrayna nümunələrinə nəzər salmaq kifayətdir. Üstəlik, Brüsselin özündə «genişlənməyə moratorium»dan danışılır. Bununla belə, Rusiyanın Baş naziri Aleksey Overçuk bildirib ki, İrəvan Aİ-yə qoşulacağı təqdirdə Rusiya ilə hava əlaqəsini itirəcək. Bu, təbii ki, Ermənistan üçün faciə olardı.

Moskvada Ermənistanın rusiyalı mütəxəssislər tərəfindən idarə olunan «Metsamor» AES-in hələ mövcud olmayan ABŞ modul reaktorları ilə əvəzlənməsi planından da narazıdırlar və Paşinyana bunu da xatırlatmağı unutmayıblar. Bununla yanaşı, İəvandan Ermənistan dəmir yollarının Rusiyaya verilmiş konsessiya idarəçiliyi ilə sazişə yenidən baxılmasına dair müzakirələri dayandırması da tələb olunur. Təzyiq kimi, artıq Moskva Ermənistanın konyak zavodlarından birinin məhsullarının Rusiyaya idxalını qadağan edib. Başqa sözlə, ruslar necə deyərlər, zərbəni «ən həssas nöqtə»yə endiriblər.

 

Oyun hələ yeni başlayır

«Danışanlar sinfi»nin – müxtəlif şərhçilərin və analitiklərin – Paşinyanın Ermənistanı hər vasitə ilə Rusiyanın təsirindən çıxarmağa çalışdığına dair fikirləri müəyyən siyasi auditoriyanın alqışını qazana bilər. Amma, sadəcə, bu. Ermənistanın Rusiyadan iqtisadi asılılığı davam edir və bu, sadəcə, dəmir yolları və AES-lə məhdudlaşmır. İrəvan Rusiyadan neft, qaz və xam almazı hələ də daxili qiymətlərlə alır. Bu, dövlət büdcəsi üçün bir neçə milyard dollar əlavə deməkdir. Belə maliyyə «dayaq»ları olmadan Ermənistan iqtisadiyyatının «ayaq üstə qalması» mümkün deyil. Qısa müddətdə bu sahədə Rusiyanı əvəzləyəcək tərəf isə yoxdur. Nəzəri baxımdan bu, İran ola bilərdi. Lakin oradan Ermənistana həcmli tədarüklər üçün infrastruktur mövcud deyil. Üstəlik, müharibədən sonra İranın kiçik Ermənistan bazarına nəhəng investisiyalar yatırmaq imkanı da yoxdur. Belə bir vəziyyətdə neft və qazın Azərbaycandan alınması da mümkündür. Lakin birincisi, ölkənin əsas neft-qaz ixracı müqavilələri artıq bağlanıb və əlavə ixrac üçün resurs yoxdur. Digər tərəfdən isə uzunmüddətli tədarük üçün əvvəlcə razılaşma əldə olunmalıdır. Bunun üçün isə, ilk növbədə, sülh müqaviləsi lazımdır. Bakının dəfələrlə vurğuladığı kimi, bu müqavilə yalnız Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsindən sonra imzalana bilər. Yəni oradan Qarabağa iddialarla bağlı müddəalar çıxarılmalıdır. Amma Ermənistanda parlament seçkisinin tarixi artıq məlum olsa da, konstitusiyaya dəyişikliklərlə bağlı referendumun nə vaxt keçiriləcəyi hələ də qeyri-müəyyəndir. O, ən yaxşı halda seçki ilə eyni vaxtda təşkil oluna bilər.

Bütün bunlarla yanaşı, Azərbaycan Ermənistana enerji daşıyıcılarını çətin ki, «güzəştli» qiymətlərlə satsın. Aİ-nin köməyinə isə çox da bel bağlamaq olmaz. Brüssel Yerevana tibbi çadırlar üçün səxavətlə 10-20 milyon avro ayıra bilər, lakin neft-qaz təchizatında kömək çətin məsələdir. Büdcədəki milyardlarla dollar həcmində boşluğu doldurmaq isə ümumiyyətlə real deyil.

