12 İyun 2026

Cümə, 14:21

RADEVİN REVANŞI

Bolqarıstanın sabiq prezidenti köhnə sistemi dağıtmaq üçün geri dönür

Müəllif:

01.05.2026

Aprelin 19-da Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilib. Onun nəticəsi ölkədə xeyli vaxtdır davam edən siyasi böhrana son qoya bilər. Xatırladaq ki, yeni hökumət son 5 ildə ölkədə formalaşacaq sayca onuncu kabinet olacaq. Bəs o, vəziyyəti sabitləşdirə biləcək, yoxsa Bolqarıstan qeyri-sabit yolu davam etdirəcək? Yeri gəlmişkən, bu yol sadəcə bu ölkənin öz inkişafına deyil, daha geniş proseslərə təsir göstərir.

 

Böhrana son?

Bu seçki 2025-ci ilin sonlarında başlamış kütləvi etiraz aksiyalarının birbaşa nəticəsidir. Etirazların ilkin səbəbi 2026-cı il üçün planlaşdırılan büdcə idi. Orada vergilərin və sosial sığorta ödənişlərinin artırılması nəzərdə tutulurdu. Lakin tezliklə aydın olub ki, nümayişlər, əslində, Rosen Jelyazkovun rəhbərlik etdiyi ümumi siyasətə qarşı keçirilir. Etirazçılar hökuməti korrupsiyada, sosial-iqtisadi problemləri həll edə bilməməkdə günahlandırmağa başlayıblar. Bu problemlər, həqiqətən də, kəskindir. Üstəlik, Bolqarıstan Avropa İttifaqının (Aİ) ən kasıb üzvüdür. Aİ-də ən aşağı minimum əməkhaqqı (620 avro) məhz Bolqarıstandadır. Nəticədə, ölkədən əhalinin kütləvi köçü müşahidə olunmaqdadır. 35 ildən artıq postsosialist dövründə ölkəni 2 milyondan artıq vətəndaşın tərk etdiyi bildirilir.

Etirazlar nəticəsində əsas rolu «Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda» (GERB) partiyasının oynadığı koalisiya istefa verməyə məcbur olub. Bu, 2021-ci ildə kütləvi etirazlardan sonra qurulmuş növbəti hökumət iflasıdır. Son beş ildə ölkədə heç bir hakim koalisiya ölkəyə bir ildən artıq rəhbərlik edə bilməyb. 2021-ci ildən bu yana keçirilən sayca səkkizinci parlament seçkisi 2026-cı ilin yanvarında formalaşdırılmış texniki müvəqqəti kabinetin nəzarətində baş tutub.

Aprelin 19-da keçirilən seçkidə seçici fəallığı 47% olub. Bu, elektoratın mövcud siyasi sistemə kifayət qədər etimad göstərmədiyini nümayiş etdirir. Lakin istənilən halda, seçki yarışa qatılmış siyasi qüvvələrdən birinin inamlı qələbəsi ilə bitib. Söhbət 62 yaşlı Rumen Radevin rəhbərlik etdiyi «Mütərəqqi Bolqarıstan» koalisiyasından gedir. Bolqarıstan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan generalı Radev 2017-2026-cı illərdə iki müddət ölkə prezidenti olub. Bu dövrdə o, 8 baş nazirlə işləyib. 2021-ci ildə korrupsiyaya qarşı təşkil edilən etiraz aksiyalarına dəstək verib. Bu ilin yanvarında isə etiraz aksiyaları fonunda vəzifəsindən istefa verərək, seçkiyə qatılmaq, «oliqarx idarəetmə modeli» ilə mübarizəyə başlamaq qərarına gəlib.

Səsverməyə qatılmış seçicilərin təxminən 45%-i «Mütərəqqi Bolqarıstan»ı dəstəkləyib. Nəticədə, o, 240 yerlik parlamentdə 130 deputat mandatı qazanıb. Radev seçkidə GERB-DQİ («Demokratik Qüvvələr İttifaqı») koalisiyasını məğlub edib. Sabiq baş nazir Boyko Borisovun (hökumətə qısa fasilə ilə 2009-cu ildən 2021-ci ilədək rəhbərlik edib) lideri olduğu koalisiya cəmi 13,4% səs qazanaraq, 39 mandata sahib çıxıb.

