VURĞULU ZİYARƏT
Qəbələdə keçirilmiş Əliyev-Zelenski görüşü Azərbaycanla Ukrayna arasında gündəliyin genişləndiyini göstərir
Müəllif: Zaur HƏSƏNOV
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana 2026-cı il aprelin 25-də etdiyi işgüzar səfər regional və qlobal siyasi əlaqələrin davam edən yenilənməsi fonunda diplomatik gündəliyin diqqçətçəkən elementlərindən birinə çevrilib. Onun Azərbaycan Prezidenti İlham Əliyev ilə Qəbələdə apardığı danışıqlar iki ölkə arasında siyasi dialoqun davamlılığını təsdiqləyib, tərəflərin bir sıra əsas istiqamətlər üzrə əməkdaşlığı daha da genişləndirmək niyyətini ortaya qoyub. Xatırladaq ki, Bakı ilə Kiyev arasında strateji tərəfdaşlığı təsbit edən iki sənəd mövcuddur. Onlardan birincisi 2008-ci ildə Ukraynada, ikincisi isə 2011-ci ildə Azərbaycanda imzalanıb.
Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi şəraitdə Zelenskinin bu səfəri sadəcə ikitərəfli təmas yox, həm də daha geniş tendensiyanın əksidir. Söhbət təhlükəsizlik sistemi və iqtisadi əlaqələrin transformasiyası şəraitində öz mövqelərini möhkəmləndirməyə çalışan dövlətlər arasında əməkdaşlığın fəallaşmasından gedir. Beləliklə, Qəbələ həm enerji və humanitar məsələlər daxil olmaqla ənənəvi əməkdaşlıq sahələrinin, həm də təhlükəsizlik və strateji dayanıqlılıqla bağlı yeni istiqamətlərin müzakirə edildiyi platformaya çevrilib.
Siyasi-diplomatik çərçivə
İlham Əliyevin ukraynalı həmkarı ilə Qəbələdə apardığı danışıqlar son illərdə müntəzəm xarakter daşıyan və geniş istiqamətlər spektrini əhatə edən ikitərəfli dialoqun sabit, institusional xarakterini təsdiqləyib. «Bizim sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş verib. Ancaq mən xatırlayıram ki, siz prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırıb», - deyə İ.Əliyev bildirib.
Görüş zamanı tərəflər enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib, həmçinin hökumətlərarası komissiyanın fəaliyyətinə toxunublar. Bütün bunlar mövcud gündəliyin kompleks xarakter daşıdığını göstərir.
Azərbaycan Prezidenti bildirib ki, iki ölkə arasındakı siyasi münasibətlər davamlı xarakter daşıyır. O, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi prinsipinin vacibliyini vurğulayıb. Aparılan müzakirələrdə Bakı ilə Kiyevin beynəlxalq hüquq və dövlət suverenliyi məsələlərində ənənəvi olaraq oxşar mövqedən çıxış etdikləri bir daha təsdiqlənib. Bu, tərəflər arasında siyasi anlaşmanın əsasını formalaşdıran amildir.
V.Zelenski isə öz növbəsində, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib. O, Kiyevin Azərbaycana münasibətinin də eyni olduğunu deyib. Beləliklə, tərəflərin bəyanatları qarşılıqlı şəkildə təsdiqlənmiş siyasi çərçivə formalaşdırır və burada əsas prinsiplər kimi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət yer alır.
Ümumilikdə Qəbələdə keçirilən danışıqlar Kiyev ilə Bakı arasında təkcə sabit siyasi dialoqun qorunub saxlandığını yox, həm də artıq onun strukturlaşmış mərhələyə keçdiyini göstərib. Bu mərhələdə institusional mexanizmlər və siyasi bəyanatlar bir-birini tamamlayaraq, ikitərəfli münasibətlər üçün davamlı əsasa çevrilir.
Danışıqların enerji ölçüsü
Enerji sahəsi Qəbələ danışıqlarında əsas mövzulardan olub. Bu, istər sözügedən sahədə əməkdaşlığın ənənəvi xarakterini, istərsə də regional enerji arxitekturasının transformasiyası şəraitində onun artan əhəmiyyətini göstərir. Tərəflər enerji sahəsi də daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, bu da energetika sahəsinin ikitərəfli dialoqun əsas və institusional şəkildə möhkəmlənmiş istiqamətlərindən biri olaraq qaldığını göstərib.
İlham Əliyev danışıqların nəticələrini qiymətləndirərək müzakirələrin geniş və praktik xarakter daşıdığını vurğulayıb: «SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilib. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var».
