ENERJİ, TRANZİT VƏ SİYASƏT
İlham Əliyevin səfəri Azərbaycanla Gürcüstanın strateji birliyini təsdiqləyib
Müəllif: Elçin HÜSEYNOV
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana aprelin 6-da etdiyi dövlət səfəri ilk baxışdan strateji tərəfdaşlığın ənənəvi nümayişi təsiri bağışlayırdı. Bununla belə, mövcud geosiyasi şəraitdə bu səfər daha böyük əhəmiyyət kəsb edir və əslində, Cənubi Qafqazda qüvvələrin yeni konfiqurasiyasının göstəricisi sayıla bilər.
Səfərin gündəliyi formal olaraq klassik idi: Prezident Mixail Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar, hakim «Gürcü arzusu» partiyasının fəxri sədri Bidzina İvanişvili ilə nahar, geniş tərkibdə görüşlər, birgə bəyanatlar. Lakin görüşlərin məzmunu diplomatik protokolun çərçivəsindən xeyli kənara çıxıb.
İttifaqdan daha artıq: regional sabitliyin karkası
Azərbaycan-Gürcüstan münasibətləri mehriban qonşuluq səviyyəsini çoxdan geridə qoyub. Bu, Cənubi Qafqazın məntiqi üzərində qurulmuş infrastruktur ittifaqıdır. Əsas layihələr – neft-qaz kəmərlərindən tutmuş, Bakı-Tbilisi-Qars dəmir yolunadək – isə faktiki olaraq, ənənəvi təsir mərkəzlərindən yan keçməklə, alternativ geoiqtisadi reallıq yaradıb. Azərbaycan Türkiyə və Avropaya çıxışı məhz Gürcüstan vasitəsilə əldə edib. Gürcüstan isə Azərbaycan vasitəsilə tranzit qovşağına çevrilib. Odur ki, yüksək səviyyəli hər bir səfər təkcə diplomatiya deyil, həm də bütün bu konstruksiyanın növbəti testidir.
Prezident Mixail Kavelaşvili ilə danışıqların ilk raundu iki ölkə arasındakı münasibətlərin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını təsdiqləyib. Bu gün bu əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin «yaşıl» enerji, nəqliyyat, investisiya və s. sahələrdə inkişaf edir. Bu münasibətlərdə yalnız dostluq tonunun deyil, həm də strateji məqamın qeyd olunması vacibdir. Dövlət başçıları birgə nəqliyyat və enerji layihələri ilə yanaşı, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmini baxımından Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesindən də danışıblar. İki lider beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını dilə gətirib, əlaqələrin perspektivi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıqların yekununda isə deyib: «Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir».
Enerji: təsir aləti
İlham Əliyevin Tbilisiyə səfəri Avropa üçün Cənubi Qafqazın əhəmiyyətinin kəskin artdığı dövrə təsadüf edib. Son illərin böhranlarından sonra Avropa İttifaqı enerji təchizatı üçün dayanıqlı alternativlər axtarır. Bu sistemdə Azərbaycan təchizatçı, Gürcüstan tranzit ölkə, Türkiyə isə paylayıcı şəbəkə rolunu oynayır. Beləliklə, Bakı-Tbilisi xətti sadəcə iqtisadi marşrutu yox, həm də Avropanın enerji təhlükəsizliyinin bir elementinə çevrilir. Məhz bu səbəbdən Bakı ilə Tbilisi arasındakı danışıqlar yalnız iki ölkə üçün deyil, dolayısı ilə həm də bütün Avropa, hətta dünya üçün əhəmiyyət daşıyır.
«Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir… Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
İrakli Kobaxidze isə deyib: «Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq».
Tərəflər iqtisadi sahədə də ciddi uğurlar əldə edir. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 800 milyon dolları ötüb və cari ilin ilk rübündə bu artım yüksək olaraq qalır. Bu temp ilin sonunadək göstəricinin 1 milyard dollara çatacağını proqnozlaşdırmağa imkan verir. İlham Əliyev bildirib ki, bu gün Gürcüstanda formalaşmış əlverişli investisiya mühiti azərbaycanlı investorları təşviq edir: «Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər».
Tbilisi Bakı ilə ticarət-iqtisadi münasibətləri bundan sonra da inkişaf etdirməyə hazırdır. «Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik», - deyə Kobaxidze qeyd edib.