Seçkidə üçüncü yeri avropapərəst «Dəyişikliklərə davam – Demokratik Bolqarıstan» koalisiyası tutub – müvafiq olaraq, 12,6% səs və 20 mandat.

Parlamentə düşmək üçün tələb olunan 4%-lik baryeri səslərin 6,8%-ni toplamış «Hüquq və Azadlıq uğrunda Hərəkat» da keçib. O, Bolqarıstanda əsasən türk və ümumilikdə müsəlman azlıqlar arasında nüfuza malikdir. Baryeri millətçi və rusiyapərəst Dirçəliş Partiyası da keçib. Amma onun nəticələri kəskin şəkildə zəifləyib. Partiya 2024-cü ildə 13,3% səs qazanmışdısa, bu dəfə onu seçicilərin yalnız 4,3%-i dəstəkləyib.

Ölkənin pstsosialits dövründə ilk dəfədir ki, Bolqarıstan Sosialist Partiyası parlamentə düşə bilməyib. O, 1944-1990-cı illərdə ölkəni idarə etmiş Bolqarıstan Kommunist Partiyasının varisidir. Partiya yaxın dövrədək müəyyən təsir gücünü qoruyub saxlayırdı. Bundan əvvəlki hakim koalisiyada yer almaqla yanaşı, 2016-cı ildə Rumen Radev ilk dəfə prezident seçkisinə məhz bu partiyanın namizədi kimi qatılmışdı. Amma bütün bunlar 19 aprel seçkisində sosialistlərin köməyinə gəlməyib. Ehtimal olunur ki, bu məğlubiyyətin əsas səbəblərindən biri onların ənənəvi elektoratının əhəmiyyətli hissəsinin «Mütərəqqi Bolqarıstan»ın tərəfinə keçməsidir.

İndi sabiq prezident Radevin başçılıq etdiyi «Mütərəqqi Bolqarıstan» hökuməti təkbaşına formalaşdıra bilər. Bununla belə, qalib tərəfin ölkəni böhrandan çıxarmaq üçün daha geniş imkanlar qazanmaq məqsədilə koalisiya quracağı da istisna deyil. Lakin bu halda Radevin ciddi problemlərlə üzləşməsi də mümkündür. Çünki görünən odur ki, «Mütərəqqi Bolqarıstan» üçün tam uyğun koalisiya variantı yoxdur. GERB və ya sosialistlərlə mümkün ittifaq Radevin əvvəlki hökumətlər dövründən yığılıb qalmış mənfi hallarla mübarizə aparan siyasətçi imicinə zərbə vura bilər. Adı mövcud sistemin qüsurları ilə assosiasiya olunan Boyko Borisov, eləcə də sosialistlərin lideri Delyan Peyevski Radev üçün məqbul tərəfdaşlar sayıla bilməzlər. Yeri gəlmişkən, qeyd edək ki, Peyevski rəsmi olmasa da, faktiki olaraq əvvəlki koalsiyiada yer alıb. O, «ciddi korrupsiya halları»na yol verdiyi üçün ABŞ və Böyük Britaniyanın sanksiyaları ilə də üzləşib.

«Dəyişikliklərə davam – Demokratik Bolqarıstan» və ya Dirçəliş Partiyası ilə mümkün əməkdaşlığa gəlincə, Radev üçün bu variantlar da cəlbedici deyil. Çünki onların xarici siyasət istiqamətləri fərqlidir. Birinci açıq şəkildə avropayönümlü siyasi qüvvə sayılırsa, «Dirçəliş» rusiyapərəstdir. Radev özü isə özünü yalnız Bolqarıstanın milli maraqlarının müdafiəçisi kimi təqdim edir. Bununla belə, Radev Avro-Atlantik məkana açıq simpatiya ifadə etmir ki, bu da rəqiblərinə onu rusiyapərəstlikdə günahlandırmaq üçün əsas verir.

