12 İyun 2026

Cümə, 14:21

YENİ QAYDALAR

Avtosığorta bazarı dəyişir: kim daha çox, kim daha az ödəyəcək?

Müəllif:

01.05.2026

Azərbaycanın sığorta bazarı həm icbari, həm də könüllü sığorta növlərini əhatə edən dərin transformasiya mərhələsinə daxil olub. Bu proseslərdə əsas rolu Azərbaycan Mərkəzi Bankı (AMB) oynayır. O, da sektorun dayanıqlılığının artırılmasına, tariflərin ədalətliliyinə və əhalinin etibarının gücləndirilməsinə yönəlmiş islahatları ardıcıl şəkildə həyata keçirir. Ən mühüm addımlardan biri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması mexanizminin dəyişdirilməsi olub.

 

Sığortanın qiyməti

Sığorta haqqının hesablanmasının yeni məntiqi əvvəlki modeldən daha çevik və fərdiləşdirilmiş sistemə keçidi simvolizə edir. Belə ki, klassik “bonus-malus” sistemindən imtina, sürücünün davranışından, sığorta təcrübəsindən və sığorta hadisələrinin sayından birbaşa asılı olan 0,6-dan 3-ə qədər diapazonda sığorta tarixçəsi əmsalının tətbiqi ilə müşayiət olunur.

Beləliklə, polisin dəyəri fərdi risk səviyyəsi ilə getdikcə daha sıx əlaqələndirilir ki, bu da sistemi daha ədalətli edir və məsuliyyətli sürücülüyü stimullaşdırır.

Yeni modelin əsasında iki əsas amilin birləşməsi dayanır: sığortanın müddəti və sürücünün təqsiri üzündən baş verən yol-nəqliyyat hadisələrinin olması. Uzunmüddətli qəzasız dövrdə əmsalın ardıcıl azaldılması nəzərdə tutulur. Amma hər bir sığorta hadisəsi onun artmasına gətirib çıxarır. Nəticədə, yol hərəkəti qaydalarına riayət etmək üçün davamlı motivasiya formalaşır.

Eyni zamanda islahatın mühüm elementi fiziki və hüquqi şəxslərə yanaşmaların fərqləndirilməsi olub. Fərdi sahiblər üçün nəqliyyat vasitəsinin bütün sahibləri arasında ən yüksək əmsal prinsipi tətbiq edilir və bununla sığorta dəyərinin süni şəkildə aşağı salınması imkanı istisna edilir. Hesablamada müqavilənin bağlanmasından əvvəl son bir ay ərzində nəqliyyat vasitəsinə sahib olan bütün şəxslər, o cümlədən bu dövrdə mülkiyyət hüququ xitam olunmuş şəxslər nəzərə alınır (özgəninkiləşdirmə halları istisna olmaqla).

Hüquqi şəxslər üçün isə fərqli məntiq fəaliyyət göstərir: nəqliyyat taksi kimi istifadə olunmursa, əmsal 1 səviyyəsində sabitlənir. Lakin sığorta hadisəsi baş verdikdə məsuliyyət konkret sürücüyə keçirilir ki, bu da korporativ seqment daxilində belə riskin fərdiləşdirilməsini gücləndirir.

İlk dəfə bağlanan müqavilə, eləcə də şəxsin təqsiri üzündən qeydə alınmış sığorta hadisələrinin olmaması əmsalın 1 səviyyəsində müəyyən edilməsini nəzərdə tutur. İlk müqavilə dedikdə, İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində həmin şəxsin müvafiq qrup üzrə əvvəllər bağladığı müqavilələr haqqında məlumatların olmaması halı nəzərdə tutulur.

Bu sistemlə qəzasız sürücülüyün təşviqi nəzərdə tutulur: sığorta hadisələri olmadıqda və əmsalın son dəyişdirilməsindən 275 gündən artıq sığorta müddəti keçdikdə, 5% həcmində mərhələli endirim tətbiq edilir. Əksinə, fiziki şəxsin təqsiri üzündən hər bir sığorta hadisəsi, qüvvədə olan müqavilənin olub-olmamasından asılı olmayaraq, əmsalın 30% artmasına səbəb olur. Sığorta müqaviləsi, ümumiyyətlə, yoxdursa, əmsal 1-ə bərabər qəbul edilir və sonradan eyni əlavə haqq tətbiq olunur.

Bu sistemdə xüsusi yeri yüksək risk zonası kimi qəbul edilən taksi seqmenti tutur. Sərnişindaşıma sahəsində avtomobillərin intensiv istismarı daha yüksək qəza səviyyəsini şərtləndirir ki, bu da xüsusi şərtlərin tətbiqində öz əksini tapıb: nəqliyyatı taksi kimi istifadə edən fiziki və hüquqi şəxslər üçün hər bir sığorta hadisəsinə görə həmçinin 30% həcmində əlavə haqq nəzərdə tutulur.

Yeni modelin tətbiqi zamanı əvvəlki sistemlə varislik prinsipi qorunub saxlanılıb: fiziki şəxslər və taksi sahəsində fəaliyyət göstərən subyektlər üçün sığorta tarixçəsi əmsalı əvvəllər qüvvədə olan “bonus-malus” əmsalına bərabərləşdirilir. Bu, bazar iştirakçılarının yeni qaydalara uyğunlaşmasını rahat şəkildə təmin etməyə imkan verir.

