DƏNİZ, HAVA VƏ QURU İLƏ
Ələtdəkı sənaye-logistika klasteri fəal şəkildə genişlənir və beynəlxalq kapitalları, texnologiyaları, təcrübəni cəlb edir
Müəllif: Ağasəf NƏCƏFOV
Ələt Azad İqtisadi Zonasının (AİZ) infrastrukturunun formalaşdırılmasının birinci mərhələsi çərçivəsində tikinti işlərinin başlanılmasından təxminən 5 il ötüb. Hazırda bu zona zəruri kommunikasiyalarla, inzibati binalarla təchiz edilib və anbar, istehsal və digər obyektləri istifadəyə verən investorlar tərəfindən tam mənimsənilib. Artan tələbatı nəzərə alaraq, AİZ-in administrasiyası 138 hektar sahədə layihənin ikinci mərhələsini həyata keçirir. Üstəlik, gələn ilin əvvəlinə qədər bu zonanın yaxınlığında yük terminalı olan beynəlxalq hava limanının tikintisi başa çatdırılacaq. İnfrastrukturun inkişaf perspektivləri, hava limanının tikintisi üzrə işlər, investorların cəlb edilməsində irəliləyiş və digər məsələlər Azərbaycan İqtisadiyyat Nazirliyində Ələt AİZ-in inkişafı üzrə İşçi qrupunun III iclasında müzakirə olunub.
Əlavə dövlət dəstəyi
2021-ci ilin iyulunda beynəlxalq kapitalın cəlb edilməsi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən Ələt AİZ-in və nəqliyyat-sənaye qovşağının yaradılması üzrə işlərə başlanılıb. Birinci mərhələ çərçivəsində 60 hektar sahədə rezidentlərin fəaliyyəti 2023-cü ilin iyununda Prezident İlham Əliyevin iştirakı ilə klasterin açılış mərasimindən sonra tam gücü ilə inkişaf etməyə başlayıb. Bu gün burada qeydiyyatdan keçmiş şirkətlərin əksəriyyəti artıq tikintiyə başlayıb, digərləri isə layihə işlərini tamamlayır.
AİZ-in ərazisi inkişaf etmiş infrastrukturu olan müxtəlif təyinatlı üç zonaya bölünüb. Burada, həmçinin yükdaşıyıcıları və sənaye sektoruna investorları cəlb etməyə yönəlmiş ixrac istiqamətli istehsal-logistika qovşağı formalaşdırılacaq.
İkinci inkişaf mərhələsi çərçivəsində AİZ qrafikdən qabaq 138 hektar genişləndirilib və bu sahənin böyük hissəsi artıq investorlara təqdim edilib. Ələt zonasında sənaye zonası üçün ayrılmış sahədə də işlər başlanıb. Xüsusilə, ağır sənaye obyektlərinin yerləşdirilməsi üçün 364 hektar sahədə torpaq işləri yekunlaşıb. 2026-cı ildə bu sahədə digər infrastruktur layihələrinə də başlanılması planlaşdırılır. Belə ki, yaxın vaxtda “Azərenerji” ASC böyük yarımstansiyanın tikintisinə başlayacaq. Sevindirici haldır ki, ağır sənaye müəssisələri üçün ayrılmış ərazidə perspektiv layihələr üzrə AİZ-in potensial tərəfdaşlarından işgüzar təkliflər daxil olmağa başlayıb.
İşçi qrupunun iclasının yekunları üzrə İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ələt AİZ-də qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan, yüksək əlavə dəyər yaradan ixracyönümlü istehsalın stimullaşdırılması üzrə kompleks işlər davam etdirilir. “Zonada görülmüş işlər, o cümlədən beynəlxalq hava limanının tikintisi, infrastrukturunun qurulması işlərinin icra vəziyyəti, fəaliyyətin səmərəli təşkili və investisiyaların cəlb edilməsi barədə müzakirələr apardıq”, - iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. İclasda vurğulanıb ki, zonanın fəaliyyətinin gücləndirilməsi innovativ texnologiyalardan istifadə edərək investorların cəlb edilməsi, yerli şirkətlərlə əməkdaşlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması üçün vacibdir.
Qeyd etmək lazımdır ki, İşçi Qrupunun III iclasından sonra bu klasterdəki təşəbbüslərin inkişafına əlavə dövlət dəstəyi göstərilib: dövlət başçısının 24 aprel tarixli “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən 1 453,09 hektar torpaq sahəsi daimi istifadə hüququ ilə Ələt AİZ-in səlahiyyətli orqanına əvəzsiz verilib.