Ümumiyyətlə, xarici siyasət Bolqarıstanın yeni rəhbərliyinin gələcək fəliyyətində əsas intriqalardan biri kimi çıxış edir. Çünki ortada tamamilə məntiqli bir sual var: Radev geosiyasətdə hansı mövqeni tutacaq?

 

Praqmatizm iddiası

«Mütərəqqi Bolqarıstan» və onun lideri Rumen Radev tərəfindən dəstəklənən xətt «suveren xarici siyasət» xəttidir. Bu, digər məsələlərlə yanaşı, Rusiya ilə dialoqa başlanılmasını, Ukraynaya hərbi yardımın dayandırılmasını və ya məhdudlaşdırılması da nəzərdə tutur. Təsadüfi deyil ki, Aİ daxilində artıq Macarıstanda Viktor Orbanın məğlubiyyətindən sonra Brüsselin Radevin timsalında yeni «başağrısı» ilə üzləşəcəyinə dair fikirlər səsləndirilir. Bəs Radev həqiqətənmi Macarıstana 16 il rəhbərlik etmiş və bu müddətdə həm Aİ bürokratiyasının sərt tənqidçisi, həm də Moskva ilə münasibətlərdə praqmatik mövqeyi ilə tanınmış Orbanın yolu ilə gedəcək?

Bəli, Radev avroskeptik mövqedən çıxış edir. Bunu məsələn, cari ilin yanvarında onun Bolqarıstanın milli valyutadan imtina edərək avrozonaya qoluşmasını sərt tənqid etməsi də təsdiqləyib. Lakin, eyni zamanda artıq seçkini qazanmış Radev ölkəsinin «Avropa yolunu davam etdirmək üçün səylərini əsirgəməyəcəyini» də deyir. O, aprelin 19-da seçki məntəqələri bağlanar-bağlanmaz bildirib ki, «Güclü Bolqarıstan və güclü Avropa tənqidi düşüncə ilə praqmatizmə ehtiyac duyur». Onun fikrincə, «qaydaların işləmədiyi dünyada mənəvi liderlik iddialarının qurbanına çevrilmiş» Avropa üçün «tənqidi düşüncə, praqmatik addımlar və real nəticələr xüsusilə vacibdir». Bu, ilk növbədə, yeni təhlükəsizlik arxitekturasının qurulması, sənaye gücünün bərpası, rəqabət qabiliyyətinin artırılması kimi məsələlərə aiddir. Radevin sözlərinə görə, «Avropa missiyasına əsas töhfəsi» məhz bu istiqamətlər olacaq.

Beləliklə, seçkinin qalibi açıq şəkildə göstərir ki, o, Aİ-yə qarşı çıxmaq niyyətində deyil. Bununla yanaşı, hesab edir ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə ölkəsi vacib sahələrdə öz mövqelərini gücləndirməlidir. Belə sahələrdən biri isə Rusiya ilə münasibətlərdir. Radevin fikrincə, Moskva ilə münasibətlər Bolqarıstan üçün unikaldır, çünki o, «həm slavyan, həm də pravoslav olan yeganə Aİ üzvüdür». Radev hesab edir ki, Rusiya ilə münasibətlərin bərpasında məhz onun ölkəsi «çox mühüm bənd»ə çevrilə bilər. O, Rusiyadan enerji resurslarının idxalının bərpası haqda da düşünür.

