İTTİFAQDA ÇAT
Aİ müharibələr və böhranlar fonunda İsraillə münasibətlərinə yenidən baxır
Müəllif: İlqar VƏLİZADƏ
Son dövrlər Yaxın Şərqdə davam edən gərginlik fonunda İsrail ilə Avropa İttifaqı (Aİ), həmçinin ümumilikdə bir çox Avropa ölkəsi arasında münasibətlər tammiqyaslı böhran mərhələsinə keçib. Söhbət onilliklər ərzində İsraillə Aİ arasında onilliklər ərzində formalaşmış siyasi və dəyər prinsiplərinin real şəkildə fərqlənməyə başlamasından gedir. Formal olaraq münasibətlər sabit qalır, tərəflər arasında malların sərbəst ticarətini təmin edən assosiasiya sazişi də hələ ki, qüvvədədir. İsrail əvvəlkitək Avropanın iqtisadi və texnoloji zəncirinə inteqrasiya olunub, Aİ isə onun əsas ticarət tərəfdaşı statusunu qoruyub saxlayır. Lakin bu institusional çərçivə getdikcə real siyasi məzmundan uzaqlaşır. Uzun illər sonra ilk dəfədir ki, Brüsseldə bu əməkdaşlığın dərinləşdirilməsi yox, onun məhdudiyyətlərinin sərhədləri müzakirə edilir.
Qəzzadan İranadək
Dönüş anı Qəzzadakı müharibə olub. Bu savaşın ilk mərhələsində Avropa İsrailin hərəkətlərini misli görünməmiş hücuma və terror zorakılığına cavab kimi qiymətləndirirdi. Şok effekti, girovlar, faciənin miqyası sanki bir siyasi və mənəvi dəstək krediti formalaşdırmışdı. Lakin münaqişə uzandıqca və onun humanitar nəticələri ağırlaşdıqca vurğular dəyişməyə başlayıb. Zaman keçdikcə Aİ-nin ictimai rəyində və siyasi dairələrinin bir hissəsində Təl-Əvivin cavab tədbirlərinin qeyri-adekvat olması təsəvvürü tədricən güclənib. Əvvəllər İsrail təcavüzün qurbanı kimi qiymətləndirilirdisə, zaman keçdikcə avropalılar onu humanitar hüquq baxımdan çərçivələri aşan tərəfi kimi tənqid etməyə başlayıb. Bir müddət də keçdikdən sonra bu dəyişiklik prinsipial xarakter daşımağa başlayaraq nəinki küçələrə və mediaya, həm də rəsmi gündəliyə təsir göstərməyə başlayıb. Avropa institutlarının ritorikasında normalara, məhdudiyyətlərə, məsuliyyətə riayət olunmasının vacibliyi getdikcə daha çox vurğulanmağa başlayıb, bu isə Təl-Əviv tərəfindən siyasi motivli təzyiqlərin artması kimi qəbul olunub.
Belə bir vəziyyətdə Livanda baş verənlər əlavə gərginlik amilinə çevrilib. İsrail ordusunun bu ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yüz minlərlə qaçqının yaranması Avropa paytaxtlarında açıq aqressiya kimi qiymətləndirilməyə başlayıb. Avropa üçün bu, suriyalı qaçqınlarda olduğu kimi, yalnız yeni miqrant axınlarının onun sərhədlərinə yönəlməsi riski yox, həm də faktiki olaraq onun məsuliyyət zonasına daxil olan Şərqi Aralıq dənizi regionunda sabitliyin pozulması təhlükəsi deməkdir. Bu şəraitdə İsraillə əməkdaşlığın əvvəlki səviyyədə qorunub saxlanması ənənəvi olaraq ehtiyatlı davranan Avropa paytaxtları üçün belə, getdikcə çətinləşir.
Bütün bunlarla yanaşı, İranla müharibə amili Aİ ilə İsrail arasında münasibətləri artıq strateji ziddiyyətlər müstəvisinə keçirib. İran ətrafında gərginliyin artması və əsas marşrutlarda yaranan vasitələr Avropa iqtisadiyyatına zərbə vurmağa başlayıb – qiymətlər artıq, logistika pozulur, inflyasiya güclənir. Avropa paytaxtlarında hesab edirlər ki, bu eskalasiyanın səbəbkarı Tehran yox, əksinə Təl-Əviv ilə Vaşinqtondur. Onların fikrincə, vəziyyətin müharibə həddinə çatdırılmasına zərurət yox idi. Doğrudur, Avropa ölkələri İran rejiminə tənqidi yanaşır. Lakin onlar hesab edirlər ki, bu, hərbi ssenari üçün kifayət deyildi. Beləliklə, indi İsrail üçün iqtisadi güzəştlərin qorunub saxlanması artıq sadəcə siyasi baxımdan həssas deyil, həm də iqtisadi cəhətdən əsassız görünməyə başlayır.
Azad ticarətə «yox»?
