REPUTASİYANIN SONU
Humanitar mandat maskaya, susqunluq isə əlbirliyə çevrildikdə
Müəllif: NURANİ
Azərbaycanla Ermənistan arasında sülh prosesi tədricən uğurlu diplomatiya nümunəsinə çevrilir. Ermənistanın təcavüzünə son qoyulub, onun tərəfindən işğal olunmuş ərazilər azad edilib, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. İndi Bakı ilə İrəvan arasında sülh prosesi uğurla irəliləyir. Vaşinqtonda keçirilmiş görüşdə iki ölkə arasında sülh müqaviləsi paraflanıb, Azərbaycan isə öz ərazisindən Ermənistana yük tranziti açıb.
Lakin 1988-ci idən 2025-ci ilə bi randa gəlinməyib. Azərbaycan təxminən 30 il davam etmiş müharibə ilə bağlı yaddaş hüququnu özündə saxlayır. Xüsusilə ayrı-ayrı şəxslərin, dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətinə siyasi, diplomatik və hüquqi qiymət vermək hüququ da heç yerə itməyib. Buraya, əlbəttə ki, ağ xitonları və mələk qanadlarını «özəlləşdirdiklərini» düşünənlər də daxildir. Bunun klassik nümunəsi Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK).
İlk baxışdan o, yüz ildən artıq tarixə malik ən qədim humanitar qeyri-hökumət təşkilatıdır. BQXK yeganə qurumdur ki, onun əməkdaşları rəsmi şəkildə diplomatik toxunulmazlığa malikdirlər. «Qırmızı xaç» İkinci dünya müharibəsi illərində hərbi əsirlərə yardımlar göstərib, bu gün isə onun əməkdaşları dünyadakı çoxsaylı «qaynar nöqtə»lərdə humanitar missiyalar həyata keçirirlər. Amma bu, necə deyərlər, «reklam bukleti»dir. Reallıqda…
Reallıqda bir çox ölkədə BQXK-yə qarşı ciddi ittihamlar irəli sürülür. Biz onları sadalamaqdansa, komitə əməkdaşlarının Azərbaycanda necə davrandıqlarına, «dünyanın ən qədim humanitar təşkilatı»nın rəhbərliyinin Azərbaycana münasibətinə diqqət yetirək.
«Qırmızı xaç» və beynəlxalq hüquq
BQXK-nın Azərbaycandakı nümayəndəliyi ölkənin müstəqilliyini bərpa etməsindən sonra, 1990-cı illərin əvvəllərində yaradılıb. O vaxtadək burada artıq bir neçə onillik idi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərirdi. Lakin BQXK nədənsə Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə işləməyi öz beynəlxalq nüfuzuna uyğun hesab etməyib. Bununla belə, elə həmin 1990-cı illərdə BQXK-nın daha bir ofisi işğal altındakı Qarabağda açılıb və bu ofis təşkilatın Bakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyə tabe edilib.