Bu qiymətləndirmə Bakının praqmatik xarici iqtisadi əlaqələrin inkişafı ilə bağlı davamlı siyasət apardığının göstəricisidir. Burada enerji sahəsi sistem yaradan rol oynayır.
V.Zelenski də enerji sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O, görüşdə enerji və iqtisadi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu deyərək, bu sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin Ukrayna üçün vacib olduğunu söyləyib.
Beləliklə, enerji bloku deklarativ element kimi yox, hər iki tərəfin praktik maraqları ilə bağlı ikitərəfli gündəliyin konkret və predmetli hissəsi kimi təqdim olunub.
Ümumilikdə Qəbələ səfəri çərçivəsində enerji istiqaməti Azərbaycan-Ukrayna münasibətlərinin hər iki halda iqtisadi məzmunu və strateji ölçünü birləşdirən, regional enerji axınlarının yenidən qurulması proseslərinin daha geniş aspektlərini əks etdirən dayanıqlı komponenti kimi qiymətləndirilməlidir.
Təhlükəsizlik məsələləri və strateji gündəliyin genişləndirilməsi
Qəbələ danışıqlarının ən həssas və diqqətçəkən elementlərindən biri təhlükəsizlik məsələlərinin müzakirəsi olub. Bu, Azərbaycan-Ukrayna dialoqunun tədricən ənənəvi iqtisadi və humanitar istiqamətlərdən kənara çıxaraq genişləndiyini göstərir. Regional və beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi şəraitdə bu mövzu, xüsusilə infrastrukturun dayanıqlılığı və böhran şəraitində təcrübə mübadiləsi kontekstində, getdikcə daha çox praktiki əhəmiyyət qazanır.
Azərbaycan Prezidenti görüşün nəticələrindən danışarkən bildirib ki, tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərilə bağlı da fikir mübadiləsi aparıb və bu sahədə çox böyük perspektivlər mövcuddur: «Həm Azərbaycan, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik». Söhbət o cümlədən PUA-lara qarşı mübarizə vasitələrinin hazırlanması sahəsində mümkün əməkdaşlıqdan, eləcə də bu istiqamətdə təcrübə mübadiləsindən gedir. Bu, Bakının ənənəvi yanaşmasını əks etdirir. Belə ki, təhlükəsizlik və ona yaxın sahələr artıq ümumi siyasi və regional balans məntiqi çərçivəsində, detallara varmadan nəzərdən keçirilir.
Prezident Zelenski də bu dialoqun praktiki əhəmiyyətinə diqqət çəkib: «Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verirlər. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq».
Tərəflər ayrıca olaraq, infrastrukturun dayanıqlılığı və müasir çağırışlara cavab verməsi sahəsində təcrübə mübadiləsi ilə bağlı məsələlərə də toxunub. Bu, indiki şəraitdə xüsusi aktuallıq qazanmış məsələdir. Eyni zamanda vurğulanır ki, söhbət mümkün əməkdaşlığın konkret parametrlərinin açıqlanmadığı çərçivə xarakterli müzakirələrdən gedir. Bu, əlbəttə ki, belə danışıqların diplomatik təcrübəsinə uyğundur.
Tərəfdaşlığın humanitar ölçüsü
Azərbaycan-Ukrayna münasibətlərində humanitar istiqamət ənənəvi olaraq mühüm yer tutur. Zelenskinin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın bu komponentinin dayanıqlılığını bir daha təsdiqləyib. Görüş zamanı tərəflər humanitar əməkdaşlıq məsələlərinə, o cümlədən sosial təşəbbüslərə və mülki əhaliyə yönəlmiş proqramlara dəstək məsələlərinə də toxunub ki, bu da ölkələr arasındakı münasibətlərə siyasi-iqtisadi gündəliyi aşan əlavə əhəmiyyət qazandırır. Ukrayna tərəfi «çətin dövrdə» göstərilən 11 yardım paketinə, o cümlədən enerji qənaəti sahəsindəki dəstəyə görə Bakıya təşəkkürünü bildirib. Humanitar sahədə yardımı, eləcə də Azərbaycan dövlətinin ukraynalı uşaqlara diqqət və qayğısını yüksək qiymətləndirən Zelenski bütün bunlara görə İlham Əliyevə minnətdarlıq edib. Görüşdə yaxın vaxtlarda reabilitasiya məqsədilə, həmçinin ölkənin mədəniyyəti və incəsənəti ilə tanış olmaq üçün bir qrup ukraynalı tələbənin Azərbaycana səfərinin planlaşdırıldığı da vurğulanıb.