İsraillə azad ticarət zonası haqqında sazişin perspektivi məhz bu səbəbdən Avropa siyasətinin ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Hərbi eskalasiya və regional qeyri-sabitliyin artdığı bir vaxtda Təl-Əvivə əlavə ticarət güzəştlərinin tanınması Avropa ölkələrinin bir hissəsi tərəfindən potensial siyasi dəstək forması kimi qiymətləndirilir. Eyni zamanda iqtisadi əlaqələrin dərinləşdirilməsinin Avropanın özü üçün də risklər yarada biləcəyinə dair narahatlıqlar var – qiymət artımı, logistika problemləri, ümumilikdə xarici iqtisadi mühitin pisləşməsi və s.
Amma tərəflər arasında münasibətlərin tam pozulmasından danışmaq da tezdir. Çünki bu əlaqələr hələ də çox önəmlidir. Onların qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45-50 milyard avrodan çoxdur, Aİ İsrailin ən böyük ticarət tərəfdaşıdır, Avropa investisiyaları İsrail iqtisadiyyatında, xüsusilə texnologiya və enerji sahələrində böyük rol oynayır. Bundan başqa, tərəflər Şərqi Aralıq dənizində qaz layihələri üzrə əməkdaşlıq edir, bu region vasitəsilə Avropaya qaz tədarükü marşrutlarına dair müzakirələr aparır.
Bununla yanaşı, bəzi ölkələr, məsələn, Yunanıstan və Kipr Təl-Əvivlə münasibətlərin pozulması istiqamətində kəskin addımların atılmasına qarşı çıxırlar. Onlar İsraili regional enerji əməkdaşlığında, həmçinin hərbi-siyasi əməkdaşlıqda vacib tərəfdaş sayırlar. Aİ-nin Təl-Əviv ilə bağlı sərt addımlar atmasının qarşısını da məhz bu fikir müxtəlifliyi alır.
Ümumi tendensiya isə istənilən halda dəyişir. Əgər əvvəllər İsraillə Avropa İttifaqı arasında münasibətlər açıq şəkildə davamlı olaraq dərinləşdirilirdisə, indi onlar getdikcə yenidən nəzərdən keçirilir, Brüssel bu münasibətlərə daha ehtiyatlı və təmkinli yanaşır. Nəticədə, paradoksal vəziyyət yaranır. Formal olaraq, əvvəlki əməkdaşlıq arxitekturası qorunub saxlanılır, əməkdaşlığın məzmunu isə getdikcə dəyişir. Bu şəraitdə münasibətlərin kəskin qırılma olmadan tədricən siyasi təzyiqlər müstəvisinə keçəcəyinə dair proqnozlar səsləndirilir. Söhbət əməkdaşlıq şərtlərinin sərtləşdirilməsindən, Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin dəyişməsinədək münasibətlərin dərinləşdirilməsinə dair təşəbbüslərin dondurulmasından və s. gedir.
Kuinsi İnstitutunun (ABŞ-nin analitik mərkəzi) məlumatı kifayət qədər maraqlı sayıla bilər. Məlumatda bildirilir ki, hazırda Aİ ölkələrinin 1 milyondan çox əhalisi İsraillə assosiasiya sazişinin dayandırılmasını dəstəkləyir. Bu təşəbbüsə yüzlərlə keçmiş diplomat, onlarla qeyri-hökumət təşkilatı, həmçinin BMT-nin xüsusi məruzəçisi də dəstəkləyir. Onlar humanitar fəlakətin qarşısının alınması üçün bütün mümkün mexanizmlərdən istifadəni vacib sayırlar. İspaniya, Sloveniya və İrlandiya bu fikirdə olsalar da, Almaniya və İtaliya sözügedən qərarın qəbulunun əleyhinə çıxır.
Baş verənlər fonunda ikili standartlarla bağlı ittihamlar da getdikcə artır. Məsələ ondadır ki, Rusiyaya qarşı operativ şəkildə miqyaslı sanksiyalar tətbiq etmiş ölkələr İsrailə münasibətdə ehtiyatlı daıranır, qərarların qəbulunun uzanmasına çalışırlar. Moskvaya qarşı sanksiyalar «qaydalara əsaslanan nizam»ın müdafiəsi kimi təqdim edilirdisə, İsrail məsələsində ön plana prosedur və siyasi məhdudiyyətlər çıxır.