«Qırmızı xaç» tez-tez «qaynar nöqtələr»də, o cümlədən işğal altındakı ərazilərdə, «boz zona»larda və s. fəaliyyət göstərir. Amma bununla yanaşı, daxili iyerarxiyada ərazi bütövlüyü prinsipi qorunmalıdır. Əksər hallarda bu prinsip formal da olsa gözlənilir. Lakin Azərbaycana münasibətdə bu, istisna olub. Xankəndidə açılan BQXK ofisi Bakıya deyil, Yerevana tabe edilib. Azərbaycan tərəfi buna təbii olaraq etirazını bildirsə də, Cenevrədəkilər mövqelərini dəyişməyiblər. Guya «humanitar missiya» üçün məhz belə tabelik zəzuri imiş. Amma Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatar-çatmaz, Xankəndidə bu «humanitar missiya»ya ehtiyacın olmadığı məsələsini qaldırıb. 2020-ci ilin noyabrında Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirib ki, Qarabağ münaqişəsi başa çatıb. Amma Cenevrədən buna reaksiya yalnız may ayında və olduqca maraqlı məzmunda gəlib: guya razılaşmaya uyğun olaraq 2025-ci ildə Rusiya sülhməramlılarının bölgəni tərk etməsi halında «humanitar missiya»ya yenidən ehtiyac yarana bilərmiş. Üstəlik, Azərbaycanın humanitar fəaliyyətə heç zaman maneə yaratmamasına rəğmən, ofis Bakı nümayəndəliyinin tabeliyinə verilməyib. Bu status-kvo düz 2023-cü ilin sentyabrınadək davam edib. Sentyabrda Qarabağda yerləşdirilmiş Ermənistan Silahlı Qüvvələri antiterror əməliyyatları ilə darmadağın olunub, Xankəndidəki xunta rejimi özünü buraxıb, Rusiya sülhməramlıları isə bölgəni nəzərdə tutulduğundan əvvəl tərk edib. Onlarla birlikdə Qarabağın erməni əsilli sakinlərinin böyük əksəriyyəti Ermənistana köçüb – onlar Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə yaşamaq istəməyiblər. BQXK Xankəndi ofisini yalnız bundan sonra bağlayıb.
Casusluq, qaçaqmalçılıq və s.
2023-cü ilin aprelində Qarabağda çox önəmli hadisə baş verib. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurub və bununla da ölkənin sərhədi müxtəlif «pəncərə» və «boşluq»lar olmadan tam nəzarət altına alınıb. Bu yerdə BQXK dərhal üzərinə yeni «humanitar missiya» götürmək qərarına gəlib – Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı sakinlərin Ermənistana və geri daşınması.
Lakin sosial şəbəkələrdə «humanitar yük»lər adı altında kommersiya mallarının daşınması ilə bağlı çoxsaylı şayiələr və fotosübutlardan sonra, 2023-cü ilin iyununda BQXK sürücüləri qaçaqmalçılıqla məşğul olarkən yaxalanıblar. Məlum olub ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasına mobil telefon detalları, siqaret partiyaları, hətta benzin daşınırmış. BQXK, əlbəttə ki, məsuliyyətdən yayınmağa çalışıb. Qurumdan bildiriblər ki, yaxalananlar onların əməkdaşları deyil, təsadüfən işə götürülmüş sürücülərdir, həmçinin söhbət təsadüfi şəkildə icarəyə götürülmüş maşınlardan gedir və təşkilat buna görə məsuliyyət daşımır.
Amma BQXK-nın «xidmətlər siyahısı»ndakı ən ciddi günah bu da deyil. 44 günlük müharibə ərəfəsində və savaşın gedişində BQXK-nın bir neçə əməkdaşının casusluq etdiyi ortaya çıxıb. Onlar hərbi obyektlərin şəkillərini çəkir, digər «həssas» məlumatları əldə etməyə çalışır və sonda həmin məlumatlar «necəsə» Ermənistan xüsusi xidmət orqanlarının əlinə keçirmiş. Bu şəxslər təbii ki, ölkədən deportasiya olunublar. Lakin BQXK bununla bağlı da heç bir daxili araşdırma aparmayıb.
Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli istiqamətindəki hücumu zamanı BQXK bəyan etmişdi ki, ağır yaralı erməni hərbçilər mühasirədə qalıb və onların təcili yardıma ehtiyacları var. BQXK onların dərhal təxliyəsinə ehtiyac olduğunu bildirirdi. Lakin təşkilatın talelərinə görə bu qədər «narahatlıq keçirdiyi» şəxslər arasında bir nəfər də olsun – xüsusi vurğulayırıq – bir nəfər də olsun ağır yaralı yox imiş! Söhbət döyüş qabiliyyətini saxlayan əsgərlərin mühasirədən çıxarılması cəhdindən gedirdi!