Bütün bunlarla yanaşı, Radevin praqmatik yanaşmaları, avropayönümlülüyü qeyd-şərtsiz qəbul etməməsi Qərbin informasiya və siyasi məkanında «Mütərəqqi Bolqarıstan» liderinin «Rusiya ilə əlaqələr» kontekstində etibarsızlıqda ittiham olunmasına yol açır. Bu yanaşmanın əsas səbəbi isə onun Ukrayna məsələsinə yanaşmasıdır. Hər halda, Radev Rusiyanı açıq şəkildə təcavüzdə günahlandırmır, Aİ-nin Ukraynaya hərbi dəstəyinin əleyhinə çıxır, bu dəstəyin «sadəcə müharibəni uzatdığını» bildirir. Yeri gəlmişkən, «Mütərəqqi Bolqarıstan»ın bu mövqeyi ona seçkidə rusiyapərəst Dirçəliş Partiyasının elektoratının bir hissəsini öz tərəfinə çəkmək imkanı da yaradıb. Bu, özünü seçkinin nəticələrində də göstərib.

Radev Bolqarıstanla Ukrayna arasında 2026-cı ilin martında imzalanmış və 10 il müddətinə nəzərdə tutulan müdafiə sazişini də tənqid edir. Saziş özündə digər məsələlərlə yanaşı, birgə pilotsuz uçuş aparatları və sursat istehsalını, həmçinin Qara dənizdə təhlükəsizlik sahəsində əməkdaşlığı da əks etdirir. Radevin sənədi tənqid etməsi Aİ-də narahatlıq yaradır, çünki onun baş nazir olduğu dövrdə Bolqarıstan Ukraynaya sursat tədarükü zəncirini poza bilər. Bəzi dairələr qarşıdakı dövrdə Bolqarıstanın Ukraynaya əsas silah təchizatçılarından biri rolundan imtina edə biləcəyini düşünür.

Bütün bunlar yeni hökumətin ölkənin xarici siyasi kursunu dəyişəcəyi anlamına gəlirmi? Güman ki, xeyr. Üstəlik, Radev Aİ-nin hərbi siyasətindən narazılığını digə gətirsə də, veto hüququndan istifdə edərək birgə qərarların qəbuluna əngəl yaratmayacağına söz verib. Demək, söhbət yalnız qərarların icrasında iştirakdan imtinadan gedə bilər ki, bu da onların «Bolqarıstanın milli maraqlarına zərər vuracağı» təqdirdə mümkündür. Amma bu variant belə, Sofiyanın Brüssellə münasibətlərdə kəskin mövqe tutacağı anlamına gəlmir. Hər halda, bunun baş verməməsi üçün bir sıra ciddi səbəblər var.

Ekspertlər Aİ-nin Sofiyaya kifayət qədər ciddi təsir imkanlarının, alətlərinin olduğuna diqqət çəkirlər. İlk növbədə, ona görə ki, hazırkı çətin vəziyyətdə Bolqarıstan Aİ fondlarından çox asılıdır. Bu investisiyalar olmazsa, ölkədə ÜDM 10,5% azalacaq, özəl investisiyaların həcmi isə 38% aşağı düşəcək. Bundan başqa, Bolqarıstanın mal və xidmət ixracının, demək olar ki, yarısı avrozona ölkələrinə yönəlib, idxalın isə 40%-dən çoxu oradan gəlir.

Bundan başqa, yeni rəhbərlik Bolqarıstan cəmiyyətində üstünlük təşkil edən avroparərəst əhvali-ruhiyyəni də nəzərə almalıdır. Sorğular göstərir ki, əhalinin əksəriyyətin Aİ daxilində əlaqələrin gücləndirilməsini istəyir. Seçicilərin əksəriyyəti isə Radev və partiyasına xarici siyasətdə kəskin dönüş gözlədikləri üçün deyil, ölkədə siyasi sabitliyi təmin etməyi bacarmayan sistemi dəyişmək, sosial-iqtisadi problemləri həll etmək, korrupsiyanın qarşısını almaq vədlərinə görə səs verib. Xarici siyasətə gəldikdə, bolqarlar üçün vacibi odur ki, Sofiya nə Brüsselin, nə də Moskvanın iradəsini kor-koranə yerinə yetirsin. Yəqin ki, seçkidə qələbə qazanmış siyasi qüvvə də fəaliyyət istiqamətində məhz bu yanaşmanı əsas götürəcək.



MƏSLƏHƏT GÖR:

54