Qeyd edək ki, 0,45, 0,50 və 0,55 göstəriciləri avtomatik olaraq yeni sığorta tarixçəsi əmsalları kimi tanınır, lakin belə şəxslərin təqsiri üzündən ilk sığorta hadisəsi zamanı onlar 0,60 səviyyəsinə qaldırılır. Digər hüquqi şəxslər üçün əmsal baza səviyyəsində 1 olaraq müəyyən edilir.

Ümumilikdə islahat daha şəffaf və ünvanlı sığorta risklərinin qiymətləndirilməsi sistemini formalaşdırır və bu zaman polisin dəyəri sürücünün sığorta davranışının birbaşa əksi olur. Yeni qaydalar iki aydan sonra, yəni iyunun sonundan qüvvəyə minəcək.

 

Hadisələr xəritəsi

Avtosığorta sahəsindəki islahatların məntiqi davamı rəqəmsal infrastrukturun və analitik alətlərin inkişafıdır. Bu kontekstdə İSB bütün sistemin səmərəliliyinin artırılmasına yönəlmiş yeni həlləri fəal şəkildə tətbiq edir.

Əsas layihələrdən biri ölkə üzrə yol-nəqliyyat hadisələri haqqında məlumatları toplayan vahid rəqəmsal platforma olan “Hadisələrin xəritəsi”dir. Layihə dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və toplanmış məlumatları risklərin qiymətləndirilməsi üçün praktik alətə çevirmək məqsədi daşıyır. Xəritənin hazırlanması barədə İSB-nin icraçı direktoru Vüsal Məsiyev məlumat verib.

Onun sözlərinə görə, bu təşəbbüs xüsusilə, Mərkəzi Bankla birgə dəfələrlə müzakirə olunub. Gələcəkdə bu layihəyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin Daxili İşlər Nazirliyinin (DİN) qoşulması planlaşdırılır.

V.Məsiyev qeyd edib ki, layihənin əsas məqsədi toplanmış məlumatları sığorta şirkətləri və dövlət qurumları üçün praktik alətə çevirməkdir. Gözlənilir ki, bu, nəinki riskləri daha dəqiq qiymətləndirməyə və sığorta tariflərini hesablamağa imkan verəcək, həm də uzunmüddətli perspektivdə yol-nəqliyyat hadisələrinin səbəblərinin daha dərindən təhlili hesabına onların sayını azaltmağa, eləcə də vətəndaşların əmlakına və sağlamlığına vurulan zərəri azaltmağa kömək edəcək.

Bununla paralel olaraq İSB sərnişinlərin icbari fərdi qəza sığortası sisteminin inkişafı üzərində çalışır. Bununla bağlı müvafiq layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və həm avtomobil, həm də dəmiryol daşımalarını əhatə edir.

Söhbət avtomobil, dəmiryol və hava nəqliyyatı daxil olmaqla, bütün sərnişin nəqliyyatı növləri üçün vahid, rahat sığorta mexanizminin yaradılmasından gedir. Əsas məqsəd rəqəmsal inteqrasiyalar hesabına sığortanın rəsmiləşdirilməsi prosesini maksimum sadə və operativ etməkdir.

Bu layihə çərçivəsində artıq ixtisaslaşdırılmış reyestrlərin formalaşdırılması və onların dövlət sistemləri ilə inteqrasiyası aparılır. Hazırda bu istiqamətdə DİN ilə əməkdaşlıq mövcuddur: nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi daxil edildikdə lazımi məlumatlar avtomatik olaraq yüklənir. Gələcəkdə analoji yanaşmanın bütün sərnişin nəqliyyatına tətbiq edilməsi planlaşdırılır.

Statistika bu seqmentin artan əhəmiyyətini təsdiqləyir. Belə ki, 2025-ci ildə Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 147 min manat sığorta haqqı toplanılıb, 82 min manat sığorta ödənişi həyata keçirilib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 16,2% və 22,8% çoxdur.

Eyni zamanda, ödəniş səviyyəsinin artımı müşahidə olunur: əgər 2023-cü ildə hər 100 manat sığorta haqqına 53,2 manat ödəniş düşürdüsə, 2024-cü ildə bu göstərici 56,2 manata çatıb. Bu, sığorta müdafiəsinin səmərəliliyinin artmasından və onun sərnişinlər arasında real tələbatından xəbər verir.

Ümumiyyətlə, davam edən islahatlar təhlilin, rəqəmsallaşdırmanın və vətəndaşların maraqlarının qorunmasının əsas rol oynadığı daha müasir, texnoloji cəhətdən inkişaf etmiş və riskyönümlü sığorta bazarı modelinə keçidi əks etdirir.

Yeri gəlmişkən, rəqəmsallaşdırma sahəsində də əhəmiyyətli dəyişikliklər baş verir. İSB nəqliyyat vasitələri haqqında məlumatların avtomatik alınması və rəqəmsal sənəd dövriyyəsi daxil olmaqla, elektron xidmətləri fəal şəkildə tətbiq edir. Hazırda əməliyyatların əhəmiyyətli hissəsi elektron formatda həyata keçirilir ki, bu da inzibati yükü azaltmağa və bazar iştirakçıları arasında qarşılıqlı əlaqə proseslərini sürətləndirməyə imkan verir.

“Hadisələrin xəritəsi” kimi yeni analitik alətlərin işlənib hazırlanması isə məlumatların təhlili və risklərin daha dəqiq qiymətləndirilməsi üçün əlavə imkanlar açır. Bu, perspektivdə qərarların böyük həcmli informasiya əsasında qəbul edildiyi tamhüquqlu verilənlərə əsaslanan sığorta modelinin formalaşmasına gətirib çıxara bilər.


MƏSLƏHƏT GÖR:

50