Avropa yoxdursa, Latın Amerikası var
İsrailin özündə isə deyəsən, avropalıların əhvali-ruhiyyəsinin dəyişməsini gözləmək fikrində deyillər. Təl-Əviv ilə Brüssel arasında fikir ayrılıqlarının artdığı bir vaxtda xarici siyasi əlaqələrin şaxələndirilməsində təbii şəkildə maraqlı olan yəhudi dövləti Argentina ilə yaxınlaşma istiqamətində rezonans doğuran addım atıb. Argentina Prezidenti Xavyer Mileyin aprelin 19-20-də İsrailə etdiyi səfəri sadəcə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Bu, həm də İsrailin bütünlükdə Latın Amerikası istiqamətində ciddi irəliləyişidir. Qonağın İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşünün sonunda «İshaq sazişi» adlandırılan yeni təşəbbüsün başlanıldığının elanı isə səfərə xüsusi əhəmiyyət qazandırıb. Bu təşəbbüs Argentina, İsrail və Qərb yarımkürəsinin «dəyərcə daha yaxın olan» digər dövlətləri arasında yeni strateji əməkdaşlıq formatı kimi düşünülüb. Bununla yanaşı, hər iki tərəf açıq şəkildə bildirir ki, təşəbbüsün məntiqi «İbrahim sazişi» modelindən ilhamlanıb və ideya İsrailə simpatiyasını heç zaman gizlətməyən Argentina lideri tərəfindən irəli sürülüb.
İki ölkə arasında müasir münasibətlərin əsasını təşkil edəcək «İshaq sazişi» özlüyündə çərçivə xarakterli siyasi-diplomatik platformadır. O, Latın Amerikasında və daha geniş anlamda Qərb yarımkürəsində İsraillə təhlükəsizlik, innovasiya, ticarət, diplomatik dəstək, antisemitizmə qarşı mübarizə kimi sahələrdə daha sıx əməkdaşlığa hazır olan dövlətlər dairəsinin formalaşdırılması ideyası üzərində qurulub. Hər halda, Təl-Əviv Argentina ilə münasibətlərini digər Latın Amerikası ölkələri ilə bənzər əməkdaşlıq üçün model kimi təqdim edir. Başqa sözlə, söhbət sadəcə dost ölkələr şəbəkəsinin yaradılmasından yox, siyasi baxımdan formalaşmış və ideoloji cəhətdən «yüklənmiş» bir ekosferin yaradılması cəhdindən gedir. Burada Argentina İsrail üçün əsas dayaq elementi rolunu oynayır.
Bununla yanaşı, «İshaq sazişi»nin «İbrahim sazişi»nin analoquna çevrilə bilib-bilməyəcəyini qiymətləndirməyə çalışanlar ehtiyatlı davranırlar. Onlar arasında formal baxımdan həqiqətən müəyyən oxşarlıqlar var. Lakin iki format mahiyyət etibarilə bir-birindən fərqlənir. «İbrahim sazişi» İsraillə bir sıra ərəb dövlətləri arasında ya ümumiyyətlə münasibətlərin olmadığı, ya da məhdud təmasların olduğu şəraitdə münasibətlərin rəsmi normallaşdırılması mexanizmi kimi yaradılıb. Latın Amerikası ilə bağlı isə vəziyyət fərqlidir. Bu regionun əksər ölkəsi İsraili dövlət kimi çoxdan tanıyır və onunla diplomatik münasibətlərə malikdir. Odur ki, «İshaq sazişi»nin məqsədi ilkin normallaşmaya nail olmaq deyil. Onun funksiyası başqadır – artıq mövcud olan münasibətləri siyasi baxımdan yenidən qruplaşdırmaq, daha nümayişkaranə, ideoloji baxımdan dağa bağlı formaya gətirmək, ümumi təhdidlərə qarşı birgə fəaliyyətə yönəltmək. Söhbət xüsusilə təhlükəsizlik və xarici siyasi mövqe məsələlərindən gedir. Odur ki, burada «İbrahim sazişi»nin tam anoloqundan yox, daha çox onun Latın Amerikasına uyğunlaşdırılmış variantından danışmaq daha doğru olar.
Amma o da nəzərə alınmalıdır ki, bir sıra Latın Amerikası ölkəsində İsrailin siyasətinə münasibət ehtiyatlı və ya tənqididir. Üstəlik, bəzi Avropa ölkələrinin Təl-Əvivin davranışlarına mənfi münasibəti də «İshaq sazişi»nin Latın Amerikasında genişlənməsini məhdudlaşdıran amilə çevrilə bilər. Bu gün region ölkələrinin çoxu üçün məhz Aİ mühüm tərəfdaş olaraq qalır və bu üzdən də onlar Avropa ilə münasibətləri çətinləşdirə biləcək kəskin addımlardan çəkinirlər. Əlavə olaraq vəziyyətə Vatikanın mövqeyi ilə güclənən humanitar və dini amillər də öz təsirini göstərir. Nəticədə, potensial iştirakçılar təşəbbüsə açıq şəkildə qoşulmadan İsraillə əməkdaşlıqda ehtiyatlı yanaşmaya üstünlük verə bilərlər. Belə vəziyyətdə Təl-Əvivə xarici siyasi konfiqurasiyanın dəyişəcəyini və ya daha əlverişli şərtlərə əsaslanan dialoqun yenidən başladılması üçün imkanların yaranmasını gözləmək qalır.
MƏSLƏHƏT GÖR:


41