Müharibənin sonlarına yaxın təşkilat nümayəndələrinin «humanitar» fəaliyyətinə dair növbəti faktlar da ortaya çıxıb. Şuşa şəhərinin azad edilməsindən sonra Azərbaycan Laçın yolunu bağlayıb və bu zaman BQXK yolun dərhal açılması tələbi ilə çıxış edib. Buna əsas kimi, Xankəndidə 180 xarici jurnalistin olduğu və onların təcili olaraq təxliyəsinin vacibliyi göstərilib. Bunun üçün guya fasilə və «humanitar dəhliz» lazım imiş. Halbuki hərbi əməliyyatların ilk günlərindən rəsmi şəkildə bildirilmişdi ki, döyüş zonasına gələn jurnalistlər müəyyən olunmuş qaydada akkreditasiyadan keçməlidirlər. Əgər bu edilməyibsə, Bakı onların təhlükəsizliyinə görə məsuliyyət daşımır.
Xankəndi balaca şəhərdir. Orada heç 180 küçə belə, yoxdur. Hər yolayrıcında bir xarici müxbir dayanıbmış? Bu, təbii ki, absurddur. Bəs onda BQXK Xankəndidən, əslində, kimləri çıxarmaq istəyirmiş? Məlumdur ki, geri çəkilən tərəfə qüvvələrini yenidən qruplaşdırmaq imkanını məhz «humanitar fasilə»lər verir. Belə addımların nüfuza xələl gətirdiyini bilə-bilə, «Qırmızı Xaç» niyə bu işlə məşğul idi? Yoxsa qurum fəaliyyət prinsiplərini dəyişmişdi?
BQXK «digər tərəf»ə necə baxırdı?
BQXK-nın Azərbaycandakı fəaliyyətinin ən utancverici səhifələrindən biri də Birinci Qarabağ müharibəsi dövründə əsirlər və girovlarla bağlı tutduğu mövqe olub. O vaxt ölkə eksklüziv status iddiasında olan bu beynəlxalq təşkilatdan, demək olar ki, heç bir real yardım görməyib.
Bir neçə il əvvəl sosial şəbəkələrdə vaxtilə erməni əsirliyində olmuş Novruzov Laçın Əhməd oğlunun 10 fevral 1994-cü ildə yazdığı məktubun fotosu yayılmışdı: «Salam, ata, ana. Mən Novruzov Laçın Ermənistanda, Edilli kəndindəyəm… Məni buradan çıxarın! Yalvarıram! Ana, bunu Laçın yazır. Nə olursa olsun, məni buradan çıxarın! Mən yaşamaq istəyirəm!» Məktubun üzərində… BQXK-nın möhürü var idi və təşkilatın əməkdaşları məktubu Laçının ailəsinə çatdırmışdılar. Amma o, evinə qayıtmayıb. Əsirlikdə öldürülüb!
Hərbi əsirlər «Qırmızı Xaç»ın diqqətinə düşürsə, bu, o deməkdir ki, əsirlə münasibətdə Cenevrə konvensiyalarına və müəyyən davranış qaydalarına əməl edilməlidir. Nəzəriyyədə belədir. Təcrübədə isə BQXK Laçın Novruzovun öldürüldüyünü sadəcə «unudub»: insan yoxdursa, problem də yoxdur.
Bəli, Laçın Novruzov BQXK-nın nəzarətində idi. Təşkilatın əməkdaşları onunla görüşmüşdülər. Lakin sonda o, öldürülüb. Təşkilat isə nə araşdırma tələb edib, nə də Laçının hansı şəraitdə öldürüldüyünü aydınlaşdırmağa çalışıb. Və bu, yeganə belə hal deyil. Söhbət sağ qalmalarına rəğmən evinə qayıda bilməyən onlarla insandan gedir. Onlar hələ 1990-cı illərdə «yoxa çıxmışdılar». Lakin BQXK əməkdaşları bir dəfə də olsun ictimai narahatlıq ifadə etməyə, araşdırma başlatmağa və s. cəhd göstərməyiblər. Onlar utancverici şəkildə susublar!