Dialoqun Ermənistan konteksti
Rəsmi olaraq Ermənistan mövzusu aparılan danışıqlarda mərkəzi yeri tutmasa da, o, ümumi fon kimi mövcud olub. Qarabağ münaqişəsinin başa çatmasından sonra Cənubi Qafqaz yenidən formalaşma mərhələsindədir. Bakı-Tbilisi xəttinin güclənməsi regiondakı balansı avtomatik olaraq dəyişir. Bu kontekstdə Gürcüstan neytral, lakin olduqca vacib platforma, nəqliyyat, siyasi və diplomatik mərkəz rolunu oynayır.
Kobaxidze birgə mətbuat konfransında bu məsələyə xüsusi toxunub: «Biz nəinki ikitərəfli münasibətləri, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə etdik. Biz bu xüsusda Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc-yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsü qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə, biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır».
İlham Əliyev isə öz növbəsində, Azərbaycanla Ermənistan arasında sülh prosesinə göstərdiyi dəstəyə görə Gürcüstan hökumətinə təşəkkür edib. «Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim», - deyə İlham Əliyev bildirib.
Beləliklə, təmasların müntəzəmliyi, yüksək etimad səviyyəsi və münaqişəli gündəliyin olmaması Cənubi Qafqazı investisiya və tranzit üçün cəlbedici istiqamətə çevirən əsas amildir. Faktiki olaraq, Bakı, Tbilisi və artıq İrəvan da xarici dünyaya əsas məhsul kimi, proqnozlaşdırıla bilənlik təqdim edə biləcək. Bu isə regionun gələcək rifahı üçün son dərəcə vacibdir.
Sabitlik siqnalı: Cənubi Qafqaz hərəkətdədir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İlham Əliyevin Tbilisiyə səfərini ölkəsi üçün böyük əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirib: «Strateji tərəfdaşımız, qonşu və dost ölkənin başçısının Gürcüstana səfəri bizim üçün böyük əhəmiyyət daşıyır… Xüsusilə regionda baş verən proseslər fonunda qonşu və dost dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi vacibdir».
Bu fikirlər göstərir ki, Tbilisi ikitərəfli münasibətləri təkcə tarixi qardaşlıq çərçivəsində deyil, həm də regional təhlükəsizlik və iqtisadi dayanıqlılığın mühüm aləti kimi qiymətləndirir.
Gürcüstanlı politoloq Arçil Sixarulidzenin fikrincə, bu səfərin məqsədi strateji münasibətlərin əhəmiyyətini qarşılıqlı şəkildə xatırlatmaq idi və bu münasibətlərdə Gürcüstan logistika baxımından mühüm rol oynayır. O, Gürcüstanın hakim «Gürcü arzusu» partiyasının Azərbaycandan üç əsas istəyinin olduğunu deyib: enerji resursları ilə təminat, beynəlxalq arenada dəstək və Gürcüstanın tranzit ölkə kimi maraqlarının nəzərə alınması. Eyni zamanda Bakı Gürcüstanda daxili sabitliyin qorunmasına, Rusiya ilə Qərb arasında balanslı siyasətin davam etdirilməsinə çalışır ki, bu da real vəziyyətin «yerində qiymətləndirilməsi» baxımından səfərin önəmini daha da artırır.
Təxminən 30 illik iş təcrübəsinə malik gürcü diplomat David Apsiaurinin fikrincə, liderlərin səfərlərinin əhəmiyyəti ənənəvi ikitərəfli dialoq çərçivəsindən xeyli kənara çıxır: «Bu gün hər iki ölkənin geosiyasi çəkisi və onların ikitərəfli əməkdaşlıq formatı qlobal layihələrdə iştirak da daxil olmaqla, yeni miqyas qazanır. Orta Dəhlizin inkişafı və bu layihənin praktiki reallaşdırılması səfərin əsas mövzularından olub».
Beləliklə, İlham Əliyevin Gürcüstana səfəri təkcə dostluğun rəmzi təsdiqi yox, həm də sabitlik, iqtisadi qarşılıqlı asılılıq, regional liderlik siqnalı olub. Bu səfəri Azərbaycan və Gürcüstanın mövqelərini qlobal və regional dəyişikliklər fonunda Cənubi Qafqazın əsas oyunçuları kimi, daha da möhkəmləndirib.
Bəli, səfər zamanı səs-küylü bəyanatlar və ya sıçrayış xarakterli razılaşmalar olmayıb. Lakin Bakı-Tbilisi strateji xəttinin təsdiqi, regional müstəqilliyin qorunması ilə bağlı mesajlar verilib. Bu, bir daha göstərir ki, artıq Cənubi Qafqaz təsir meydanı olmaqdan çıxaraq, dünya siyasətinin fəal iştirakçısına çevrilir.
MƏSLƏHƏT GÖR:




77