Sonda Prezident İlham Əliyev danışıqların ümumi konstruktiv xarakterini və münasibətlərin gələcək inkişafının vacibliyini qeyd edib, görüşdə qarşılıqlı maraq doğuran geniş məsələlər spektrinin müzakirə olunduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırlığın dilə gətirildiyini söyləyib. Bu göstərir ki, Bakı humanitar istiqamətin ümumi əməkdaşlıq arxitekturasının mühüm, lakin təcrid olunmamış elementi kimi çıxış etdiyi praqmatik, balanslaşdırılmış beynəlxalq əlaqələri möhkəmləndirməyə yönəlmiş xətti davam etdirir.
Bu baxımdan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatı maraq doğurur. O, Azərbaycanın Kiyevə ümumilikdə dəyəri 45 milyon dollardan artıq olan humanitar yardım göstərdiyini deyib. Yardıma güclü generatorlar, transformatorlar və daimi hücumlar şəraitində enerji sisteminin fəaliyyətini təmin etməyə dəstək verən digər zəruri avadanlıqlar daxildir. «Uşaqlarımıza göstərdiyiniz dəstək də az əhəmiyyət daşımır. 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramında iştirak edib», - deyə nazir bildirib. Bakı Ukraynaya humanitar yardım qismində beş sərnişin avtobusu da verib.
Sülhməramlılıq və Azərbaycanın rolu
Qəbələ danışıqlarının prinsipial əhəmiyyət daşıyan ayrıca elementi Ukraynada müharibənin həllinə yönəlmiş diplomatik səylər və problemin sülh yolu ilə həlli mövzusu olub. Bu istiqamət faktiki olaraq, səfərin ikitərəfli münasibətlər çərçivəsindən çıxararaq, ona geniş beynəlxalq kontekst qazandırıb. Volodimir Zelenski bu istiqamətin əhəmiyyətini xüsusi vurğulayıb. «Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə», - deyə Zelenski qeyd edib.
Bu mövqe faktiki olaraq Kiyevin Azərbaycanı danışıqlar prosesi üçün mümkün platforma kimi gördüyünün təsdiqidir. Bu, əlbəttə ki, mövcud beynəlxalq konfiqurasiyada Bakının diplomatik çəkisini əhəmiyyətli dərəcədə artırır. Türkiyə və Cenevrədə artıq baş tutmuş təmaslar fonunda Azərbaycanın adının bu kontekstdə çəkilməsi potensial danışıqlar formatının coğrafiyasının genişlənə biləcəyini göstərir. Azərbaycan üçün bu rol ölkənin beynəlxalq proseslərin məsuliyyətli, balanslaşdırılmış iştirakçısı statusunu möhkəmləndirməyə yönəlmiş xarici siyasət xəttinə tam uyğundur. Bununla yanaşı, daha bir vacib məqam bu perspektivin artıq ictimai detallara varılmadan səsləndirilməsidir. Bu, diplomatik təcrübəyə uyğundur və manevr imkanlarının qorunub saxlanması deməkdir.
Zelenskinin təşəbbüsünə ilk reaksiyalardan biri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarovdan gəlib. «Bakı bütün iştirakçıların təhlükəsizliyini təmin edərsə, Rusiya Azərbaycanda ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlara razılıq verə bilər», - deyə o, bildirib. Azərbaycanı «normal məkan» adlandıran Cabarov Moskva ilə Bakı arasında münasibətlərin yaxşı olduğunu da söyləyib: «Azərbaycan danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, düşünürəm ki, bizim qrup rahat şəkildə Azərbaycana gedə bilər».
Beləliklə, Qəbələ danışıqlarının gündəliyinə sülh nizamlanması mövzusunun da daxil edilməsi səfərə ikitərəfli əməkdaşlıq çərçivəsini aşan xüsusi çəki qazandırıb. Bu, Azərbaycanın daha geniş beynəlxalq təmaslar üçün platformaya çevrilmək potensialını əks etdirir.
Ümumilikdə bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin enerji, təhlükəsizlik və humanitar sahələrin bir-birini qarşılıqlı şəkildə tamamladığı sabit, çoxşaxəli strukturunun qorunub saxlandığını göstərib. Daha vacib olanı isə dəyişən beynəlxalq konfiqurasiya fonunda Bakının getdikcə yalnız regional tərəfdaş kimi yox, həm də miqyaslı məsələlərin müzakirəsi üçün potensial diplomatik platforma kimi çıxış edə biləcəyinin təsdiqlənməsidir. Bu mənada Zelenskinin səfəri Azərbaycanın siyasi çəkisinin və yeni danışıqlar formatlarının formalaşdırılması imkanlarının artdığını təsdiqləyib.
MƏSLƏHƏT GÖR:



121