Hətta bir qrup azərbaycanlı əsirin erməni tərəfinin rəsmi versiyasına görə «qaçmağa çalışan zaman» öldürüldüyü zaman da susublar. Halbuki, onların səkkizinin baş nahiyəsindən yaralanması açıq-aşkar edam əlaməti idi…
2006-cı ildə Avropa Şurası Parlament Assambleyasının əsirlər və itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet regiona səfər etmişdi. Onun 2007-ci ildə yayımlanan hesabatında bildirilirdi ki, «hakimiyyət orqanlarının məlumatına görə, Azərbaycanda 4604 nəfər itkin düşmüş hesab olunur. BQXK isə 2006-cı ilin iyun ayına olan vəziyyətə görə 3247 itkin düşmüş şəxsi qeydiyyata alıb».
Platvoet daha sonra bildirirdi: «Azərbaycan tərəfi hesab edir ki, hazırda sağ olan, Ermənistan və ya Dağlıq Qarabağ bölgəsində əsir və girov saxlanılan 783 nəfər ola bilər». Hesabatda deyilirdi ki, itkin düşmüş şəxslərin ailələrindən, eləcə də hakimiyyət və administrasiya nümayəndələrindən aldığı məlumatlar onu sarsıdıb: «Bu məlumatlara görə, itkin düşmüş bəzi şəxslər sağdır və rəsmi və ya qeyri-rəsmi əsirlikdə saxlanılırlar». Platvoet qeyd edirdi ki, o, «gizli saxlanma düşərgələri, məhbusların saxlanıldığı və işləməyə məcbur edildiyi qızıl mədənləri, kimya zavodları haqda eşidib. Həmçinin ailələrdə qul kimi saxlanılan şəxslər, fahişəliyə məcbur edilən qadınlar, orqan alveri barədə də məlumatlar var. Sonradan girovların götürülməsi, pul tələbi və onların dəyişdirilməsi ilə bağlı məlumatlar da gəlirdi».
Daha sonra məşhur general Manvel Qriqoryan barədə məlumatlar yayılıb. Ona məxsus qarajdan konsert qutuları, hərbi alt geyimləri, təcili yardım avtomobili, hətta yaslarda istifadə olunan gücl çələngi tapılmışdı. O özü isə müharibədən «yüzlərlə əsir» gətirdiyindən, 15 yaşlı azərbaycanlı yeniyetməni evində qul kimi saxladığından danışırdı. Guya onu sonradan BQXK-ya təhvil veribmiş. Amma bununla bağlı hər hansı sübut yoxdur. «Qırmızı xaç» yenə susurdu. Halbuki İrəvanda yaşayan təşkilat əməkdaşlarının bunlardan xəbərsiz olmaması mümkün deyildi. BQXK nəinki bundan, azərbaycanlı hərbi əsirlərin və mülki girovların kütləvi məzarlığı barədə də məlumatlı idi. Lakin onlar bu məlumatları Azərbaycan tərəfi ilə bölüşməyə tələsmirdilər. Çünki bu, sadəcə informasiya deyil, hərbi cinayətlərin təsdiqi idi. BQXK isə erməni təcavüzkarların adını qorumaq üçün əlindən gələni edirdi.
Bu gün, əlbəttə ki, çox şey dəyişib. Müharibə artıq geridə qalıb, itkin düşmüş şəxslərin taleyi isə BQXK-nın iştirakı olsa da, olmasa da aydınlaşdırılacaq. Amma bir şey dəqiqdir ki, Bakının yalnız Xankəndidə yox, Bakıda da BQXK ofisinin bağlanmasını tələb etməsi üçün bütün əsaslar var. Təşkilatın fəaliyyətindəki belə «təhrif»lərə lazımi qiymət verilməzsə, bənzər hallar dünyanın müxtəlif «qaynar nöqtə»lərində təkrarlanacaq. O zaman isə artıq uzun illərə söykənən nüfuza istinadlar da köməyə gəlməyəcək.
MƏSLƏHƏT GÖR:


84