Unikal imkanlar
AİZ-in ərazisinin genişləndirilməsi son dərəcə mühüm tendensiyadır və bu, beynəlxalq kapitalın klasterin imkanlarına marağının artmasından xəbər verir. “Həmçinin Ələt Azad İqtisadi Zonası da yaxşı xidmətləri təmin edir və böyük həcmdə xarici investisiyaların cəlb olunmasına artıq imkan yaradan investisiyayönümlü qanunvericilik mövcuddur”, - İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs ilə mətbuata bəyanatında bildirib. “Hesab edirəm ki, qanunverici baza və əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt Azad İqtisadi Zonasını cəlbedici edir”, - Azərbaycan Prezidenti vurğulayıb.
Ələt AİZ-in əsas üstünlüyü potensial investor-rezidentlərə vergi, gömrük, həmçinin digər qeyri-fiskal güzəştlər təqdim edən unikal qanunvericilik bazasının mövcudluğu ilə bağlıdır. AİZ-ə investisiya yatıran şirkətlər xüsusilə, ƏDV-dən, mənfəət vergisindən və hər hansı digər korporativ vergidən, həmçinin zonadan idxal və ixrac zamanı gömrük rüsumlarından və vergilərdən azad edilir. Burada xarici mütəxəssislərin və cəlb olunan muzdlu işçilərin gəlir vergisi sahəsində son dərəcə liberal rejim fəaliyyət göstərir. Xarici hüquqi və fiziki şəxslər üçün daha bir seçim AİZ ərazisində mülkiyyətə sahib olmağa məhdudiyyətlərin olmamasıdır. Xarici investorlar həmçinin yerli tərəfdaşlara malik olmağa və səhmdar olmağa məcbur deyillər. Azad zonada valyuta əməliyyatlarına və ya mənfəətin repatriasiyasına heç bir məhdudiyyət yoxdur.
Ələt AİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov yerli mediaya müsahibəsində bu klasterin yaradılması tarixini xatırladıb və onun işlənilməsi zamanı bütün əsas aspektlərin nəzərə alındığını vurğulayıb: “Daha cəlbedici olmaq üçün yalnız region ölkələrində deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonaların təcrübəsi öyrənilib, onların qanunvericiliyi, şərtləri və uğur-uğursuzluq səbəbləri təhlil edilib. Belə ki, bu gün dünyada 4 500-dən çox azad iqtisadi zona mövcuddur, lakin onların hamısını uğurlu hesab etmək mümkün deyil”.
Potensial investorlar üçün az əhəmiyyətli olmayan üstünlük isə AİZ-in Bakı limanı yaxınlığında əlverişli yerləşməsi və “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində olmasıdır. Bu, şirkətlərə dəniz, dəmir yolu və avtomobil nəqliyyatından səmərəli istifadə etməyə, vaxt və xərc baxımından qənaət etməyə imkan verir. Burada geniş enerji, nəqliyyat, kommunal infrastrukturlarının, müasir ofis binalarının, tutumlu anbar və istehsal sahələrinin mövcudluğu da son dərəcə əhəmiyyətlidir.
AİZ-in böyük üstünlüyü kimi burada böyük hava limanı tikən aparıcı karqo-aviadaşıyıcı “Silk Way”in Ələtdə layihəsinin həyata keçirilməsini qəbul etmək lazımdır. Bunun üçün 750 hektar ayrılıb ki, burada təkcə hava limanının infrastrukturu deyil, həmçinin bu hava limanından istifadə etməyi planlaşdıran rezidentlərin və digər şirkətlərin yüklərinin çatdırılması, saxlanması və paylanması üçün obyektlər yerləşdiriləcək. Hava limanının karqo və biznes-aviasiya seqmentlərinin 2027-ci ilin birinci rübünün sonundan gec olmayaraq istifadəyə verilməsi planlaşdırılır. Hava limanında ilkin yük aşırma qabiliyyəti ildə 500 min ton olaraq qiymətləndirilir və bu göstərici daha sonra 1,5-2 milyon tona qədər artırılacaq.