 

Yaxşı variantlar görünmədikdə

Rusiya, hələ ki, Ermənistana qarşı iqtisadi təzyiq alətlərini tam işə salmayıb. Lakin Paşinyanın Moskva səfərindən sonra verilən şərhlərə və bəyanatlara diqqət yetirdikdə bu «hələ ki»nin uzun çəkməyəcəyi görünür. İrəvan artıq elektrik şəbəkələrinin milliləşdirilməsi qərarının nəticələri ilə üzləşməyə başlayıb. Ölkədə elektrik enerjisi kəsintiləri başlayıb və görünən odur ki, bunu tezliklə həll etmək alınmayacaq. Ölkənin elektrik şəbəkələrinin müasirləşdirilməsinə ehtiyac var, bunun üçün isə ciddi maliyyə lazımdır. Üstəlik, generasiya çatışmazlığının olduğu hələ 44 günlük müharibədən əvvəl də ifadə edilirdi. Bu müddətdə vəziyyət dəyişibsə, bu dəyişiklik qətiyyən müsbətə doğru deyil. Məsələ ondadır ki, əvvəllər Ermənistan işğal olunmuş Qarabağdan da elektrik enerjisi ilə «dəstəklənirdi». İndi o, bundan da məhrumdur.

Həssas məqamlardan biri də Ermənistandan Rusiyaya əmək miqrasiyası məsələsidir. Paşinyanın tərəfdarları bu haqda danışmamağa çalışsalar da, bu sahədə vəziyyət İrəvan üçün kifayət qədər ağır olaraq qalır. Bu gün erməni əmək miqrantları Aİİ üzvü olan ölkənin vətəndaşları kimi, Rusiyada bir çox güzəştdən yararlanırlar. Amma Moskva istənilən an onları sıxışdırmağa və deportasiya etməyə başlaya bilər. Bu, Ermənistan iqtisadiyyatı üçün əlbəttə ki, fəlakətə çevrilərdi. Çünki ölkədə ailələrin təxminən üçdə biri əsasən Rusiyadan pul köçürmələri hesabına yaşayır.

Hər bir halda, Moskva danışıqlarında Paşinyana açıq şəkildə göstərilib ki, onun yenidən hökumət başçısı seçilməsi Kreml üçün arzuolunan deyil və Moskva bu postda rusiyapərəst siyasətçi görməyi üstün tutur.

Rusiyanın təzyiqlərinə qarşı getmək, əlbəttə ki, mümkündür. Lakin bu, çox çətin və riskli işdir. Çünki Moskvanın Ermənistandakı hansı təsir rıçaqlarını hansı məqamda işə salacağı bəlli deyil. Ölkədə Rusiyanın hərbi bazası da var, sərhədçiləri də, yarı-rəsmi silahlı qruplar da. Üstəlik, Ermənistan ordusu daxilində rusiyapərəst qüvvələrin mövqeləri hələ də kifayət qədər güclüdür.

Digər variant güzəştə getmək və Moskvanın ultimatumlarını yerinə yetirməkdir. Lakin bu halda Paşinyanın tərəfdarlarının səsini itirəcəyinə şübhə yoxdur. Bu halda nə pirojki köməyə gələcək, nə baraban çubuqları. Üstəlik, bu güzəştlər halında belə, Paşinyanın «Kremlin adamı»na çevriləcəyinə zəmanət yoxdur. Belə bir vəziyyətdə görünən odur ki, Kremlin rusiyapərəst qüvvələrin seçkidə iştirakına şərait yaradılması, Samvel Karapetyanın azad olunması tələbi kimi ultimatumlarının əsas məqsədi İrəvandan güzəştlər almaq yox, Paşinyanın yenidən hökumət başçısı seçilməsini əngəlləməkdir. Odur ki, Paşinyan tərəfdarlarının bütün müsbət qiymətləndirmələrinə baxmayaraq, baş nazirin Rusiya səfəri uğursuz alınıb. Bunun hansı nəticələrə aparıb çıxaracağı isə yaxın vaxtlarda bəlli olacaq.

Yeri gəlmişkən, Nikol Paşinyan özü Vladimir Putin ilə görüşünü müsbət qiymətləndirib, iyunun ikinci yarısında Rusiya rəhbərliyi ilə yüksək səviyyəli yeni görüşlərin planlaşdırıldığını söyləyib: «Daha əvvəl də dediyim kimi, səfəri çox uğurlu hesab edirəm. Başqaları öz qiymətləndirmələrində sərbəstdirlər. Təkbətək görüşə gəlincə, artıq görüşlər və tədbirlərlə bağlı razılığa gəlmişik. Yüksək səviyyəli görüşlərin, o cümlədən iyunun ikinci yarısında keçirilməsi barədə razılaşmışıq».



MƏSLƏHƏT GÖR:

79