Köhnə və yeni layihələr
Təəccüblü deyil ki, bütün sadalananlar Mərkəzi Asiyadan, Avropa İttifaqı ölkələrindən, Çindən, Hindistandan, İsraildən, Türkiyədən, Rusiyadan şirkətləri Azərbaycana cəlb edir. Özbəkistandan olan tərəfdaşlarla AİZ-də şəkərin və digər yüklərin aşırılması üçün anbarların yaradılması barədə memorandum imzalanıb, Çin və Qazaxıstandan olan şirkətlər burada öz logistika və anbar infrastrukturlarını yaratmağı planlaşdırır.
Çin üçün Ələt AİZ-də istehsal proseslərini qurmaq və məhsulları Avropaya və digər bazarlara ixrac etmək də sərfəlidir. Belə yanaşma “çatdırılma qolu”nu qısaltmağa və bu klasterin digər güzəşt və imkanlarından yararlanmağa imkan verir. Çindən olan biznes bu imkanları qiymətləndirib və çinli “Sunsync” şirkətinə günəş elektrik stansiyasının tikintisi üçün sahə ayrılıb. Bundan başqa, Çin şirkəti AİZ ərazisində günəş panellərinin istehsalı müəssisəsi yaradaraq qabaqcıl texnologiyaların və innovasiya potensialının transferini həyata keçirəcək.
“İstehsal olunan məhsulun böyük hissəsi ixrac ediləcək, çünki istehsal həcmi çox böyük olacaq. Məqsəd təkcə Azərbaycan deyil, həm də dünya bazarına çıxmaqdır”, - V.Ələsgərov bildirib. “Təbii ki, biz investorları AİZ-də tikilən obyektlər, eləcə də Azərbaycanda keçirilən tenderlər üçün Çin şirkəti tərəfindən istehsal olunan günəş panellərindən istifadə etməyə təşviq edəcəyik”, - o əlavə edib. Onun sözlərinə görə, külək elektrik stansiyaları üçün avadanlıq istehsalının lokallaşdırılması barədə işgüzar dairələrlə danışıqlar aparılır ki, bu da ölkədə onların tikintisi xərclərini azaltmağa, həmçinin Azərbaycana çatdırılması zamanı nəqliyyat və logistika çətinliklərini aradan qaldırmağa imkan verəcək.
AİZ-də qüvvədə olan qanunvericiliyə əsasən, vergi və gömrük preferensiyalarının əlverişli rejimi istehsal etdiyi məhsulun təxminən 75%-ni ixrac edən rezidentlər üçün əlçatandır. Müvafiq olaraq Ələtdakı sənaye klasteri istehsalı əsasən Xəzəryanı və digər postsovet ölkələrinə ixraca yönəltməyə hazır olan investor-əczaçılıq şirkətləri üçün regional mərkəz kimi nəzərdən keçirilir.
Yaxın perspektivdə AİZ-də həyata keçirilməsi mümkün olan iri sənaye layihələri barədə danışıqlar aparılır. Buraya, o cümlədən alüminium istehsalı müəssisəsinin yaradılması barədə müzakirələr daxildir. Bunun üçün xammal xarici ölkələrdən - Vyetnamdan, Qvineyadan və s. dəniz nəqliyyatı ilə çatdırılacaq.
Bu azad zona logistika və istehsal layihələrindən əlavə, rəqəmsallaşma və şəbəkə xidmətlərinin göstərilməsi sahəsindəki təşəbbüslərə də xidmət edəcək. Burada süni intellektin (Sİ) inkişafı üçün DATA-mərkəzin və bulud platformasının yaradılması nəzərdə tutulur. “Süni intellekt sahəsində ABŞ şirkətinin baş direktoru ilə görüşümüz zamanı Azərbaycanda AI infrastrukturunun inkişaf perspektivlərini müzakirə etdik. Bu sahədə strateji təkliflərə, o cümlədən Ələt AİZ-də DATA-mərkəzin və bulud platformasının yaradılmasına, həmçinin müvafiq normativ-hüquqi bazanın formalaşdırılmasında mümkün əməkdaşlığa və texnologiya transferinin dəstəklənməsinə xüsusi diqqət yetirilib”, - M.Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Göründüyü kimi, Ələtdə mövcud olan logistika və sənaye potensialının beynəlxalq təbliği və AİZ-in kapitallaşmasını artırmağa hazır olan xarici investorların cəlb edilməsi üçün bütün zəruri addımlar atılır.
MƏSLƏHƏT GÖR:

56

